Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Qələbələrdən qələbələrə!

Qələbələrdən qələbələrə!

21.11.2023 [10:00]

YAP-ın təsis konfransının keçirilməsindən 31 il ötür

Düz 31 il bundan əvvəl tarixin bu günündə XX yüzillikdə ikinci dəfə müstəqilliyini bərqərar etmiş Azərbaycanın həyatına yeni bir siyasi qüvvə daxil oldu. Bu, 21 noyabr 1991-ci ildə təsis konfransı keçirilən Yeni Azərbaycan Partiyası (YAP) idi. Dünya tarixinə nəzər saldıqda görürük ki, siyasi partiyaların hakimiyyət olimpinə yüksəlmələri üçün adətən uzun zaman lazım gəlir. YAP-ı fərqləndirən ən mühüm məqamlardan biri isə odur ki, bu partiya yarandığı vaxtdan cəmi altı ay sonra ölkənin hakim partiyasına çevrildi ki, bu da təsadüfi deyil.

Obyektiv zərurətdən yaranan partiya

Yeni Azərbaycan Partiyasının qısa müddətdə xalqın inam və ümid yerinə çevrilməsi onun obyektiv zərurətdən yaranması ilə bağlı idi. YAP Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə yaranıb. Həmin dövrdə müstəqilliyini yenicə bərpa etmiş respublikamızda dərin siyasi və iqtisadi-sosial böhran yaranmışdı. Qeyri-legitim yolla 1992-ci ilin yazında hakimiyyətə gələn AXC - “Müsavat” iqtidarı cəmi bir il ərzində apardığı naşı siyasəti ilə ölkəni xaos, hərc-mərclik girdabına salmışdı. Ermənistanın işğalının genişlənməsi ilə yanaşı, həm də respublikada vətəndaş qarşıdurması təhlükəsi yaranmışdı. Vəziyyət sağlam qüvvələri narahat edirdi. Onlar çıxış yolunu görkəmli siyasətçi Heydər Əliyevin Azərbaycanın siyasi rəhbərliyinə gəlməsində görürdülər. Beləliklə, 91 nəfər ziyalı siyasi fəaliyyət meydanına atılacaq Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verməsi üçün 1992-ci il oktyabrın 16-da o dövrdə Naxçıvanda yaşayıb çalışan Heydər Əliyevə müraciət etdi. Bu sənəd, əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər” - deyə Heydər Əliyev ziyalıların tarixi müraciətinə cavabında vurğulayıb.

Yeni Azərbaycan Partiyasının təsis konfransı 21 noyabr 1992-ci il tarixində Naxçıvanda ölkəmizin bütün regionlarını təmsil edən və 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə keçirilib. Təsis konfransında Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Nizamnaməsi və Proqramı qəbul edilib. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın sədri seçilib.

Böyük tarixi missiya

Yeni Azərbaycan Partiyasının Heydər Əliyev tərəfindən müəyyənləşdirilən fəaliyyət proqramında Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi, demokratik, hüquqi, dünyəvi cəmiyyət quruculuğu, əmin-amanlığa, ictimai-siyasi sabitliyə, milli həmrəyliyə, güclü və sosialyönümlü iqtisadiyyat quruculuğuna nail olunması, respublikanın beynəlxalq nüfuzunun artırılması  kimi mühüm məqamlar yer alırdı. Bu ideyalar bütün cəmiyyət tərəfindən dəstəkləndi və qısa müddətdə ölkənin əksər bölgələrində Yeni Azərbaycan Partiyasının yerli təşkilatları formalaşdı. 1993-cü ilin yayında artıq bütün xalq YAP Sədri Heydər Əliyevin Azərbaycanın siyasi hakimiyyətinə qayıtmasını tələb edirdi. Həmin dövrün çətinliklərinə yuxarıda qısa nəzər saldıq. Başqası olsaydı, həmin xaotik vəziyyətdə həyatını və karyerasını təhlükəyə atmaqdan çəkinərək suların durlmasını gözləyərdi. Ancaq söhbət Heydər Əliyevdən gedirdi. Çətinliklərlə üzləşən xalqı Ona üz tutmuşdu, güvənmişdi. O, xalqın güvənini, inamını qırmağı Özünə rəva görə bilməzdi. Bilmədi də. Bakıya gəlib respublikanın idarəçilik sükanının arxasına keçməyə razılıq verdi. Heydər Əliyev iyunun 9-da Naxçıvandan Bakıya gəldi və iyunun 15-də  Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bir qədər sonra isə O, Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. Və nəhayət, 1993-cü il 3 oktyabr tarixində ölkədə keçirilən prezident seçkilərində inamlı qələbə qazandı. YAP Sədri, Prezident Heydər Əliyev 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək dövlət başçısı kimi fəaliyyətə başladı.

Heydər Əliyev bütün varlığı ilə andına sadiq qaldı.  O, vaxt itirmədən Azərbaycanın sabahı, müstəqilliyimizin əbədiyaşarlığı üçün müstəsna önəm daşıyan böyük işlərin təməlini qoydu. Heydər Əliyev müstəqilliyimizi qorumaqla, ölkəni sabitliyə və inkişafa istiqamətləndirməklə böyük tarixi missiya yerinə yetirmiş oldu.

Heydər Əliyev siyasi irsinə sadiqlik

Yeni Azərbaycan Partiyasının 2005-ci il 26 mart tarixində keçirilmiş III qurultayında partiyanın yeni Sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev seçildi. Siyasi kursunu tez-tez dəyişən dövlətlərin təcrübəsi heç də arzuedilən deyil. Bu, ölkələrin tarixində adətən geridönüşlərlə, inkişafda ləngimələrlə müşayiət olunur. Azərbaycanın xoşbəxtliyi həm də ondadır ki, xalqımız 20 il bundan əvvəl Heydər Əliyev kursunun layiqli davamçısı İlham Əliyevi ölkə Prezidenti seçdi. Son 20 ildə respublikamızda siyasi hakimiyyətin varisliyi təmin olunub ki, bunun da sayəsində davamlı inkişaf təmin edilir, ölkə hədəflərinə doğru inamlı addımlar atır.

Ötən 31 ildə YAP daha da böyüyərək sözün əsl mənasında ümumxalq partiyasına çevrilib. Partiyanın sıralarının genişlənməsi - hazırda YAP-ın 720830 nəfər üzvü var- bunu əyani şəkildə təsdiqləyir. YAP ötən dövr ərzində ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində inamlı qələbələr qazanıb. Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, partiyanın Sədri İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci il 5 mart tarixində Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini təyin edilib. Sözügedən təyinat Mehriban xanım Əliyevaya göstərilən etimadın, onun çoxşaxəli fəaliyyətinə verilən yüksək qiymətin ifadəsidir. Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadının fəal ictimai-siyasi vətəndaş və peşəkar dövlət xadimi obrazı formalaşıb. “Partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, həm də Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Yeni Azərbaycan Partiyası bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaq.” - deyə YAP Sədri, Prezident İlham Əliyev partiyanın VII qurultayındakı nitqində vurğulayıb.

Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirir. YAP-ın iqtidar partiyası olduğu 31 ildə Azərbaycan möhtəşəm nailiyyətlərə imza atıb. 2020-ci ildə ərazi bütövlüyümüzün, 2023-cü ildə isə Qarabağda suverenliyimizin təmin olunması ən böyük uğurumuzdur.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 164 dəfə

Xəbər lenti

Hamısına bax

İdman

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Siyasət

Siyasət

Siyasət

Sadəcə Kissencer...

01 Dekabr 10:35

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Xarici siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31