Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Daha sağlam biznes mühitinə doğru

Daha sağlam biznes mühitinə doğru

30.07.2022 [09:53]

Özəl sektorun iqtisadiyyatda payı 88%-ə çatdırılacaq

MÜBARİZ

Bu günlərdə Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla təsdiqlənən Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası ilə ölkəmizin tarixi ərazilərinin bərpası ilə səciyyələnən indiki mərhələdə inkişaf hədəfləri müəyyənləşdirilib. Sənəddə də vurğulandığı kimi, bu strateji dövrdə yeni nəsil struktur və institusional islahatlar vasitəsilə iqtisadi artımın müasir və dayanıqlı mənbələrinin hərəkətə gətirilməsi, milli iqtisadiyyatın innovasiya yönümünün və maliyyə dayanıqlığının daha da gücləndirilməsi, ölkə iqtisadiyyatının qlobal dəyər zəncirinə səmərəli inteqrasiya yolu ilə Azərbaycan dövləti öz qüdrətini daha da artırmaqla, yüksək rifah cəmiyyətinin qurulması istiqamətində yeni hədəfləri gerçəkləşdirmək əzmindədir. Bütövlükdə, Strategiyanın reallaşması 2026-cı ilin sonuna ölkə iqtisadiyyatının simasında böyük dəyişikliklərə səbəb olacaq, iqtisadi artım tamamilə yeni keyfiyyət amilləri bazasında formalaşacaq, xüsusilə prioritet sahələrdə artım templəri sürətlənəcək, iqtisadiyyatın və məşğulluğun dayanıqlığı daha da güclənəcək.

Özəl sektorun inkişafının prioritetliyi

Sənədə əsasən, bəhs olunan strateji dövrdə respublikamızda özəl sektorun, o cümlədən mikro, kiçik və orta sahibkarlığın inkişafı yeni və daha səmərəli stimullar və inkişaf mühiti hesabına sürətlənəcək, özəl və xarici investorların ölkə iqtisadiyyatında fəallığı artacaq, qeyri-xammal ixracı genişlənəcək.

Azərbaycanın qarşıdakı strateji mərhələdə özəl sektorun inkişafının prioritetliyini önə çəkməsi isə heç də təsadüfi deyildir. Məlumdur ki, son 10 ildə ölkə iqtisadiyyatında makroiqtisadi sabitlik və dayanıqlıq təmin edilib,  sosial rifahı dəstəkləyən iqtisadi artıma nail olunub. Milli iqtisadiyyatın aparıcı sahələrində müasir texnologiyaların geniş tətbiqi və keyfiyyətli insan kapitalının cəlbi nəticəsində məhsuldarlıq xeyli artıb, iqtisadiyyat sürətlə şaxələnib və daxili istehsal qlobal dəyər zəncirinə effektiv inteqrasiya edib. Sənəddə vurğulandığı kimi, Azərbaycan 4-cü Sənaye İnqilabının aktiv mərkəzlərindən biri olmaqla xarici investorlar üçün böyük fürsətlər məkanına çevrilib. Bu dövrdə milli iqtisadiyyat 15% böyüyüb, qeyri-neft/qaz Ümumi Daxili Məhsul (ÜDM) isə 1,4 dəfə artıb. 2011-ci illə müqayisədə qeyri-neft/qaz ixracının 78,3% artması böyük nailiyyətdir. Son 10 ildə iqtisadiyyat iki qlobal maliyyə böhranından uğurla çıxıb, ölkə iqtisadiyyatı xarici təsirlərə davamlılıq nümayiş etdirib. Sənəddə oxuyuruq: “2014-2015-ci illərdə qlobal əmtəə bazarında neftin qiymətinin 3 dəfəyə qədər azalması, 2020-ci ilin əvvəllərindən başlamış və davam etməkdə olan pandemiya böhranı ölkədə makroiqtisadi sabitlik üçün ciddi təhdidlər yaratmışdır. Bütün bunlara baxmayaraq, çevik və effektiv iqtisadi idarəetmə hesabına ölkədə makroiqtisadi sabitlik, həmçinin əhalinin rifahı və sağlamlığı qorunmuşdur. 2021-ci ilin sonuna valyuta ehtiyatlarımız təxminən ÜDM-in həcminə bərabər olmuşdur ki, bu da milli iqtisadiyyatın xarici və daxili təsirlərə qarşı tam dayanıqlığını əks etdirir”. O cümlədən həyata keçirilən köklü struktur-institusional islahatlar nəticəsində milli iqtisadiyyatın strukturu dəyişib, qeyri-neft sektorunun payı xeyli yüksəlib. 2012-2021-ci illərdə qeyri-neft/qaz ÜDM-i hər il orta hesabla 3,5% artaraq, 2011-ci ildəki 25,4 mlrd. manatdan 2021-ci ilə 57,8 mlrd. manata, qeyri-neft/qaz sektorunun payı 2011-ci ildəki 48,8%-dən 2021-ci ildə 62,2%-ə çatıb. Bu dövrdə iqtisadi artımın sahəvi hərəkətverici qüvvəsi olan qeyri-neft/qaz sənayesi 2,3 dəfə, kənd təsərrüfatı 1,5 dəfə, informasiya və rabitə sahəsi isə 2,4 dəfə böyüyüb. Ölkəyə gələn turistlərin sayı 2011-ci ildəki 1,6 mln. nəfərdən artaraq 2019-cu ildə 2,9 mln. nəfərə çatıb.

Milli iqtisadiyyatımızda qeyd olunan bütün bu uğurların qazanılmasında özəl bölmənin getdikcə artan rolunu xüsusi qeyd edə bilərik. Aparılan məqsədyönlü siyasət nəticəsində qeyri-neft sektorunda özəl bölmənin payı əhəmiyyətli dərəcədə artıb. Belə ki, ÜDM-də özəl sektorun xüsusi çəkisi 2019-cu ildə 85% olub, pandemiya səbəbindən 2020-ci ildə bu göstərici 80,8%-ə ensə də, artıq 2021-ci ildə 83%-i ötüb. Özəl sektorda inkişafın əsas aparıcı qüvvəsini qeyri-neft/qaz özəl investisiyaları təşkil edib. Sənəddə qeyd olunduğu kimi, 2021-ci ildə qeyri-neft/qaz özəl investisiyaların cəmi qeyri-neft/qaz investisiyalarda payı 44,6%-ə çatıb.  Eləcə də iqtisadiyyatda kiçik və orta biznesin dominantlığı xeyli yüksəlib. Xüsusilə dövlət investisiyaları hesabına yaradılmış müasir iqtisadi infrastruktur kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyib. Bu dövrdə qeydiyyatda olan KOB subyektlərinin sayı 3,1 dəfə artıb, qeyri-neft/qaz ÜDM-də payı isə 23,7% təşkil edib. Hazırda respublikamızda qeyri-neft/qaz ixracının 25,5%-i KOB tərəfindən həyata keçirilir. KOB-un fəaliyyətinin dəstəklənməsi üzrə kredit portfeli 2018-ci ildən 1,5 dəfə artaraq 2021-ci ildə 4,4 mlrd manata çatıb.

Strategiyada vurğulandığı kimi, qeyri-neft/qaz sahələrinin, xüsusilə özəl təşəbbüslərin sürətli inkişafında xarici investisiyalar mühüm rol oynayıb. 2011-2021-ci illərdə ölkənin qeyri-neft/qaz iqtisadiyyatına bütövlükdə 11,1 mlrd. ABŞ dolları həcmində birbaşa xarici investisiya yatırılıb. Xarici investisiyalar yüksək məhsuldar sahələrdə rəqabətli dəyər zəncirinin inkişafına və müasir infrastrukturun yaradılmasına yönəldilib. Xarici investorların fəal cəlbini əlverişli biznes mühiti və makroiqtisadi sabitlik şərtləndirib.

Rəqəmlər özlüyündə real mənzərəni göz önündə canlandırır. Belə güclü platforma qarşıdaklı strateji mərhələdə özəl sektorun geniş potensialından daha səmərəli şəkildə istifadə olunmasına münbit zəmin formalaşdırır.

Bərabər imkanlar və fürsətlər

Sənəddə xüsusi olaraq vurğulanır ki, strateji dövrdə yeni artım modeli özəl təşəbbüslərə, keyfiyyətli və sağlam insan kapitalına söykənəcək. Dayanıqlı, inklüziv inkişafı təmin edən özəl təşəbbüslər və rəqabətqabiliyyətli açıq iqtisadiyyat modeli müasirləşmə strategiyasının əsas qüvvəsi olacaq. “Rəqabətlilik ölkədə adambaşına düşən milli gəlirin uzunmüddətli dövrdə stabil artmasına və insanların həyat standartının yüksəldilməsinə imkan yaradacaqdır. İqtisadiyyatın rəqabətliliyi əsas təməl olan məhsuldarlığın dərinləşməsi hesabına artırılacaqdır. Bu strateji dövrdə özəl və məhsuldar investisiyalar, keyfiyyətli institutlar, müasir bilik və bacarıqları olan insan kapitalı, sağlam cəmiyyət, innovasiya və yeni texnologiyalar, həmçinin makroiqtisadi sabitlik yüksək məhsuldarlığı təmin edəcəkdir.

İnkişafın əsas qüvvəsi sahibkar olduğundan, dövlət bütün qüvvəsini və resurslarını rəqabətli və dayanıqlı iqtisadi fəaliyyət mühitinin dəstəklənməsinə yönəldəcəkdir. Bu model hamı üçün bərabər imkanlar və fürsətlər yaradacaqdır. Yalnız bacarıqlar bütün sahələrdə uğurun fundamental şərti olacaqdır”, - deyə sənəddə qeyd olunur. 

Qanunun aliliyi

Yeni strateji mərhələdə ölkə iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft ixracının artırılması hesabına davamlı və yüksək iqtisadi artım təmin olunacaq. Bu məqsədlə daha sağlam və rəqabətli biznes mühiti yaradılacaq, sahibkarlığın inkişafına dövlət geniş dəstək verəcək. Bütövlükdə, ölkə iqtisadiyyatı hər il orta hesabla 3-4%, qeyri-neft/qaz ÜDM-i isə illik orta hesabla 5% artacaq. Özəl sektorun iqtisadiyyatda payı 88%-ə çatdırılacaq. Sağlam və rəqabətli biznes mühiti üçün qanunun aliliyi təmin olunacaq və effektiv məhkəmə islahatları həyata keçiriləcək. Bu islahatlar sahibkarlıq fəaliyyəti ilə məşğul olanların mülkiyyətinin və maraqlarının effektiv müdafiəsinə imkan verəcək. Sahibkarlıq fəaliyyəti üzərində izafi tənzimləmə optimallaşdırılacaq. Təbii inhisar subyektlərinin rəqabətə mənfi təsirlərinin qarşısı alınacaq və bütün bazarlarda rəqabət gücləndiriləcək. Dövlət satınalmalarında şəffaflıq və səmərəlilik artırılacaq. İnvestisiyalar üçün əlverişli vergi şərtləri tətbiq ediləcək və digər fiskal stimullar veriləcək. Sənəddə vurğulanır ki, bu islahatların həyata keçirilməsi sayəsində biznes mühiti daha  sağlamlaşdırılacaq, milli iqtisadiyyata etimad artacaq və nəticədə böyük həcmdə daxili və xarici investisiyalar cəlb ediləcək. Eyni zamanda, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin effektivliyi, ünvanlılığı və şəffaflığı gücləndiriləcək. Uğurlu ölkələrin təcrübələri əsasında biznes startaplarının və inkubatorlarının, ixracyönümlü istehsal və xidmətlər üzrə biznes layihələrinin dəstəklənməsi mexanizmləri təkmilləşdiriləcək. Bütün bunların nəticəsində sahibkarlıq fəaliyyətinə başlamaq və mövcud fəaliyyətini genişləndirmək istəyənlər, xüsusilə kiçik və orta bizneslər üçün yeni maliyyələşmə mexanizmləri yaradılacaq. Bu əsasda sahibkarlara dəstək üzrə sərf olunan maliyyə vəsaitinin 20-30%-nin mikro, 35-45%-nin kiçik və 25-35%-nin orta sahibkarlara yönəldilməsi hədəflənir.

Paylaş:
Baxılıb: 123 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Dünya

Xəbər lenti

Xarici siyasət

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

18 Avqust 10:30

Siyasət

Bu da sübut!

18 Avqust 10:29

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Gündəm

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

Sümük köçü

17 Avqust 10:47

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31