Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan dünya gündəliyinin mərkəzində

Azərbaycan dünya gündəliyinin mərkəzində

22.02.2024 [10:00]

Ölkəmiz COP29-a uğurlu ev sahibliyi edəcək

Ötən il dekabrın birinci ongünlüyündə Dubayda baş tutan COP28 çərçivəsində növbəti COP 29-un ev sahibliyi hüququnun Azərbaycana verilməsi qlobal həmrəyliyin möhkəmlənməsinə davamlı töhfələr verən ölkəmizi yenidən dünya gündəminin mərkəzinə gətirib. Bu günlərdə baş tutan 60-cı Münxen Təhlükəsizlik Konfransı bunu bir daha təsdiqlədi. Belə ki, ayrı-ayrı ölkələrdən yüksəksəviyyəli nümayəndə heyətlərinin qatıldığı Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyevin qarşı tərəflərin müraciətləri əsasında keçirdiyi çoxsaylı görüşlərin əsas müzakirə mövzularından biri məhz cari ildə ölkəmizdə baş tutacaq COP29 tədbiri ilə bağlı  olub.

Beynəlxalq tədbirlərin baş tutduğu məkan

Dünyada multikulturalizmin təşviqinə böyük önəm verən və bu istiqamətdə özünün nümunəsini ortaya qoyan Azərbaycan son illərdə  nüfuzlu beynəlxalq tədbirlərin, qlobal forumların, müxtəlif missiyaların görüşlərinin  ənənəvi olaraq keçirildiyi məkana çevrilib. Bu tədbirlərdə və görüşlərdə bir qayda olaraq qlobal gündəliyə aid aktual məsələlər müzakirələrə çıxarılır və mühüm qərarlar qəbul edilir.

Bu baxımdan BMT-nin ən irimiqyaslı tədbirlərindən biri sayılan COP29-a ev sahibliyi hüququnun Azərbaycana verilməsi də təsadüfi deyil. Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi görüşlərdə bildirldiyi kimi, COP29-a ev sahibliyi hüququnun Azərbaycana verilməsi ölkəmizə etimadın və hörmətin təzahürüdür. COP-a ev sahibliyi bir qayda olaraq BMT-nin beş regional qrupu arasında rotasiya edilir. Hər regional qrup üzvlərindən bu konfransı təşkil edəcək bir ölkəni irəli sürmək üçün konsensusla qərar qəbul etməlidir. 2024-cü ildə COP29-a ev sahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna düşür. Sözügedən qrupa daxil olan ölkəmiz konfransın Azərbaycanda keçirilməsini təklif edib. Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da öz namizədliklərini irəli sürüblər. Sonradan  Ermənistan və Bolqarıstan Azərbaycanın xeyrinə namizədliklərini geri çəkiblər və nəticədə ölkəmizin namizədliyi təsdiqlənib.

Azərbaycan çox dəqiq və düşünülmüş diplomatik addımlar sayəsində bəhs olunan  mötəbər tədbirə ev sahibliyi hüququ qazanıb. COP30-un ev sahibi bəlli olsa da - bu, Braziliyadır -  COP29-un ev sahibi son vaxtlaradək bəlli deyildi. Hətta COP28 konfransı ötən il dekabrın birinci ongünlüyündə Dubayda öz işinə başlayandan sonra da aktiv diplomatik təmaslar davam edirdi. Azərbaycan burada da öz istəyinə nail oldu.

COP29 kimi qlobal miqyaslı tədbirin Azərbaycanda keçirilməsinin önəmindən bəhs edərkən məlum qərarın verilmə tarixinə xüsusi nəzər salmaq lazımdır. Azərbaycan COP29-a ev sahibliyi etmək hüququnu özünün suveren ərazisində ötən il sentyabrın 19-da başladığı və cəmi 23 saat ərzində uğurla tamamladığı lokal xarakterli antiterror tədbirlərindən sonra qazanıb.  COP29-un Azərbaycanda keçirilməsi barədə qərar regional sülh gündəliyinin irəliyə aparılması kontekstində əldə edilib və bu da ümumiyyətlə COP-un tarixində yeni bir inkişafdır. Yeri gəlmişkən, Prezident  İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi görüşlərdə COP29-a sədrliyin Azərbaycana verilməsi prosesinin Ermənistanla Azərbaycan arasında qarşılıqlı anlaşma və kompromis şəraitində reallaşmasının özünün bütövlükdə müsbət bir addım olduğu, bu dinamikanın davam etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Azərbaycanın qlobal çağırışlarla uzlaşan gündəliyi

Dünya birliyinin respublikamıza böyük etimadı göstərməsi bir tərəfdən Azərbaycanın apardığı siyasət, digər tərəfdən isə ölkəmizin müsbət reallıqları ilə bağlıdır. Azərbaycan iqlim dəyişiklikləri ilə bağlı qlobal çağırışları dəstəkləyən və buna öz töhfələrini verən dövlətdir. Respublikamız 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını (UNFCCC) təsdiqləyib. Ölkəmiz Milli Məclisin 18 iyul 2000-ci il tarixli Qərarı ilə Kioto Protokoluna qoşulub. Azərbaycan həmçinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Razılaşmasını imzalayıb. Azərbaycandan Konvensiya üzrə hesabat öhdəliklərinin bir hissəsi kimi mütəmadi olaraq iqlim dəyişikliyi ilə bağlı əsas məsələlər və həll yollarını tərtib etməklə Milli Məlumat hazırlayır və müvafiq qaydada təqdim edir. Sözügedən hesabatların hazırlanmasında sahələr üzrə məlumatların toplanması və ümumiləşdirilməsi məqsədi ilə hər bir müvafiq sektoru təmsil edən dövlət qurumlarının nümayəndələrindən ibarət İşçi qrupu yaradılıb.

Fəal iştirakçıdan ev sahibliyinə...

Azərbaycan həmçinin COP tədbirlərində fəal iştirak edir. Xatırladaq ki, Prezident İlham Əliyev ötən il  dekabrın 1-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası çərçivəsində təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammitinin açılış mərasiminə qatılıb. COP28 çərçivəsində keçirilən tətbirlərdə həmçinin ölkəmizin müvafiq qurumlarının, o cümlədən energetika, ekologiya və təbii sərvətlər nazirliklərinin, SOCAR-ın rəhbər şəxsləri iştirak edərək mühüm görüşlər keçiriblər və müzakirələr aparıblar.

COP29-a ev sahibliyi hüququnun Azərbaycana verilməsi həm də ölkəmizin yaşıl enerjiyə keçidlə bağlı təşəbbüslərinin beynəlxalq səviyyədə dəstəklənməsi anlamına gəlir. Məsuliyyətli dövlət olan Azərbaycan müvafiq istiqamətlərdə öz fəaliyyətlərini qlobal çağırışlara adekvat qurur.   Ölkəmiz neft istehsalı sahəsində sıfır emissiyasız fəaliyyəti hədəfləyib və bu sahədə qlobal tərəfdaşlığa öz töhfələrini verir.  Azərbaycan Dövlət Neft Şirkəti 2008-ci ildən GGFR-in rəhbər komitəsinin üzvüdür. Respublikamızda həyata keçirilən layihələr nəticəsində il ərzində atmosferə atılan 1 milyard kubmetr qaz yığılaraq əhalinin istifadəsinə yönəldilib. SOCAR tərəfindən səmt qazının azaldılması tədbirləri Dünya Bankının Ekspert Şurası tərəfindən bir neçə dəfə ali mükafata layiq görülüb. Hazırda neft hasilatı zamanı səmt qazının emissiyası göstəricilərinin aşağı olmasına görə Avropa İttifaqına neft ixrac edən əsas 10 ölkə arasında Azərbaycan birinci yeri tutur. COP28 çərçivəsində keçirilən tədbirlərdə  SOCAR-ın prezidenti Rövşən Nəcəf bütün neft-qaz əməliyyatlarında 2030-cu ilə qədər normal hasilat prosesində məşəldə yandırmaların sıfıra endirilməsinin, 2022-ci il baza dövrü ilə müqayisədə 2030-cu ilə qədər “Upstream” seqmentində emissiya intensivliyinin 30 faiz, 2035-ci ilə qədər korporativ emissiya intensivliyinin 30 faiz azaldılmasının, 2035-ci ilə qədər “Sıfır metan” hədəfinə yaxınlaşmanın və 2050-ci ilə qədər “Xalis sıfır” hədəflərinə çatmanın şirkətin əsas məqsədlərindən olduğunu bildirib.

Azərbaycanın COP29-a ev sahibliyi etməsi respublikamızın yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı olacaq. Azərbaycan Prezidentinin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik İli” elan edilməsi bu missiyaya verilən dəyərin təsdiqidir. Bu təşəbbüs sadəcə rəmzi məna daşımır, həmçinin Azərbaycanın müsbət ekoloji dəyişmələr yaratmaq məqsədi daşıyan ölkələr üçün nümunə olmaq istəyidir, eyni zamanda, gələcək nəsillər üçün daha yaşıl və sağlam gələcəyin qurulması istiqamətində  öhdəliyini, strateji məqsədlərini və fəal tədbirlərini əks etdirən addımdır. Prezident İlham Əliyev fevralın 17-də Münxendə ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi Con Kerri ilə keçirdiyi görüşdə bildirib ki,  Azərbaycan COP-la əlaqədar bir daha özünün iqlim dəyişikliyi sahəsində beynəlxalq səyləri dəstəkləmək əzmini nümayiş etdirib. Azərbaycan, eyni zamanda, milli səviyyədə bərpaolunan enerji və yaşıl keçid prosesi sahəsində ciddi tədbirlər həyata keçirməkdədir, bu istiqamətdə region səviyyəsində və qlobal miqyasda olan tədbirləri yaxından dəstəkləyir. İqlim maliyyələşdirilməsi COP29-un əsas mövzusu olacaq ki, Azərbaycan da bu xüsusda qlobal həmrəyliyə, xüsusilə də qlobal Şimal və qlobal Cənub arasında həmrəyliyə nail olmaq istiqamətində səylərini davam etdirəcək.

Vaxt itirilmədən başlayan hazırlıq

Azərbaycan COP29-a uğurla ev sahibliyi etmək gücündə və əzmindədir. Hazırlıq işlərinə vaxt itirilmədən başlanıb. Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə COP29-un, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyalarının 2024-cü ildə Bakı şəhərində təşkili və keçirilməsinin təmini məqsədilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyevin sədrliyi iləTəşkilat Komitəsi yaradılıb. Yanvarın 22-də Samir Nuriyevin sədrliyi ilə Təşkilat Komitəsinin ilk iclası keçirilib. İclasda COP-29-un ən yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi tədbirlərin görüləcəyi vurğulanıb. Hazırlıq prosesində Azərbaycan tərəfindən həm təşkilati, həm də tədbirin mahiyyəti nöqteyi-nəzərindən bütün zəruri addımlar atılır və bu baxımdan ölkəmiz beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlığı yüksək qiymətləndirir. Prezident İlham Əliyev Münxendə keçirdiyi çoxsaylı görüşlərdə ölkəmizin COP29-a hazırlıq işlərinin yüksək səviyyədə və beynəlxalq əməkdaşlıq çərçivəsində aparıldığını diqqətə çatdırıb. Bildirildiyi kimi, ölkəmiz genişmiqyaslı hazırlığı üçtərəfli formatda - COP28-ə ev sahibliyi etmiş Birləşmiş Ərəb Əmirlikləri və COP30-a ev sahibliyi edəcək Braziliya ilə əməkdaşlıq şəraitində həyata keçirir.

M.ABDULLAYEV

Paylaş:
Baxılıb: 215 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30