Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Zamanın tələbi: Kolonializmə son qoyulmalıdır!

Zamanın tələbi: Kolonializmə son qoyulmalıdır!

22.11.2023 [10:33]

Prezident İlham Əliyev: Mən Qoşulmama Hərəkatının sədri kimi bir neçə dəfə Fransanın işğal etdiyi ölkələrdə həyata keçirdiyi insanlıq əleyhinə çoxsaylı cinayətləri, törətdiyi vəhşilikləri faktlarla sadalamışam

Son vaxtlarda Azərbaycan müxtəlif beynəlxalq tədbirlərin keçirldiyi, dünya gündəliyinin aktual məsələlərinin müzakirə olunduğu və mühüm qərarların qəbul olunduğu bir məkana çevrilib. Bu, ilk növbədə dünya ictimaiyyətinin ölkəmizə inamının ifadəsidir. Dünən paytaxtımızda daha bir önəmli beynəlxalq tədbirin - “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf” mövzusunda keçirilən beynəlxalq konfransın açılış mərasimi baş tutub. Prezident İlham Əliyev konfrans iştirakçılarına məktub ünvanlayaraq ayrı-ayrı ölkələrin hələ də kolonializm siyasətindən əl çəkməmələrini, müstəmləkəçiliyi yeni formada davam etdirmələrini kəskin şəkildə pisləyib və böyük aktuallıq daşıyan mesajlarını diqqətə çatdırıb.

Azərbaycanın ədalətli və həssas yanaşması

Kolonializm - bir ölkənin suverenliyinin başqa bir dövlət tərəfindən bu və ya digər formada məhdudlaşdırılması və sərvətlərinin talanması çox doğru olaraq bəşəriyyət tarixinin üzqarası kimi dəyərləndirilir. XX əsrin əvvəllərindən etibarən dünyada müstəmləkəçilik əleyhinə mübarizə başlayıb. Birinci Dünya müharibəsindən sonra bu hərəkat daha da genişlənib, o cümlədən Asiyada, Şimali Afrikada, Yaxın Şərqdə milli-azadlıq hərəkatı geniş miqyas alıb. Lakin ayrı-ayrı güc mərkəzlərinin səyləri ilə müstəmləkəçiliyə qarşı mübarizə cilovlanıb. Düzdür, ənənəvi müstəmləkəçilikdə müəyyən forma dəyişikliklər edilib, bununla belə, metropoliya dövlətləri tərəfindən  mahiyyət saxlanılıb. Hazırda isə “yeni kolonializm” termini meydana çıxıb.

Kolonializm siyasətinin fəsadlarını müxtəlif aspektlərdən dəyərləndirmək mümkündür. Kədərli nəticələr yalnız asılı ölkələrin suverenliyinin məhdudlaşmasında, yeraltı və yerüstü sərvətlərinin talanmasında müşahidə edilmir. Fundamental insan hüquqlarının tapdanması müasir dövr müstəmləkəçiliyinin  ən ağır və iyrənc təzahürüdür. Təzada baxın: Müstəmləkəçi Qərb ölkələri demokratiyanı və insan hüquqlarının qorunmasını özlərinin fundamental prinsipləri kimi bəyan ediblər. Ancaq həmin ölkələr, Afrikada, Yaxın Şərqdə, Latın Amerikasında neokolonializmi davam etdirməklə insan hüquq və azadlıqlarına, ümumiyyətlə, məhəl qoymurlar.

Bu siyasətdən qadınlar xüsusilə əziyyət çəkirlər. Onlar həyatlarının müxtəlif mərhələlərində fiziki və mənəvi zorakılıqlara məruz qalırlar.  XXI əsrdə qadınların təəssüf ki, hələ də koloniyalarda köləliyə və istismara məruz qalması fundamental insan hüquqlarından məhrum olmaları deməkdir. Dünyadakı belə kədərli mənzərə fonunda qadınların birləşməsi və haqq səslərini ucaltmaları böyük aktuallıq daşıyır. “Müxtəlif qitələri təmsil edən 18 ölkədən 40-dan artıq təmsilçinin növbəti dəfə Bakıya toplaşaraq, XXI əsrdə təəssüf ki, hələ də davam edən kolonializm siyasətini pisləməsi, müstəmləkə altında saxlanılan ərazilərdə qadınların vəziyyətinə dair gerçəkləri dünya ictimaiyyətinə çatdırması, müstəmləkəçiliyin aradan qaldırılması istiqamətində sistemli və ardıcıl iş aparması və təşkilatlanması sevindirici haldır”, - deyə Prezident İlham Əliyev bildirib.

Bu məsələdə Azərbaycanın mövqeyi birmənalıdır. Ölkəmiz kolonializimin bütün təzahürlərini pisləyir və insan hüquq və azadlıqlarının qorunmasına böyük önəm verir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Azərbaycanda tarixən qadına göstərilən hörmət, qadın adının uca tutulması xalqımızın ən ali mənəvi keyfiyyətlərindən biridir. Azərbaycan qadınları tariximizin bütün dövrlərində taleyüklü məsələlərin həll edilməsinə, habelə xalqımızın azadlıq mübarizəsində və torpaqlarımızın Ermənistan Respublikasının işğalından azad edilməsinə öz töhfəsini vermişdir. Azərbaycan həmçinin  dünyada kolonializm siyasətinin hələ də davam etdirilməsinə qarşı həmişə sərt mövqedə dayanıb. Ölkəmizin ədalətli yanaşmasını diqqətə çatdıran Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan kolonializmin hələ də davam etməsindən, xüsusilə koloniyalarda qadın və uşaqların hüquqlarının kobud şəkildə pozulmasından olduqca narahatdır.  “Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Respublikası hər zaman bəşəriyyət üçün aktual olan məsələlərə xüsusi diqqət ayırmış, xalqların üzləşdiyi ədalətsizliklərin aradan qaldırılması istiqamətində səmərəli iş aparmışdır. Bu xüsusda, qadın və kolonializm mövzularının bir araya gətirilməsi, dekolonizasiya prosesində qadınların rolunun gücləndirilməsi zamanın tələbidir”, - deyə dövlətimizin başçısı bildirib.

Fransanın ən pis nümunəsi

Neokolonializm siyasətində Fransa ən pis nümunə ortaya qoyur. Hazırda 13 dənizaşırı ərazini müstəmləkəsi kimi idarə edən, həmçinin dünyanın müxtəlif qitələrində yerləşən keçmiş müstəmləkələrinin daxili işlərinə qarışan Fransa beynəlxalq təşkilatların və müstəqillik uğrunda mübarizə aparan xalqların uzun illərdir tələblərinə baxmayaraq, neokolonializm siyasətini davam etdirir. Bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxu məhz Fransa tərəfindən törədilib. Fransanın fəal surətdə məşğul olduğu qul ticarəti insanlığın ən utancverici səhifələrindən biridir. Milyonlarla afrikalı bu ölkənin qul siyasətinin qurbanı olub.

Konfrans iştirakçılarına məktubunda Prezident İlham Əliyev Fransanın kədərli müstəmləkəçilik siyasətinə aid bəzi nümunələrə diqqət çəkib. 1975-ci ildə Qəmər Adaları İttifaqının Mayot da daxil olmaqla arxipelaqın müstəqilliyini elan etməsinə və BMT Baş Assambleyasının (BA) Qəmər dövlətinin Mayot adası üzərində suverenliyini təsdiq etməsinə baxmayaraq, Fransa bu gün də Mayot adasını öz departamenti kimi idarə etməkdə davam edir.

BMT ilə yanaşı, Afrika İttifaqının İcraedici Şurası və İslam Əməkdaşlıq Təşkilatı da Mayot adasının Qəmərə aid olması ilə bağlı qərarlar qəbul edib. Beynəlxalq təşkilatların və beynəlxalq birliyin çağırışlarına məhəl qoymayan Fransa 2003-cü ildə Mayotu öz konstitusiyasına daxil edib. 2011-ci ildə Mayot Fransanın 101-ci departamenti, 2014-cü ildə isə Avropa İttifaqının ultraperiferik bölgəsi olmuşdur. Mayota Aİ-nin ultraperiferik bölgəsi statusunun verilməsi faktı Mayotun Fransanın tərkib hissəsi kimi tanınmasıdır.

Göründüyü kimi, Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan sui-istifadə edərək və beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozmaqda davam edərək başqa ölkənin ərazisini zorakı yolla öz ərazisinə qatıb. Bu, açıq-aşkar işğal və anneksiyadır. “Mən Qoşulmama Hərəkatının sədri kimi bir neçə dəfə Fransanın işğal etdiyi ölkələrdə həyata keçirdiyi insanlıq əleyhinə çoxsaylı cinayətləri, törətdiyi vəhşilikləri faktlarla sadalamışam. Əlcəzair, Mərakeş, Tunis, Mali, Cibuti, Nigeriya, Çad, Seneqal, Benin, Kot-d’İvuar, Mərkəzi Afrika Respublikası, Qabon, Toqo, Kamerun, Vyetnam, Qəmər Adaları İttifaqı, Haiti və digər ölkələrdə bir neçə milyon günahsız insan, o cümlədən qadınlar və uşaqlar Fransa tərəfindən qətlə yetirilib. Fransa eyni zamanda 1994-cü ildə Ruandada tutsi qəbiləsinin 800 mindən çox üzvünün öldürülməsində birbaşa məsuliyyət daşıyır”, - deyə Prezident İlham Əliyev bildirib.

MÜBARİZ

Paylaş:
Baxılıb: 141 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Qul psixologiyası  

29 Noyabr 14:42

Xəbər lenti

Mədəniyyət

Xəbər lenti

Daha 2 gün...

29 Noyabr 11:20

Sosial

Xarici siyasət

Analitik

Xəbər lenti

Gündəm

Xəbər lenti

Xəbər lenti

Sabitlik olmadan...

29 Noyabr 09:23

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30