Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Uğur hekayəsi - Cənub Qaz Dəhlizi

Uğur hekayəsi - Cənub Qaz Dəhlizi

02.03.2024 [09:40]

Avropanın enerji təhlükəsizliyində ölkəmizin rolu artır

Dünya üzrə geosiyasi gərginliyin artması, xüsusilə də sonu görünməyən Rusiya-Ukrayna müharibəsi səbəbindən enerji təhlükəsizliyi Avropa İttifaqı (Aİ) məkanına daxil olan ayrı-ayrı ölkələr üçün həyati əhəmiyyətli məsələyə çevrilib. İş ondadır ki, müharibə başlayanadək Avropanın enerji daşıyıcılarına tələbatının ödənilməsində mühüm paya malik Rusiya bu ölkəyə tətbiq olunan çoxsaylı sanksiyalara görə “qoca qitə”yə neft məhsullarının və qazın tədarük həcmlərini əhəmiyyətli dərəcədə azaldıb. Buna görə də Aİ yeni təchizat mənbələri axtarmaq və maşruları şaxələndirmək məcburiyyətində qalıb. Belə bir heç də adi olmayan bir şəraitdə Avropanın enerji gündəliyi Bakıda müəyyənləşdirilir. Martın 1-də Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları keçirilib. Prezident İlham Əliyevin və çoxsaylı qonaqların iştirakı ilə keçirilən tədbirdə Avropanın enerji təhlükəsizliyi ilə bağlı yaranan çağırışlara, həmçinin enerji transformasiyasına aid aktual müzakirələr aparılıb.

Xatırladaq ki, indiyədək Cənub Qaz Dəhlizi Məşvərət Şurası formatda 9 iclas keçirilib. İlk belə toplantı 2015-ci il fevralın 12-də, son toplantı isə 2023-cü il fevralın 3-də baş tutub. Sayca doqquzuncu iclasda 2015-ci ildən etibarən ənənəvi olaraq Bakıda baş tutan tədbirin formatı genişləndirilib və ona  Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclası da əlavə olunub.

Avropanın etibarlı tərəfdaşı

Avropanın eneji məsələləri ilə bağlı Bakıda ənənəvi müzakirələrin aparılması ölkəmizin “qoca qitə”nin enerji təhlükəsizliyində artan rolu ilə bağlıdır. Məlum olduğu kimi, ayrı-ayrı təchizatçı və istehlakçı ölkələr enerji məsələlərini bir sıra hallarda qarşı tərəflərə qarşı siyasi təzyiq vasitəsinə çevirirlər. Bir neçə il bundan əvvəl məhz siyasi amillərə görə yaranan fors-major halının Avropanın ayrı-ayrı ölkələrində yaratdığı çətinliklər hələ də yaddaşlardan silinməyib. Zəngin resurslara malik Azərbaycan isə ədalətli enerji siyasəti həyata keçirir və heç vaxt öz üstünlüyündən sui-istifadə etməklə şərtlər irəli sürmür. Bu da ölkəmizə Avropada böyük inam qazandırıb. Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında vurğulayıb ki, Azərbaycan özünü etibarlı tərəfdaş kimi doğruldub. Bizim sözümüz imzamız qədər eyni qüvvəyə malikdir.  

Yeni enerji strategiyasının reallaşdırılmasına başlanıldığı 1994-cü ildən indiyədək respublikamız tərəfdaşları ilə hər hansı bir anlaşılmazlıq yaşamayıb və bütün öhdəliklərinə yüksək səviyyədə əməl edib. Müstəqil Azərbaycanın ulu öndər Heydər Əliyevin işləyib hazırladığı və təməlini qoyduğu yeni enerji strategiyası üç mərhələdə reallaşdırılır. Hər mərhələdə dövrün reallıqları, çağırışları mütləq nəzərə alınır ki, bu da uğurları şərtləndirir. Enerji siyasətimizin birinci mərhələsi Xəzərin Azərbaycan sektorundakı neft yataqlarının transmilli şirkətlərin iştirakı ilə işlənilməsinə başlanılması ilə əlamətdar oldu. 1994-cü ildə müstəqilliyimizin bərpasından cəmi üç il keçəndən sonra Azərbaycan dünyanın aparıcı şirkətləri ilə Xəzər dənizində enerji əməkdaşlığının əsasını qoydu.

Qaz seqmenti ölkəmizin enerji strategiyasının ikinci mərhələsini əhatə edir. Müstəqil Azərbaycanın “Əsrin müqaviləsi”ndən sonra transmilli şirkətlərlə imzaladığı ikinci böyük kontrakt “Şahdəniz” qaz yatağı üzrədir. Bu kontrakt 1996-cı ildə imzalanıb. “Şahdəniz” yatağının ehtiyatlarının müəyyənləşdirilməsi ilə Azərbaycan dünyada həm də mavi yanacaq ölkəsi kimi tanınmağa başladı. Bütövlükdə, Azərbaycanın təsdiq edilmiş mavi yanacaq ehtiyatlarının həcmi 2,6 trilyon kubmetrə bərabərdir. Proqnozlaşdırılan qaz ehtiyatlarımız isə bundan xeyli çoxdur.

Azərbaycanın qaz ehtiyatları yalnız  “Şahdəniz” yatağı ilə məhdudlaşmır. “Ümid” yatağının ehtiyatları 200 milyard kubmetrdən çoxdur. “Şahdəniz”, “Azəri-Çıraq-Günəşli” layihələrinin operatoru olan BP ilə icrasına başlanan “D 230” bloku və “Şəfəq- Asiman” qaz yatağının işlənilməsi üzərində işlər davam etdirilir. 2024-cü ildə “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda dərin laylardan qaz hasilatına başlanacağı gözlənilir. 2023-cü ilin yayında Azərbaycan özünün enerji siyasətinin mavi yanacaq seqmenti üzrə daha bir mühüm uğura imza atıb. Söhbət Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə yerləşən “Abşeron” qaz-kondensat yatağının işlənməsinin İlkin Hasilat Sxemi (İHS) mərhələsi üzrə hasilata başlanılmasından gedir. “Abşeron” yatağının ehtiyatları 300 milyard kubmetr həcmində dəyərləndirilir. İHS mərhələsinin hasilat gücü gündəlik 4 milyon kubmetr qaz və 12 min barel kondensat təşkil edir.

Bəlli səbəblərdən təchizatda ciddi çətinliklərlə üzləşən Avropa zəngin ehtiyatlara malik olan və ədalətli enerji siyasəti aparan Azərbaycanla enerji dialoqunu genişləndirmək niyyətindədir. Bunun təsdiqidir ki, 2022-ci il iyulun 18-də Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin respublikamıza səfəri çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Azərbaycanla Aİ arasında enerji əməkdaşlığının yol xəritəsi sayılan Memorandumun icrası uğurla həyata keçirlir. Ölkəmiz Cənub Qaz Dəhlizi istifadəyə verildikdən sonra 2021-ci ildə Avropa İttifaqı bazarına 8,2 milyard kubmetr həcmində mavi yanacaq ixrac etdi. Ötən il isə bu həcm 12 milyard kubmetrədək artırıldı. Memorandumla qarşıya qoyulan hədəf isə 2027-ci ilədək respublikamızdan Avropaya qaz ixracını iki dəfəyədək artırmaqdır.

Avrasiya məkanında mühüm infrastruktur layihəsi

Dünyada enerji resursları ilə zəngin olan ölkələrin sayı çoxdur. Lakin zəruri nəql infrastrukturunun yoxluğu səbəbindən bir sıra ölkələr enerji resuslarının ixrac həcmlərini artıra bilmirlər və çətinliklərlə üzləşirlər. Zəngin resurslara malik olan Azərbaycanın isə digər bir üstünlüyü müasir  və şaxələndirlmiş nəql  marşrutlarına malik olmasıdır. İndiyədək Azərbaycan güclü siyasi iradə nümayiş etdirərək bir neçə nəql marşrutunun yaradılmasına nail olub. Bakı-Tbilisi-Supsa, Bakı-Tbilisi- Ərzurum, Bakı-Tbilisi-Ceyhan bu sırada yer alır. Mavi yanacaq ixracı üçün nəzərdə tutulan Bakı-Tbilisi-Ərzurum 2007-ci ildə istifadəyə verilsə də, “Şahdəniz” yatağının zəngin ehtiyatlarının Avropaya çatdırılması üçün daha böyük həcmli yeni dəhlizin yaradılmasına ehtiyac var idi. Azərbaycan reallıqları nəzərə alaraq yeni qazötürücü xəttin - Cənub Qaz Dəhlizinin yaradılması təşəbbüsü ilə çıxış etdi. Təbii ki, müxtəlif maraqları uzlaşdırmaq, hamını ortaq məxrəcə gətirmək asan deyildi. Ancaq Azərbaycan özünün güclü iradəsinə əsaslanmaqla  hədəflərə doğru inamlı addımlar atmağa nail oldu. 2011-ci ildə Azərbaycan və Avropa Komissiyası arasında Cənub Qaz Dəhlizi layihəsi üzrə Birgə Bəyannamə imzalandı və bu, həmin layihənin icrasının başlanğıc mərhələsi oldu. Eyni zamanda, Türkiyə və Azərbaycan yeni bir layihəni irəli sürdülər. TANAP (Trans Anadolu Qaz Boru Kəməri) adlanan bu layihə üzrə anlaşmanı 2012-ci ildə İstanbul şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan (o dövrdə baş nazir) imzaladılar. Beləliklə, Cənub Qaz Dəhlizinin reallaşmasına güclü təkan verildi.

Açıq dənizə çıxışı olmayan Azərbaycanı Aralıq və Adriatik dənizləri ilə birləşdirən layihə bir vaxtlar çoxlarına xəyal kimi görünsə də, artıq reallıqdır. Cənub Qaz Dəhlizi üç boru kəmərindən ibarət inteqrasiya edilmiş boru kəmərləri sistemidir - Cənubi Qafqaz boru kəməri, Trans-Anadolu (TANAP) boru kəməri və Trans-Adriatik (TAP) boru kəməri. TAP İtaliyaya qədər uzanır. Cənub Qaz Dəhlizi 3500 kilometr uzunluğunda mürəkkəb texniki infrastrukturdur. Onun bir hissəsi hündür dağlardan, bir hissəsi isə dənizin dibindən keçir. 2020-ci ilin son günü - dekabrın 31-də layihənin yekun hissəsi olan TAP istifadəyə verildi. Həmin dövrdən etibarən Azərbaycan Türkiyə və Gürcüstandan əlavə, Avropa bazarına da qaz ixrac edən ölkəyə çevrilib. Bəhs olunan tədbirdə diqqətə çatdırılıb ki, indiyədək Azərbaycana müraciət edən dövlətlərdən artıq altısı qaz alır, bir neçə ölkə ilə də danışıqlar aparılır. Prezident İlham Əliyev bildirib ki, Cənub Qaz Dəhlizi artıq üç ildir işləyir. Bu, uğur hekayəsidir. Bu, Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir. Bunun, eyni zamanda, enerji təhlükəsizliyi, əməkdaşlıq layihəsi olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Çünki bu marşrut üzərində yerləşən ölkələr arasında işbirliyi olmadan bu layihəni həyata keçirmək mümkün olmazdı”.

Qeyd olunduğu kimi, Cənub Qaz Dəhlizinin istifadəyə verilməsindən cəmi üç il ötüb. Lakin artıq Avropanın mavi yanacağa artan tələbatı fonunda marşrutun genişləndirilməsinə böyük ehtiyac yaranıb. Hazırda Avropada Cənub Qaz Dəhlizinin yeni qolları yaradılır. Eyni zamanda, Cənub Qaz  Dəhlizinin ayrı-ayrı seqmentlərinin - TANAP-ın ötürücülük imkanlarının 16 milyard kubmetrdən 32 milyard kubmetrə, TAP-ın ötürücülük imkanlarının isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndirilməsi nəzərdə tutulur. Həm Avropa Komissiyası, həm də Azərbaycan buna güclü siyasi iradə göstərirlər. Prezident İlham Əliyev bildirib ki, Cənub Qaz Dəhlizinin genişləndirilməsi və hər hansı digər təbii qaz layihələri elə icra olunmalıdır ki, əsas hədəfimizə zərər dəyməsin. Çünki Avropa İttifaqından Azərbaycan qazına böyük tələbat var idi və indi də var.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 203 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Gündəm

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30