Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Rəqəmsal icra hakimiyyəti: nə dəyişəcək?

Rəqəmsal icra hakimiyyəti: nə dəyişəcək?

09.04.2022 [10:17]

M.ƏHMƏDOĞLU

Müasir dövlət kimi inkişaf edən Azərbaycan yerli icra hakimiyyəti qurumlarının strukturunun təkmilləşdirilməsini, onlara əlçatanlığın daha yüksək səviyyədə təmin olunmasını və bu zəmində ölkə üzrə vətəndaş məmnunluğunun artırılmasını strateji məqsəd kimi qarşıya qoyub. Bu baxımdan, respublikamızda 2021-ci ildən rəqəmsal icra hakimiyyəti portalının fəaliyyətə başlaması xüsusi önəm daşıyır. Yeri gəlmişkən, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiqlənən “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planında da dövlət qurumlarının, o cümlədən də yerli icra hakimiyyətlərinin fəaliyyətinin səmərəliliyinin artırılmasını özündə ehtiva edən bir sıra mühüm müddəalar yer alıb. Sənədə əsasən, yerli icra hakimiyyəti orqanları tərəfindən göstərilən elektron xidmətlərin sayının artırılması və səmərəliliyinin yüksəldilməsi məqsədilə həmin xidmətlərin Elektron Hökumət Portalına inteqrasiya olunmuş vahid rəqəmsal icra hakimiyyəti portalı üzərindən göstərilməsi hədəflənib.

Ölkəmizin müasir reallığı

İdarəetmədə rəqəmsal tətbiqlərə yer verilməsi Azərbaycanın həyatında bir yenilik olsa da, belə platformaların əhatə dairəsi davamlı şəkildə genişlənməkdədir. Bununla bağlı statistika kifayət qədər zəngindir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzindən (EHİM) “Yeni Azərbaycan”a verilən məlumatda ölkəmizin müasir simasını əks etdirən  tətbiqlərdən ətraflı bəhs olunur. Məlumatda bildirilir ki, təkcə 2021-ci ildə “ASAN Login” Vahid Giriş Sistemində videoqeydiyyat və videoyazı vasitəsilə yeni mobil nömrənin əlavə olunması, habelə digər funksionallıqlar və xidmətlər yaradılıb. 2020-ci illə müqayisədə 2021-ci ildə “ASAN Login”də istifadəçi sayı 32% artıb. Ən son statistik göstəricilərə əsasən “ASAN Login”də təqribən 2,4 milyon istifadəçi var. Hazırda “ASAN Login”ə 40 qurum və 79 sistem inteqrasiya olunub.

2021-ci ilin fevral ayında şəxsi kabinet əsaslı elektron hökumət portalı - “myGov”un mobil tətbiqi istifadəyə verilib. Habelə platformaya COVID-19 üzrə  əks göstəriş, immunitet və peyvənd sertifikatları inteqrasiya olunub, doğum və ölümün elektron qeydə alınması xidməti hazırlanaraq vətəndaşların istifadəsinə verilib. Bununla yanaşı “myGov” mobil tətbiqinin yeni versiyasına təhlükəsizliyin daha da gücləndirilməsi məqsədilə biometrik identifikasiya funksiyası əlavə olunub. İl ərzində “myGov”da istifadəçi sayında əhəmiyyətli artım qeydə alınıb. 2020-ci ilə nisbətən 2021-ci ildə “myGov”da istifadəçi sayı 81% artıb. Ən son statistik göstəricilərə əsasən “myGov”da 874 mindən çox istifadəçi var. “myGov” vasitəsilə vətəndaşlar 710 xidmətə çıxış və 21 növ bildiriş əldə etmək imkanı qazanıblar. Həmçinin 2022-ci ilin yanvar ayında “myGov”un mobil tətbiqi “Qlobal Hökumət Mükəmməlliyi” mükafatının (“Global Government Excellence award”) “Ən yaxşı ağıllı mobil tətbiq” kateqoriyasının “elektron xidmətlər” nominasiyası üzrə qalib seçilib.

Bürokratiya, korrupsiya kimi neqativlərə son

Bir vaxtlar yerli icra hakimiyyəti qurumları vətəndaş məmnunluğunu təmin etməkdən çox uzaq idilər. İnsanların get-gələ salınması, korrupsiya halları bu qurumlarda adi hala çevrilmişdi. EHİM-nin rəqəmsal icra hakimiyyəti- rih.gov.az portalınının istifadəyə verilməsi ilə belə neqativlərin əhatə dairəsi getdikcə daralır. Portal qərar qəbuletmə prosesində çevikliyin artırılması, rəqəmsal savadlılıq səviyyəsinin yüksəldilməsi, vahid məkandan xidmətlərə çıxışın təmin edilməsi, vətəndaşların vaxtına qənaət edilməsi, müraciət prosesinin asanlaşdırılması, habelə yerli icra hakimiyyətlərinin fəaliyyətində çeviklik və səmərəliliyin təmin edilməsinə hədəflənib. Rəqəmsal platforma vətəndaşlara icra hakimiyyətləri tərəfindən təqdim edilən bir sıra xidmətləri elektron qaydada əldə etmək imkanı yaradır. Portala, Naxçıvan Muxtar Respublikası istisna olmaqla bütün icra hakimiyyətləri (77 yerli icra hakimiyyəti) inteqrasiya olunub.

Rəqəmsal icra hakimiyyəti portalının xidmətlər bölməsində vətəndaşlara 12 elektron xidmət təqdim olunur. Bu xidmətlərdən 9-u yerli icra hakimiyyətlərinin vətəndaşlara göstərdikləri dövlət xidmətləridir.

E-iştirakçılıq

Rəqəmsal icra hakimiyyəti portalının mühüm fəaliyyət istiqamətlərindən birini E-iştirakçılıq təşkil edir. E-iştirakçılıq bölməsi vasitəsilə vətəndaşlar ictimai aktual mövzularla bağlı icra hakimiyyətinə müraciət göndərə bilərlər. Vətəndaş E-iştirakçılıq bölməsinə keçid etməklə, yerli icra hakimiyyətini, daha sonra müraciətin istiqamətini seçməklə “Yeni Müraciət” yaratmaq imkanına malikdir. Müraciət yerli icra hakimiyyəti orqanları tərəfindən təsdiq olunduqdan sonra sorğu portalın E-iştirakçılıq bölməsində digər vətəndaşların səs verməsi üçün yaradılır. Səs vermə anonim qaydada aparılır və nəticəsi portalda hər kəslə açıq şəkildə paylaşılır. Eyni zamanda, yerli icra hakimiyyəti orqanları da həyata keçirilməsi planlaşdırılan layihələr və yeniliklər barəsində vətəndaşların fikir və münasibətlərini bu modul vasitəsilə əldə etmək imkanına malikdirlər.

“Vətəndaş Qəbulu” portalın mühüm modullarından biridir. Sözügedən platform yerli icra hakimiyyəti orqanlarında görüş üçün onlayn müraciət etmək imkanını yaradır. Vətəndaşlar yerində qəbula müraciət etdikdən sonra müraciətə müvafiq icra hakimiyyəti tərəfindən baxılır. Daha sonra vətəndaşın şəxsi kabinetində görüşün vaxtı və görüşüləcək şəxs barədə məlumat yerləşdirilir.

Beləliklə, rəqəmsal idarəçilik həyatımızda çox şeyi dəyişəcək. Əsas məqamlardan biri ondan ibarətdir ki, vətəndaşlarla icra hakimiyyətləri arasında baryerlər aradan götürülür və hər iki tərəf bir-birinə yaxınlaşır.

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır

Paylaş:
Baxılıb: 179 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

28 May 10:15

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31