Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Rəqabətliliyi artırmaq üçün yeni Yol Xəritəsi... 

Rəqabətliliyi artırmaq üçün yeni Yol Xəritəsi... 

22.05.2024 [10:47]

Ölkəmizdə sağlam və ədalətli rəqabət mühitinin təmin edilməsi, eləcə də beynəlxalq reytinqlərdə rəqabətliliyin artırılması üçün qanunvericilikdə təkmilləşdirmələr aparılır. Hökumətin iqtisadi bloku tərəfindən hazırlanmış sənəddə bu istiqamətdə təkliflər nəzərə alınıb. Layihə “2022-2026-cı illər üzrə Sosial-iqtisadi İnkişaf Strategiyası”nın Tədbirlər Planından irəli gələn tələblərdən biri - ölkəmizdə rəqabət mühitinin yaxşılaşdırılması prioritetinə əsaslanır.

Azərbaycanda rəqabət mühiti beynəlxalq qurumlar tərəfindən dəfələrlə müsbət qiymətləndirilib. Dünya Bankının ötən il dərc olunmuş xülasəsində özəl sektorda biznesin fəaliyyəti üçün yaradılmış imkanlar, xüsusilə də biznesin qeydiyyatı və fəaliyyətə başlaması üçün hüquq-institisional tədbirlər qənaətbəxş qiymətləndirilib. Yeri gəlmişkən, DB-nin  “Doing Business 2020” hesabatında Azərbaycan 10 ən islahatçı ölkənin sırasında yer alıb. Hesabatda ölkənin qlobal reytinq sıralamasında mövqeyi 191 ölkə arasında 28-ci yerdə qərarlaşıb ki, bu da əksər postsovet, Mərkəzi Asiya və Şərqi Avropa regionu üzrə ölkələrin mövqeyindən daha yaxşı göstəricidir. Azərbaycan Dünya İqtisadi Forumu tərəfindən nəşr edilən “Qlobal Rəqabətlilik İndeksi”ndə 11 pillə irəliləyərək 58-ci mövqedə qərarlaşıb. Dünya İqtisadi Forumunun 2022-2023-cü illərə dair illik hesabatında da Azərbaycan region ölkələri içərisində biznesin şaxələndirilməsi, xüsusilə də sənaye sektorunda rəqabətin artırılması üzrə qətiyyətli islahatlar aparan ölkə kimi xarakterizə olunur.

Ancaq dünya iqtisadiyyatı inkişaf etdikcə, yeni rəqəmsal və sənaye inqilabları dərinləşdikcə biznes sektorunda da yeni çağırışlar meydana çıxır, rəqabət imkanları da buna uyğun tələblərlə üzləşir. Ona görə də biznes sektorunda islahatlar bir yerdə dayana bilməz, daha da çevik və davamlı xarakter daşıyır. Bütün bunları nəzərə alan Azərbaycan dövləti biznes və rəqabət qabiliyyətinin artırılması istiqamətində beynəlxalq təcrübəni diqqətdə saxlamaqla islahatların yeni gündəliyini müəyyən edir. Dövlət başçısının tapşırığına uyğun olaraq, ölkəmizdə biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması üçün qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlərin əlaqələndirilməsi məqsədilə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya yaradılıb. Komissiya biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, milli iqtisadiyyatın rəqabət qabiliyyətliyinin artırılması üçün sahibkarlar, kiçik biznes subyektləri, biznes icmaları ilə sıx işləyərək onların təklifləri əsasında qanunverilciyin təkmilləşdirilməsini məqsəduyğun sayır.

Məqsəd həm də Dünya Bankının qarşıda açıqlanacaq yeni hesabatında layiqli yeri qorumaqdır. DB hazırda dünya ölkələrində biznes və investisiya, rəqabət mühiti ilə bağlı daha geniş və əhatəli, bütün detalları və alt-indikatorları qiymətləndirməklə tamamilə yeni meyar və yanaşma əsasında təkmilləşdirilmiş hesabat - “Business Ready” üzərində çalışır və bu hesabatın sentyabrda təqdim ediləcəyi gözlənilir. Azərbaycan da hesabatdan irəli gələn bir sıra tövsiyələri nəzərə alaraq biznes mühitinin yaxşılaşdırılması istiqamətində islahatları davam etdirir. Belə ki, DB-nin tövsiyəsində əsasən ölkəmizdə azad, sağlam və dayanıqlı rəqabət mühitini formalaşdırmaq, hüquqi bazanı təkmilləşdirmək, özəl sektorun genişlənməsinə və inkişafına əlverişli imkan yaratmaq, rəqabət bazarını genişləndirmək və digər məsələlər müəyyən edilib. Bu baxımdan  Azərbaycan hökumətinin xarici investisiyaları cəlb etmək üçün stimullaşdırıcı siyasət yürütməsi və iqtisadiyyatı şaxələndirmək üçün islahatlara xüsusi diqqət yetirir.

Azərbaycanda rəqabət qabiliyyətinin təmin edilməsində ən mühüm sənəd kimi təxminən bir aydan sonra, iyulun 1-də qüvvəyə minəcək Rəqabət Məcəlləsi hesab edilir. Məcəllədə rəqabətə və istehlakçıların mənafeyinə mənfi təsir göstərə bilən hərəkətlərin qarşısının alınmasına xidmət edən yeni hüquqi alətlər müəyyən edilib ki, bu da həm təbii inhisar subyektlərinin fəaliyyətinin dövlət tənzimlənməsində, həm də xarici iş adamlarının rəqabət imkanlarının təmin edilməsində mühüm rol oynayacaq. Məcəllə, həmçinin, kiçik və orta biznes subyektlərinin bazara girişinin asanlaşması, maneələrin ortadan qaldırılması, bəzi təbii inhisar sahələrinin mərhələli şəkildə rəqabətli bazara keçidinin formalaşması, təsərrüfat subyektlərinin bazar payı, rəqabət orqanının təsir dairəsinin genişləndirilməsi və digər vacib hədəf göstəricilərə çatmaqda təkmil sənəd hesab olunur.

Hazırda biznes üzvlərini ən çox narahat edən məsələ inhisarçılıq və üstün bazar payıdır. Qaydalara əsasən, bir təsərrüfat subyektinin 50 faiz və daha çox bazar payı ola bilməz, əks halda o, hökmran mövqe, yəni inhisarçı hesab edilir  Eləcə də bazarda 35 faiz payı olan, ancaq dolayı yollarla bazara digər təsir imkanları olan təsərrüfat subyekti də hökmran mövqe tutmuş və rəqiblərinin fəaliyyətini sıxışdırmış kimi hesab edilir.

Rəqabət Məcəlləsi biznes mühitinin əlverişliliyinin artırılmasına təkan verməklə ölkə iqtisadiyyatının inkişafı və ölkəmizin rəqabət indeksinin müəyyən edilməsi metodologiyasının təkmilləşməsində mühüm rol oynayacaq.

ELBRUS

Paylaş:
Baxılıb: 211 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Mədəniyyət

Sosial

MEDİA

Parisdən Bakıya...

15 İyun 10:50

Siyasət

Siyasət

Gündəm

Dünya

Xəbər lenti

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30