Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Bərpa və dirçəlişə töhfə...

Bərpa və dirçəlişə töhfə...

22.10.2026 [08:13]

Dövlətin tarixə və ana təbiətə həssas yanaşmasının növbəti ifadəsi

Otuz illik işğal dövrünün fəsadları çox ağırdır. Qalib Azərbaycan postmüharibə dövründə mənfur erməni vandalizminin kədərli mirasının aradan qaldırılması istiqamətində ardıcıl iş aparır. Artıq bəhs olunan ərazilərə Böyük Qayıdışa dair birinci Dövlət Proqramının icrası tamamlanmaq üzrədir. İndiyədək bölgənin inkişafına təxminən 28 milyard manat vəsait yönəldilib. O cümlədən proqram çərçivəsində çoxlu sayda müxtəlif təyinatlı infrastruktur layihələri reallaşdırılıb, 48 yaşayış məntəqəsinin məskunlaşdırılması təmin edilinb. Son məlumata görə, hazırda Qarabağda və Şərqi Zəngəzurda 96 min insan yaşayır, çalışır və təhsil alır. Eyni zamanda, yaxın vaxtlarda Böyük Qayıdışa dair geniş əhatə dairəsinə malik olan ikinci Dövlət Proqramının qəbul edilməsi gözlənilir ki, bununla da Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafında yeni mərhələ başlayacaq.

Azad ərazilərin bərpası və dirçəldilməsi strategiyasının mühüm bir istiqamətini isə işğal illərində bu yerlərin  təbiətinə vurulan yaraların sağaldılması, dağların, meşələrin, çöllərin, çayların təbii gözəlliyinin bərpası təşkil edir. Bu istiqamətdə görülən işlərin davamı olaraq Prezident İlham Əliyev 20 oktyabr 2026-cı il tarixində “Azərbaycan Respublikasının Qarabağ Milli Parkının yaradılması haqqında” Sərəncam imzalayıb.

Dövlət başçısının oktyabrın 20-də imzaladığı digər bir Sərəncam isə Gəncə Memorial Kompleksinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər haqqındadır.

Bu qəbildən olan sənədlərin imzalanması dövlətin, şəxsən Prezident İlham Əliyevin azad ərazilərin bərpasına, təbiətimizin qorunmasına, Ermənistanın müharibə cinayətlərinin  dünyada tanıdılmasına, şanlı zəfərlərimizin əbədiləşdirilməsinə son dərəcə həssas və məsuliyyətli yanaşma sərgiləməsinin növbəti ifadəsidir.

Ermənistanın sərhəd tanımayan ekosid siyasəti - su terroru

Məlumdur ki, ermənilər özlərindən uydurma miflər düzəldiblər ki, onlardan biri də guya onların “mədəni xalq” olmaları ilə bağlıdır. Lakin Azərbaycanın zamanında işğal altına düşmüş ərazilərində törədilən insanlıqdan kənar əməllər, ağır müharibə cinayətləri ermənilərin daxili simasının, necə “mədəni xalq” olduqlarının güzgüsüdür. Təxminən otuz ili əhatə edən işğalın kədərli mirasının miqyası çox böyükdür. İşğaldan azad olunmuş ərazilərin mənzərəsi dağılmış evlərdən, təhqirlərə məruz qoyulmuş tarixi mədəni-dini abidələrdən, talan edilmiş təbii sərvətlərdən ibarətdir. Sanki bu yerlərdən sivilizasiyadan uzaq düşmüş vəhşi tayfalar gəlib keçib və yolları üstündə hər şeyi yerlə-yeksan ediblər.

Təəssüf doğuran haldır ki, Qarabağın dillər əzbəri olan gözəl təbiəti də erməni vandalizmindən kənarda qalmayıb. Dövlətimizin başçısının imzaladığı Sərəncamda Ermənistanın sərhəd tanımayan ekosid siyasətinə xüsusi diqqət çəkilib. Sənəddə vurğulandığı kimi, Azərbaycan Respublikasının Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları tarixən zəngin və özünəməxsus təbii irsə malikdir.

Ermənistan Respublikası tərəfindən işğal altında saxlanıldığı müddət ərzində bu ərazilərdə bioloji müxtəlifliyə ciddi ziyan vurulmuş, Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahısı”na daxil edilmiş nadir bitki və heyvan növləri məhv edilmişdir. Bütün bunlar bütövlükdə regionda ekoloji tarazlığın pozulmasına gətirib çıxarmışdır.

Oxçuçayın düşdüyü vəziyyət regionda ekoloji tarazlığın pozulmasının aydın göstəricisidir. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmisi Umayra Tağıyevanın məlumatına görrə, İkinci Qarabağ müharibəsindən sonra 2021-2022-ci illərdə Oxçuçayda 58 monitorinq keçirilib. “Nazirlik tərəfindən Oxçuçay üzərində mütəmadi analizlər aparılıb. Analizlər çayın 3 müxtəlif istiqamətindən götürülüb. Su nümunələri üzərindən 150-dən çox, dib çöküntülərindən isə 180-dən çox nümunə götürülüb. Həmin nümunələr əsasında fiziki-kimyəvi analizlər aparılıb. Məlum olub ki, çayda çirklənmə normadan 5-7 dəfə çoxdur. Təəssüflər olsun ki, çirklənmələr bu gün də davam edir. Çayda ağır metallar və digər çirkləndirici metalların çəkisi hazırda 5, 5-7 dəfə çoxdur”, - deyə U.Tağıyeva bildirib

Rəsmi məlumatdan da göründüyü kimi, transsərhəd çay olan Oxçuçay işğal dövründə Ermənistan tərəfindən ekoloji terrora məruz qalıb və bu proses hələ də dayandırılmayıb. Oxçuçay ilk növbədə mədən sənayesi tullantıları ilə çirkləndirilir. Ermənistan ərazisində fəaliyyət göstərən Qafan mis-molibden və Qacaran filiz saflaşdırma kombinatlarının kimyəvi tullantı suları heç bir təmizlənmə aparılmadan birbaşa Oxçuçaya axıdılır. Kimyəvi çirklənmə səbəbindən çayın suyu vaxtaşırı rəngini dəyişir, kəskin qoxu yayır və bu da çaydakı balıqların və digər canlıların kütləvi məhvinə gətirib çıxarır. Oxçuçay birbaşa Araz çayına töküldüyü üçün bu çirklənmə təkcə lokal xarakter daşımır, həm də Arazın su ehtiyatlarının keyfiyyətini kəskin şəkildə pisləşdirərək transsərhəd ekoloji böhrana səbəb olur.

Oxçuçayın Ermənistan tərəfindən transsərhəd çirklənməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi, bir sıra qeyri-hökumət təşkilatları tərəfindən müxtəlif beynəlxalq qurumlara, nüfuzlu ekoloji təşkilatlara dəfələrlə müraciət edilib. Ermənistan isə özünü  lal və kor yerinə qoyaraq zərərli təcrübəni dayandırmağa tələsmir.

 Bundan başqa, təcavüzkar Ermənistan uzun illər ərzində işğal altında saxladığı ərazilərdəki Sərsəng və Suqovuşan su anbarlarından ölkəmizə qarşı, sözün əsl mənasında, su terroru həyata keçirib. Belə ki, yay aylarında sututarların bəndləri məqsədli şəkildə bağlanıb. Bununla da aşağı axındakı Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Kəpəz ətrafı rayonlarda minlərlə hektar ərazi suvarma suyundan məhrum qalıb. Qış aylarında, suya tələbat az olanda isə əksinə, sututarların bəndləri açılıb və nəticədə böyük əraziləri sel basıb. Yeri gəlmişkən, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2016-cı ildə qəbul etdiyi məşhur 2085 nömrəli qətnamədə Ermənistanın su ehtiyatlarından siyasi təzyiq və “su terroru” vasitəsi kimi istifadə etməsi pislənilib.

Vurğulamaq yerinə düşər ki,  Ermənistan hələ də Transsərhəd Su Hövzlərinə dair Helsinki Konvensiyasına qoşulmayıb. Xatırladaq ki, sərhəddən keçən su axınlarının, beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə Helsinki Konvensiyası transsərhəd yeraltı sulardan istifadə edən tərəfdaş ölkələrin öhdəlikləri, transsərhəd yeraltı sulardan ədalətli istifadə, yerüstü və yeraltı sulardan kompleks istifadə, informasiya mübadiləsi, fəaliyyətlərin koordinasiyası və digər məsələləri tənzimləyir. Ermənistan bu Konvensiyaya qoşulmamaqla özünün çirkin niyyətini ortaya qoymuş olur.

Erməni vandalizminin növbəti ünvanı Bəsitçay qoruğu olub

Otuz il ərzində işğal altında qalan ərazilərimizdə erməni vandalizminin növbəti ünvanı Bəsitçay Dövlət Təbiət Qoruğu olub. Bu qoruq Ulu Öndər Heydər Əliyevin tapşırığı ilə 1974-cü ildə yaradılıb. Qoruq Azərbaycanın cənub-qərbində, Zəngilan rayonu ərazisində Bəsitçayın dərəsində yerləşir. Qoruq müvafiq ərazinin landşaft kompleksini, xüsusilə nadir təbii çinar meşəliyini qorumaq məqsədilə təşkil edilib. Onun adı dərəsində yerləşdiyi çayın adı ilə bağlıdır. Bəsitçay respublika qoruqlarının ən kiçiyidir və sahəsi 107 hektardır. Meşə ilə örtülü sahənin əsas ağac cinsi Şərq çinarıdır. Qoruğun yerləşdiyi ərazi əsasən dağlıq olub, dəniz səviyyəsindən hündürlüyü 600-800 metrə qədərdir.

Ərazinin iqlim şəraiti çinar meşəliyinin təbii bərpası və inkişafı üçün çox əlverişlidir. İşğaldan əvvəl burada 100 hektar çinar meşələri olub. Onlar Bəsitçayın və onun qolu Şıxauzçayın dərəsində yerləşib. Burada həm təmiz, həm də qarışıq çinar meşəliyi yayılıb. Qarışıq çinarlıqlarda qoz, dağdağan, tut, söyüd, qovaq və digər ağaclar, yemişan, itburnu, murdarça, qaratikan və sair kollar bitir. Qoruqdakı çinar ağaclarının orta yaşı 165 il, orta hündürlüyü 35 metr, orta diametri isə 1 metrdir. Qoruğun ətraf sahələrində, bəzən də özündə canavar, çöl donuzu, porsuq, cüyür, dovşan, müxtəlif gəmiricilər və sair məməlilərə, kəklik, turac, göyərçin və digər quşlara rast gəlinib.

Otuz ilə yaxın müddət ərzində erməni təcavüzkarlarının işğal altında saxladığı qoruq ciddi ekosidə məruz qalıb. Mövcud vəziyyətin qiymətləndirilməsi üçün işğaldan azad olunmuş ərazilərə ezam olunan monitorinq qrupunun araşdırmalarına əsasən məlum olub ki, erməni vandalizmi nəticəsində qoruğa aid olan 85 hektar meşə ilə örtülü sahənin 42 hektardan çox hissəsi tamamilə məhv edilib. Çoxyaşlı Şərq çinarı ağacları kəsilib, köklərinin itirilməsi üçün müxtəlif partladıcı maddələrdən istifadə edilib, ərazidə yanğınlar törədilib və Qoruğun inzibati binası dağıdılıb.

Dövlət başçısının imzaladığı Sərəncamla Qarabağ Milli Parkının yaradılması xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi, işğaldan azad edilmiş ərazilərdə yeni xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması, regionun zəngin ekosisteminin və təbii irsinin beynəlxalq miqyasda təbliği və tanıdılması, biomüxtəlifliyin bərpası və qorunub saxlanılması, təbii sərvətlərdən dayanıqlı istifadənin təmin edilməsi ilə sosial-iqtisadi imkanların artırılması və ekoturizmin inkişafını təmin etmək məqsədi daşıyır. Sərəncama əsasən, Qarabağ Milli Parkının Ağdərə rayonunun dövlət mülkiyyətində olan torpaqlarından 44773,79 hektar, Xocalı rayonunun dövlət mülkiyyətində olan torpaqlarından 24597,80 hektar, Kəlbəcər rayonunun dövlət mülkiyyətində olan torpaqlarından 13514,98 hektar, Şuşa rayonunun dövlət mülkiyyətində olan torpaqlarından 5314,34 hektar və Laçın rayonunun dövlət mülkiyyətində olan torpaqlarından 217,09 hektar ayrılaraq və xüsusi qorunan ərazilərin torpaqları kateqoriyasına aid edilməklə, bu Sərəncama əlavə edilən yerquruluşu planında göstərilmiş 88418,00 hektar sahədə yaradılması nəzərdə tutulur.

“Yaşıl artım” zonası

Azərbaycan 44 günlük Vətən müharibəsində və 23 saatlıq lokal xarakterli antiterror əməliyyatında qazandığı parlaq qələbələrlə ərazi bütövllüyünün və suverenliyinin tam bərpasına nail olub. İndi doğma torpaqlar doğma əllərdədir. Həmçinin bu yerlərin gözəl təbiətinin də yeni növrağı başlayıb. Sərəncamda bildirlir ki, Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad edilmiş ərazilərin ekoloji tarazlığının, o cümlədən təbii ekosistemlərinin və zəngin biomüxtəlifliyinin bərpası, xüsusi mühafizə olunan təbiət ərazilərinin yenidən qurulması, regionun təmiz ətraf mühit və “yaşıl artım” zonasına çevrilməsi istiqamətində tədbirlər həyata keçirilmişdir.

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunun inzibati ərazisində Azərbaycan Respublikasının Bəsitçay Dövlət Təbiət Qoruğunun və Qarabağ iqtisadi rayonuna daxil olan Şuşa və Xocalı rayonlarının inzibati ərazilərində Azərbaycan Respublikasının Daşaltı Dövlət Təbiət Yasaqlığının fəaliyyəti Böyük Qayıdış çərçivəsində bərpa edilmişdir.

Xatırladaq ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva  2021-ci il fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfər çərçivəsində Zəngilan rayonundakı Bəsitçay Dövlət Təbiət Qoruğunun ərazisində olublar. Onlar  qoruqda çinar ağacları əkiblər və Bəsitçaya balıq buraxıblar.

Eyni zamanda, postmüharibə dövründə azad ərazilərin “yaşıl enerji” potensialından istifadə olunması istiqaqmətində tədbirlər görülür. İlkin qiymətləndirmələrə əsasən, işğaldan azad edilmiş ərazilərdə 7 200 MVt-dan çox günəş, 2 000 MVt-adək külək enerjisi üzrə potensial mövcuddur. Günəş enerjisi potensialı ilə Füzuli, Cəbrayıl, Zəngilan rayonları, külək enerjisi ilə isə əsasən dağlıq rayonlar olan Laçın, Kəlbəcər rayonları zəngindir. Eyni zamanda yerli su ehtiyatlarımızın 25 faizə qədərinin Qarabağ ərazisində formalaşdığını nəzərə alaraq qeyd edə bilərik ki, işğaldan azad olunmuş ərazilərdə kifayət qədər geniş hidroenerji potensialı da mövcuddur. Bölgənin enerji təminatının daha da səmərəli təşkili məqsədilə bu ərazilərdə yeni su elektrik stansiyalarının qurulması üçün araşdırmalar aparılır. Bundan başqa, bu ərazilərdə mövcud olmuş su elektrik stansiyalarının bərpası istiqamətində işlər davam etdirilir.

Qeyd edək ki, Nazirlər Kabineti tərəfindən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı” təsdiq edilib. Sözügedən tədbirlər planına uyğun olaraq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında “yaşıl” texnologiyaların və enerji səmərəliliyin tətbiqi ilə yanaşı bir çox ümumi enerji infrastrukturuna və sahənin inkişafına müsbət təsir edəcək tədbirlər nəzərdə tutulub. Eyni zamanda bu tədbirlər planındakı öhdəliklər, işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması məsələsi ilə bağlı qarşıya qoyulmuş vəzifələrin müzakirəsi məqsədilə Nazirlər Kabinetinin 2022-ci il 3 avqust tarixli 459s nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yaşıl texnologiyaların və enerji səmərəliliyi tələblərinin tətbiqi ilə bağlı əlaqələndirmə və monitorinq üzrə İşçi qrup”u yaradılıb.

Azərbaycan 2030-cu ilədək enerji balansında bərpaolunan enerjinin payını 30 faizə yüksəltməyi hədəfləyir. İndiyədək azad ərazilərin “yaşıl zona”ya çevrilməsi strategiyası çərçivəsində bir sıra layihələrin tamamlanması məmnunluq doğurur. Qarşıya qoyulan hədəfə uyğun olaraq elektrik enerjisinin istehsal güclərinin bərpası çərçivəsində Laçında, Kəlbəcərdə və Suqovuşanda bərpa edilən 20.2 MVt gücündə 4 su elektrik stansiyası artıq istismara verilib. Bunlar aşağıdakılardır:

“Güləbird” SES - 8 MVt;

“Suqovuşan-1” KSES - 4,8 MVt;

“Suqovuşan-2” KSES - 3,0 MVt;

“Kəlbəcər-1” KSES - 4,4 MVt.

Eyni zamanda, Cəbrayıl rayonu ərazisində, Araz çayı üzərində ümumi gücü Azərbaycan tərəfi üçün 140 MVt (100 MVt “Xudafərin”, 40 MVt “Qız Qalası”) olmaqla, iki su elektrik stansiyasının tikintisi həyata keçirilib. Hazırda bir sıra layihələrin, o cümlədən də bp şirkətinin iştirakı ilə Zəngilan/Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi davam etdirilir.

Müharibə cinayətləri unudulmur və unudulmayacaq

Döyüş meydanında acınacaqlı məğlubiyyətə uğrayan düşmən bunun qisasını keçmiş təmas xəttindən uzaqda yerləşən yaşayış məntəqələrini atəşə tutmaqla, mülki əhalini və infrastrukturu hədəfə almaqla çıxmağa çalışırdı. Cəbhə xəttindən 80 kilometr aralıda yerləşən Gəncə şəhəri də Vətən müharibəsi dövründə oktyabrın 4-ü, 5-i, 8-i, 11-i və 17-də Ermənistan silahlı qüvvələrinin “Toçka-U”, “Smerç”, “SCUD” və digər raket sistemlərindən atəşə məruz qalıb. Bu amansız hücumlar nəticəsində 6-sı uşaq olmaqla, 26 mülki şəxs həyatını itirib, 142 dinc sakin isə yaralanıb.

Həmin zərbələrdən birinin endirildiyi ərazidə - yaşayış binalarının yerində Gəncə Memorial Kompleksi inşa olunub. Prezident İlham Əliyevin 2022-ci ilin yanvarında təməlini qoyduğu və dövlət başçısının iştirakı ilə 27 sentyabr 2025-ci il tarixində -Anım Günündə açılışı baş tutan bu kompleksin yaradılması İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın raket hücumlarının qurbanı olmuş günahsız insanların əziz xatirəsini əbədiləşdirmək və müharibənin acı reallıqlarını gələcək nəsillərə çatdırmaq məqsədi daşıyır. Kom?leks 4 hektar sahəni əhatə edir. Orijinal memarlıq həlli ilə seçilən abidə spiralvari forması ilə raketin yerdə buraxdığı iz - krateri simvolizə edir. Kompleksin açıq meydanında isə dağıdılmış binaların qalıqları xüsusi instalyasiya şəklində qorunub saxlanılıb.

Aypara formalı ikimərtəbəli binanın ümumi sahəsi 2400 kvadratmetrdir. Birinci mərtəbədə muzey ekspozisiyası, ikinci mərtəbədə isə seminar, təlim və müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulmuş çoxfunksiyalı zal yerləşir.

Muzeydə “XX əsrin əvvəli”, “Deportasiya və məcburi köçkünlük”, “Soyqırımı və kütləvi qırğınlar”, “Atəşkəs və Vətən müharibəsi dövrü”, “İtkin düşənlər, kütləvi məzarlıqlar, mina terroru” və “İşıqlı gələcəyə doğru” mövzularına həsr olunmuş zallar fəaliyyət göstərir.

Müharibə qurbanlarının xatirəsi əbədi yaşayacaq. Dövlət başçısının imzaladığı müvafiq Sərəncamla Gəncə Memorial Kompleksinin fəaliyyətinin təmin edilməsi məqsədilə Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksinin yaradılması nəzərdə tutulur. Belə bir sənədin imzalanması tariximizin ağır dövrünün, Ermənistanın müharibə cinayətlərinin gənc nəslə çatdırlması baxımından çox vacibdir. Bu o anlama gəlir ki, müharibə cinayətləri unudulmur və unudulmayacaq. Bu bizim üçün bir yaddaşdır. Biz sülh istəyirik, heç bir qonşu dövlətin ərazisini ilhaq etmək niyyətimiz yoxdur. Ancaq  tarixi də unutmamalıyıq və daim güclü olmalıyıq.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 5 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Son 5 ilin rekordu

21 Oktyabr 11:06

İqtisadiyyat

Siyasət

Ədəbiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31