Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycan-Qazaxıstan: Əməkdaşlığın yeni səhifəsi

Azərbaycan-Qazaxıstan: Əməkdaşlığın yeni səhifəsi

08.06.2022 [10:04]

Son vaxtlar Azərbaycanla Qazaxıstan arasında müxtəlif istiqamətlərdə dialoq intensivləşib. Bu günlərdə Qazaxıstan Respublikasının əmtəə istehsalçıları ölkəmizdə səfərdə olublar və birgə biznes-forum keçirilib. Tədbir “Gəncə İş Adamları” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub. Biznes-forum çərçivəsində  yeni sənədlər imzalanıb. Belə yaxınlaşmalar onu deməyə əsas verir ki, iki ölkə arasında əməkdaşlığın yeni səhifəsi açılıb.

M.FEYİZLİ

Tarixi ənənələrin yaşadılması

Cənubi Qafqazın lider dövləti olan Azərbaycanla Mərkəzi Asiyanın aparıcı ölkələrindən olan Qazaxıstan arasında əlaqələrin uğurla inkişaf etməsini şərtləndirən bir sıra amillər sadalamaq mümkündür. Burada geosiyasi amillərlə yanaşı, Azərbaycan və qazax xalqları arasında tarixi bağlılıq, ənənələrin, mədəniyyətlərin, dillərin oxşarlığı, eyni dinin daşıyıcıları olmaları və əlbəttə ki, coğrafi yaxınlıq kimi amillər müstəsna rol oynayır. Hər iki dövlət tarixi yaxınlığa və ənənələrə sadiqlik nümayiş etdirərək regional və beynəlxalq təşkilatlar çərçivəsində koordinasiyalı fəaliyyət həyata keçirir və Xəzər hövzəsi regionunda təhlükəsizliyin möhkəmlənməsinə, əməkdaşlığın dərinləşməsinə öz töhfələrini verir. Azərbaycanın və Qazaxıstanın cəmiyyəti və siyasi rəhbərliyi tarixi birliyinin möhkəmlənməsinə, Türk Şurasının nüfuzlu beynəlxalq təşkilata çevrilməsinə və türkdilli ölkələr arasında bağlantıların möhkəmlənməsinə böyük səy göstərirlər.

Uzun illər ərzində keçmiş ittifaqın tərkibində eyni siyasi-iqtisadi və coğrafi məkanı bölüşən müstəqil Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 30 avqust 1992-ci ildə yaradılıb. 9 yanvar 1993-cü ildə Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı, 1 mart 2004-cü ildə Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı səfirlikləri fəaliyyətə başlayıb. Azərbaycan Respublikasının Qazaxıstanın Aktau şəhərində Baş konsulluğu 2008-ci ildən fəaliyyət göstərir. Hər iki ölkənin yüksək səviyyəli rəsmiləri müntəzəm olaraq qarşılıqlı səfərlər edərək əməkdaşlığın perspektivlərini müzakirə edirlər. Ölkələrimiz arasında hökumətlərarası birgə komissiya fəaliyyət göstərir. Milli Məclisdə Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb. Qrup parlamentlərarası münasibətlərin genişləndirilməsində mühüm rol oynayır.

İqtisadi sahədə əməkdaşlıq

Ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlıq çoxvektorludur. Bura enerji, sənaye və kənd təsərrüfatı kimi istiqamətlərdə əməkdaşlıq əlaqələri daxildir. İki ölkə arasında yaxın dostluq münasibətləri 1 mart 2004-cü ildə Astanada imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə” və 24 may 2005-ci ildə Bakıda imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə” ilə möhkəmləndirilib. Bu gün Azərbaycana Qazaxıstandan buğda, təbii barium sulfatı (barıt), bir sıra neft məhsulları idxal olunur. Öz növbəsində ölkəmiz Qazaxıstana ağ şəkər və kimyəvi cəhətdən təmiz olan digər saxaroza, meyvə, meyvə şirələri, mebellər ixracını həyata keçirir.

Nəqliyyat və logistika iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın mühüm istiqamətini təşkil edir.  Azərbaycan və Qazaxıstan Çindən Avropaya qədər uzanan beynəlxalq nəqliyyat dəhlizinin üzərində yerləşirlər. Hər iki ölkənin marağı bu tranzit xəttinin imkanlarından maksimal dərəcədə faydalanmaqdır. 2017-ci ilin 30 oktyabr tarixində istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Yeni Bakı Beynəlxalq Dəniz Limanı, Qazaxıstanın qərb və şərq sərhədlərini birləşdirən dəmir yolu xətləri və Kurık dəniz limanı ölkələrimizin tranzit potensialının daha da artırılmasına xidmət edir. Artıq biz Çin-Avropa istiqamətində region üzərindən yükdaşımalarının artdığını görürük. Yeri gəlmişkən, son vaxtlarda Azərbaycanla Qazaxıstan Transxəzər Nəqliyyat Marşrutunun funksionallığının artırılması, koordinasiyalı fəaliyyətin həyata keçirilməsi, tariflərin optimallaşdırılması kimi məsələlər ətrafında intensiv müzakirələr aparırlar. Bir qədər bundan əvvəl Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Qazaxıstanın Prezident Administrasiyası rəhbərinin müavini, prezidentin Beynəlxalq əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Yerjan Kazıxanla görüşüb. Görüşdə ölkələr arasında iqtisadi əməkdaşlıq və Transxəzər Nəqliyyat Marşrutu çərçivəsində qarşılıqlı fəaliyyət barədə fikir mübadiləsi aparılıb. Transxəzər Nəqliyyat Marşrutu ilə bağlı müzakirələr, həmçinin yuxarıda bəhs etdiyimiz biznes-forum çərçivəsində də davam etdirilib. Tədbiri açan Qazaxıstanın ölkəmizdəki səfiri Serjan Abdıkarimov  dəhlizin Azərbaycan və Qazaxıstan arasında iqtisadi münasibətlərdə xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb və bildirib ki, bu ilin sonunadək bu dəhliz vasitəsilə yük daşımaların həcminin 6 dəfəyədək artacağı proqnozlaşdırılır.

Özəl sektor iki ölkə arasında əməkdaşlığın perspektivli istiqamətlərindən biri kimi dəyərləndirilir. Tədbirdə çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinə, KOBİA-nın biznesə dəstəyinə və əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair fikirlərini bölüşüb. Qeyd olunub ki, agentlik Qazaxıstanın müvafiq qurumları, o cümlədən “Damu” Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlıq edir. KOBİA yerli KOB-lar ilə potensial xarici tərəfdaşlar, o cümlədən Qazaxıstandan olan iş adamları arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün də çalışır. Qazaxıstanın iş adamları Azərbaycana investisiya qoyuluşu, yerli tərəfdaşların tapılması üçün KOBİA-nın müxtəlif dəstək və xidmətlərindən istifadə edə bilərlər.

Azərbaycan Qazaxıstan üçün bu ölkənin enerji məhsullarının Avropa bazarlarına daşınması üçün də etibarlı körpü rolunu oynayır. Belə ki, dost ölkə müəyyən həcmlərdə nefti Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə “qoca qitə”yə nəql edir.

İmzalanan sənədlər

Bütövlükdə, indiyədək Azərbaycanla Qazaxıstan arasında 120-dən çox sənəd imzalanıb. Bunların sırasında “Azərbaycan Dəmir Yolları” QSC ilə Qazaxıstan Dəmir Yolları Milli Şirkəti arasında logistika və dəmir yolu nəqliyyat maşınqayırması sahəsində strateji əməkdaşlıq haqqında Saziş”i, “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında ikiqat vergitutma sahəsində Sazişə əlavə və dəyişikliklərin edilməsi haqqında Protokol”u, “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş”i və digər sənədləri sadalamaq mümkündür. Biznes-forum çərçivəsində Azərbaycan və Qazaxıstan arasında yeni sənədlər imzalanıb. “Gəncə İş Adamları” İctimai Birliyinin sədri Zəfər Məmmədov və “QazTrade” SC-nin baş direktoru Azamat Askarulı Əməkdaşlıq Memorandumu imzalayıblar. Həmçinin metal məhsullarının, günəbaxan yağının, duzun, düyünün, lak və boya məhsullarının tədarükü haqqında da sənədin imzalanması baş tutub.

Eyni zamanda, Qazaxıstanın ölkəmizdəki səfiri Serjan Abdıkarimov cari ildə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə səfərinin əməkdaşlığın inkişafına təkan verəcəyini qeyd edib. Bildirib ki, səfər zamanı iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı ilə bağlı bir sıra sənədlər imzalanacaq.

Paylaş:
Baxılıb: 234 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Xarici siyasət

Prezident bu gün

Prezident bu gün

07 İyul 10:44

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Sosial

Sosial

Xarici siyasət

Sosial

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31