Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Kiçik mağazaların böyük problemləri

Kiçik mağazaların böyük problemləri

25.01.2022 [10:52]

Qiymət artımında səbəbkarlar axtarışında...

Mübariz

Son vaxtlar istehlak bazarında qiymətlərin artması ən çox müzakirə olunan məsələlərdəndir. Hazırda qiymətlər, necə deyərlər, ceyran belindədir. İstehlak mallarının, o cümlədən də ərzağın bahalaşması hər kəsdə ciddi narahatlıq yaradır. Çünki piştaxtalardakı bahalaşma hər kəsin cibinə, ailə büdcəsinə öz təsirini göstərir.

Bəs bahalaşmanı yaradan amillər hansılardır? Azərbaycanın istehlak bazarında müşahidə edilən bahalaşmaya rəvac verən obyektiv amillər öz yerində. Ancaq müşahidələr göstərir ki, istehlak bazarında qiymətlərin od tutub yanmasına rəvac verən amillər bir sıra hallarda subyektiv xarakter daşıyır. Açıq deyək ki, bu gün hələ də mövcud olan möhtəkirlik, monopoliyanın qalması, müxtəlif manipulyasiyalar qiymətlərin artmasına öz mənfi təsirini göstərir. Təəssüf doğuran haldır ki, ayrı-ayrı müvafiq qurumlar istehlak bazarına nəzarəti lazımı şəkildə həyata keçirmirlər və bundan istifadə edən möhtəkirlər qiymətlərin artmasına rəvac verirlər.

Bu gün Azərbaycanın istehlak bazarında qiymətlərin artmasına bilavasitə təsir göstərən daha bir problem barədə geniş söhbət açmaq istərdik. Söhbət kiçik mağazaların təchizat problemindən gedir.  Artıq bu məsələ kiçik mağazaların problemi olmaq çərçivəsindən çıxaraq istehlak bazarında qiymətlərin artmasının əsas drayverlərindən birinə çevrilib, desək, əsl həqiqəti söyləmiş olarıq. Necə?

Bu yaxınlarda metronun “Elmlər akademiyası” stansiyasının çıxışı ilə üzbəüzdə yerləşən “Kazbek” mağazasından 200 qramlıq “Çempion”çayı aldıq. Kassir çayı 2 manat 40 qəpiyə satdı. Başqa marketlərdə eyni həcmdə “Çempion” çayının 2 manat 15 qəpiyə satıldığını deyəndə, kassir və mağazanın digər əməkdaşları bir ağızdan bildirdilər ki, kiçik mağazaların təchizatla bağlı böyük problemləri var. Topdansatış şirkətləri kiçik mağazaları böyük marketlərlə müqayisədə baha baha qiymətlərlə təchiz edirlər. Buradan da pərakəndə satışda  böyük marketlərlə kiçik mağazalar arasında fərq yaranır. Topdansatış şirkətlərindən və yaxud istehsalçılardan ayrı-ayrı malları daha ucuz alan iri marketlər pərakəndə satışı aşağı qiymətlərlə həyata keçirirlər. Kiçik mağazalar isə malları topdansatış şirkətlərindən daha baha aldı?larına görə pərakəndə satışı yüksək qiymətlərlə aparmaq məcburiyyətində qalırlar.

Eyni halla digər mağazalarda da rastlaşdıq. Hətta dairəvi zavod çörəyinin qiymətində də fərqlər var. Badamdar qəsəbəsində kiçik mağazalardan biri üzərində “Xırdalan” yazılan 600 qramlıq dairəvi zavod çörəyinin 70 qəpiyə ticarət edildiyini bildirdi. Hazırda ölkə üzrə 600 qramlıq dairəvi zavod çörəyinin qiymətinin 65 qəpik səviyyəsində müəyyənləşdirildiyini satıcının diqqətinə çatdıranda o da bizə fakturanı göstərdi ki, bu çörəklərin biri mağazaya 65 qəpikdən verilib, mağaza da öz marjasını qoyaraq həmin çörəkləri 70 qəpiyə satır. Daha bir neçə ünvanda müşahidələr apardıq. Yerli “Azərsun” şirkətinin istehsalı olan duru yağlar, tomat pastaları, turşular, çaylar, ümumiyyətlə, demək olar ki, bütün məhsullar iri marketlərdə kiçik mağazalarla müqayisədə nisbətən ucuz qiymətlərlə satılır.

Əlbəttə, bazar iqtisadiyyatı şəraitində ayrı-ayrı mağazalarda qiymətlərin müəyyən fərqlərlə satılması mümkündür. Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Yeni Azərbaycan”ın sorğusuna cavabında da təsdiqləyib.

Ancaq bizim bəhs etdiyimiz nümunələrdə söhbət marjaların kifayət qədər yüksək olmasından gedir ki, bu da heç bir halda məqbul sayıla bilməz. Yeri gəlmişkən, biz istehlak bazarında rastlaşdığımız mənzərəyə aydınlıq gətirməkdən ötrü “Veysəloğlu” və “Azərsun” şirkətlərinə də sorğular göndərdik və onların təchizat strategiyaları ilə maraqlandıq. İndiki dövr heç də adi bir dövr deyil. Ölkənin istehlak bazarında müşahidə edilən çətinliklərdən yuxarıda bəhs etdik. Belə bir şəraitdə illərdir ki, respublikamızda topdansatış fəaliyyəti həyata keçirən və bu fəaliyyətdən gəlir götürən “Veysəloğlu” şirkəti məsələyə daha həssas yanaşma sərgiləyərək, məhsullarla təchiz etdiyi mağazalar arasında fərq qoymamalıdır. Eləcə də “Azərsun” şirkəti. Bu şirkət Azərbaycanın yeyinti sənayesində özünəməxsus yer tutur. “Azərsun”un buraxdığı məhsulların istisnasız olaraq bütün ticarət obyektlərində tez-tez bahalaşması başqa bir söhbətin mövzusudur. İstehlakçılar yerli istehsal şirkətinin - “Azərsun”un məhsullarının bahalaşmasından daim narazılıqlarını bildirirlər. Bu ümumi qiymət artımının üstünə kiçik və böyük mağazaların təchizatındakı ayrı-seçkiliyi də əlavə edəndə mənzərə barədə kədərli təəssürat oyanır. “Veysəloğlu” və “Azərsun” şirkətlərinin özlərinin təchizat-dağıtım strategiyalarını sirr kimi gizli saxlamalarının səbəbində də, görünür, qaranlıq məqamlar var. “Yeni Azərbaycan” qəzeti olaraq hər iki şirkətə oxşar məzmunlu sorğular göndərsək də, onlardan cavab ala bilmədik. Sual yaranır: Bu şirkətlər nə üçün Azərbaycan cəmiyyəti üçün həssas olan suallara biganəlik nümayiş etdirirlər? Axı kiçik mağazaların məhsulları yüksək qiymətlərlə satmaları istehlak bazarında qiymətlərin yüksəlməsinə də öz təsirini göstərir. Məgər “Veysəloğlu” və “Azərsun” qiymətlərin enməsində yox, artmasındamı maraqlıdırlar? Həmin şirkətlərin öz fəaliyyətlərini KİV-dən və beləliklə də, cəmiyyətdən, istehlakçılardan gizli saxlamaları nə deməkdir? Bu, bir sıra mülahizələrə yol açır. Belə çıxır ki, kiçik mağazalar topdansatış və istehsalçı şirkətlərin təchizatda ayrı-seçkilik yaratmaları barədə dedikləri həqiqətdir. Halbuki, “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu belə ayrı-seçkiliyi istisna edir. “Qeyd edək ki, “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, bazarda hökmran mövqe tutan təsərrüfat subyektləri tərəfindən digər təsərrüfat subyektləri ilə müqayisədə kontragentlərin rəqabət imkanlarına zərər vuran, yaxud zərər vura bilən eyni və eyni şərtli müqavilələr bağlanarkən ayrı-seçkiliyə yol verilməməlidir, əks təqdirdə bu cür hallar təsərrüfat subyektlətrinin inhisarçılığı hesab edilir.

  Sahibkarlar bu cür hallarla rastlaşdıqda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edə bilərlər: əlaqə telefonu: (+99412) 599-76-00; email ünvanı: office@competition.gov.az; internet link vasitəsilə”, - deyə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin redaksiyamızın sorğusuna cavabında vurğulanıb.

  Beləliklə, ölkənin istehlak bazarının məhsullarla təchizatında önəmli mövqe tutan “Veysəloğlu” və “Azərsun” şirkətlərinin məsuliyyəti qanunla müəyyən olunur. Onlar istehlak bazarının subyektləri arasında heç bir halda fərq qoymamalıdırlar. İndiki həssas dönəmdə bu, ikiqat zərurətdir.

Paylaş:
Baxılıb: 256 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Sosial

Çadradan səmaya

21 May 12:21  

Siyasət

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Prezident bu gün

Prezident bu gün

21 May 09:31

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31