Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Birgə səylərlə böyük hədəflərə doğru

Birgə səylərlə böyük hədəflərə doğru

24.02.2024 [09:45]

Dünyada yarandığı vaxtdan az sonra tarixin arxivinə qovuşan təşkilatların sayı çox olub. Bu da ilk növbədə onunla bağlı olub ki, həmin təşkilatlar saxta ideyalar əsasında yaradılıb, onların təməlində təbii amillər dayanmayıb. Türkdilli ölkələrin birliyini mümkün və zəruri edən fundamental amillərin sayı isə kifayət qədər çoxdur. Bu sırada tarixi bağlılıq, milli-mənəvi dəyərlərin eyni kökdən gəlməsi, siyasi maraqların uzlaşması, coğrafi yaxınlıq, din, etiqad vəhdəti, mədəniyyətlərin oxşarlığı kimi məqamları xüsusi qeyd edə bilərik. Bu gün Türk birliyi məhz bu kimi fundamental zəminə əsaslanmaqla formalaşaraq getdikcə daha da möhkəmlənir.

Böyük coğrafiyada iqtisadi inteqrasiya perspektivləri

İqtisadi potensial da Türkdilli ölkələrin birliyini mümkün və etibarlı edən ən mühüm amillərdən biridir. Hazırda dünyada 200 milyona yaxın türk mənşəli insan yaşayır. Eyni zamanda, Türkdilli ölkələr təbii ehtiyatlarla, o cümlədən də enerji resursları ilə zəngindir. Təbii ki, hazırda qardaş Türkiyə iqtisadi potensialına, müasir sənaye inkişafına görə Türkdilli ölkələr arasında lider mövqeyə malikdir. Ancaq Azərbaycan və digər Türkdilli ölkələr də öz iqtisadiyyatlarını intensiv şəkildə genişləndirirlər. Türkiyə 761.4, Qazaxıstan 181.7, Özbəkistan 57.9, Azərbaycan 48, Türkmənistan 48 və Qırğızıstan 8.5 milyard dollar nominal ÜDM-ə malikdir. Mütəxəssislərin qənaətinə görə, təşkilat daxilində iqtisadi və ticari əməkdaşlığı daha sistemli şəkildə əlaqələndirmək mümkündür. 1.5 trilyon nominal ÜDM-ə malik olan Türkdilli ölkələr yeni regional əməkdaşlıq modeli yaradırlar. Deyə bilərik ki, regionun yeni iqtisadi xəritəsi formalaşmaqdadır.

Vurğulamaq yerinə düşər ki, indiyədək TDT-da təmsil olunan ölkələr arasında həm çoxtərəfli, həm də ikitərəfli formatlarda əməkdaşlıq əlaqələri qurulub. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası təsis edildikdən sonra iqtisadi əməkdaşlıq çərçivəsində müvafiq qurumların yüksək səviyyəli rəsmiləri arasında çoxsaylı görüşlər keçirilib, bir neçə biznes forum təşkil olunub. Bu görüşlərdə və biznes forumlarda quruma üzv dövlətlərin iqtisadi imkanları, əməkdaşlıq sahələri təqdim olunub. O cümlədən investisiya mühitinin yaxşılaşdırılması, iqtisadiyyatın şaxələndirilməsi və sahibkarlıq üzrə işçi qruplarının yaradılması haqqında qəbul edilən qərarlar böyük aktuallıq daşıyır.

İqtisadi əməkdaşlıqda yeni istiqamətlər

Zaman ötdükcə meydana çıxan qlobal çağırışlara uyğun olaraq TDT-da iqtisadi sahədə inteqrasiyanın yeni istiqamətləri formalaşır. 2023-cü ilin mart ayında baş tutan Ankara Sammitində iqtisadi inteqrasiyanın genişləndirilməsi istiqamətində mühüm addım atıldı - Türk İnvestisiya Fondunun yaradılması haqqında Saziş imzalandı. Fondun Türk dövlətlərinin qurduğu əsas ortaq maliyyə qurumuna çevrilməsi və fondun vəsaitlərinin birgə layihələrin həyata keçirilməsinə yönəldilməsi nəzərdə tutulur. Fond Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin iqtisadi potensialının inkişafına, onlar arasında ticari-iqtisadi əməkdaşlığın gücləndirilməsinə, birgə layihələrin həyata keçirilməsinə yönəldiləcək. Xatırladaq ki, Türk İnvestisiya Fondunun yaradılması təşəbbüsü Azərbaycan Prezidenti İlham Əliyevə məxsusdur. Fondda ölkəmizin payı 100 milyon dollar təşkil edir.

Eyni zamanda, TDT-da birləşən ölkələr sadələşdirilmiş gömrük dəhlizinin yaradılmasına güclü siyasi iradə göstərirlər. Yeni geosiyasi reallıqlar fonunda TDT-da birləşən dövlətlər arasında şərtləri uzlaşdırılmış sadələşdirilmiş gömrük dəhlizinin yaradılması qarşılıqlı ticarət dövriyyəsinin, eləcə də daşımaların artması üçün mühüm əhəmiyyət daşıyır. Xatırladaq ki, Milli Məclis 2022-ci il noyabrın 11-də Səmərqənd şəhərində imzalanan “Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsini müzakirə edərək onun qəbuluna səs verib.

TDT-də birləşən ölkələr arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılmasını ilk növbədə son vaxtlarda Türk dövlətləri arasında iqtisadi əlaqələrin sürətli inkişafı və ticarət dövriyyəsində kəskin artımlar şərtləndirir.  Türk dövlətləri arasında ticarət dövriyyəsi 2022-ci ildəki 33 milyard ABŞ dollarından 2023-cü ildə 42 milyard dollara yüksəlib. Bu, il ərzində 27,3 faiz artım deməkdir. TDT 2021-ci ildə 47, 2022-ci ildə 62 tədbir keçirib. Ötən il isə TDT üzrə müxtəlif istiqamətləri əhatə edən 110-dan çox tədbir baş tutub. Bu tədbirlərdə iqtisadi əməkdaşlığın müxtəlif istiqamətlərdə genişləndirilməsi ilə bağlı aktual müzakirələr aparılıb, potensial imkanlara diqqət çəkilib.

Qarşıya qoyulan məqsədlər

Siyasi dialoqun, Prezident Rəcəb Tayyib Ərdoğanla Prezident İlham Əliyev arasında formalaşan dostluq, qardaşlıq münasibətlərinin ruhuna uyğun olaraq Azərbaycanla Türkiyənin iqtisadi sahədə əməkdaşlığı da çoxvektorludur və daim yüksələn xətlə inkişaf edir. Türkiyə Azərbaycanın ən böyük iqtisadi tərəfdaşlarından biridir. Belə ki, bu ölkə respublikamızın ticarət tərəfdaşları arasında 15 faizlik pay ilə İtaliyadan sonra ikinci yerdə gəlir. 2023-cü ildə  Azərbaycanın Türkiyəyə ixracı 5 milyard 359 milyon dollar, qardaş dövlətdən idxalımız isə 2 milyard 291 milyon dollar olub. Digər tərəfdən, Türkiyə ötən il Azərbaycanın 3 milyard 348 milyon dollarlıq qeyri-neft ixracının 23,4 faizini formalaşdırıb. Prezident İlham Əliyev bu günlərdə Türkiyəyə baş tutan uğurlu səfəri çərçivəsində mətbuata verdiyi Bəyanatında iki ölkə arasında ticarət dövriyyəsinin rekord səviyyəyə yüksəldiyinə xüsusi diqqət çəkərək vurğulayıb: “Ticarət dövriyyəmizin sürətlə artması və rekord həddə çatması, əlbəttə ki, bizi çox sevindirir. 7,5 milyard dollar. Beş-altı il əvvəl bizim heç yuxumuza gələ bilməzdi ki, ticarət dövriyyəsi bu dərəcədə artacaq, ancaq bu, reallıqdır. Vaxtilə biz qarşıya müştərək hədəflər qoyduq və indi bu hədəflərə doğru gedirik”.

İki ölkə arasındakı sərmayə qoyluşlarında da kəskin artımlar müşahidə edilməkdədir. Türkiyənin Azərbaycana yatırdığı investisiyaların həcmi 12 milyard ABŞ dollarına çatıb, Azərbaycan şirkətlərinin Türkiyəyə yatırdığı investisiyaların həcmi isə 19,5 milyard ABŞ dollarını ötüb. Hazırda Türkiyədə 2000-ə yaxın Azərbaycan, Azərbaycanda isə 4100-dən çox Türkiyə şirkəti fəaliyyət göstərir. Azərbaycanın qardaş Türkiyədə reallaşdırdığı ən irihəcmli investisiya layihələrindən biri İzmir şəhərində 6 milyard dollardan çox investisiya qoyuluşu hesabına inşa edilən “Star” neft emalı zavodudur. 2018-ci il il oktyabrın 19-da Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə müəssisənin açılışı baş tutub. “Star” neft emalı zavodu ildə 5 milyon ton dizel yanacağı, 1,5 milyon ton nafta, 1,6 milyon ton təyyarə yanacağı, 1 milyon ton qarışıq ksilen/reformat, mayeləşdirilmiş neft-qaz (LPG), neft koksu və kükürd istehsal etmək iqtidarındadır.

Qardaş ölkələr olan Azərbaycan və Türkiyə iqtisadi sahədə əməkdaşlığı genişləndirmək üçün qarşıya daha böyük hədəflər qoyublar. Mətbuata verdiyi Bəyanatında iqtisadi sahədə əməkdaşlığın perspektivlərinə diqqət çəkən Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, 15 milyard dollarlıq hədəfimizə çatmaq üçün səylərimizi artırmaqda qətiyyətliyik.

M.ABDULLAYEV

Paylaş:
Baxılıb: 448 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Mina təhdidi...

22 Oktyabr 11:46

İqtisadiyyat

Analitik

Mədəniyyət

Mühacirətin səsi!

22 Oktyabr 08:21

YAP xəbərləri

Mədəniyyət

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31