Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Hökumət ötən il bütün məqsəd və hədəflərinə nail olub

Hökumət ötən il bütün məqsəd və hədəflərinə nail olub

15.06.2024 [10:35]

Milli Məclis 2023-cü il dövlət büdcəsinin icrasına dair qanun layihəsini qəbul edib

Milli Məclis “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini  III oxunuşda müzakirədən sonra qəbul edib. Qanun layihəsi və müvafiq hesabat 2023-cü ildə Azərbaycanda formalaşmış makroiqtisadi mühiti, dövlət maliyyəsinin idarə olunmasının təkmilləşdirilməsi, 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş gəlir və xərclərin, habelə dövlət proqramlarının, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün ayrılmış vəsaitlərin icra göstəriciləri, il ərzində dövlət borclanmasına və borclara xidmətə dair vəziyyəti, ehtiyat və məqsədli büdcə fondlarının vəsaitindən istifadə haqqında və digər zəruri məlumatları özündə əks etdirir.

İlk növbədə onu qeyd etmək lazımdır ki, 2023-cü il ölkə tarixində əldə edilən tarixi uğurlarla yadda qalıb ki, bu uğurların təmin olunmasında iqtisadi və maliyyə çevikliyi, ölkəmizin güclü maliyyə mövqeyinin möhkəmlənməsi mühüm əhəmiyyət kəsb edib. Büdcədəki hərbi və müdafiə-təhlükəsizlik xərclərinin, eləcə də azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinə yönələn vəsaitlərin məbləğinin əhəmiyyətli artımları Azərbaycanın qarşıya qoyduğu bütün məqsədlərə çatmasında  müstəsna rol oynayıb. 

İqtisadi inkişafın əsas mənbəyi qeyri-neft sektoru olub...

2023-cü ildə Azərbaycanda dövlət büdcəsinin icra edildiyi makroiqtisadi mühit kifayət qədər qənaətbəxş olub, iqtisadiyyatda artım davamlı xarakter daşıyıb və artım tamamilə qeyri-neft-qaz sektorunun hesabına təmin edilib. Ötən il iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft-qaz məhsullarının ixracının genişləndirilməsi və biznes mühitinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilib və hökumətin yürütdüyü çevik iqtisadi şaxələndirmə tədbirləri sayəsində ümumi daxili məhsul (ÜDM) artaraq 123 milyard manatı ötübdür. Adambaşına ÜDM real ifadədə 0.5 faiz artaraq 12.1 min manat olub. Qeyri-neft-qaz sektoru üzrə real artım tempi 3.7 faiz, neft-qaz sektoru üzrə real artım tempi 1.7 faiz müşahidə olunub. 

Onu da nəzərə almaq lazımdır ki, ötən il qlobal iqtisadiyyatda risklər də tam aradan qalxmayıb, ilin müxtəlif dövrlərində narahatedici situasiyalar baş verib. Azərbaycan qlobal iqtisadi sistemin bir parçası kimi davamlı olaraq qlobal proseslərin təsirlərinə açıq olduğundan sözsüz ki, hansısa xarici amil ölkəmizin iqtisadi-maliyyə sektorlarına təsir edir. Ancaq ötən il qlobal mürəkkəb geosiyasi risklərin davam etdiyi şəraitdə gözlənilən iqtisadi təhdidlərə baxmayaraq, beynəlxalq iqtisadi konyuktura ölkəmizə mənfi təsir etməyib. Əksinə, qlobal bazar və birja amilləri ölkəmizə müsbət təsir etməklə əlavə gəlir əldə etməsinə səbəb olub. Belə ki, 2023-cü ildə “Azeri Light” markalı Azərbaycan neftinin 1 bareli orta hesabla 86 ABŞ dollarına satılıb, bu da tədiyyə balansının cari vəziyyətini möhkəmləndirib, eyni zamanda, valyuta ehtiyatlarımızın artmasına imkan verib, məcmu valyuta ehtiyatları 17.1 faiz artaraq 68.5 milyard dollara çatıb.  Hesabat ilində ixrac 27.6 milyard dollar, idxal 17.3 milyard dollar, müsbət saldo 10.3 milyard dollar olub.

Əhalinin gəlirləri inflyasiyanı üstələyib...

Ötən il üçün ən mühüm məqamlardan biri isə qlobal bazarlarda təhdidedici rol oynayan inflyasiya Azərbaycanda mal və xidmətlərin bahalaşmasını təhrik etməyib, sabitləşib. Bunun da əsas səbəblərindən biri 2023-cü ildə Azərbaycanda makroiqtisadi sabitlik və fiskal dayanıqlılığın güclənməsi, hökumət və Mərkəzi Bank tərəfindən atılan koordinasiyalı addımların atılmasıdır ki, nəticədə inflyasiyanın birrəqəmli səviyyəyə enməsinə nail olunub. Əhalinin nominal gəlirləri isə 12.8 faiz artaraq 78.1 milyard manat təşkil edib və nəticədə ikirəqəmli real gəlirlər birrəqəmli inflyasiyanı üstələyib. 

Sözsüz ki, ölkəmizin iqtisadi imkanlarının artması güclü maliyyə təminatını formalaşdırıb və bu, özünü fiskal göstəricilərdə də nümayiş etdirib. Belə ki, ötən il büdcənin həm gəlirləri, həm də xərclərində əhəmiyyətli artımlar olub. Büdcənin gəlirləri 35 milyard 574,8 milyon manat təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 16 faiz artım deməkdir. Büdcənin xərcləri isə 36 milyard 458,5 milyon manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 13,5 faiz çoxdur. 

Büdcədə fiskal yük əsas etibarilə vergi orqanlarının üzərinə düşüb. Demək olar ki, bütün vergi növləri üzrə yığımlarda əhəmiyyətli artımlar qeydə alınıb. Nəticədə vergi yığımlarının artması sayəsində büdcə gəlirlərinin maliyyə təminatı daha da möhkəmlənib və ən mühüm amil isə ondan ibarətdir ki, ali maliyyə sənədi neft yığımlarına deyil, qeyri-neft yığımlarına söykənərək böyüyüb. Belə ki, ötən il neft-qaz ÜDM-i 45 milyard 344 milyon manata bərabər olub ki, bununla da sektorda real ifadədə 1,8 faiz azalma qeydə alınıb. 

Azad ərazilərə 5,5 milyard, müdafiə-təhlükəsizlik sahəsinə 7,2 milyard manat yönəldilib...

2023-cü ilin büdcə xərclərinin əsas istiqaməti işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı olub. Bu ərazilərin yenidən qurulması və bərpası üçün 2023-cü ilin dövlət büdcəsindən cəm olaraq 5 milyard 581,6 milyon manat vəsait ayrılıb. Bu vəsaitin 4 milyard 800 milyon manatı və ya 86 faizi işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı nəzərdə tutulmuş məqsədli xərclərin, 145,4 milyon manatı və ya 2,6 faizi Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun, 138,9 milyon manatı və ya 2,5 faizi dövlət büdcəsinin Ehtiyat Fondunun, 32,5 milyon manatı və ya 0,6 faizi dövlət əsaslı vəsait qoyuluşu xərclərinin, 464,8 milyon manatı və ya 8,3 faizi dövlət büdcəsində nəzərdə tutulmuş məqsədli xərclər hesabına ayrılmış vəsaitlərin payına düşür. 

İkinci prioritet istiqamət olan ölkənin müdafiə potensialının gücləndirilməsi və Silahlı Qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması xərclərinin məbləği dövlət büdcəsi xərclərinin 19,9 faizi həcmində və ya 7 milyard 246,9 milyon manat məbləğində nəzərdə tutulub. Bu, 2022-ci illə müqayisədə 1 milyard 560,5 milyon manat və ya 27,4 faiz çoxdur. 

Ötən ilin büdcə xərclərinin artımı hesabına digər prioritet istiqamətlər olan sosialyönlü layihələr, investisiya proqramları, zəruri infrastrukturların yaradılması üzrə tədbirlərin də maliyyələşdirilməsi üçün əlavə maliyyə təminatları yaradılıb. Təhsil, səhiyyə, mədəniyyət, idman, infrastruktur layihələrinin reallaşması, əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi, kənd təsərrüfatının stimullaşdırılması, dövlət borcuna xidmət edilməsi, beynəlxalq təşkilatlara üzvlük haqqının ödənilməsi və digər zəruri dövlət vəzifələrinin icrası üçün tələb olunan məbləğdə maliyyə təminatı yaradılaraq bu tədbirlərin həyata keçirilməsi 100 faiz təmin edilib.

Ərzaq təhlükəsizliyinə 950 milyon manat xərclənib

Azərbaycanın ərzaq təhlükəsizliyi strategiyası ilə bağlı tədbirlər də diqqətdə saxlanılıb və ərzaq məhsullarının yerli istehsalının sənayenin xammalına və əhalinin yeyinti məhsullarına olan tələbatın ödənilməsi üçün 6 strateji hədəf müəyyənləşdirilib. Həmin hədəf tədbirlərinin icrası məqsədilə 7 proqramın, 17 subproqramın və 26 tədbirin həyata keçirilməsinə 950 milyon manata yaxın vəsait yönəldilib. Strukturuna görə ötən ilin dövlət büdcəsi xərclərinin 55,6 faizi cari xərclər, 41,2 faizi əsaslı xərclər, 3,2 faizi dövlət borcu və öhdəlikləri ilə bağlı xərclər təşkil edib. 

Ümumilikdə, 2023-cü ildə Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) maliyyələşdirilməsinə yönələn büdcə vəsaitlərinin işarələnməsi istiqamətində də işlər görülüb. Belə ki, ölkə üzrə qəbul olunan dövlət proqramları və strategiyaları DİM-lərə uyğunlaşdırılıb, habelə bu istiqamətdə xüsusilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq dövlət başçısı tərəfindən təsdiq edilmiş “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası tamamilə DİM-lərin məqsəd və hədəflərinə inteqrasiya edilib.

Göründüyü kimi, 2023-cü ilin dövlət büdcəsi güclü maliyyə mənbəyi toplusu olaraq bütün hədəf istiqamətlərinin icrasına çatmağa imkan verib. Eyni zamanda, büdcənin gəlir və xərcləri orta hesabla 10-12 faiz artmaqla bir çox ölkələrin ümumi büdcə gəlirlərinin orta göstəricisini də üstələyib. Bu isə Azərbaycanın dayanıqlı iqtisadi gücünün, sağlam maliyyə qabiliyyətinin göstəricisidir. 

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 191 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Sosial

Sentyabr ayından...

12 İyul 11:00

Sosial

Ədəbiyyat

Dünya

Xəbər lenti

MEDİA

Xarici siyasət

Siyasət

Sülh gündəliyi

12 İyul 10:20

Siyasət

Gündəm

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31