Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bakıdan edilən “kövrək sülh” xəbərdarlığı, Ərdoğanın Əliyevə zəngi və…Paşinyan “val”ı necə dəyişdi?..

Bakıdan edilən “kövrək sülh” xəbərdarlığı, Ərdoğanın Əliyevə zəngi və…Paşinyan “val”ı necə dəyişdi?..

22.10.2026 [20:34]

Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır!” Bu, “Qarabağ Azərbaycandır. Nida”, bəyanat-xəbərdarlığına bərabər ismarıcdır, İrəvana ünvanlı “ağlınızı başınıza yığın” xəbərdarlığıdır! Azərbaycanın məşhur xalq məsəli var, deyəsən, hay tayfası onu oğurlamağa vaxt tapmayıb. Deyir “Adın nədir - Daşdəmir, yumşalısan, yumşalı!”

Ermənistan rəhbərliyi son bir neçə saatda “val”ı necə dəyişdilərsə, çoxları mat-məəttəl qaldı. Tipik erməniçilikdir: bir balaca boş buraxan kimi, şir-pələngə dönürlər, elə ki, Dəmir Yumruğu xatırlatdın, özləri deyirlər ki, “Allah haqqı erməni millət deyil”.
Xülasə, son həftələrdə Ermənistanın baş naziri Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan və digərləri bir-birinin ardınca əzələ nümayiş etdirməyə cəhd göstərirdilər. Paşinyan deyirdi Ermənistan 2031-ci ilədək sülh müqaviləsinin imzalanmasını hədəfləyir, Mirzoyan da Zəngəzur dəhlizinin əhəmiyyətini azaltmağa yönəlik mənasız fikirlər səsləndirirdi. Budur, “U dönüşü”, özlərini təkzib etməkdədirlər.

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanma müddəti ilə bağlı ritorikasını və əvvəlki mövqeyini kəskin şəkildə dəyişib. Paşinyan prosesi illərlə uzatmaq niyyətində olmadığını bəyan edib. Sitat: “Bizim vəzifəmiz sülh sazişini mümkün qədər tez imzalamaqdır. Onu 2031-ci ilə, hətta 2029-cu ilə qədər təxirə salmaq bizim planlarımıza daxil deyil. Bu, sadəcə müəyyən zaman tələb edən bir prosesdir”.

Belə yerdə başqa bir söz də deyirlər: “Adamın əli üzündə qalır”. Cəmi bir neçə gün bundan əvvəl Paşinyan sülh sazişinin imzalanması və ratifikasiyası üçün 2031-ci ili əsas hədəf göstərmiş və bunu özünün “şəxsi gündəliyi” elan etmişdi. Bu o günlərdə idi ki, Türkiyə və Azərbaycan arasında müəyyən narazılıqlar salmağa, aranı soyutmağa, körpüləri yandırmağa yönəlik təxribatçı plan işə salınmışdı. İstanbul və Ankaradakı diplomatik nümayəndəliyimizin qarşısında başlanan təxribatçı aksiyalar daha sonra Almaniyada davam etdi, Azərbaycan-Türkiyə münasibətlərini zədələməyə çalışanlar əllərindən gələni etdilər. Şübhə yoxdur ki, həmin aksiyalarda soyadlarını dəyişən ermənilər də yetərincə fəallıq göstəriblər, “hicabın, İslamın qayğısına qalıblar”. “Ermənistanda hicab yasağı yoxdur” kimi sərsəm iddia təsadüfən ortaya çıxmamışdı ki...
Təkmillətli ölkəni, müsəlman və türklərin izlərinin belə, silindiyi Ermənistanı Azərbaycan üçün “nümunə” çəkənlər eyni mərkəzdən təlimat alırdılar, güman ki. Məhz belə bir ərəfədə Ermənistan rəhbərliyi sərt ritorika ilə çıxış etməyə başladı. Əvvəl

Paşinyan sülhü “5 il sonraya atdı”, ardınca da fərqli açıqlama... Nikol Paşinyan bəyan edib ki, Azərbaycanla sülh sazişinin 2027-2028-ci illərdə imzalanacağını mümkün hesab edir. “Mən Azərbaycanla sülh sazişinin 2031-ci ilədək imzalanacağını deyirdim. Dəqiq desək, hesab edirəm ki, biz sazişi 2027-2028-ci illərdə imzalamalıyıq”.
Nikol Paşinyan əlavə edib: “Biz Azərbaycanla birlikdə çalışmalıyıq”.

Azərbaycan çalışır, amma fürsət düşən kimi Ermənistan sülhü pozmağa çalışır. Necə ki, döyüş qırıcılarının alınmasına maliyyə xərcləyir, amma Zəngəzur dəhlizinin 42 km-lik hissəsində daşı daş üstə qoymur. Paraflanmış sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyası dəyişdirilməlidir! Paşinyan bu barədə danışmırdı. Amma nəhayət, “yaddaşı təzələndi”, Bakıdan verilən xəbərdarlıqlardan sonra!

Nikol Paşinyan ölkənin yeni Konstitusiya layihəsinin tezliklə ictimai müzakirəyə veriləcəyini və parlamentə təqdim olunacağını bəyan edib. Hökumət rəhbəri yeni Əsas Qanunun qəbulunu və Azərbaycanla sülh sazişinin ratifikasiyasını komandasının əsas hədəfi və şəxsi siyasi missiyası kimi qiymətləndirib. “Bəs kim deyir ki, belə bir ssenari mümkünsüzdür? Mən Ermənistan vətəndaşlarına Konstitusiyanı dəyişəcəyimə, sülh müqaviləsini imzalayıb ratifikasiya edəcəyimə söz vermişəm. İnanıram ki, xalq bu vədin icrasını görmək istəyirsə, biz bu yolu xalqla birgə addımlamalıyıq”, - deyə Paşinyan bəyan edib. Amma Paşinyan onu da gizlətməyib ki, hakimiyyət zəruri dəyişikliklər üçün müxalifətlə razılıq əldə edə bilməzsə, ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi tamamilə gündəmə gələ bilər. Yenə seçki?..Bu anons özü çox təhlükəlidir. Yəni Paşinyan öhdəliklərin həllinin vacib olduğunu anlayan kimi, bir seçki təyin edir, vaxt qazanmaq naminə...Ancaq Ermənistan rəhbərliyi anlamalıdır ki, Azərbaycana və Türkiyəyə ərazi iddiasını əsas qanununda saxladığı halda, Ermənistanın Azərbaycanla sülh sazişini imzalaması, yaxud Türkiyə ilə sərhədləri açması mümkün görünmür, olsa belə, bu, daimi sülh olmayacaq...
Ararat Mirzoyan bir gün əvvəl Zəngəzur dəhlizindən keçəcək avtomobil yolunu “unutmuşdu”, neft-qaz kəmərlərini də Ermənistanın ayrı ərazilərindən “keçirirdi”. Bununla da İrəvanın Zəngəzur dəhlizini sadəcə dəmiryolu kimi təqdim etmək cəhdi görünürdü. Üstəlik, Ermənistan rəsmiləri son zamanlar dəhlizin tikintisinə 2027-ci ilin yazından başlanacağını açıqlamışdı. Amma vəziyyət dəyişdi...

Azərbaycanın çağırışlarından və xəbərdarlıqlarından sonra rəsmi İrəvan TRİPP marşrutu – Zəngəzur dəhlizi ilə bağlı hərəkətə keçib. Belə ki, Mher Qriqoryan və David Xudatyan TRIPP infrastruktur layihələri üzrə layihələndirmə işlərinin başlanması və onların həyata keçirilməsi ilə bağlı növbəti addımları yerində müzakirə etmək üçün Zəngəzur vilayətinə səfər ediblər. Səfərlə bağlı yayılmış rəsmi açıqlamada deyilir: “Bu il oktyabrın 21-də Baş nazirin müavini Mher Qriqoryan, Ərazi İdarəetmə və İnfrastruktur naziri David Xudatyan, Şəhərsalma Komitəsinin sədri Yeğiazar Vardanyan və digər rəsmi şəxslər TRIPP infrastruktur layihələri üzrə layihələndirmə işlərinin başlanması ilə əlaqədar bir sıra təşkilati məsələləri yerində müzakirə etmək və gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirmək məqsədilə Sünik vilayətinə səfər ediblər”.
Bax, belə...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngindən, Prezident Ərdoğanın Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətlərinə əsaslanan əməkdaşlığın bundan sonra da DAHA YÜKSƏK SƏVİYYƏYƏ QALXACAĞINA əminliyini ifadə edəndən sonra cızığından çıxan Ermənistan rəhbərliyi də özünə qayıtmalı oldu. Axı, Azərbaycan və Türkiyə arasında narazılıqların olması fonunda Zəngəzur dəhlizindən tutmuş, sülh anlaşmasına, konstitusiyaya qədər bütün məsələlər arxivə yuvarlanmış olur. Üstəlik, Ermənistan dalandan çıxmaq üçün Türkiyə ilə sərhədləri açır və s. Şirin xəyallara dalmışdılar, arzuları gözlərində qaldı...

Burada digər faktor da mühüm rol oynayır. Azərbaycan Prezidenti İlham Əliyevin üçn gün əvvəl etdiyi paylaşım öz sözünü dedi: “Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır!” Bu, “Qarabağ Azərbaycandır. Nida”, bəyanat-xəbərdarlığına bərabər ismarıcdır, İrəvana ünvanlı “ağlınızı başınıza yığın” xəbərdarlığıdır! Axı, Paşinyan özü etiraf etmişdi, tarixi sülh mühiti formalaşıb. Dəmir Yumruğun sahibinin xəbərdarlığı Ermənistanı ağıllı davranmağa vadar etdi. Dünənə qədər Azərbaycan hərbçisinin Qarakilsə kəndinin Şəki kəndinə keçməsi ətrafında spekulyasiya edənlər bu gün nə danışırlar...Söhbət Tovuzqala istiqamətində şərti sərhədləri azaraq Ermənistan ərazisinə keçən Tovuz rayon sakini, çoban vətəndaşımızla bağlı müzakirələrə Paşinyanın eaksiyasından gedir. “Həmin şəxs sərhədi keçib, hərbçilər onu aşkar ediblər və Milli Təhlükəsizlik Xidmətinin orqanlarına təhvil veriblər... Onu görəndə nə etməli idilər, atəş açıb öldürməli idilər? Problem nədir? Görüblər ki, bir insan piyada gəlir, onu saxlayıb Milli Təhlükəsizlik Xidmətinə təhvil veriblər. Yəni onu Respublika meydanından tutub gətirməyiblər. O sərhədi keçib və indi biz onu geri qaytarmalıyıq”, - deyə Baş nazir bildirib.

Bəli, Paşinyan və komandası çox həyəcanlıdır, anlayırlar ki, Azərbaycanla kobud zarafat etmək olmaz, bədəli ağır olar! Daha söz oynatmasınlar, iş görsünlər! Üstəlik, Azərbaycanla Ermənistan arasında sülh prosesi davam etdiyi halda, Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfində fəaliyyət göstərən Avropa İttifaqının Mülki Monitorinq Missiyasının (EUMA) da yığışdırılmasının tam zamanıdır. Missiyanın mandatı 2027-ci il fevralın 19-dək qüvvədədir. Amma tez də yola salmaq olar, sülhün qarşısını kəsənlərdən biri də bu yarımhərbi, casus şəbəkəsidir. Prezident onlarla bağlı da xəbərdarlığını edib, xatırlatmaqda fayda var...

Elşad Paşasoy
 

Paylaş:
Baxılıb: 46 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Siyasət

Analitik

Siyasət

1992-ci ilin 24 oktyabrı...

22 Oktyabr 09:10  

Gündəm

Sosial

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31