Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Qərbin “at gedişi”...

Qərbin “at gedişi”...

11.07.2024 [10:23]

İrəvanı öz oyunlarına alət edən qüvvələrin növbəti hədəfi

Cənubi Qafqazda “siyasi tozanaq” yaratmaq istəyən güclərin oyunları fiaskoya uğrayır. Bir müddət öncə, Ermənistana böyük-böyük vədlər verən Qərbin iç üzü açıldıqca İrəvan buraxdığı səhvləri anlamağa başlayıb. Bu haqda az sonra - indi isə, bölgənin yeni siyasi atlasında hələ də özünə yer tapa bilməyən rəsmi İrəvanın siyasi mövqeyinə, daha doğrusu, mövqesizliyinə nəzər salaq.

2022-ci ildən bu yana Azərbaycanın təşəbbüsü ilə ortaya çıxan sülh gündəliyi Cənubi Qafqaz ölkələri üçün gələcək perspektivin “bileti” sayılırdı. O baxımdan ki, Ermənistanın da Azərbaycan və Gürcüstanın mövcud əməkdaşlıq qrupuna əlavə edilməsi bölgə üçün yeni üfüqlər vəd edirdi. Bölgə, daha dəqiq desək, 30 ilə yaxın “ələ baxmağa” öyrənmiş Ermənistan artıq özünün yeni inkişaf mərhələsini yarada bilərdi. Azərbaycanın rəhbərliyi ilə başlanan bu proses nəticədə Ermənistana həm dövlətçilik, həm rifah, həm inkişaf, həm də həqiqi müstəqillik imkanı yaradırdı.

Aİ Ermənistana quru “söz” verir...

Amma Ermənistan bu imkanlara arxa çevirdi - Fransanın, konket olaraq Makronun təzyiqi və təkidi ilə üzünü guya Qərbə “çevirən” Paşinyan komandası fərqli coğrafiyalarda dividend axtarmağa başladı. Təbii ki, bu addım həm siyasi, həm də iqtisadi cəhətdən səhv yol idi.

-Birincisi, heç bir xüsusi ixrac və ya istehsal gücü olmayan Ermənistanın yaşaması xarici faktorlardan asılıdır. Region dövlətləri ilə münasibətlərini kritik vəziyyətə çatdıran Ermənistan siyasi rəhbərliyi mədəd umduğu və “üzvü olacağını” sandığı Avropa İttifaqının kölgəsinə sığınaraq fərqli bir “yol cızacağını” düşünürdü. Hətta Aİ-nin verdiyi “sözlər” Paşinyan və komandasının bəzi üzvləri üçün “şüara”, “devizə” çevrilmişdi - Aİ-nin beşinci, altıncı dərəcəli üzvləri ilə “görüşən” Ermənistan hakimiyyəti səsləndirilən gəlişi gözəl sözlərdən ağlını itirdi - bu ilin aprelində Avropa Komissiyası ilə baş tutan “toplantı” isə sonun başlanğıcı kimi tarixə yazıldı.

Bəli, bu toplantı bir tərəfdən Ermənistanın şirnikləndirilməsi və nəticədə Avropaya yönləndirilməsi üçün tələ idisə, digər tərəfdən, Ermənistan ictimaiyyətinin ayılması üçün vəsilə oldu. Bəhs açılan “tərəfdaşlıq” münasibətlərinin bütün konturları Ermənistan vətəndaşlarına tanış gəlirdi - bu fikirlər, bir zamanlar Gürcüstan üçün səsləndirilirdi. 2000-ci illərin ortalarında qonşu dövlətə ayaq açan Qərb “demokratik institutları” qısa zamanda öz maraqlarını təmin etmək üçün zəmin yaratmağa çalışırdı - bunun üçün isə yenə də diplomatik ritorikadan istifadə olunur, “beynəlxalq hüquq” adı altında korporativ maraqlar önə çəkilir, dövlətin mənafeyi arxa plana keçirilirdi. Eyni situasiya Ermənistan üçün də keçərli oldu - bu dəfə də, real və konkret əməkdaşlıqdan deyil, Ermənistanı “siyasi poliqon” statusunda işlətmək mexanizmləri müzakirə predmetinə çevrildi. Məsələn, Aİ üzvü olacağına söz verilsə də ona “namizədliyə namizədlik” statusu belə tanınmadı. Avropaya sərbəst giriş-çıxışı təmin edən Şengen vizası məsələsi açıq qaldı. Nəticədə, Qərb özünün kəşfiyyatçı QHT-lərini Ermənistan üzərindən maliyyələşdirmək planlarına start verdi.  

Yeni “Troya atları”...

Səslənən fikirlər heç də sadəcə iddia deyil - Ermənistanın bütün mənalarda “təcrübə labarotoriyası” kimi istifadə edilməsi faktlarla ortadadır. Qarşılığında isə 4 il ərzində cəmisi 270 milyon avro məbləğində qrant ayırılacaq - həmin qrantların hansı QHT-lərə ayrılacağı isə indidən bəllidir. Həmin təşkilatlar Ermənistanın içində Qərbin emissarlığını həyata keçirəcək.

Beləliklə, Aİ-yə yaxınlaşmaq, Qərbin çətiri altına girmək həvəsi qarşılığında lazımi effekti vermədi - xüsusilə, Paşinyanın gözlədiyi “səs-küy” yaranmadı. Onlar bir həqiqəti görürdülər, amma etiraf etməkdən çəkinirdilər. İstər Aİ-nin strukturları və üzv dövlətləri, istərsə ABŞ, istərsə də Ermənistanın siyasi hakimiyyəti dərk edirdi ki, regional həqiqətlər, regional reallıqlar məhz Azərbaycanın planlaşdırdığı strategiya və trayektoriya üzrə inkişaf edir. Yeni mərhələdə Ermənistan da daxil olmaqla Mərkəzi Asiya - Cənubi Qafqaz - Kiçik Asiya ticari xəttini aktuallaşdıran səbəblər və situasiyanın formalaşması birbaşa Azərbaycanla bağlıdır. Ölkəmizin 2020-ci il Vətən müharibəsi və 2023-cü il lokal antiterror tədbirlərində əldə etdiyi qələbə, ardından isə beynəlxalq aləmin iqtisadi maraqlarını bölgədə uzlaşdırması ən əsas amil kimi çıxış edir. Yəni,  bu məsələdə Ermənistanın hər hansı bir xüsusi və ya diqqətçəkici rolu yoxdur, ola da bilməz. Sadəcə, hər zaman olduğu kimi bu dəfə də “siyasi alətə” çevrilən Ermənistan fərqli maraqların “dəyənəyi”nə çevrilmək arzusuna düşmüşdü. Halbuki Azərabycanın təklif etdiyi sülh və normallaşma prosesi İrəvana hər şeydən öncə siyasi-iqtisadi müstəqillik qazandırmaq, öz maraqları çərçivəçsində qərarlar vermək iqtidarı qazandırmaq üçün fursət idi...

5 aprel görüşünün gizli şifrəsi...

Bəli, Azərbaycanın gücü və qüdrəti Qərbin ona öz iddiaları ilə yaxınlaşmasına imkan yaratmır. Bakı aparıcı aktor kimi bölgədə formalaşan siyasi situasiyanı özü müəyyənləşdirir. Bu isə Qərbin maraqları və planları ilə uzlaşmır - onlar, bölgəyə təsir mexanizmini mütləq şəkildə hansısa region ölkəsi üzərindən həyata keçirməlidir. Əgər illər öncə bu proses Gürcüstan vasitəsilə reallaşırdısa, artıq tədricən Tbilisi özünün maraqlarını qorumaq üçün açıq demarşa başlayıb. Məsələn, bir neçə ay öncə böyük səs-küyə və qalmaqala səbəb olan “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbulu Aİ-nin Cənubi Qafqazda aldığı ən böyük zərbələrdən sayıla bilərdi. Qərbin “Troya atları” ard-arda ifşa ediləcək, onların xarici mənafeyə xidmət etməsi qanunən araşdırılacaqdı. Bu isə Aİ üçün sözün əsl mənasında Cənubi Qafqazın itirilməsi demək idi. Təbii ki, bu qanunun hazırlanmasından əvvəlcədən xəbərdar olan Avropanın kəşfiyyat strukturları növbəti “hədəf” kimi özlərinə həm də məcburi şəkildə Ermənistanı müəyyənləşdirmişdilər. 5 aprel görüşünün əsas gizli şifrəsi məhz burada açılır...

Amma bu görüşdən cəmisi 3 ay sonra bütün detallar çılpaqlığı ilə üzə çıxır. Bəlli olur ki, nə Avropa, nə də digər dairələr İrəvana “istədiyini” vermək gücündə deyil. Aprelin ortalarında Azərbaycanla delimitasiya və demarkasiya prosesinin ilkin mərhələsinin həyata keçməsi isə Ermənistanın həqiqətləri dərk etdiyini göstərirdi - sülh prosesinə kənar müdaxilə və ya hər hansısa bir təzyiq mümkün deyil. Ermənistan bu və ya digər şəkildə Azərbaycanın irəli sürdüyü şərtləri qəbul etməli, Konstitusiyasını dəyişməli, bölgənin təhlükəsizlik arxitekturasının güclənməsi üçün bütün əsassız və terrora hədəflənmiş iddialarından əl çəkməlidir. Beləliklə, yeni mərhələdə Ermənistan dərk edir ki, Avropa İttifaqından ona “haray” yoxdur...

Ermənistan aldandığını anlayır...

Paralel olaraq bölgədə yeni iqtisadi mənzərə yaranıb. Azərbaycanın rəhbərliyi ilə bölgənin gələcək inkişafının qlobal təzahürləri meydana çıxır. Çinin ölkəmizlə strateji münasibətlər qurmaq arzusundan çıxış etməsi, Şanxay Əməkdaşlıq Təşkilatının və Türk Dövlətləri Təşkilatının bölgənin gələcək perspektivindəki real və məzmunlu iştirakı Ermənistana etdiyi səhvləri bir-bir göstərir. Qərbə sığınmaq, Fransanın destruktiv planlarına alət olmaq, lazımsız silahlanma əvəzinə Ermənistan sülh gündəliyini inkişaf etdirmiş olsaydı, bu gün fərqli maraqların aləti sayılmaz, özünün yeni inkişaf trayektoriyasını yaradardı. Ən azından regional əməkdaşlıq platformalarının tərkib hissəsi olmağı bacarardı. İndiki halda həm bölgəsəl layihələrdən kənarda qalma təhlükəsi yaşamaqdadır, həm də Qərbin nazı ilə oynamaq məcburiyyətindədir. Bu mənada, diqqəti cəlb edən məqamlardan biri Ermənistanın son günlərdə yavaş-yavaş yenidən köhnə orbitinə qayıtması prosesinə start verməsidir. Artıq Ermənistan mediasında Qərbin onları aldatması, Gürcüstan nümunəsi, Avropanın öz problemlərinin içində itib-batması, Türkiyə və Azərbaycanla münasibətlərin normallaşmasının onlara qazandıracağı dividendlərlə bağlı materiallar “göz oxşayır”.  Amma bu dəfə problem başqa bir tərəfdəndir...

Ermənilər İrandakı seçkilərin nəticələrindən narahatdırlar

Ermənistan həm də bölgədə yaranan yeni siyasi situasiyadan narahatdır. Müstəqil xarici siyasət kursuna malik olan Azərbaycan bölgədə dostluq və əməkdaşlıq mühiti formalaşdırıb. Qonşuluq münasibətlərində mühüm detallar önə çəkilməkdədir. İstər Cənubi Qafqaz, istərsə də Xəzər akvatoriyası üzrə qonşu dövlətlər arasında əlaqələr günü-gündən genişlənməkdədir. Mərkəzi Asiya ölkələrinin Cənubi Qafqaza olan marağı və iqtisadi imkanlarının təqdim edilməsi prosesi Azərbaycanın xətti ilə təmin edilir. Xüsusilə, cənub qonşumuzla münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyur. Təsadüfi deyil ki, İranda keçirilən son prezident seçkilərinin nəticələri Ermənistanda olduqca geniş müzakirələrə səbəb olub. Hətta sosial şəbəkələrin erməni seqmentində İranın yeni prezidenti Məsud Pezeşkianın Azərbaycan əsilli olması xüsusi vurğulanıb. Erməni ictimaiyyəti Azərbaycan Prezidentinin İranın yeni dövlət başçısına həm təbrik məktubu ünvanlamasını, həm də telefonla danışmsını ikitərəfli əlaqələrdə yeni zəmin kimi dəyərləndirir. Bu baxımdan, artıq cəmiyyət Paşinyan komandasının tutduğu birtərəfli yolun uğursuz olduğunu açıq şəkildə görür. Avropa və ya Qərb dairələrinə sığınmaqdansa, qonşuluq münasibətlərinin inkişafının daha prioritet olmasının vacibliyi önə sürülür...

Qərb məngəsindən çıxa bilmir

Artıq Qərb Ermənistanı rahat buraxmaq niyyətində deyil. Xüsusilə, Gürcüstanın özü üçün yeni yol təyin etməsindən sonra Aİ Tbilisi ilə inteqrasiya prosesini dayandırıb. Paralel olaraq Gürcüstan Müdafiə Nazirliyinə 30 milyon avro ayrılması da dayandırılıb. Bu isə o deməkdir ki, Ermənistanın Qərbin bölgədəki əlaltısı statusundan xilas olması çətinləşir.

Qərb Gürcüstanla hərbi əməkdaşlığını da arxa plana keçirir - ABŞ Gürcüstanla birgə keçirilməli olan “Noble Partner” hərbi təlimlərini qeyri-müəyyən müddətə təxirə salıb. Pentaqonun saytında yerləşdirilən bu məlumatda bildirilir ki, qərar rəsmi Tiflisin ABŞ-ni Rusiya ilə münasibətləri pozmaqda ittiham etməsi ilə əsaslandırılıb. Qeyd edək ki, “Noble Partner” hərbi manevrləri iyulun 25-dən avqustun 6-dək təşkil olunmalı idi.

Başqa diqqətçəkən məqam isə... İyulun 15-dən 24-dək Ermənistanda ABŞ və Ermənistan hərbçilərinin iştirakı ilə “Eagle Partner” (“Qartal tərəfdaşlığı”) hərbi təlimlərinin keçiriləcəyi ilə bağlı məlumatdır. Təlimlərdə Ermənistan silahlı qüvvələrinin sülhməramlı briqadası, ABŞ ordusunun Avropa və Afrikadakı hərbi qulluqçuları və Kanzas Milli Qvardiyası iştirak edəcək. Bildirilib ki, təlimin keçirilməsində məqsəd beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələrin koordinasiya səviyyəsinin yüksəldilməsi, idarəetmə və taktiki rabitə sahəsində təcrübə mübadiləsinin aparılması, döyüş hazırlığının artırılmasıdır.

Göründüyü kimi, Qərb artıq bütün vasitələrlə Ermənistanı öz caynağından buraxmaq niyyətində olmadığını ortaya qoyur. Xüsusilə, maliyyə asılılığı (lobbi qruplarının İrəvana göndərdiyi pullar nəzərdə tutulur), ABŞ-ın Ermənistana etdiyi bəzi “jestlər” (məsələn “907-ci düzəliş” xarakterli) İrəvanın bu çəmbərdən xilası olmasını çətinləşdirir. Amma fakt odur ki, artıq İrəvan peşmanlıq yaşamağa başlayıb...

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 209 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Xarici siyasət

Analitik

Xarici siyasət

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Maraqlı

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31