Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycan-Serbiya: Əməkdaşlıq üçün geniş imkanlar var

Azərbaycan-Serbiya: Əməkdaşlıq üçün geniş imkanlar var

23.12.2022 [10:01]

İlham Əliyev: Həm Serbiya, həm Azərbaycan öz resurslarına arxalanan ölkələrdir, müstəqil siyasət aparan ölkələrdir və bir-biri ilə sıx əlaqədə olan ölkələrdir

Aleksandr Vuviç: Əminəm ki, Prezident Əliyev özü ilə bir çoxlarımızın arasında və dünya miqyasında Azərbaycandan da daha böyük həcmdə təbii ehtiyatlara və xammala malik ölkələr arasında olan fərqi göstərə bildi

Mübariz ABDULLAYEV

Azərbaycanın milli maraqlar üzərində qurulan uğurlu xarici siyasətində Avropa ölkələri ilə əlaqələrin əhatə dairəsinin genişləndirilməsi xüsusi yer tutur. Bunu son vaxtlar Prezident

İlham Əliyevin ardıcıl olaraq bir neçə Avropa ölkəsinə səfər etməsi, eləcə də Avropa İttifaqının (Aİ) və qoca qitəni təmsil edən ayrı-ayrı dövlətlərin yüksəksəviyyəli rəsmilərinin respublikamıza təşrif gətirmələri bir daha təsdiqləyir. Bu kontekstdə Azərbaycanla Serbiya arasında əlaqələrin intensivləşməsini də ayrıca qeyd edə bilərik. Cari il noyabr ayının üçüncü ongünlüyündə Prezident İlham Əliyev bu ölkədə səfərdə oldu. Aradan cəmi bir ay ötəndən sonra isə dost Serbiyanın Prezidenti Aleksandar Vuçiç respublikamıza səfərə gəldi. Bu, bir tərəfdən hər iki lider arasında münasibətlərin yüksək səviyyədə olmasını, digər tərəfdən isə ölkələrimiz arasında yaranan səmimiyyətin ifadəsidir. Prezident

İlham Əliyev dekabrın 21-də Bakıda serbiyalı həmkarı ilə təkbətək görüş başa çatdıqdan sonra mətbuata verdiyi Bəyanatında ölkələrimiz arasında bərqərar olan münasibətlərin yüksək səviyyəsindən məmnunluğunu ifadə edərək vurğulayıb: “Həm Serbiya, həm Azərbaycan öz resurslarına arxalanan ölkələrdir, müstəqil siyasət aparan ölkələrdir və bir-biri ilə sıx əlaqədə olan ölkələrdir”.

Azərbaycan Prezidentinə Serbiyada böyük inam və hörmət

Dünyada ərazisinə və əhalisinə görə Azərbaycandan böyük olan dövlətlər çoxdur. Ancaq ölkəmizin nümunəsi bir daha təsdiqləyir ki, dövlətin siyasətinin səmərəliliyi heç də yalnız kəmiyyət göstəriciləri ilə şərtlənmir. Burada liderin şəxsi keyfiyyətləri, onun dövlət siyasətini uğurla qurması və həyata keçirməsi əsas faktorlar qismində çıxış edir. Azərbaycan Serbiya üçün sıradan bir ölkə ola bilərdi. Ancaq həm Prezident İlham Əliyevin Serbiyaya səfəri, həm də Prezident Aleksandar Vuçiçin respublikamıza səfəri çərçivəsində keçirilən görüşlər və aparılan müzakirələr zamanı biz qürurverici anlara şahidlik etdik. Dost ölkənin dövlət və hökumət başçıları, digər yüksəksəviyyəli rəsmiləri ölkəmiz və onun Lideri barədə ürəkdən gələn səmimi fikirlərini dilə gətirdilər. Həmin fikirlərdə Azərbaycanın sürətli inkişafının, burada müşahidə edilən dəyişikliklərin heyrət doğurduğu açıq şəkildə etiraf olunur. Xüsusi olaraq vurğulanır ki, bu uğurlar məhz Prezident İlham Əliyevin ardıcıllıqla həyata keçirdiyi siyasətin bəhrəsidir. Aleksandr Vuviç Bakıda mətbuata verdiyi Bəyanatında iki müqayisə aparıb. Müqayisələrdən biri ondan ibarətdir ki, Azərbaycandakı sürətli transformasiyalar ölkədə yaşayanlar üçün adi görünə bilər. Ancaq xaricdən bura gələnlər müsbət dəyişiklikləri heyrətlə izləyirlər və bunun necə baş verdiyi barədə özlərinə sual edirlər. Onun digər müqayisəsi də olduqca maraqlıdır. Bəli, Azərbaycan enerji ehtiyatlarına malik olan ölkədir. Ancaq dünyada təbii sərvətləri bizimkindən qat-qat çox olan ölkələr var. İnkişaf səviyyəsi isə müqayisəyəgəlməz dərəcədə fərqlidir. “Əminəm ki, Prezident Əliyev özü ilə bir çoxlarımızın arasında və dünya miqyasında Azərbaycandan da daha böyük həcmdə təbii ehtiyatlara və xammala malik ölkələr arasında olan fərqi göstərə bildi. Prezident Əliyev kimi ölkəsinə sevgi ilə rəhbərlik etdikdə belə bir vəziyyətin şahidi oluruq. Mən bunu bizə Avropa qədər qaz və elektrik enerjisi lazım olduğuna görə demirəm. Xeyr, bizə daha az həcmdə lazımdır. Bizə bu resurslar lazımdır. Ancaq biz onlar olmadan da yaşaya bilərik. Mən bunu Prezident Əliyevə və onun işinin nəticələrinə səmimi rəğbət bəslədiyimə görə deyirəm”, - Prezident Aleksandr Vuviç bildirib.

Azərbaycanda hamı yaxşı bilir ki, Prezident İlham Əliyevin sözü ilə imzası eyni çəkiyə malikdir. O, heç vaxt populist vədlər vermir. Konkret hədəflər müəyyənləşdirir və həmin hədəflərə çatmaq üçün əməli fəaliyyət göstərir. Artıq Azərbaycanın Liderini Avropada da sözü və əməli vəhdət təşkil edən bir siyasətçi kimi qəbul edirlər və hörmət bəsləyirlər. “Mən Prezident Əliyevə dedim ki, bütün şəffaf protokol məsələlərinə görə bəzi sənədlər imzalanmalı olsa da, onun sözü bizim üçün yetərlidir. Çünki biz onun sözünə hər hansı imzadan daha çox inanırıq. O, nəyi deyirsə, mənim üçün kifayətdir, bilirəm ki, bu, belə də olacaq. Bu, bizim üçün, həqiqətən də, vacibdir”. Bu fikirləri isə Prezident Aleksandr Vuviç bir ay bundan əvvəl Belqradda mətbuata verdiyi Bəyanatda səsləndirib.

İkitərəfli diplomatik münasibətlərin tarixi

Azərbaycanla Serbiya arasında diplomatik münasibətlər 1997-ci il avqustun 21-də qurulub. İkitərəfli əlaqələrin qurulmasının 25 illiyi münasibətilə bu il avqustun 21-də Azərbaycan və Serbiya prezidentləri arasında telefon danışığı olub. Telefon danışığı zamanı ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, kənd təsərrüfatı, enerji, investisiya və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb. Həmçinin ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdığı, Azərbaycan və Serbiyanın bir-birinin ərazi bütövlüyünü dəstəklədiyi qeyd olunub.

Azərbaycan ilə Serbiya arasında siyasi dialoq daim yüksək səviyyədə olub. 2011-ci il iyunun 8-9-da Prezident İlham Əliyev Serbiyaya rəsmi səfər edib. Səfər çərçivəsində dövlətimizin başçısı Belqradın Taşmaydan parkında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsinin, həmçinin Novi Sad şəhərində dahi bəstəkar Üzeyir Hacıbəylinin büstünün açılışlarında iştirak edib.

Son illərdə Serbiya prezidentləri Azərbaycana bir neçə dəfə səfərə gəliblər. 2010-cu il mayın 11-13-də Prezident Boris Tadiç, 2013-cü il fevralın 7-9-da isə Prezident Tomislav Nikoliç ölkəmizdə rəsmi səfərlərdə olublar. Tomislav Nikoliçin səfəri zamanı Bakıda görkəmli serb alimi Nikola Teslanın abidəsinin açılışı olub. Bundan əlavə, 2015-ci ilin aprelində o vaxt Baş nazir olan Aleksandar Vuçiç, həmin ilin iyununda isə Prezident Tomislav Nikoliç Bakıya səfər ediblər. Aleksandar Vuçiçin Serbiya Respublikasının Prezidenti kimi Azərbaycana səfəri isə 2018-ci il mayın 21-22-nə təsadüf edib.

İmzalanan sənədlər

İndiyədək iki ölkə arasında 50-dək sənəd imzalanıb. Bu sənədlər arasında 2013-cü ildə imzalanmış Dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə və 2018-ci ildə imzalanmış Strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı xüsusi əhəmiyyət daşıyır. Hər iki sənəddə Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunub. Prezident İlham Əliyevin Serbiyaya noyabr ayında baş tutan səfəri çərçivəsində isə dövlət başçıları “Azərbaycan Respublikası Prezidenti ilə Serbiya Respublikası Prezidenti arasında Birgə Bəyanat”ı, “Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının yaradılması haqqında Memorandum”u və onun əlavəsi olan “Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının Əsasnaməsi”ni imzalayıblar.

Bəhs olunan səfər zamanı iki ölkənin müvafiq qurumlarının yüksəksəviyyəli rəsmiləri həmçinin “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında readmissiya haqqında Saziş”i, “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Serbiya Respublikasının Tikinti, Nəqliyyat və İnfrastruktur Nazirliyi arasında “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair 1978-ci il tarixli Beynəlxalq Konvensiya”nın sertifikatlarının tanınması haqqında Anlaşma Memorandumu”nu, “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında sosial təminat haqqında Saziş”in tətbiqinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Serbiya Respublikasının Əmək, Məşğulluq, Veteranlar və Sosial İşlər Nazirliyi arasında İnzibati Razılaşma”nı, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Serbiya Respublikasının Serbiya İnkişaf Agentliyi arasında Anlaşma Memorandumu”nu, “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO ilə Serbiyanın Ticarət və Sənaye Palatası arasında Anlaşma Memorandumu”nu imzalayıblar.

İkitərəfli iqtisadi əlaqələr

İki ölkə arasında siyasi dialoqun yüksək dinamizmlə inkişaf etməsi, həmçinin indiyədək imzalanan sənədlər qarşılıqlı iqtisadi əlaqələrin dərinləşməsinə müsbət təsir göstərir. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 9,23 milyon dollar, o cümlədən idxalın həcmi 8,04 milyon, ixracın həcmi isə 1,19 milyon ABŞ dolları təşkil edib. 2020-ci illə müqayisədə ötən il Serbiya ilə ticarət dövriyyəsi 1,9 faiz, o cümlədən idxal 2,27 faiz artıb.  2022-ci ilin yanvar-oktyabr aylarında ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 9,84 milyon dollar, o cümlədən idxalın həcmi 8,10 milyon dollar, ixracın həcmi isə 1,74 milyon dollar təşkil edib. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2022-ci ilin yanvar-oktyabr aylarında Serbiya ilə ticarət dövriyyəsi 27,51 faiz artıb.

Azərbaycan ilə Serbiya arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya da fəaliyyət göstərir. Komissiyanın sonuncu - 6-cı iclası ötən ilin iyulunda Bakıda keçirilib. Azərbaycanda tikinti və xidmət sahələrində fəaliyyət göstərən Serbiya investisiyalı 4 şirkət qeydiyyatdan keçib. Azərbaycanın isə “AzVirt” şirkəti Serbiyada yol infrastrukturu layihələri həyata keçirir. Belqradda Serbiya-Azərbaycan Ticarət Palatası fəaliyyət göstərir.

Əməkdaşlığın yeni istiqamətləri

Prezident İlham Əliyev Azərbaycan-Serbiya əlaqələrini strateji tərəfdaşlıq münasibətləri kimi səciyyələndirib. “İlk növbədə bildirməliyəm ki, Serbiya və Azərbaycan strateji tərəfdaşdırlar, strateji tərəfdaşlığa dair bir neçə sənəd imzalanmışdır. Biz hər zaman bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmişik, dəstəkləyirik və bu siyasət dəyişməz olaraq qalacaq”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Öz növbəsində keçilən yol, liderlərin dostluq münasibətləri və siyasi iradələri Azərbaycanla Serbiya arasında münasibətlərin daha da dərinləşdirilməsi üçün əlverişli zəmin yaradır. Prezident İlham Əliyev əminliyini ifadə edərək bildirib ki, əldə edilmiş razılaşmaların icrası nəticəsində ticarət dövriyyəsi artacaq. Nəqliyyat-logistika sahəsində böyük potensial var. Xüsusilə nəzərə alsaq ki, Azərbaycan və Serbiya ərazilərindən beynəlxalq nəqliyyat dəhlizləri keçir, burada da uzlaşma və bağlantının yaradılması üçün hər iki ölkənin müvafiq qurumları fəal işləməlidirlər.

Enerji sektorunun perspektivdə ikitərəfli əlaqələrin mühüm istiqamətlərindən birinə çevrilməsi üçün böyük potensial var. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Avropa İttifaqı məkanının ayrı-ayrı ölkələri özlərinin enerjiyə olan tələbatlarını həm də respublikamızdan tədarük olunan karbohidrogen resursları hesabına qarşılayırlar. Azərbaycan 2027-ci ilədək Avropaya mavi yanacaq ixracını təxminən iki dəfə artırmağı hədəfləyib. Hazırda 3500 kilometr məsafədə uzanaraq Avropanın mərkəzi hissəsinədək çatan Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə əlaqədar müzakirələr aparılır. O cümlədən bu kəmərin şaxələndirilməsi istiqamətində praktiki müstəvidə layihələrin icrasına başlanıb. Şaxələndirmə layihələrində həmçinin Serbiyaya Azərbaycandan qaz ötürülməsi nəzərdə tutulur.

Enerji sektorunda başqa bir önəmli seqment bərpa olunan enerjinin Avropaya, o cümlədən də Serbiyaya nəqli ilə bağlıdır. Respublikamızda bərpa olunan mənbələrdən elektrik enerjisi istehsalı imkanları kifayət qədər genişdir. Azərbaycanda istehsal olunan “yaşıl enerji” Avropa məkanına Qara dənizin dibi ilə çəkiləcək xətlə ötürüləcək. Bununla bağlı müvafiq sənədlər imzalanıb. Dost Serbiya da ölkəmizdən elektrik enerjisinin idxalında maraqlı olduğunu bildirib. “Təbii ki, energetika sektoru əməkdaşlığımızın bir hissəsidir. Son vaxtlar bu sahə daha böyük əhəmiyyət kəsb edir. Azərbaycanın təbii resursları artıq müxtəlif istiqamətlər üzrə ixrac edilir, həmçinin Avropa qitəsinə, o cümlədən Serbiyaya qonşu olan ölkələrə. Həm təbii qaz, həm elektrik enerjisi ilə əlaqədar əməkdaşlıq üçün imkanlar var, müvafiq danışıqlar aparılmışdır. Gələn ildən başlayaraq Azərbaycanın elektrik enerjisinin Serbiyaya ixrac edilməsi üçün əminəm ki, əməli addımlar atılacaqdır”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Paylaş:
Baxılıb: 133 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Yeni detallar...

08 Fevral 10:14

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Analitik

Xarici siyasət

Analitik

Xəbər lenti

Siyasət

İtirən Fransadır...

07 Fevral 10:31

Gündəm

Gələcəyə doğru...

07 Fevral 10:23  

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28