Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Bütün dünya bilsin: Türkiyə daim Azərbaycanın yanındadır!

Bütün dünya bilsin: Türkiyə daim Azərbaycanın yanındadır!

07.04.2024 [09:50]

İlham Əliyev: Türk dünyası bizim ailəmizdir

Son vaxtlarda dünyanın ayrı-ayrı regionlarında arzuolunmaz proseslər izlənilir. İki ildən çoxdur ki, davam edən Rusiya-Ukrayna müharibəsinin sonu görünmür. Ötən ilin oktyabr ayında Yaxın Şərqdə yeni dəhşətli müharibə alovlanıb. Cəmi bir neçə ay ərzində Qəzzada və yaxın ərazilərdə həyatlarını itirənlərin sayı 30 mini ötüb, yaralı sayı 70 mindən çoxdur. Yüz minlərlə insan dünyanın gözü qarşısında humanitar fəlakət yaşayır - onlara ən zəruri ərzaq məhsullarının, ilkin tibbi xidmətlərin göstərilməsinə belə imkan verilmir.

Təəssüf doğuran haldır ki, bütün dünyada hegemonluq iddialarında olan böyük güclər artıq Azərbaycanın və qardaş Türkiyənin yerləşdiyi Xəzər - Qara dəniz coğrafiyasını da siyasi və hərbi qarşıdurmalar poliqonuna çevirməyə çalışırlar. O cümlədən həmin güclər Cənubi Qafqazla bağlı məkrli ssenarilərini həyata keçirməkdən ötrü müxtəlif çirkin fəaliyyətlər sərgiləyirlər. Bu barədə Prezident İlham Əliyev aprelin 5-də Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin millət vəkili və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunu qəbul edərkən geniş fikir mübadiləsi aparılıb.

Qərbdə cızılan məkrli planlar

Cənubi Qafqazı regionla əlaqəsi olmayan ayrı-ayrı ölkələrin və bəzi beynəlxalq təşkilatların diqqət mərkəzinə gətirən bir sıra məqamları xüsusi vurğulaya bilərik. Burada heç şübhəsiz ki, regionun əlaqələr və kommunikasiyalar baxımından strateji bir nöqtədə yerləşməsi mühüm rol oynayır. Qlobal kataklizmlər fonunda təhlükəsiz və iqtisadi baxımdan səmərəli marşrutlara ehtiyac heç vaxt olmadığı qədər artıb. Xəzər-Qara Dəniz coğrafiyası tarixən Avropa ilə Asiyanı birləşdirən yolların keçdiyi bir məkan olub. Hazırda  buradan Şərqdən Qərbə, Şimaldan Cənuba müasir infrastruktura malik dəhlizlər keçir. Son dönəmlərdə Mərkəzi Asiyanı, Çini Avropa ilə birləşdirən Orta Dəhliz inkişaf etdirilir. Azərbaycan Liderinin ideyası olan Zəngəzur Dəhlizinin reallaşması ilə kommunikasiyalar daha asan, daha qısa və rentabelli olacaq.

Bəs bu marşrutlara, xüsusilə də 44 günlük müharibədən sonra gündəmə gələn Zəngəzur Dəhlizinə kim nəzarət etsin? Bax elə region uğrunda mübarizəni şərtləndirən əsas suallardan biri məhz budur. Rusiya region dövləti olaraq buradakı ənənəvi güclü mövqeyindən istifadə etməklə Ermənistan ərazisində blokadadan çıxarılacaq kommunikasiya xəttinə - Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək və eyni zamanda, Orta Dəhlizin önəmli seqmenti qismində çıxış edəcək Zəngəzur dəhlizinə nəzarəti özündə saxlamağı hədəfləyib. Bununla bağlı üçtərəfli Bəyanatda ayrıca müddəa da təsbit olunub. Sənədin 9-cu bəndində belə qeyd olunub: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir”.

Xatırladaq ki, üçtərəfli Bəyanatı Azərbaycan, Rusiya, və Ermənistan rəhbərləri imzalayıblar. Kapitulyasiyaya uğrayan Ermənistan öhdəliyini mütləq yerinə yetirməli və Zəngəzur Dəhlizinin açılmasını təmin etməlidir. Lakin Nikol Paşinyan ənənəvi erməni riyakarlığı nümayiş etdirərək imzasına hörmət bəsləmir və müxtəlif  manipulyasiyalara əl atmaqla yeni şərtlər irəli sürür, o cümlədən də nəzərdə tutulan dəhlizin üzərində nəzarət hüququnu ölkəsində saxlamağa, həmçinin Azərbaycanın əsas hissəsi ilə  Naxçıvan arasında gediş-gəlişə də beynəlxalq keçid prinsiplərinin tətbiqinə nail olmağa çalışır. Bu, absurd  və məntiqi olmayan qəbuledilməz yanaşmadır. Naxçıvan Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Söhbət Azərbaycanın bir hissəsindən digər hissəsinə hərəkətin təmin olunmasından gedir. Bunu Ermənistan necə məhdudlaşdıra bilər? Ermənistanın manipulyasiyalara əl atmasının direktivləri Avropadan gəlir. Kollektiv Qərb Rusiyanı marşruta nəzarət hüququndan məhrum etmək və bu funksiyanı Ermənistan vasitəsilə öz nəzarətinə keçirməyə çalışır.

Kommunikasiyalara nəzarəti Ermənistan vasitəsilə öz təsir dairəsində saxlamaq istəyi kollektiv Qərbin Cənubi Qafqazda Rusiyaya qarşı yönələn regional planının yalnız bir istiqamətidir. Bütövlükdə, bu planın əsas ideyası Şimal qonşumuzun Şərqi Avropada olduğu kimi, Cənubi Qafqazdan da tamamilə sıxışdırılıb çıxarılmsını özündə ehtiva edir. Bu planda Ermənistan plasdarm kimi nəzərdə tutulur. Hədəf  Rusiyanın Ermənistanda siyasi, iqtisadi və hərbi təsir imkanlarını sıfırlamaqdan ibarətdir.

İndiki mərhələdə Ermənistanın oriyentasiyasını Rusiyadan Qərbə doğru radikal şəkildə dəyişməsi heç də bütün erməni cəmiyyətinin mövqeyi kimi qəbul oluna bilməz. Bu, daha çox N.Paşinyanın  öz hakimiyyətini qorumaq instiktindən yaranan bir qorxunun təzahürüdür və bundan ən çox ziyan çəkəcək ölkə elə Ermənistanın özü olacaq. Belə çıxır ki, baş nazir kreslosunu qorumaq namiə Ermənistanın Rusiya ilə tarixən formalaşmış əlaqələrini kəsməklə ölkəsinin milli maraqlarına xəyanət etməyə belə hazırdır.

Azərbaycanın 44 günlük müharibənin və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərinin nəticələrinə uyğun olaraq yaratdığı reallıqlar Cənubi Qafqazda  əməkdaşlıq,  təhlükəsizlik və uzunmüddətli sabitlik üçün münbit zəmin formalaşdırıb. Fürsətcil Ermənistanın məmnuniyyətlə yer aldığı məkrli Qərb planı isə  regionda yeni təhdidlərə və qarşıdurmalara yol aça bilər. Regionun məsələləri ilk növbədə region dövlətlərinin iştirakı ilə həllini tapmalıdır. Postmüharibə mərhələsində Prezident Rəcəb Tayyib Ərdoğanın və Prezident İlham Əliyevin təşəbbüsləri əsasında formalaşan regional platformada Azərbaycan və Türkiyə aparıcı qüvvələr kimi çıxış edirlər. Bəhs olunan qəbulda dövlətimizin başçısı bu gün Azərbaycan-Türkiyə birliyinin daha da güclənməsinin önəmini qeyd edərək bildirib ki, hazırda dünyada, o cümlədən Cənubi Qafqazda proseslər çox təhlükəli istiqamətdə gedir və bununla bağlı Azərbaycan haqlı olaraq öz narahatlığını ifadə edir. Belə ki, Cənubi Qafqaz üçün cızılan plan gələcəkdə böyük fəlakətə gətirə bilər.

Cənubi Qafqaz üçün yeni təhlükə mənbəyi

Artıq məkrli planın reallaşdırılması istiqamətində ilk addımların atılmasına başlanıb. Ermənistanda “lövbər” salmış Avropa İttifaqının “mülki” adlandırılan missiyası əslində, yarımhərbi heyət formasında fəaliyyət göstərir. Bu yaxınlarda missiyanın region dövlətləri barədə kəşfiyyat məlumatları topladığı və Qərb dairələrinə ötürdüyü üzə çıxdı. İndiyədək bu xüsusda xəbərlər təkzib olunmayıb. Eyni zamanda,  Fransa kimi ölkələr çox fəal şəkildə Ermənistanı revanşizmə həvəsləndirirlər. Bu məqsədlə Paris İrəvana silahlar göndərir və hərbi müttəfiqlik sənədləri imzalayır. Prezident E.Makronun Cənubi Qafqazla bağlı siyasi fəallığı da artıb. Onun canfəşanlığı fonunda belə qənaət yaranır ki, Fransa kimi böyük ölkənin yeganə problemi və narahatlığı yalnız Ermənistan sarıdandır.

Fransanın, keçən ilin sentyabrından indiyədək Avropa Parlamentinin, Avropa Şurasının Azərbaycan əleyhinə bəyanatlar verməsi, Ermənistanı Cənubi Qafqazda bir silahlı forpost kimi yaratmaq cəhdləri gələcəkdə çox böyük fəsadlar törədəcək. Buna görə, Azərbaycan rəsmiləri bununla bağlı ABŞ və Avropadakı tərəfdaşlarımıza xəbərdarlıq etmək üçün açıqlamalar verirlər. Qəbulda Prezident İlham Əliyev aprelin 5-də Brüsseldə baş tutan üçtərəfli görüşə də diqqət çəkib. Üçtərəfli görüşə toxunan dövlətimizin başçısı bildirib ki, bununla Cənubi Qafqaz üçün növbəti təhlükə mənbəyi yaradılır. Halbuki son günlər həm ABŞ-ın, həm də Avropa İttifaqının yüksəkvəzifəli şəxsləri onların təşəbbüsü ilə baş tutan telefon danışıqları əsnasında bizi inandırmağa çalışmışlar ki, bu görüş Azərbaycanın əleyhinə deyil. Prezident İlham Əliyev qeyd edib ki, lakin biz bunun Azərbaycanın və Cənubi Qafqazda iş birliyinin əleyhinə olduğunu bilirik. Bu, ayırıcı xətlərin yaradılması və ölkəmizi təcrid etmək məqsədi güdür.

Ölkəmizin sadiq dostları

Ayrı-ayrı Avropa dövlətlərinin və bəzi beynəlxalq təşkilatların Azərbaycana qarşı xain, xoflu siyasət aparmalarına rəğmən, bizim sadiq dostlarımız çoxdur. Bu sırada Mövlud Çavuşoğlu və qardaş Türkiyə xüsusi yer tuturlar. Mövlud Cavuşoğlunu Azərbaycan cəmiyyətinə xüsusi təqdim etməyə ehtiyac yoxdur. O, ölkəmizin dostları sırasında yer alan və böyük hörmət bəslənilən siyasətçidir.  Söhbət zamanı Prezident İlham Əliyev onun bütün dövrlərdə Azərbaycanın yanında olmasını yüksək qiymətləndirdiyini bildirib və xalqımızın bunu çox dəyərləndirdiyini qeyd edib. Prezident İlham Əliyev vurğulayıb ki, xüsusilə İkinci Qarabağ müharibəsi zamanı Mövlud Çavuşoğlu müntəzəm surətdə çox önəmli açıqlamalar verib. O, bütün dünyaya Türkiyənin səsini çatdırıb ki, Azərbaycan tək deyil, Türkiyə onun yanındadır. Bu açıqlamalar öz növbəsində Azərbaycanın işinə qarışmaq istəyən qüvvələrin qarşısının alınmasında önəmli rol oynayıb.

Dövlətlərarası münasibətlərdən bəhs edərkən, zirvələrə yüksələn Azərbaycan-Türkiyə dostluğunun bütün dünya üçün nümunə olduğunu qeyd edə bilərik. Bu gün dünyada bu dostluğa və qardaşlığa zərər gətirə biləcək hər hansı bir qüvvə yoxdur. Siyasi, iqtisadi sahələrdə yüksək səviyyəli əlaqələr quran Azərbaycan və Türkiyə son vaxtlarda hərbi sahədə də sıx əməkdaşlıq edirlər. Azərbaycan Ordusunun Türkiyə modelinə uyğunlaşdırlması son nəticədə ölkəmizin müdafiə imkanlarını daha da artırır. Şuşa Bəyannaməsi ilə müttəfiqlik münasibətlərimiz rəsmən təsdiqlənib. İki qardaş ölkə həmişə kədərlərini də, sevinclərini də birlikdə bölüşürlər. Azərbaycan və Türkiyə Türk birliyinin formalaşmasında , Türk Dövlətləri Təşkilatının (TDT) funksionallığının artmasında aparıcı rol oynayırlar. Prezident İlham Əliyev Türk dünyasını bir ailə kimi səciyyələndirib. Qəbulda Mövlud Çavuşoğlu hər zaman olduğu kimi, bu dəfə də doğma Azərbaycanda olmalarından böyük sevinc hissi keçirdiklərini deyib. O, İlham Əliyevi prezident seçkilərində inamlı qələbə münasibətilə təbrik edərək, bunu Azərbaycan xalqının dövlətimizin başçısına Qarabağda Zəfər qazanan Ali Baş Komandan kimi yüksək etimadının təzahürü olduğunu bildirib. Azərbaycan Prezidentinin andiçmə mərasimindəki çıxışında Türk dünyasını bizim bir ailəmiz adlandırdığını qeyd edən Mövlud Çavuşoğlu diqqətə çatdırıb ki, dövlətimizin başçısının bu çıxışında Türk dünyasının birliyi ilə bağlı dediyi çox dəyərli fikirlər Türk dünyasında böyük məmnunluqla qəbul olunub. Mövlud Çavuşoğlu vurğulayıb: “Siz dünyada önəmli bir lidersiniz və Sizin Türk dünyasının güclənməsi istiqamətində atdığınız addımlar bütün Türk dünyasına bəllidir”.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 492 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Mina təhdidi...

22 Oktyabr 11:46

İqtisadiyyat

Analitik

Mədəniyyət

Mühacirətin səsi!

22 Oktyabr 08:21

YAP xəbərləri

Mədəniyyət

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31