Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Startaplara “yaşıl işıq”

Startaplara “yaşıl işıq”

04.06.2022 [11:16]

Startapçı ol, vergidən azad ol

MÜBARİZ

Liberal iqtisadiyyata transformasiyanı uğurla təmin edən Azərbaycanda sahibkarlıq fəaliyyəti dövlət tərəfindən həm siyasi, həm də maddi cəhətdən dəstəklənir. Son illərdə respublikamızda həyata keçirilən yeni nəsil islahatların böyük bir qismi sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılmasını, onların maliyyə mənbələrinə və satış bazarlarına çıxış imkanlarının genişləndirilməsini,  ölkədə biznes mühitinin daha da optimallaşdırılmasını və bu kimi digər məqsədləri hədəfləyib. Belə geniş əhatəli dəstək tədbirlərinin nəticəsi olaraq 2026-cı ilədək Azərbaycanda KOB-ların ÜDM-də payının 60%-ə, məşğulluqda 70%-ə və qeyri-neft ixracında 40%-ə çatdırılması qarşıya hədəf kimi qoyulub.

Startap şəhadətnaməsinin üstünlükləri

Respublikamızda sahibkarların innovativ əsaslı fəaliyyəti müxtəlif mexanizm­lər vasitəsi ilə dəstəklənir və təşviq olunur. Kiçik və orta biznes subyektlərinin elm tutumlu, texnoloji yenilikləri özündə ehtiva edən layihələrinə startap şəhadətnaməsinin verilməsi belə mexanizmlərdən biridir. Bu günlərdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 3 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib. Bununla da respublikamızda “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 42-yə çatıb. Bu dəfə “Startap” şəhadətnaməsi “E-legal” MMC-nin hüquq məsləhət xidmətlərinin onlayn təşkili, “Psixosən” MMC-nin psixoloq xidmətlərinin onlayn təşkili üzrə vasitəçilik xidməti və fərdi sahibkar Cavad İbrahimlinin kənd təsərrüfatı məhsullarının onlayn satış platforması layihələri üçün təqdim edilib.

 “Startap” şəhadətnamələri qalib layihələrin müəllifi olan sahibkarlar üçün bir sıra üstünlüklər yaradır. Belə ki, bu şəhadətnamələr KOB subyektlərini sənədi aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

Qeyd edək ki, startap layihələrinin qalibləri Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiqlənən meyarlar əsasında ciddi seçim aparılmaqla müəyyənləşdirilir. Seçim, bir qayda olaraq, ən yaxşılar arasından edilir. Rəqabətin yüksək olması respublikamızda innovativ əsaslı fəaliyyətə marağın getdikcə artdığını əyani şəkildə təsdiqləyir. Seçimə təqdim olunan layihələr müxtəlif istiqamətləri əhatə edir.

Yerli startaplar “TEKNOFEST Azərbaycan”da

Mayın son günlərində Bakıda ilk dəfə baş tutan “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında yerli startapların uğurla təmsil olunmaları son dərəcə qürurvericidir. Deyə bilərik ki, festival yerli startapların innovativ məhsul və xidmətlərinin tanıdılması, investorlara təqdim edilməsi və xarici startaplarla fikir mübadiləsi üçün əlverişli platformaya çevrildi. Bu məqsədlə “TEKNOFEST Azərbaycan” çərçivəsində müsabiqələr, “Take Off Baku” Startap Sammiti və sərgilər keçirildi. Yerli startaplar onlar üçün ayrılmış xüsusi stenddə innovativ layihə və həllərini təqdim etdilər. Burada kənd təsərrüfatı və “ağıllı şəhər” üçün qurğu və həllər, smart işıqlandırma, dronlar, kanalizasiya sularından enerji əldə edilməsi üçün qurğu, logistika üçün “ağıllı poçt qutuları”, mikrodalğalarla yuma cihazı, tullantı yağların emalı sistemi, yumşaq oyuncağı ağıllı oyuncağa çevirən qurğu, 3D printer və proqram təminatı və s. kimi innovativ həllər uğurla nümayiş olundu. Festival müddətində startaplar layihələrini investorlara və vençur fondlarına təqdim etmək imkanı  qazanıblar, eləcə də ümumi mükafat fondu 50 min ABŞ dolları olan yarışmaya qatılıblar.

“TEKNOFEST Azərbaycan” çərçivəsində keçirilən “Take Off Baku” Startap Sammitinin qalibləri sırasında milli startaplarımız da yer alıblar. Münsiflər heyətinin qiymətləndirməsinə əsasən, 50 iştirakçıdan 25-i startap sammitinin final mərhələsinə keçid alıb. Startaplar pitçinq, innovativlik, müştəri yönümlülük, rəqabətə davamlılıq, məhsul təklifi, kommersiyalaşdırılma potensialı və komanda səriştəliliyinə görə qiymətləndirmə prosesindən keçiblər. Finala vəsiqə qazanmış 25 startapdan 14-ü Azərbaycanı, 4-ü Türkiyəni, 3-ü ABŞ-ı, 1-i Misiri, 1-i Pakistanı, 1-i Argentinanı, 1-i Estoniyanı təmsil edib. “Take Off Baku” Startap Sammitinin qalibi 1-ci yer üzrə ABŞ-ın “Resepta” startapı (layihənin adı: elektron qəbzlərin yaradılması sistemi), 2-ci yer üzrə Azərbaycanın “E-Point” startapı (layihənin adı: Fintech, ödəniş sisteminin inteqrasiyası texnologiyası), 3-cü yer üzrə Türkiyənin “Co-Print” startapı (layihənin adı: 3D texnologiyası) olub.

“TEKNOFEST Azərbaycan”da, həmçinin İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin innovativ layihəsi olan EnterpriseAzerbaijan.com portalı “Yaşıl texnologiyalar” müsabiqəsi üzrə “Ecoprint” layihəsi ilə təmsil olunub. Layihəni EnterpriseAzerbaijan.com portalının “Ecofirendly” komandası təqdim edib. Azərbaycan komandasının layihəsi “Yaşıl texnologiyalar” müsabiqəsi üzrə III yerə layiq görülüb.

Üz tanıma və təbəssümlə ödəmə platforması

İlk addımlarını atan biznesləri dəstəkləmək üçün Mastercard tərəfindən Start Path proqramında iştirak edəcək səkkiz yeni startap seçilib. Proqram xidmətlərini sınaqdan keçirmək üçün inkişafın son mərhələsində olan startaplara öz müştəri bazasına çıxış imkanı verir. Seçilmiş startaplar arasında Azərbaycan SmilePay-la təmsil olunur. Verilən məlumata görə, ABŞ, Böyük Britaniya, Sinqapur, Nigeriya, Azərbaycan, Avstraliya və Yeni Zelandiyadan olan şirkətlər borc pul, ödəniş məlumatlarının idarə edilməsi, investisiya və üz tanınması da daxil olmaqla bir sıra xidmətlər təqdim edirlər.

Azərbaycandan olan SmilePay startapı qrupun uğurlu üzvlərindən b?rinə çevrilib. Milli startapımızın layihəsi pərakəndə satış və e-ticarətdə istifadə üçün bütöv ödəniş prosesini cihazsız və nağdsız əməliyyatlara daşıyan üz tanıma texnologiyasına əsaslanan yeni nəsil ödəniş həlli təqdim edir.  “2014-cü ildə təsis edildiyi vaxtdan bəri Start Path proqramında 300-dən az startap iştirak edib. Biz Mastercard Start Path akselerator proqramına qoşulan ilk Azərbaycan startapı kimi pərakəndə satış və e-ticarət üçün üz tanıma vasitəsilə ödəniş həlli olan SmilePay-i təqdim etməkdən məmnunuq. Bundan sonra istehlakçılar 2500-dən çox mərkəzi (nodal) nöqtədən istifadə edərək üzlərini qeydiyyatdan keçirə, debet kartları, loyallıq kartlarını əlavə edə və təbəssümlərindən istifadə edərək 1000-dən çox məkanda və həmçinin onlayn qaydada ödəniş edə bilərlər,” - deyə Mastercard-ın Türkiyə və Azərbaycan üzrə ölkə meneceri Avşar Gürdal bildirib. “SmilePay proqramı ilə siz indi kassada növbə gözləmədən asanlıqla ödəniş edə bilərsiniz. Biz bunu sizin üçün ən rahat, ən sürətli və təhlükəsiz ödəniş üsuluna çevirmək niyyətindəyik”.

Whelp, Inc. və SmilePay, LLC:Chatbots & Fintech-in baş icraçı direktoru Seymur Rəsulov öz növbəsində qeyd edib ki, MasterCard Start Path proqramı Smilepay.az üçün xəyalların gerçəkləşdiyi məkandır.

“1500+ müraciət arasında biz bu 8 komandalıq qrupun bir hissəsi olmaq şərəfinə layiq görüldük. Mastercard Start Path bizim üçün yeni qapılar açacaq, nou-hau (know-how) təqdim edəcək və biz regionda böyümə və genişlənmə üçün ömürlük tərəfdaş əldə edirik. SmilePay ən qabaqcıl üz tanıma texnologiyalarının birindən istifadə edir və ən aşağı ödəniş haqqı ilə cihazsız, nağdsız həll yolu kimi yerli bazara daxil olur. MasterCard-ın dəstəyi və ölkənin ən böyük ərzaq mağazaları şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində SmilePay 5 may 2022-ci il tarixindən etibarən 500-dən çox terminalda keçərlidir”, - deyə Rəsulov bildirib.

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti üzrə hazırlanmışdır

Paylaş:
Baxılıb: 541 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30