Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Regional və qlobal enerji təhlükəsizliyinə birgə sanballı töhfələr

Regional və qlobal enerji təhlükəsizliyinə birgə sanballı töhfələr

09.06.2022 [10:04]

Azərbaycanla Türkiyə arasında enerji əməkdaşlığı

MÜBARİZ

Bütün istiqamətlərdə zirvədə olan Azərbaycan-Türkiyə əlaqələri iqtisadi sahədə də uğurla inkişaf edir. Müstəqillik illərində ölkəmiz ən böyük investisiya qoyuluşunu məhz qardaş Türkiyədə reallaşdırıb. İki ölkə arasındakı möhkəm dostluq və qardaşlıq münasibətlərinin ruhuna uyğun olaraq qarşılıqlı investisiya qoyuluşu  ilbəil genişlənir. Hazırda Azərbaycanın Türkiyəyə yatırdığı sərmayələrin məbləği 20 milyard dolları keçib. Öz növbəsində Türkiyə Azərbaycan iqtisadiyyatına təxminən 13 milyard dollar həcmində sərmayə yönəldib. Qardaş ölkə respublikamızda qeyri-neft sektoruna yatırılan investisiyaların həcminə görə ilk yeri tutur - indiyədək türk şirkətləri ölkəmizin qeyri-neft sektoruna 2,9 milyard dollar yatırıb. Türkiyə Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır. Ölkələrimiz qarşıya 2023-cü ilədək ticarət dövriyyəsinin həcmini 15 milyard dollara çatdırmaqla bağlı hədəf qoyublar və bu hədəfə çatmaq tam realdır.

Azərbaycan neftinin xarici bazarlara çıxardılması

Enerji sektorunda əməkdaşlıq iki ölkə arasında iqtisadi əlaqələrin mühüm qolunu təşkil edir. Azərbaycanla Türkiyə arasında enerji əməkdaşlığının uğurları, ilk növbədə, onunla şərtlənir ki, hər iki ölkənin rəhbərləri - həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu sahədə əlaqələrin möhkəmlənməsinə və inkişafına qətiyyətli siyasi iradə göstərirlər. İndiyədək Azərbaycan və Türkiyənin birgə səyləri sayəsində bir neçə nəql marşrutunun yaradılması iki ölkə arasında enerji sektorunda fəal əməkdaşlığın göstəricisidir.  Ötən əsrin 90-cı illərinin sonlarında Xəzər və Qara dənizləri birləşdirən Bakı-Supsa neft kəmərinin istifadəyə verilməsi enerji resurslarının nəql marşrutlarının şaxələndirilməsi baxımından çox mühüm əhəmiyyət daşıyan hadisə idi. Bu kəmərin inşasınadək Azərbaycan neftinin daşınması Bakı-Novorossiysk marşrutundan istifadə olunurdu. Bakı-Supsanın istifadəyə verilməsi ilə respublikamız ixrac marşrutunu şaxələndirməyə nail oldu. 1999-cu ilin dekabrında Azərbaycan nefti ilə doldurulmuş ilk tanker dünya bazarlarına çıxarıldı. Beləliklə, respublikamız ixrac istiqamətini qardaş Türkiyəyə, oradan da Avropaya istiqamətləndirdi.  Prezident İlham Əliyev bu günlərdə baş tutan Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimindəki çıxışında indiyədək iki ölkənin tərəfdaşlarla birlikdə reallaşdırdıqları layihələrə xüsusi diqqət çəkib. Dövlət başçımız belə bir fikri ifadə edib ki, məhz bu layihələr sayəsində Azərbaycan neft ixracına başlayıb və bir sıra ölkələrin tələbatını ödəyə bilib.

Əlbəttə, Bakı-Supsanın imkanları məhdud idi və Xəzərdən çıxarılacaq böyük nefti nəql etmək üçün digər bir kəmərin inşasına da ehtiyac var idi. Azərbaycanın yeni neft strategiyasının banisi, ulu öndər Heydər Əliyevin təşəbbüsü və səyləri sayəsində daha böyük həcmli nəql marşrutu kimi Bakı-Tbilisi-Ceyhan seçildi. 2002-ci ildə ümummilli lider Heydər Əliyevin davamlı səyləri nəticəsində “Əsrin müqaviləsi”ndə nəzərdə tutulan, lakin çoxlarının əfsanə və ya kağız üzərində kəmər hesab etdiyi əsas ixrac neft kəmərinin - Bakı-Tbilisi-Ceyhanın təməli qoyulub. Qlobal əhəmiyyət kəsb edən kəmər Azərbaycanın enerji dəhlizinə çevrilməsi istiqamətində mühüm addım idi. 2005-ci il mayın 25-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılış mərasimi keçirilib, 2006-cı ildə Türkiyənin Ceyhan limanından Azərbaycan neftinin nəqlinə başlanılıb. Hazırda bu kəmər yalnız Azərbaycan neftinin daşınmasına xidmət etmir, qonşu dövlətlər, o cümlədən Qazaxıstan və Türkmənistan da bu ixrac marşrutundan bəhrələnir. BTC-nin istismarının 15-ci ilinin tamamında əlamətdar hadisə yaşanıb - Xəzər neftinin 500 milyonuncu tonu 2021-ci il dekabrın 12-də SOCAR-ın nefti yüklənmiş “Nordorse” adlı və sayca 4922-ci olan tanker ilə Triestə (İtaliya) yola salınıb. Ötən 15 il ərzində BTC-nin səmərəliliyi və istismar etibarlılığı ilk dövrlərdəki 75 faizdən artaraq hazırkı 99,9 faiz səviyyəsinə çatıb.

Cənub Qaz Dəhlizi üzrə əməkdaşlıq

Azərbaycanla Türkiyə arasında enerji əməkdaşlığı, eyni zamanda, Xəzərin Azərbaycan sektorundan hasil edilən “mavi yanacağ”ın qardaş ölkəyə və Avropaya daşınmasını da əhatə edir. 2007-ci ildə Azərbaycan və Türkiyənin iştirakı ilə daha bir nəql marşrutu - Bakı-Tbilisi-Ərzurum qaz kəməri istismara buraxılıb. Bakı-Tbilisi-Ərzurum istifadəyə verilsə də, “Şahdəniz” yatağının zəngin ehtiyatlarının Avropaya çatdırılması üçün daha böyük həcmli yeni dəhlizin yaradılmasına ehtiyac var idi. Yeni, daha böyük həcmli marşrut kimi yenə də qardaş Türkiyədən keçən Cənub Qaz Dəhlizi seçilib. Cənub Qaz Dəhlizinin ən mühüm seqmentlərindən birini Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) təşkil edir. TANAP kimi önəmli layihənin icrasına heç də asanlıqla nail olunmayıb. Başlanğıcda layihənin icrasına həm siyasi, həm də praktiki müstəvidə bir sıra əngəllər var idi. Belə olan halda qardaş ölkələr - Azərbaycan və Türkiyə bütün məsuliyyəti öz üzərilərinə götürüblər və həlledici qərarlar veriblər. Beləliklə, TANAP layihəsi ilə bağlı Azərbaycan ilə Türkiyə arasında anlaşma memorandumu 2011-ci il dekabrın 24-də, Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair saziş 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb və hər iki ölkənin müvafiq qanunverici orqanları tərəfindən təsdiqlənib. Layihə üzrə yekun investisiya qərarı isə 2013-cü il dekabrın 17-də qəbul edilib. 2015-ci ildə Azərbaycan və Türkiyə prezident­lərinin iştirakı ilə Qarsda keçirilən təməlqoyma mərasimindən sonra boru kəmərinin inşasına başlanılıb və bütün işlər nəzərdə tutulan vaxtda uğurla yekunlaşıb.

 Prezident İlham Əliyev Türkiyənin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimdəki çıxışında yeni dəhlizin yaradılmasında qarşıya çıxan çətinliklərin birlikdə dəf olunduğunu deyərək vurğulayıb: “TANAP-a aparan yol 2012-ci ildə başlamışdır. Tarixi İstanbul sazişi nəticəsində TANAP-ın yaşıl işığı yandırıldı. Tarixi İstanbul anlaşması Türkiyə və Azərbaycanın birgə siyasi iradəsi nəticəsində mümkün olmuşdur. Çünki TANAP haqqında bu qərarın qəbul edilməsinə qədər Azərbaycan qazının Türkiyə və ondan sonra Avropaya nəql edilməsi ətrafında bir neçə il çox böyük mübahisələr və müzakirələr aparılmışdır, ancaq heç bir nəticə verməmişdir. Belə olan halda əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla birlikdə qərara gəldik ki, bizə lazım olan bu nəhəng layihəni özümüz həyata keçirək və belə də oldu”.

Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans Adriatik Qaz Boru Kəmərinin (TAP) inşası 2020-ci ilin dekabrında tamamlandı. 2021-ci ilin əvvəlindən başlayaraq Xəzərin Azərbaycan sektorundan çıxardılan “mavi yanacaq” Türkiyədən keçməklə Avropa ölkələrinə çatdırılır. İndiki geosiyasi gərginliklər fonunda “qoca qitə”də Azərbaycanın və Türkiyənin tərəfdaş dövlətlərlə birgə reallaşdırdıqları bu nəql marşrutunun funksionallığının artırılmasına böyük maraq var. Avropa bu kəmərlə daha böyük həcmlərdə qaz almaq istəyir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı Enerji Həftəsinin iştirakçılarına ünvanladığı məktubunda Azərbaycanın və Türkiyənin birlikdə reallaşdırdıqları nəhəng layihələrlə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadıqlarını vurğulayıb: “Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru kəmərləri və Trans-Anadolu təbii qaz boru kəməri - TANAP kimi nəhəng layihələrin həyata keçirilməsi ilə regional və qlobal enerji təhlükəsizliyinə mühüm töhfə verdik. Hazırda yaşadığımız kritik dönəmdə TANAP-ın onurğa sütununu təşkil etdiyi Cənub Qaz Dəhlizi Avropanın dördüncü təbii qaz arteriyası rolunu oynayır. Cənub Qaz Dəhlizi ilə bu günədək Türkiyəyə 15 milyard kubmetr, Avropanın digər ölkələrinə isə 10 milyard kubmetr təbii qaz nəql edilib. İlham qardaşımla birlikdə əlaqələrimizi müttəfiqlik səviyyəsinə çatdırdığımız Şuşa Bəyannaməsində də vurğuladığımız kimi, Cənub Qaz Dəhlizinin potensialının artırılmasının önəmini ifadə etdik. Beynəlxalq aləmdə yaşanan proseslər atdığımız bu addımların nə qədər doğru olduğunu göstərir. Türkiyə-Azərbaycan əməkdaşlığının Avropanın enerji təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb etdiyi artıq daha yaxşı dərk olunur”.

Paylaş:
Baxılıb: 158 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Sosial

Avropa imtina edir

02 İyul 12:09

Xarici siyasət

Siyasət

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Müsahibə

Xarici siyasət

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

01 İyul 09:55

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31