Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Hədəf 15 milyard dollar

Hədəf 15 milyard dollar

09.05.2024 [10:40]

Azərbaycan və Türkiyə ticarətin həcmini rekord həddə çatdırmağa çalışır

Məlum olduğu kimi, Prezident İlham Əliyev bir neçə gün öncə “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”i təsdiq edib. Sənəd iki qardaş ölkə arasında qarşılıqlı ticarətin və xarici investisiyaların həcminin artırılması, birgə iqtisadi layihələrin icrasında təşəbbüskarlığın daha da güclənməsi, biznes qurumları arasında işgüzar münasibətlərin genişlənməsi üçün hüquqi əsaslar yaratmış olacaq.

Sazişinin iki ölkə arasında hüquqi-iqtisadi müstəvidə yeni münasibətlərin keyfiyyəti üçün əhəmiyyəti olduqca böyükdür. İndiyə qədər belə bir sazişin qüvvədə olmaması dövlətlərarası mal və xidmət ticarətinə, kapitalın, texnologiyanın və şəxslərin sərbəst hərəkətinə mənfi təsir edir, iqtisadi əlaqələrin hərarətinə maneə törədirdi. Xüsusilə də özəl sərmayələrin axınını ləngidirdi. Çünki investorlar hansısa bir dövlətdə investisiya qoymağı planlaşdırarkən kommersiya, sənaye, maliyyə və ya digər fəaliyyətlərlə məşğul olmağa başlamazdan və ya digər dövlətin hüquqi və fiziki şəxsləri ilə təsərrüfat əqdləri və əməliyyatlarına daxil olmazdan əvvəl eyni gəlirinin bu dövlətlərin hər ikisində vergiyə cəlb edilməyəcəyindən, onun üzərinə əlavə vergi yükünün düşməyəcəyindən və bütün bunların bazardakı mövqeyi və rəqabət qabiliyyətinə mənfi təsir etməyəcəyindən əmin olmağa çalışırlar.

Son illərdə iqtisadi-ticari əlaqələri ən yüksək səviyyəyə çatdırmaq üçün müxtəlif iqtisadi alətlərdən, gömrük və vergi motivasiyalarından yararlanan Azərbaycan və Türkiyə hələ 2020-ci ildə Preferensial Ticarət Sazişini imzalayıb. 2021-ci ildən qüvvəyə minən saziş iqtisadi və ticari əlaqələrdə tamamilə yeni səhifə açıb. Belə ki, Azad Ticarət sazişi hesab edilən Preferensial anlaşma sənədi gömrük rejiminin sadələşdirilməsini təmin edib və bir neçə mal qrupu üzrə gömrük dərəcələrinin azalmasına gətirib çıxarıb. “Preferensial Ticarət Sazişi”nin məqsədi mallar üzrə tariflərin azaldılması və ya ləğv olunması, qeyri-tarif maneələrinin ləğv olunması, iqtisadi əlaqələrin və ticarətin genişləndirilməsi və təşviq edilməsi, ədalətli rəqabət üçün əlverişli şərtlərin yaradılması, ticarətin davamlı artımı üçün proqnozlaşdırıla bilən və təhlükəsiz mühitin yaradılmasını nəzərdə tutur. Tərəflər ilk mərhələdə idxal və ixrac olunan bir sıra kənd təsərrüfatı və yeyinti məhsullarının idxalına tətbiq edilən gömrük rüsumlarını qarşılıqlı olaraq azaldıb. Ötən il sazişin əhatə dairəsinin genişləndirilməsi isə iki ölkə arasında iqtisadi-ticari əlaqələrin fiziki həcmini və dinamikasını bir qədər də artırıb.

Bundan iki ölkənin ticarət strukturları faydalanıb və nəticədə həmin il Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsinin həcmi 14 faiz arataraq 4 milyard 661 milyon dolları (8 milyard manat) ötübdür. Müqayisə üçün qeyd edək ki, Azərbaycanla Türkiyə arasındakı ticari dövriyyənin həcmi 2017-ci ildə isə 2,6 milyard dollar, 2018-ci ildə 3,4 milyard dollar, 2019-2020-ci illərdə 4,3 -4,4 milyard dollar və 2021-ci ildə 4,7 milyarda yaxınlaşıb.

2021-ci il iyunun 15-də Şuşada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsinin bir neçə bəndi də iqtisadi-ticari əlaqələrin inkişafında stimulverici rol oynayıb. Belə ki, həmin Bəyannaməyə əsasən, tərəflər arasında ticarət-iqtisadi münasibətlərdə milli iqtisadiyyatlarının və ixracın şaxələndirilməsi, perspektiv sahələrdə birgə istehsalın qurulması, investisiya əməkdaşlığının qarşılıqlı faydalı inkişafı üçün daha əlverişli şəraitin inkişaf etdirilməsi, Avropanın enerji təhlükəsizliyinə töhfə verən, təbii qaz mənbə və marşrut saxələndirilməsini təmin edən strateji Cənub Qaz Dəhlizinin həyata keçirilməsində Türkiyə və Azərbaycanın qabaqcıl rolunun artırılması, iki ölkənin ərazisindən keçən Şərq-Qərb/Orta beynəlxalq nəqliyyat dəhlizinin rəqabət qabiliyyətinin artırılması məqsədilə qarşılıqlı əməkdaşlığı möhkəmləndirilməsi, beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialının daha da inkişaf etdirilməsi və digər mühüm hədəflər müəyyən olunub.

Şuşa Bəyannaməsindən irəli gələn mühüm bəndələrin icrası iki ölkə arasında iqtisadi hərarəti daha da yüksəldib və ticarət dövriyyəsini bir qədər də artırıb. 2023-cü ildə Azərbaycan və Türkiyə arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi 2022-ci illə nisbətdə 31 faiz və ya 1 milyard 808 milyon dollar artaraq 7 milyard 650 milyon dollara çatıb.

Hədəf isə 15 milyard dollardır. Ötən il keçirilən Türkiyə-Azərbaycan Biznes Forumunda tərəflər arasında iqtisadi əməkdaşlığı zirvəyə daşıyan daha 11 mühüm dövlət sənədi imzalanıb. Bu sazişlərin əsas mahiyyəti məhz 15 milyard dollarlıq hədəfə çatmaqdır.

Beləliklə, Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi iki qardaş ölkə arasında qarşılıqlı ticarətin həcminin artırılmasında mühüm rol oynaycaq. Eləcə də Türkiyə və Azərbaycanın investorlarının qeyd edilən narahatlığını da tam aradan qaldırmış olacaq, onların asan və maneəsiz sərmayə planlarını həyata keçirməsini təmin edəcək.

Həmçinin, Saziş investisiya güzəştləri, stimullaşdırma tədbirlərini də nəzərdə tutur ki, bu da yaxın müddətdə Türk sərmayəçilərinin Qarabağ və Şərqi-Zəngəzurda investisiya qoyuluşlarını optimallaşdıracaq. Saziş iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verməklə yanaşı, biznesin, iri  şirkətlərin və iş adamların fəaliyyəti üçün də geniş imkanlar açacaq, qarşılıqlı mal mübadiləsini stimullaşdıracaq. Zəngəzur dəhlizinin açılması və dəhlizin davamı olaraq Naxçıvan-Qars dəmir yolunun tikintisi bu transmilli nəhəng nəqliyyat arteriyasının qollarını daha da genişləndirəcək və Şuşa Bəyannaməsində də vurğulandığı kimi Azərbaycan və Türkiyə beynəlxalq nəqliyyat dəhlizlərinin Orta-Mərkəzi xəttinə çevriləcəkdir və ticarətin həcmini daha da artıracaqdır.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 200 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Maraqlı

Mədəniyyət

MEDİA

İqtisadiyyat

Xəbər lenti

Analitik

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31