Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Sanksiyaların yeni “qızıl” qaydaları

Sanksiyaların yeni “qızıl” qaydaları

01.07.2022 [10:04]

MÜBARİZ

Rusiya-Ukrayna müharibəsində tərəf qismində çıxış edən şimal qonşumuza qarşı ABŞ və Avropa İttifaqı (Aİ) dövlətləri tərəfindən tətbiq olunan sanksiyaların əhatə dairəsi genişlənməkdədir. ABŞ və Aİ dövlətləri Rusiyaya qarşı sanksiyalar tətbiq etməklə bu ölkənin maliyyə resurslarını tükətmək və beləliklə də, gündəlik müharibə xərclərini qarşılamaq imkanlaını məhdudlaşdırmaq məqsədi güdürlər. Xatırladaq ki, indiyədək Rusiyaya qarşı sərt sanksiyalar altı mərhələdə reallaşdırılıb. Bu günlərdə isə ABŞ şimal qonşumuza qarşı növbəti qadağaları bəyan edib. Söhbət Rusiyadan qızıl idxalına qadağalar tətbiq edilməsindən gedir.

Yeni sanksiyalar üzrə koalisiya

Rusiyadan ABŞ-a qızıl idxalının qadağan edilməsi barədə məlumatı bu ölkənin Maliyyə Nazirliyi yayıb. “Qanunla tələb olunan və ya ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) tərəfindən verilmiş lisenziya ilə Rusiya mənşəli qızılın ABŞ-a idxalı qadağandır”, - sənədin mətnində belə deyilir.

Lakin proseslərin gedişindən o qənaətə gəlinir ki, ABŞ-ın Rusiyadan qızıl ixracına qadağa qoyulması ilə bağlı verdiyi qərar Ağ evdə təkbaşına hazırlanmayıb, bu, Qərbin ümumi mətbəxinin məhsuludur. Sirr deyil ki, Rusiya-Ukrayna müharibəsi fonunda şimal qonşumuza qarşı tətbiq olunan sanksiyalar üzrə geniş koalisiya formalaşıb. Bu məsələdə ABŞ və Aİ dövlətləri yüksək həmrəylik nümayiş etdirirlər və bir-birlərinə dəstək göstərirlər. Okeanın o tayından Rusiyaya qarşı gələn yeni qadağalar da Avropada, necə deyərlər, gözlənilən xəbər kimi qarşılanıb. O cümlədən G7-nin üzvü olan ayrı-ayrı dövlətlər ABŞ-ın Rusiya qızılının idxalına qoyduğu qadağalara qoşulacaqlarını bildiriblər. Böyük Britaniyanın baş naziri Boris Conson sanksiyaların nəticələrindən yayınmağın yollarını axtaran rus “oliqarxları” arasında qızıla tələbat olduğunu bildirib. “Biz Putin rejimini maliyyədən məhrum etməliyik. Böyük Britaniya və müttəfiqlərimiz məhz bunu edirlər”, - deyə Britaniyanın baş naziri vurğulayıb.

Verilən xəbərlərə görə, nəzərdə tutulan qadağa yeni metal hasilatına şamil ediləcək, bu, əvvəllər Rusiyadan ixrac edilən qızıla aid olmayacaq. Qızıl idxalının qadağan olunmasını özündə ehtiva edən sanksiyaları dəstəkləyən ölkələrin rəsmiləri bildiriblər ki, tədbirlər görülməzdən əvvəl qanuni yolla əldə edilmiş Rusiya qızılına münasibətdə sanksiyaları genişləndirmək planları yoxdur. Avropa İttifaqı da sanksiyaların qızıl qaydalarını dəstəkləməyə hazır görünür. Avropa İttifaqı Şurasının sədri Şarl Mişel belə bir fikir ifadə edib ki, təmsil etdiyi qurum Rusiya mənşəli qızılın idxalını qadağan edən sanksiyalara G7-nin də qoşulma imkanlarını nəzərdən keçirməyə hazırdır, lakin bu qadağalar heç bir halda Aİ iqtisadiyyatına zərər vurmamalıdır.

Qızıl idxalına qadağalar Rusiya üçün nə deməkdir?

ABŞ-dan və Avropa dövlətlərindən Rusiyaya qarşı tətbiq olunan sanksiyalar əsasən bu ölkə üçün strateji önəm daşıyan sahələri əhatə edir. Məsələn, bundan əvvəl ABŞ-ın və Aİ dövlətlərinin Rusiyadan neft və neft məhsullarının idxalına qadağa qoymaları şimal qonşumuzun milyardlarla dollar həcmində gəlirlərdən məhrum edilməsi məqsədi daşıyır. Qızıl ixracı da Rusiya üçün belə strateji sahə və mühüm gəlir mənbəyidir. Rusiya dünya üzrə ən çox qızıl ehtiyatlarına malik ölkələrin top onluğunda beşinci yerdə qərarlaşıb. ABŞ-ın başçılıq etdiyi siyahıda Rusiya öz mövqeyini son 10 ildə yaxşılaşdırmağa nail olub. Bu ölkə 1993-cü ildə 267,2, 2003-cü ildə 387,6 ton qızıl ehtiyatına malik idi. Hazırda isə bu rəqəm təxminən 2292,31 tona yüksəlib. Rəqəmlərdən də göründüyü kimi, artım dinamikası kifayət qədər yüksəkdir. Rusiyaya üstünlüklər qazandıran həm də o amildir ki, bu ölkə qızıl ehtiyatlarını əsasən daxili istehsal hesabına artırır. Onilliklər ərzində burada böyük dövriyyəsi olan qızıl hasilatı sənayesi formalaşıb. Belə bir reallıq fonunda ABŞ-ın Rusiyadan qızıl idxalına qadağalar tətbiq etməsi şimal qonşumuzu çox ciddi çətinliklərlə üz-üzə qoya bilər.

Qızıl siyasətinin optimallaşdırılması

Qərbdən gələn qızıl sanksiyalarının qiymətli metalın dünyada əsas ixracatçıları sırasında yer alan Rusiyanın özündə də sürpriz qərar kimi qarşılanmadığını, desək, əsil həqiqəti ifadə etmiş olarıq. Bu ölkənin müvafiq dairələrində Rusiyanın mühüm gəlir qaynaqlarından olan qızıl satışının da sanksiyalar altına düşəcəyi ilə bağlı ehtimallar çoxdan dolaşırdı. Təsadüfi deyildir ki, qonşu ölkə hələ bir neçə ay bundan əvvəl özünün qızıl siyasətini optimallaşdırmağı hədəfləyən addımlar atmağa başlamışdı.  Rusiya hökumətinin sanksiyaların bu ölkənin maliyyə sektoruna yaratdığı təhdidləri sığortalamaq üçün hazırladığı paketdə qızıl ehtiyatlarından istifadənin əhatə dairəsinin genişləndirilməsi də yer alır. Bu ölkənin dövlət Duması qiymətli metalların külçələrdə alınmasına dair qanun qəbul edib. Sözügedən qanun qızılı külçə halında alan fiziki şəxsləri  20%-lik  ƏDV ödənişlərindən azad edir. Rusiyada əvvəllər qiymətli metallar alan fiziki şəxslərdən dəyərin 20%-i həcmində vergi tutulurdu, təkrar satılanda isə ƏDV geri qaytarılmırdı. Bu, külçələrin zərgərlik məmulatlarının istehsalı üçün xammal kimi istifadəsinin qarşısını almağa hesablanmışdı. Yeni qanunun qəbulundan  sonra isə ölkədə külçələrin satışdan sonrakı taleyinə nəzarət etmək üçün xüsusi informasiya sistemi fəaliyyət göstərəcək. Qəbul edilmiş qanun, eyni zamanda 2023-cü il yanvarın 1-dən zərgərlik sənayesində həm metal alışı, həm də zərgərlik məmulatlarının satışı üçün xüsusi vergi rejimlərinin tətbiqinə qadağa qoyur.

Bu arada Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Rusiya qızılından imtina sanksiyalarına münasibət ifadə edib. O, jurnalistlər üçün təşkil olunan brifinqdə əminliklə bildirib ki, Rusiya qızılı üçün daha praqmatik alıcılar tapılacaq. Mariya Zaxarova onu da əlavə edib ki, Qərb ölkələrinin yeni qadağaları artıq Moskvanı az narahat edir. Onun sözlərinə görə, Qərb Rusiyaya qarşı sanksiyalar tətbiq etməklə, əslində, öz maraqlarına qarşı çıxır.

Paylaş:
Baxılıb: 134 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

Sümük köçü

17 Avqust 10:47

İqtisadiyyat

Sosial

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

17 Avqust 10:15

Xəbər lenti

Neft ucuzlaşıb

16 Avqust 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31