Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycan kimi dinamik inkişaf edən ölkələrin sayı çox azdır

Azərbaycan kimi dinamik inkişaf edən ölkələrin sayı çox azdır

28.11.2021 [21:24]

Respublikanın  iqtisadiyyatına 280 milyard ABŞ dolları həcmində investisiya yatırılıb ki, bunun da yarısı xarici sərmayədir

Siyasi-iqtisadi kluarlarda çox doğru olaraq tez-tez səslənir ki, Azərbaycan son 18 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə özünün yeni intibah dövrünü yaşayıb. Əlbəttə, bu dövrü müxtəlif baxış bucaqlarından səciyyələndirmək mümkündür. Diqqəti çəkən ən mühüm məqamlardan biri isə, heç şübhəsiz ki, Azərbaycanın bəhs olunan dövrdə iqtisadi sahədə qazandığı böyük uğurlarla bağlıdır. Respublikamızın iqtisadiyyatında yeni çağırışlara adekvatlığın təmin olunması ilə bağlı transformasiya prosesləri uğurla gedib. Ekspertlərin qənaəti belədir ki, dünya miqyasında Azərbaycan kimi iqtisadi cəhətdən dinamik inkişaf edən ölkələrin sayı çox azdır.  

İslahatlar nəticəsində formalaşan cəlbedici sərmayə mühiti 

Hər bir ölkədə iqtisadiyyatın inkişafı üçün dövlətin siyasi dəstəyi ilə yanaşı, həm də güclü maliyyə təminatı lazımdır. Respublikamızda hər iki şərt yüksək səviyyədə təmin olunub. Azərbaycan iqtisadiyyatının dinamik inkişafından danışarkən səbəb və nəticə qismində çıxış edən iki mühüm amili xüsusi qeyd etmək lazımdır. Ən fundamental səbəblər sırasında, heç şübhəsiz ki, islahatların inkişafa təkanverici və stimullaşdırıcı rolunu vurğulamaq lazımdır. Aparılan islahatlar milli iqtisadiyyatımızın qarşısında geniş inkişaf perspektivləri açıb. Siyasi və maddi dəstək tədbirlərini, hüquqi bazanın təkmilləşdirilməsini, eləcə də müxtəlif təşviq mexanizmlərini özündə ehtiva edən islahatlar ölkəmizdə iqtisadi inkişaf üçün bütün şərtləri təmin edib. Bütövlükdə respublikamızda dövlət başçısının siyasi iradəsinə uyğun olaraq aparılan islahatların əhatə dairəsi kifayət qədər genişdir. Prezident İlham Əliyevin imzaladığı çoxsaylı Fərman və sərəncamlar əsasında aparılan islahatların məntiqi nəticəsi olaraq respublikamızda sahibkarlıq mühiti daha da optimallaşdırılıb, yerli məhsullarımızın xarici bazarlara çıxış imkanları genişlənib. Özəl sektora siyasi və maddi dəstək tədbirlərinin gücləndirilməsi, həmçinin vergitutma bazasının genişləndirilməsi yolu ilə sahibkarların vergi yükünün azaldılması onların istehsal və xidmət sektorunda fəallığının artmasını şərtləndirib. 2016-cı ilin dekabrında Prezident ilham Əliyevin müvafiq Fərmanı əsasında iqtisadiyyatın 11 sektoru üzrə Strateji Yol xəritələrinin qəbul edilməsi mühüm hadisədir. 
Həyata keçirilən məqsədyönlü islahatların məntiqi nəticəsi olaraq respublikamızda yüksək rəqabət qabiliyyətinə malik iqtisadiyyat formalaşıb. Bu gün Azərbaycan iqtisadi inkişaf baxımından heç kimdən, heç bir beynəlxalq maliyyə qurumundan, heç bir ölkədən asılı deyil. Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 28-də Aşqabadda baş tutan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Zirvə Toplantısındakı çıxışında milli iqtisadiyyatımızla bağlı bir sıra göstəriciləri diqqətə çatdırıb. Sitat: “Son 18 il ərzində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etmiş, ümumi daxili məhsul üç dəfədən çox artmışdır”.
Toplantıda Azərbaycanın maliyyə imkanlarının genişlənməsi də diqqətə çatdırılıb. “Bizim strateji valyuta ehtiyatlarımız xarici dövlət borcumuzdan 6 dəfə çoxdur.
Azərbaycanın xarici borcu ölkənin ümumi daxili məhsulunun, sadəcə, 17,3 faizini təşkil edir. Biz 2030-cu ilin sonuna qədər bu rəqəmi 10 faizə endirməyi planlaşdırırıq”, - deyə dövlət başçımız vurğulayıb. 
Hər bir ölkə qeyd olunan inkişaf göstəriciləri ilə fəxr edə bilər. Aparılan islahatların uğurlu nəticələrindən biri də ölkəmizin investisiya cəlbediciliyinin artmasında özünü təzahür etdirir. Uzunmüddətli sabitlik, müasir infrastruktur, tranzit daşımaları üçün rahat yollar, Şərq-Qərb və Şimal – Cənub kimi beynəlxalq dəhlizlər və s. Azərbaycanın investisiya cəlbediciliyini artıran təbii amillərdir. Eyni zamanda, dövlət zəruri islahatlar aparmaqla ölkəmizin investisiya cəlbediciliyini davamlı şəkildə artırmağa nail olmağı hədəfləyib. Bu hədəfə çatmaq üçün Prezident İlham Əliyevin imzaladığı  çoxsaylı sənədlər əsasında ivestisiyaların səmərəli təşviq mexanizmi qurulub . O cümlədən  ölkədə istehsal edilməyən yeni rəqabətqabiliyyətli məhsulların istehsalının təşkili üçün “Azərbaycanda ilk” (“First in Azerbaijan”) investisiya təşviqi mexanizminin, eləcə də ölkə iqtisadiyyatına birbaşa investisiyalar cəlb edilməsinin dəstəklənməsi məqsədilə “Azərbaycana sərmayə” (“Invest in Azerbaijan”) mexanizmlərinin işə salınması öz müsbət nəticələrini verir. Ölkəmizin sərmayə cəlbediciliyinin artmasından məmnunluğunu bildirən Prezident İlham Əliyev “Genişmiqyaslı islahatlar nəticəsində Azərbaycanda münbit sərmayə iqlimi yaradılmışdır. Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerdə qərarlaşıb. Azərbaycan iqtisadiyyatına 280 milyard ABŞ dolları həcmində sərmayə yatırılıb ki, bunun da yarısı xarici sərmayədir”, - deyə bildirib.
Nailiyyətlərin beynəlxalq səviyyədə dəyərləndirilməsi
Ayrı-ayrı beynəlxalq maliyyə qurumları və reytinq agentlikləri əvvəlcədən müəyyənləşdirilən və bütün ölkələrə münasibətdə tətbiq edilən metodologiyalar əsasında vaxtaşırı öz hesabatlarını təqdim edirlər. Həmin hesabatlar qlobal səviyyədə iqtisadi inkişaf tendensiyalarının müəyyənləşdirilməsində mühüm rol oynayır. Eyni zamanda, bu hesabatlar ölkələrin qlobal biznes dairələrində tanınması, onlara inam yaranması və digər nöqteyi-nəzərdən də çox önəmlidir. Davos İqtisadi Forumunun, Beynəlxalq Valyuta Fondunun, Dünya Bankının təqdim etdiyi hesabatlar bütün dünyada yüksək dəyərləndirilir və böyük maraqla izlənilir. 
Əlamətdar haldır ki, son illərdə Azərbaycan ardıcıl şəkildə bəhs olunan hesabatlarda öz mövqeyini daha da yaxşılaşdırır. Həmin hesabatlarda Azərbaycanın adının dünyanın on ən islahatçı ölkəsi sırasında yer alması qürurverici haldır. Belə xoş soraqlardan biri də  İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatından (OECD) gəlib. Qurum Azərbaycanda dizayn edilən və reallaşdırılan “İqtisadi İslahatların İdarəedilməsi Modeli”ni qlobal miqyasda nümunəvi innovativ təcrübə olaraq rəsmi platformasında göstərib. OECD-nin rəsmi platformasında ölkəmizin iqtisadi modeli haqqında məlumatlar ətraflı və strukturlaşdırılmış formada təqdim olunub. Burada modelin yenidənqurma prosesində özəl sektor və sivil cəmiyyətin rəqabətqabiliyyətliliyinin artırılması yolu ilə çağırışların aradan qaldırılması, dövlət xidmətlərində şəffaflıq səviyyəsinin daha da yüksəldilməsi və rəqəmsal dövlət xidmətlərinin inkişaf etdirilməsi kimi məsələlərdə rolu barədə məlumatlar qeyd edilib. Nüfuzlu beynəlxalq qurumların hesabatlarında Azərbaycanın uğrularının yüksək dəyərləndirlməsinə diqqət çəkən Ptrezident İlham Əliyev deyib: “Azərbaycanın nailiyyətləri beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. Davos Dünya İqtisadi Forumunun hesabatına əsasən, Azərbaycan hökumətin uzunmüddətli strategiyası üzrə dünyada 10-cu yerdə, ölkə rəhbərliyinin islahatlara sadiqliyi sahəsində isə 5-ci yerdə qərarlaşıb. Yenə də Davos hesabatına əsasən, Azərbaycan əhalinin elektrik enerjisinə əlçatanlıq əmsalına görə dünyada 2-ci, dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci, hava nəqliyyatı xidmətlərinin səmərəliliyinə görə 12-ci, dəniz limanları xidmətlərinin səmərəliliyinə görə 25-ci və yol infrastrukturunun keyfiyyəti baxımından 27-ci yerdədir”.
Digər bir məqamı da qeyd etmək yerinə düşər. Artıq Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin Azərbaycan nümayəndəliyinin yaradılması istiqamətində işlərə başlanıb. Əksər beynəlxalq səviyyəli ekspertlər belə yekdil qənaəti ifadə edirlər ki, bu mərkəz İƏT çərçivəsində əməkdaşlığın möhkəmlənməsində müsbət rol oynayacaq.
Mübariz ABDULLAYEV

Paylaş
Baxılıb: 193 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31