Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Müdrik siyasət, möhkəm iradə və qətiyyət...

Müdrik siyasət, möhkəm iradə və qətiyyət...

20.12.2023 [09:35]

İlham Əliyev siyasətinin şah əsəri- QARABAĞ!

Artıq ölkəmizdə gələn il fevralın 7-də keçirləcək növbədənkənar Prezident seçkilərinə hazırlığa start verilib. Bu günlərdə ayrı-ayrı siyasi partiyalar və müxtəlif qurumlar tərəfindən prezidentliyə namizədlər irəli sürülür. Yeni Azərbaycan Partiyası da (YAP) növbədənkənar Prezident seçkilərinə namizədini irəli sürüb. Bu barədə qərar partiyanın İdarə Heyətinin genişləndirilmiş iclasında qəbul edilib. Hakim partiyanın növbədənkənar Prezident seçkilərində namizədi İlham Əliyev olub. İdarə Heyətinin genişləndirilmiş iclasında həmçinin növbədənkənar

Prezident seçkilərinə namizəd irəli sürmüş YAP-ın iki səlahiyyətli nümayəndəsi təyin edilib. Onlardan biri Yeni Azərbaycan Partiyası sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, digəri isə Yeni Azərbaycan Partiyası Sədrinin müavini, Baş nazirin müavini Əli Əhmədovdur.

Ölkəmizdə hakim partiya olan YAP Azərbaycanın ən böyük siyasi təsisatıdır. Bəs sıralarında 720 mindən  çox üzvü birləşdirən Yeni Azərbaycan Partiyası nə üçün növbədənkənar Prezident seçkilərinə namizədi qismində məhz İlham Əliyevi müəyyənləşdirib? Bunu hansı amillər şərtləndirir?  Bu amillərdən ən mühümünə diqqət çəkmək istərdik.

Xalqın inamını doğruldan Lider

İlk növbədə onu vurğulayaq ki, gələn il fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkiləri ölkəmizin ictimai-siyasi həyatında çox mühüm hadisə olacaq. Bu, heç də sıradan bir seçki deyil. Müstəqil Azərbaycanın tarixində ilk dəfədir ki, Prezident seçkiləri ölkənin bütün ərazisində keçiriləcək. Bu, Azərbaycan cəmiyyəti üçün ən həssas, ən vacib bir məsələdir. Ölkəmiz ötən əsrin doxsanıncı illərinin əvvəllərindən etibarən Ermənistanın işğalına məruz qalıb. Ermənistanın havadarlarının dəstəyi ilə baş tutan bu işğalın nəticəsində torpaqlarımızın 20 faizini itirmişdik, bir milyondan artıq soydaşımız doğma ev-eşiyini tərk etmək məcburiyyətində qalmışdı. Respublikamız xüsuslə işğalın ilk illərində sözün əsl mənasında humanitar fəlakətlə üzləşmişdi.

2020-ci ildə baş verən 44 günlük müharibəyədək olan dövrdə Azərbaycan xalqının ən böyük istəyi, hər birimizin qəlbinin yanğısı məhz işğal altına düşən torpaqlarımızın geri qaytarılması, suverenliyimizin bərpası idi. Biz həsrətlə və ümidlə o günün gələcəyini gözləyirdik. Cəmiyyətimizdə belə bir qənaət formalaşmışdı ki, işğal altında inləyən torpaqlarımızı, bizlərdən ayrı düşən Şuşanı, gözü yolda qalan Laçını, Kəlbəcəri, Qubadlını, Ağdamı, Zəngilanı, Füzulini və digər yurd yerlərimizi hansı lider işğaldan azad etməyə nail olacaqsa, Azərbaycanın rəhbəri olmağa da məhz o liderin haqqı var. Xalqın inamı böyük məsuliyyət yaradırdı. Bu inamı doğruldan isə məhz İlham Əliyev oldu.

İlham Əliyev 2003-cü il 15 oktyabr tarixində keçirilmiş seçkilərdə seçicilərin 76 faizdən çoxunun etimadını qazanaraq ilk dəfə Azərbaycanın dövlət başçısı seçilib. Son 20 ildə respublikamız Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün istiqamətlərdə tarixi uğurlara imza atıb və əsas hədəflərinə çatıb. İlham Əliyevin ən böyük uğuru isə heç şübhəsiz ki, xalqın əsas gözləntisini doğrultması - torpaqlarımızın işğaldan azad edilməsinə nail olmasıdır.

Ölkəni səfərbər edən bir nömrəli prioritet

İlham Əliyev qətiyyətli siyasi iradə ortaya qoyaraq 44 günlük müharibəyədək olan dövrdə torpaqlarımızın işğaldan azad edilməsini bir nömrəli prioritet kimi müəyyənləşdirdi. İndi bunu demək, bəlkə də asan görünə bilər. Ancaq biz işğal dövründə ölkəmizə, şəxsən Prezident İlham Əliyevə edilən təzyiq cəhdlərini yaxşı xatırlayırıq. Məlumdur ki, işğalçı dövlətin havadarları artıq tarixdə qalan Qarabağ probleminin həlli məqsədilə aparılan danışıqlar prosesində ölkəmizə davamlı təzyiqlər göstərir, haqlı tərəf olmağımıza baxmayaraq, bizi güzəştə getməyə və işğal faktı ilə barışmağa məcbur etmək istəyirdilər. Onlar açıq-aşkar ölkəmizin ərazisində ətraf 7 rayon daxil olmaqla keçmiş Dağlıq Qarabağda ikinci erməni dövlətinin yaradılmasına dəstək verirdilər.

Aparılan sülh danışıqlarında fəallıq göstərən, daim konstruktivlik ortaya qoyan İlham Əliyev isə müxtəif auditoriyalar qarşısında qətiyyətlə bildirirdi ki, Azərbaycan işğal faktı ilə heç vaxt barışmayacaq, sülh danışıqları nəticə verməyəcəyi təqdirdə, işğalın nəticələri başqa yollarla aradan qaldırılacaq. Beləliklə, ölkənin ərazi bütövlüyünün təmin olunması daim Azərbaycanın gündəliyinin mərkəzində saxlanıldı. Sülh danışıqları ilə paralel şəkildə, dayanıqlı milli iqtisadiyyat quruldu, maliyyə imkanları artırıldı,  güclü potensial yaradıldı, müasir Ordu formalaşdırıldı. Məhz yaradılan güclü potensiala əsaslanmaqla Prezident İlham Əliyev danışıqlar prosesində beynəlxalq prinsiplərə əsaslanan haqlı mövqeyimizi daha qətiyyətlə ortaya qoyurdu. O, Ordumuza və cəmiyyətimizin həmrəyliyinə əsaslanmaqla birmənalı şəkildə bildirirdi ki, Azərbaycan işğal faktı ilə heç vaxt barışmayacaq, sülh danışıqları nəticə verməyəcəyi təqdirdə digər vasitələrlə öz torpaqlarını işğaldan azad edəcək.

Belə də oldu. Özünün dediyi kimi, nəyi necə və nə zaman etməyi hamıdan yaxşı bilən Prezident İlham Əliyev ərazi bütövlüyümüzü təmin etmək üçün ən əlverişli məqam yetişməsini gözlədi. Gözlənilən məqam 2020-ci il sentyabrın 27-də gəldi. Həmin gün Silahlı Qüvvələrimiz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin göstərişlərinə uyğun olaraq düşmənin növbəti genişmiqyaslı təxribatlarının qarşısını almaq məqsədilə keçmiş təmas xətti boyunca əks-hücum əməliyyatlarına başladı. Düşmənin burnunu ovmaq üçün Ali Baş Komandan tərəfindən vaxt dəqiq seçilmişdi. Sonralar Prezident İlham Əliyev bildirirdi ki, müharibəyə bir il əvvəl başlamaq tez, bir il sonra başlamaq gec olardı...

Tarixdə əbədi qalacaq şanlı Zəfər

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun  3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olundu. Vətən müharibəsində 2908 Azərbaycan hərbçisi şəhid olub, mindən çox əsgər yaralanıb, 6 nəfər itkin düşüb. Qarşı tərəfin itkiləri isə bundan dəfələrlə çoxdur. Təkcə belə bir faktı qeyd edək ki, 44 gün ərzində Ermənistan ordusunda 11 mindən çox fərari qeydə alınıb.

Hərbi müstəvidə əldə edilən qələbənin siyasi müstəvidə davam etdirilməsi nəticəsində 44 günlük Vətən müharibəsindən sonrakı 20 gün ərzində 3 rayon - noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın Azərbaycana təhvil verildi. 2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da üçtərəfli Bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı və Azərbaycan ərazi bütövlüyünün təmin olunmasına hərbi-siyasi yolla nail oldu.

Böyük Qələbə İlham Əliyevin ardıcıllıqla həyata keçirdiyi strateji kursun - uzun illər ərzində davam edən hazırlıq işlərinin, habelə dövlətin qüdrətinin artırılması istiqamətində atılan addımların nəticəsidir. Effektiv siyasət, xalqın dəstəyi və tarixi ədalət Azərbaycanı Qalib ölkəyə çevirdi. Ərazi bütövlüyümüzün bərpa olunması Prezident İlham Əliyevin siyasətinin şah əsəridir. İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq.

Qarabağda Azərbaycanın suverenliyinin tam bərpası

Üçtərəfli Bəyanatda Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən biri də silahlı birləşmələrini Azərbaycan ərazilərindən çıxarmaqla bağlı idi. Ancaq havadarlarına arxalanan və revanşizm mövqeyindən çıxış edən məğlub ölkə bu öhdəliyini də yerinə yetirməyərək silahlı birləşmələrinin təxminən 15 min kontingentə malik hissəsini ərazilərimizdə saxlamaqda davam edirdi. Həmin hərbi birləşmələr tez-tez mövqelərimizi atəşə tutur və digər təxribatlara əl atırdılar. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələri cari il sentyabrın 19-da növbəti dəfə mina terroruna əl atdılar. Nəticədə polis əməkdaşları və mülki şəxslər həlak oldular. Buna cavab olaraq Azərbaycan lokal xarakterli antiterror tədbirləri görmək məcburiyyətində qaldı. Yenə də praqmatik siyasətçi olan İlham Əliyev zamanı düzgün seçmişdi. Xankəndidə yuva salan separatçıların özbaşınalığının miqyası o həddə çatmışdı ki, bütün bunların qarşısını almaq üçün keçiriləcək antiterror tədbirlərinə görə bizi heç kəsin qınamağa haqqı yox idi.

Sentyabrın 19-da başlayan antiterror tədbirləri də Azərbaycan Ordusunun gücünün və hərbiçilərimizin peşəkarlığının növbəti təzahürü oldu. Ermənistan ordusunun qalıqları çətin keçilən coğrafi ərazilərdə istehkamlar qurmuşdular və ayrı-ayrı yüksəkliklərdə möhkəmlənmişdilər. Bütün bunlara baxmayaraq,  hərbiçilərimiz  böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərərək qarşı tərəfin müqavimətini qırmağa nail oldu. Qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə olundu. O cümlədən qanunsuz hərbi birləşmələrin  böyük hissəsi tamamilə məhv edildi. Cəmi bir gün davam edən antiterror tədbirlərinin nəticəsi olaraq separatçılar ağ bayraq qaldırmaq məcburiyyətində qaldılar. Azərbaycanın şərtlərinə uyğun olaraq razılaşma əldə olundu. Həmin razılaşma əsasında Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoydular. Prezident İlham Əliyev dövlət başçısı seçilməsinin 20 ilinin tamam olduğu 15 oktyabrda Xankəndidə Azərbaycan Bayrağını ucaltmaqla xalqımıza növbəti dəfə böyük qürur hissi yaşatdı. Yeni Azərbaycan Partiyasının növbədənkənar Prezident seçkilərinə öz namizədi kimi məhz İlham Əliyevi irəli sürməsini şərtləndirən ən əsas amillərdən biri də məhz Onun bütün müstəvilərdə böyük səy və  iradə ortaya qoyaraq ölkəmizin ərazi bütövlüyünün və suverenliyimizin təmin edilməsinə nail olmasıdır.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 466 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31