Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Nə yeyək ki, cavan qalaq?

Nə yeyək ki, cavan qalaq?

25.11.2021 [11:28]

Yaşadan və öldürən qidalar- İnsan əslində 25 yaşında qocalmağa başlayır

İnsan nə yeyirsə, odur, deyib müdrik adamlar. Dünya xalqlarının mətbəxinin zənginliyi landşafta görə dəyişir. Torpaqdan nə çıxırsa, insan onun bir hissəsini yeyir. Bu mənada xoşbəxt və bəxti az gətirən ölkələr var. Məsələn, Çində torpaq zülal versə də, insan sayının çoxluğu onlarda yeni qida tapmaq tələbatı yaradıb. Ona görə də hərəkət edən hər bir canlını, qurdları, böcəkləri, it, pişik, ilan fərq etməz, hər şeyi yeməyə məcburdurlar. Yaxud Yakutiyada ilin böyük bir hissəsini 40-80 dərəcə şaxtada yaşayan insanların əsas qidası qan və ətdir və onu çox zaman çiy halda istifadə edirlər. Yediyimiz hər bir qida bizə ətraf mühit barəsində müəyyən informasiya ötürür. İqlim şəraiti bizə bəzən ildə bir neçə dəfə məhsul götürmək imkanı versə də, kənardan gələn qida növlərinə də yox demirik. 1996-cı ildən başlayaraq bütün dünyada maraqla qarşılanan informativ qida nəzəriyyəsinin banisi azərbaycanlı kulinar Tahir Əmiraslanovdur. İnformativ qida nəzəriyyəsi hər kəsə öz yaşadığı regionda yetişən təbii bitkilərdən istifadə etməyi məsləhət görür. 400 kilometrdən uzaq məsafədə yetişmiş bitkilərin istehlakının insan orqanizminə faydadan çox ziyanı var. Əks halda, biz bunu zəhərli informasiya ötürən məhsul kimi qiymətləndirə bilərik.

Son 15-20 ilin trendi sağlam qidalanma uğrunda başladılmış yarışlar oldu. Arıq olmağı sağlam olmaqla eyniləşdirən, bunu gözəllik kimi təlqin edən bir axın həyatımıza daxil oldu və çox şeylər dəyişdi. Bir zamanlar xəstələr üçün nəzərdə tutulan “diet” termini, pəhriz yeməkləri hamını əhatə etməyə başladı.  Arıqlamağı dəbə salanlar, sağlam qidalar adı altında məhsullarını baha qiymətə satmağa başladılar, arıqlama dərmanları əl-əl gəzdi və minlərlə insanın sağlamlığına ciddi zədələr vurdu, hətta can aldı. Plastik cərrahlar həm cibləri, həm bədənləri “yonmağa” başladılar. Mütəxəssislər artdıqca, dərmanlar çoxaldıqca, sağlam həyat tərzi dedikcə xəstələrimizin sayı çoxaldı. Yediyimiz, içdiyimiz dadını-tamını itirdi. Biz nəyi düz eləmədik? Bax bu barədə suala həkim-farmakoloq, Uluslararası Complete-Pharma Europe əczaçılıq şirkətinin export departamentinin direktoru Müşfiq Hüseynovla söhbətimizdə cavab axtaracağıq.

- Doktor, sağlam qida deyəndə nəyi başa düşmək lazımdır? Bu gün hər dietoloqun öz sağlam qida resepti var. Məgər, dədə-babalarımızdan öyrəndiyimiz qida vərdişləri yanlış idi?

- Əslində bu, elmi araşdırma mövzusudur. Çünki, hər etnosun, ölkənin, hətta regionun özünün qida rasionu, milli adətləri və nəticədə ağız dadı var. Son 10 ildə bütün dünyada yayılmış və istisnasız bütün dietoloqların əsas olaraq götürdüyü qida rasionu 3 ağ ölümü-duz, un və şəkəri tam ya da qismən yığışdırmağı tövsiyə edilir. Bu doğrudurmu? Həm hə, həm yox. Fikirlər haçalanır, həm tərəfdarlar var, həm əleyhinə olanlar. Səbəb isə çox  bəsitdir. Hər bir insan individiumdur və özünün fiziolo?i, bioloji, nəhayət genetik özəlliklərə malikdir. Hava ilə kökələn insanlarla yanaşı, bir oturuma bir çörək yeyib, fiziki sağlam olan, heç vaxt kilo almayanlar da var. Deməli, məsələ tək necə və nə yemək deyil. Çox haqlı olaraq, hamı 50-70 il əvvəli, nənə-babalarımızın yaşam tərzini misal çəkir. Niyə ömrü boyu yağlı, ləzzətli, ağır yeməklər yeyən, hətta çiy quzu quyruğunu dişinə çəkən yaşlılar indiki nəsildən daha sağlamdırlar, amma 20-25 yaşlı gənclərin böyük əksəriyyəti xəstədir? Ya da başqa yöndən baxaq, eyni yeməkləri yeyən gənclər sağlamdırlarmı? Əlbəttə yox. 50-70 il əvvəl babalar at belində gəzib, kənd təsərrüfatında çalışır, atalarımız zavod və fabriklərdə işləyirdilər. Deməli nə qədər yeməkdən çox, alınan enerji və kalorini necə yandırmaq önəmlidir. İndi insanlar az hərəkətlidirlər, əsas iş elektron, oturaq və monotondur. Bu, səbəblərdən biridir. Nəyi nə zaman və nə qədər yemək çox vacibdir, amma həlledici deyil. Bəs məsələ nədir? Əsas problem həyatımızı məhv edən, 3 ağ ölümdən daha təhlükəli olan 5 faktordur. Bunlar ekologiya, stress, həyat şəraiti, ayaqüstü qidalar və içkilər (fast-food, rəngli şirələr və energotoniklər) və şəxsi bədbinlikdir. Bu 5 faktorun qarşısında siz ideal ekoloji təmiz qidalansanız belə, qeyri-sağlam və gücsüz olacaqsınız. Xüsusilə gənc kişilər arasında son illərdə epidemiya halını alan cinsi aktivliyin azalması bu 4 faktorun birbaşa təsiri altındadır. Əslində dietoloqlar insanlara düzgün yaşamağı təbliğ etməlidirlər, ac qalmağı yox. İnsana xolesterin də, karbohidrat da, şəkər də, meyvə-tərəvəz və vitaminlər də lazımdır, amma hər zaman olduğu kimi qədərində. Nə az, nə çox. İnsanlar mütləq stress faktoru və oturaq həyat tərzini aktiv idman, fitnes, heç olmasa gündəlik işlə əvəzləməlidilər. Bunlar varmı? Yoxdur.

- Son illər dəbə düşmüş qida əlavələri barədə danışmağınızı istərdim. Protein tərkibli bu qidaları yalnız idmanla məşğul olanlar qəbul etməlidir? Ziyanı və ya faydası varmı?

- Amerika və Kanada əhalisinin 90%, Yaponiyanın 93% qida əlavələrindən istifadə edir. Bunun üçün milyardlarla pul xərclənir. Çünki, hamı xəstələnməməyə, gənc qalmağa çalışır. Orqanizmin qocalmasının və xəstələnməsinin ana səbəbləri yuxarıda sadaladığım 5 faktordur. Sadalanan faktorlar orqanizmi hüceyrə səviyyəsində zədələyir. Məsələn, gənclərdə göbək çıxır, erkən dazlaşma ya saç ağarması, gənc qadınlarda üz qırışları və ginekoloji problemlər yaranır. Bunların qarşısını tək sağlam qida ilə ala bilməzsiniz. Bu mərhələdə insanlar dağılmış və zədələnmiş hüceyrələrinin bərpası haqqında düşünürlər, aminturşular, vitaminlər, mineral və mikroelementlər qəbul edirlər. Etməmək olarmı və ya vacibdirmi? Olar və vacib deyil. Bunların hamısı ya orqanizmdə var, ya da qida ilə alınır. Orqanizmdə ümumilikdə 19-a yaxın aminturşu var, bunların çoxu əvəzolunan, bəziləri isə əvəzolunmayandır. Aminturşular sizin zədələnmiş hüceyrələrinizi bir müddətə kimi bərpa edir. Sonra aminturşu miqdarı çatmır. Çünki aminturşular, 22-25 yaşına kimi sintez olunur. Yəni biz ömrümüzün qalan hissəsində 25 yaşına kimi yığdığımız balansdan istifadə edirik. Nəticə-qocalma 35 yaşlarında yox, 25 yaşında başlayır. Sadəcə biz bunu güzgüdə 35 yaşlarında görürük. Yaşlanmanın bütün elementləri- dəri solğunluğu, qırışlar, saç tökülməsi, göz zəifləməsi, dişlərin tökülməsi, qazanılmış yanaşı xəstəliklər, səbəbi məlum və məlum olmayan xəstəliklər - bunlar hamısı nəticədir. Səbəb isə birdir-gündəlik məruz qaldığınız sərbəst radikal zəhərlərin bizi çökdürməsi.

- Konkret olaraq nədir bu zəhər dedikləriniz?

- Elementar misalla bu “zəhər” anlayışını izah edim. Sizin gündəlik rasionunuz fast-food və ya sintetik qidadan ibarətdir. Müxtəlif qazlı şirələr və ya daha pisi, energotoniklərdən də hər gün istifadə edirsiniz. Bundan əlavə, siqaret çəkir, nəzarətsiz alkoqol qəbul edirsiniz. Ofisdə oturaq işiniz var, metabolizmanız pozulub, artıq çəkiniz var və tez-tez əsəbləşirsiniz. Bunlar ayrı-ayrılıqda hər biri sərbəst radikaldır, sadə dildə desək, insan üçün “zəhər”dir. 25 yaşdan sonra aktiv qocalma prosesinə start verilir və bu qarşısıalınmaz prosesə dönür. Qarşısını almağın tək yolu bioloji aktiv qida əlavələri qəbul etməkdir. Bu əlavələri isə xəstələnərkən yox, sağlam vaxtı qəbul etmək lazımdır.

- Doktor, bir aralar insanlar  astrona?tların kosmosda yedikləri qidaları axtarmağa başladılar. Daha faydalı olduğunu, az həcmdə yeməklə, uzun müddət tox qalmağın mümkünlüyünü düşünürdülər. Nanotexnologiya əsasında hazırlanmış qidalar varmı?

- Astronavt yeməkləri barədə fikir deyə bilmərəm. Nanotexnologiyaya əsaslanan qidalar var. Məsələn, süni ət, yumurta, düyü, kələm. Bunu çinlilərin hazırladığı süni, plastik qidalarla səhv salmayaq. Dadı, ətri, xarici görünüşü eyni olmaqla, tərkibindəki bəzi zərərli maddələrin olmadığı bir kütlədən gedir söhbət. Amma mən bunu da çıxış yolu olaraq görmürəm. Çünki dünyanın heç bir süni qidası natural ekoloji təmiz qidanı əvəz edə bilməz.

- Bəs “əhali sayı artır, Yerin qida resursları bəs etməyəcək” kimi həyəcan siqnalları müqabilində nə etməli?

- Elm bunun da çarəsini tapdı. Qida əlavələri bizim ömrümüzü uzadır, amma onların uzunmüddətli və davamlı qəbulu həm diskomfort, həm də ciddi məsrəflər yaradır. Digər problem odur ki, aldığımız qidanın, qida əlavəsinin və hətta dərmanların belə cüzi hissəsindən yararlana bilirik, qalanı orqanizmə heç bir xeyir vermədən tullantıya gedir. Çox sadə bir misal çəkim, onkoloji xəstəliklərin qarşısını almaqda məşhur olan möcüzəli sarıkök (curcuma latınca) bitkisinin sadəcə 1 faizi mənimsənilir. Son illərdə nano elmi farmakologiyada və qida əlavələrində liposomal texnologiya şəklində tətbiq olunmağa başlayıb. Çox qısa və sadə izah etsək, bu texnologiyanın əsası, qidanın və ya elementin (fərqi yoxdur vitamin, aminturşu və ya mikroelement olsun) ətrafında fosfolipid (ikiqat yağ çevrəsi) təbəqə formalaşdırmaqla, onların hüceyrələrimizə 1% deyil, 93-95% keçməsini təmin etmək üzərində dayanır. Bunun nəticəsində zamanında və düzgün aldığımız qida əlavələri bizim hüceyrələrin hamısını da olmasa, əksəriyyətini bərpa edəcək. Bundan sonrakı mərhələ isə tokosom texnologiyası və dərmanların minirobotlarla lazım olan hüceyrəyə target, yəni hədəf çatdırılması olacaq. Bütün bu çalışmalar və yeni texnologiyaların tətbiqi qarşıdakı onilliklərdə insan ömrünü ən az 120, gələcək əsrlərdə isə 150-200 ilə qaldıra biləcək.

İ.Rəsulova

 

 

Paylaş
Baxılıb: 82 dəfə

Xəbər lenti

Hamısına bax

Hava dəyişəcək

29 Noyabr 15:05

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31