Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycan investisiya cəlbediciliyini necə artırıb?

Azərbaycan investisiya cəlbediciliyini necə artırıb?

21.12.2021 [10:42]

Nicat Dilqəmli

Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət sayəsində ölkəmizdə əlverişli investisiya mühiti formalaşıb. Belə ki, 1995-ci ildən bu ilin yarısınadək Azərbaycana 296,3 milyard dollardan çox investisiya yatırılıb ki, bunun da 150,4 milyard dolları xarici investisiyanın payına düşür. 2021-ci ilin yanvar-iyun aylarında Azərbaycana birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 2,636 mlrd. ABŞ dolları təşkil edib. Ölkə iqtisadiyyatına yatırılmış birbaşa investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 82,8% təşkil edib. Azərbaycanın neft sektoruna investisiya yatıran xarici ölkələr siyahısının ilk beşliyində Böyük Britaniya, ABŞ, Türkiyə, Norveç, Yaponiya kimi ölkələr qərarlaşıb. Ölkə iqtisadiyyatının qeyri-neft sektoruna ən çox investisiya yatıran ölkələrin ilk beşliyində isə Türkiyə, Böyük Britaniya, ABŞ, Niderland və Rusiyanı qeyd etmək olar. İndiyədək Azərbaycanda xarici ölkələrin müxtəlif sahələri əhatə edən 9000-dən çox şirkəti qeydiyyatdan keçib. Xarici şirkətlər Azərbaycanda dövlət əsaslı vəsait hesabına həyata keçirilən infrastruktur və digər layihələrdə podratçı və subpodratçı qismində də fəal iştirak edirlər. Davamlı iqtisadi inkişaf, maliyyə imkanlarının artması, özəl sektorun inkişafı Azərbaycanı, eyni zamanda, investisiya ixracatçısına çevirib. Ötən müddət ərzində Türkiyə, Gürcüstan, Rusiya, ABŞ, Yaponiya, Çin, İsveçrə, Serbiya, Monteneqro, Ukrayna və digər ölkələrə əhəmiyyətli həcmlərdə investisiya yatırılıb.

Ölkəmizdə iqtisadi şaxələndirmə, qeyri-neft sahələrinin inkişafı və əlverişli sərmayə qoyuluşunun təmin edilməsi məqsədilə önəmli islahatlar həyata keçirilir. Pandemiyanın yaratdığı qlobal çətinliklərə və dünyada iqtisadi geriləmələrə baxmayaraq, Azərbaycan iqtisadiyyatı öz inkişaf templərini qoruyub saxlamaqla böhrandan minimum itkilərlə çıxmağa nail oldu. Ölkəmizin sosial və iqtisadi sahədə əldə etdiyi uğurlar və müsbət nəticələr beynəlxalq təşkilatlar tərəfindən hazırlanan hesabatlarda, keçirilən rəy sorğularında da əksini tapır.

“Azərbaycanda Xarici Biznes: Biznes Mühiti Sorğusu 2021” hesabatının hazırlanması məqsədilə Azərbaycanda fəaliyyət göstərən və 30 ölkəni (Almaniya, Böyük Britaniya, ABŞ, İsveçrə, Türkiyə və sair) təmsil edən 270 xarici şirkətə sorğu göndərilib. Dəyərləndirmə üçün 130 etibarlı və tamamlanmış cavab seçilib.

Diqqət çəkən məqam ondan ibarətdir ki, sorğuda iştirak edən xarici şirkətlərin 88 faizi mikro müəssisələr və KOB-ların isə 67 faizi 10 ildən çoxdur ki, Azərbaycanda öz layihələrini həyata keçirir, ölkə iqtisadiyyatı və yerli bazar haqqında geniş məlumata malikdir.

Sorğuda rəyi öyrənilən respondentlərin 68 faizi Azərbaycan iqtisadiyyatının mövcud vəziyyətini sabit qiymətləndirir. Müqayisə üçün qeyd edək ki, ötənilki hesabatda bu göstərici 39 faiz təşkil edirdi.

Xarici şirkətlərin 57 faizi Azərbaycanda fəaliyyətini genişləndirmək və ya yeni investisiya qoymaq niyyətindədir. Pandemiya ilə əlaqədar investisiya qoyuluşu sahəsində yaranmış çətinliklərə baxmayaraq, xarici şirkətlər Azərbaycanın gələcəyinə nikbinliklə baxır və birbaşa xarici investisiyaların azalmadığını qeyd edirlər.

Vətən müharibəsində qazanılan qələbədən sonra işğaldan azad edilmiş ərazilərimizdə mühüm layihələrə start verilib və bərpa-quruculuq işləri sürətlə davam etdirilir. Qeyd edilməlidir ki, azad edilmiş ərazilərimizin zəngin təbii sərvətləri, mineral ehtiyatları, aqrar və turizm potensialı xarici şirkətlərin diqqətini cəlb edir. Yeni əsası qoyulmuş Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarının strateji əhəmiyyəti, azad edilmiş ərazilərdə sənaye zonalarının yaradılması xarici şirkətlərin investisiya yatırmaq imkanlarını daha da genişləndirəcək. Yük maşınlarının istehsalı üzrə dünyanın aparıcı şirkətlərindən olan Rusiyanın “KamAZ” ASC ilə Cəbrayılda “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin yaradılması da xarici sərmayədarların azad edilmiş ərazilərimizdə biznesin qurulmasında iştiraka maraqlarının göstəricisidir.

Təkcə azad edilmiş ərazilərimizdə yox, ümumiyyətlə, ölkəmizdə biznes və investisiya mühitinin yaxşılaşdırılması, qeyri-neft sektorunun, regionların və sahibkarlığın inkişafı ilə bağlı görülmüş işlər - sənaye zonalarının, həmçinin Ələt Azad İqtisadi Zonasının logistika imkanları, Milli Prioritetlərimizdən olan işğaldan azad edilmiş ərazilərimizə Böyük Qayıdış, bu ərazilərdə reallaşdırılacaq “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları sərmayədarlar üçün yeni biznes və investisiya imkanları açır.

Aparılmış sorğuya əsasən demək olar ki, xarici şirkətlərin, o cümlədən Alman-Azərbaycan Xarici Ticarət Palatasına üzv şirkətlər işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq layihələrinə böyük maraq göstərir. Şirkətlərin 61 faizi bu layihələrdə podratçı/subpodratçı kimi çıxış etmək və ya dövlət-özəl tərəfdaşlığı çərçivəsində iştirakda maraqlıdır.

Xarici şirkətlərin 43 faizi Qarabağ və Şərqi Zəngəzur bölgəsində həyata keçiriləcək layihələrdə iştirak etmək marağını artıq bildirib.

Respondentlərin 60 faizi (əvvəlki hesabatda 50 faizi) Azərbaycanı əlverişli biznes məkanı kimi tövsiyə edir. Xarici iş adamları inanır ki, işğaldan azad edilmiş ərazilərimizdə bərpa işlərinin aparılması Xəzər bölgəsində təhlükəsizliyin və stabilliyin gücləndirilməsinə, beynəlxalq nəqliyyat və kommunikasiya layihələrinin həyata keçirilməsinə, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə töhfə verməklə yanaşı, dünyada ölkəmizin investisiya cəlbediciliyini və rəqabət qabiliyyətini artıracaq.

Sorğuda iştirak edənlərin 71 faizi Azərbaycandakı siyasi sabitliyi, 49 faizi təhlükəsiz ölkə olduğunu, 39 faizi infrastruktura davamlı sərmayə qoyuluşunu xüsusi vurğulayıb.

Sadalanan faktlar hazırda mövcud olan iqtisadi sabitlikdən və qarşıdakı prioritet hədəflərin nəticəsini daha aydın görməyə şərait yaradır.

 

 

Paylaş
Baxılıb: 200 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Müsahibə

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31