Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycan-Rusiya iqtisadi əlaqələri inkişaf edir

Azərbaycan-Rusiya iqtisadi əlaqələri inkişaf edir

01.03.2024 [10:47]

İki ölkənin regionları arasında fəal əməkdaşlıq mövcuddur

N.BAYRAMLI

Azərbaycanla Rusiya arasında iqtisadi əlaqələr inkişaf edir. Fevralın 28-də Rusiyanın Stavropol diyarının Mineralnıe Vodı şəhərində 12-ci Azərbaycan-Rusiya Regionlararası Forumu keçirilib. Azərbaycanın İqtisadiyyat Nazirliyinin və Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə keçirilən Forumda Azərbaycan və Rusiya tərəfdən dövlət qurumlarının, parlamentlərin, icra hakimiyyəti orqanlarının nümayəndələri, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar və mətbuat işçiləri iştirak ediblər.

Forum işini KOB sahəsində əməkdaşlığa həsr olunmuş B2B və B2G formatlarında görüşlər və müxtəlif istiqamətlər (“Sənaye sektorunda gələcəyin texnologiyaları”; “Rusiya-Azərbaycan ekoloji dialoqu: standartlar, prioritetlər, perspektivlər”; “Sənaye kooperasiyası: aqrar-sənaye kompleksi sahəsində əməkdaşlıq”; “Rusiya Federasiyasının Şimali Qafqaz Federal Dairəsinin və Azərbaycan Respublikasının ixracatçılarının xarici ticarət əməliyyatlarının müasir xüsusiyyətləri”) üzrə dəyirmi masalarda təşkil olunmuş müzakirələrlə başlayıb.

Forumun yekununda keçirilən plenar iclasda Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putinin forum iştirakçılarına müraciətləri oxunub. Azərbaycan Prezidentinin müraciətində qeyd olunub ki, qarşılıqlı hörmət və etimada əsaslanan tərəfdaşlığımız praktik olaraq bütün sferaları əhatə edir. Belə formatlarda regionlararası forumlar özünün effektivliyini sübut edib. Bu gün ölkələrimiz arasında ticarət-iqtisadi əməkdaşlıq inkişaf edir, əmtəə dövriyyəsi artır, yeni istiqamətlər üzrə iş aparılır. Forum çərçivəsində nəqliyyat-logistika, sənaye, kənd təsərrüfatı və ekoloji sahələrdə əməkdaşlığın nəzərdə tutulması iki ölkənin regionlararası səviyyədə daha dərin əlaqələrə can atdığını göstərir.

İclasda çıxış edən Azərbaycanın Baş nazirinin müavini, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev qeyd edib ki, Azərbaycan-Rusiya əlaqələri qarşılıqlı hörmət, mehriban qonşuluq prinsiplərinə əsaslanır və strateji tərəfdaşlıq səviyyəsindədir. O, dövlətlərimizin başçılarının ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələrin inkişafına böyük önəm verdiyini və onların həlledici təşəbbüslərinin forumun mötəbər platformaya çevirərək ölkələrimiz arasında əlaqələrin genişləndirilməsində mühüm rol oynadığını bildirib.

Şahin Mustafayev, həmçinin qeyd edib ki, 2018-ci ildə Rusiya Prezidenti Vladimir Putinin və Azərbaycan Prezidenti İlham Əliyevin, 2019-cu ildə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın, 2023-cü ildə isə Baş nazirlərin Azərbaycan-Rusiya Regionlararası Forumunda iştirakı hər iki ölkə üçün böyük əhəmiyyət kəsb edir.

Cari il yanvarın 22-də imzalanmış “2024-2026-cı illər üçün əməkdaşlığın əsas istiqamətlərinin inkişafı üzrə Yol Xəritəsi”nin vacibliyini vurğulayan Şahin Mustafayev bunun ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığa töhfə verəcəyini xüsusilə qeyd edib. O əlavə edib ki, Yol xəritəsi ticarət-iqtisadi və investisiya qoyuluşu, nəqliyyat, sənaye, aqrar və qida təhlükəsizliyi, enerji, turizm, humanitar və sosial, həmçinin innovasiya və informasiya texnologiyaları sahələrində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı konkret addımların atılmasını nəzərdə tutur.

Diqqətə çatdırılıb ki, Rusiya Azərbaycanın mühüm ticarət tərəfdaşlarından biridir və qeyri-neft məhsullarımızın ixracında birinci yerdədir. 2023-cü ildə Rusiya ilə ticarət dövriyyəsi 17,5 faiz artaraq 4,4 milyard dollara çatmışdır. Həmçinin investisiya sahəsində əməkdaşlığı xüsusilə qeyd edilərək Azərbaycanda Rusiyanın iştirakı ilə böyük investisiya layihələrinin həyata keçirildiyi bildirilib.

Forum çərçivəsində Şahin Mustafayev ilə Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçuk arasında keçirilmiş görüşdə ölkələrimiz arasında birgə layihələrin həyata keçirilməsi, regionlararası əməkdaşlığın dərinləşdirilməsi potensialı və başqa aktual məsələlər barədə fikir mübadiləsi aparılıb.

Forumun əhəmiyyəti ilə bağlı qəzetimizə açıqlama verən Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Müşfiq Cəfərov bildirib ki, Azərbaycanın xarici siyasətində qonşu ölkələrlə münasibətlərin inkişafı xüsusi yer tutur. Bu baxımdan, iki dövlət arasında milli maraqlara cavab verən əlaqələr yaradılıb. Onun sözlərinə görə,  bu gün rəsmi Moskva Azərbaycanın geostrateji rolunu düzgün dəyərləndirir. İki dövlətin əməkdaşlıq münasibətlərinin uğurlu inkişafı Qafqaz-Xəzər regionunda sabitlik və təhlükəsizliyin mühüm amilidir. Azərbaycan MDB ölkələri arasında Rusiyanın əsas ticarət partnyorlarından biridir.  Azərbaycan Rusiya hökumətləri arasında sərbəst ticarət, hava əlaqəsi və hava nəqliyyatı sahəsində əməkdaşlıq, elektroenergetika sahəsində əməkdaşlıq prinsipləri, qarşılıqlı ticarətdə vasitəli vergilərin tutulması prinsipləri, beynəlxalq avtomobil əlaqələri, iqtisadi əməkdaşlığın əsas prinsipləri və istiqamətləri, dəmir yolu nəqliyyatı ilə sərnişin və yük daşınmasının təşkili üzrə sazişlər mövcuddur. Son illərdə ikitərəfli ticari-iqtisadi əlaqələr və investisiya əməkdaşlığı davamlı şəkildə inkişaf edib.

Millət vəkili hesab edir ki, keçirilən Forum da iki ölkə arasında qarşılıqlı faydalı ticarət-iqtisadi, sərmayə və elmi-texniki əməkdaşlığın dərinləşdirilməsi və onların keyfiyyətcə yeni səviyyəyə çatmasına öz töhfəsini verəcək. Xüsusilə, regionlar arasında iqtisadi əlqələrin gücləndirilməsi təqdirəlayiq haldır.

M.Cəfərov ötən il ölkələrimiz arasında ikitərəfli yükdaşımaların ümumi həcminin 11 faizdən çox artdığını bildirərək, ikitərəfli əməkdaşlığımızın uğurla inkişaf edən və perspektivli sahəsi olan nəqliyyat və tranzit daşımalar sahəsindən danışaraq deyib ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ölkələrimizin əraziləri vasitəsilə Cənubi Asiyadan Avropaya yüklərin daşınması üçün optimal imkanların yaradılmasına yönəlib və 2023-cü ildə dəhlizlə yükdaşımaların həcmi təxminən 17 faiz artıb. Həmsöhbətimiz iki ölkə arasında turizm imkanlarının genişləndiyini də diqqətə çatdırıb: “Rəsmi məlumatlara əsasən, ötən il Rusiyadan Azərbaycana 625 mindən çox turist səfər edib. Qısa müddət ərzində Dağıstan, Tatarıstan, Başqırdıstan, Udmurt, Həştərxan vilayəti, Perm diyarı, Ryazan vilayəti və Rusiya Federasiyasının digər subyektləri ilə qarşılıqlı səfərlər həyata keçirilib. Azərbaycan Rusiyanın 80-ə yaxın subyekti ilə iqtisadi və humanitar sahələrdə mühüm əlaqələr qurub, 20 subyektlə iqtisadi-ticarət, elmi-texniki və mədəni sahələrdə qarşılıqlı fəaliyyətə dair sənədlər imzalanıb. Bütün bunlar iki ölkənin regionlarının arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini göstərir”.

Paylaş:
Baxılıb: 193 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30