Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Dünənin, bu günün və sabahın PARTİYASI...

Dünənin, bu günün və sabahın PARTİYASI...

22.10.2026 [12:59]

Yeni Azərbaycan Partiyası keçmişin təcrübəsi ilə gələcəyin tələbləri arasında mühüm körpü formalaşdırır

Ulu öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasını (YAP) “dünənin, bu günün və sabahın partiyası” kimi səciyyələndirirdi. Bu fikir partiyanın yalnız yarandığı dövrün siyasi reallıqlarına deyil, Azərbaycanın gələcək inkişafına hesablanmış ideoloji xəttə və davamlılıq prinsipinə əsaslandığını ifadə edir. Həqiqətən də YAP müasir Azərbaycanın inkişaf tarixinin bütün mərhələlərində özünəməxsus yer tutub, ölkədə baş verən siyasi, iqtisadi və ictimai yenilənməyə dəstək verib. Bütün bu dövrdə partiya həm də özünün fəaliyyət istiqamətlərini yeniləyib. Partiyanın bu gün də öz mövqeyini qorumasının mühüm səbəblərindən biri məhz keçmişin təcrübəsi ilə gələcəyin tələbləri arasında mühüm körpü formalaşdırır.

Bu baxımdan nəsillər arasında siyasi və mənəvi varisliyin təmin edilməsi xüsusi əhəmiyyət daşıyır. Partiyanın qurulmasında və möhkəmlənməsində iştirak etmiş veteran üzvlərin zəngin təcrübəsinin gənc nəslə ötürülməsi həm ideoloji davamlılığa, həm də təşkilati inkişafın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, gənclərin partiya fəaliyyətinə daha geniş cəlb olunması, onların təşəbbüslərinə və müasir düşüncə tərzinə meydan verilməsi YAP-ın yenilənmə imkanlarını artırır. Çünki siyasi təşkilatın gücü yalnız keçmiş xidmətləri qorumaqla deyil, həm də dəyişən dövrün çağırışlarına cavab verən yeni kadrlar yetişdirməklə ölçülür.

Veteranların həyat təcrübəsi ilə gənclərin enerjisi və yenilikçi yanaşmasının bir araya gəlməsi partiyanın inkişafına əlavə dinamika qazandırır. Bu münasibətlər sadəcə nəsillərin təmsilçiliyi deyil, həm də ideyaların, siyasi ənənələrin və gələcəyə dair baxışların qarşılıqlı ötürülməsidir. YAP-da yaşlı nəslə ehtiramla yanaşılması və gənclərin irəli çəkilməsi bir-birini tamamlayan istiqamətlərdir. Məhz bu uzlaşma partiyanın tarixi irsini qorumaqla yanaşı, müasir siyasi reallıqlara uyğun yenilənməsinin də əsas şərtlərindən biri kimi çıxış edir.

Veteranların təcrübəsi hər zaman nəzərə alınır

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının inkişaf strategiyasında diqqət yetirdiyi mühüm məsələlərdən biri partiyanın formalaşmasında və möhkəmlənməsində xidmətləri olan veteran üzvlərin rolunun qorunmasıdır. Xüsusilə müstəqilliyimizin ilk illərində Azərbaycanın mürəkkəb siyasi şəraitdən keçdiyi bir vaxtda Ümummilli lider Heydər Əliyevin ətrafında birləşən insanların fəaliyyəti YAP-ın təşkilati əsaslarının yaradılmasında mühüm əhəmiyyət daşıyıb. Həmin dövrdə partiyanın sıralarında təmsil olunmaq, onun ideyalarını müdafiə etmək və siyasi fəaliyyətini genişləndirmək müəyyən çətinliklər və məsuliyyət tələb edirdi. Buna görə də veteran üzvlərin xidmətləri yalnız keçmişin xatirəsi kimi deyil, partiyanın bugünkü siyasi mövqeyinin formalaşmasına töhfə verən tarixi təcrübə kimi qiymətləndirilir. Prezident İlham Əliyevin bu irsə münasibəti partiyada ənənələrin qorunması ilə institusional inkişafın uzlaşdırılmasına əsaslanır. Hələ YAP-ın VII Qurultayında həyata keçirilən struktur dəyişiklikləri çərçivəsində Veteranlar Şurasının yaradılması da bu baxımdan diqqətəlayiq addım idi. Yeni strukturun formalaşdırılması veteranların partiya həyatında iştirakının davam etdirilməsi, onların bilik və təcrübəsindən faydalanmaq üçün institusional imkanların qorunması baxımından əhəmiyyət daşıyırdı. Belə yanaşma partiyanın keçmişinə hörmətin formal münasibətlə məhdudlaşmadığını, veteranların siyasi və mənəvi nüfuzunun qorunmasına yönəldiyini göstərir.

Yeri gəlmişkən, partiyanın VIII Qurudtayından sonra okytabrın 16-da İdarə Heyətinin yeni tərkibidə ilk iclasında Nizamnaməsinin tələblərindən irəli gələrək YAP Veteranlar Şurasının say tərkibinin müəyyən edilməsi, Yeni Azərbaycan Partiyası Sədrinin təqdim etdiyi namizədlər siyahısından Veteranlar Şurasının üzvləri, sədri və sədr müavinlərinin təyin edilməsi məsələlərinə baxılıb. YAP Veteranlar Şurasının 35 nəfərdən ibarət tərkibi səsə qoyulub və yekdilliklə təsdiq olunub. YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov partiyanın Veteranlar Şurasının ötən 5 il ərzində uğurlu fəaliyyət həyata keçirdiyini vurğulayaraq veteranların bilik və təcrübəsinin gənclərə ötürülməsinin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına, milli-mənəvi dəyərlərə sadiqliyin gücləndirilməsinə, partiya daxilində nəsillərarası əlaqələrin möhkəmləndirilməsinə mühüm töhfələr verdiyini qeyd edib. O, Veteranlar Şurasının hər bir üzvünə möhkəm cansağlığı və fəaliyyətində uğurlar arzulayıb.

Partiyada uğurlu gənclər siyasəti yürüdülür...

Yeni Azərbaycan Partiyasının inkişafında ənənələrin qorunması nə qədər vacibdirsə, müasir düşüncəli və təşəbbüskar kadrların irəli çəkilməsi də bir o qədər əhəmiyyətlidir. Yeni Azərbaycan Partiyasında bu iki istiqamət bir-birini tamamlayır. Veteranların təcrübəsi ilə gənclərin potensialının uzlaşdırılması partiyanın gələcək fəaliyyətinin əsas şərtlərindən biri kimi çıxış edir. Çünki cəmiyyətin dəyişən gözləntiləri, informasiya texnologiyalarının inkişafı və siyasi kommunikasiyanın yeni formaları partiya fəaliyyətində daha çevik yanaşmaların tətbiqini zəruri edir.

Gənclərin partiya strukturlarında təmsilçiliyinin genişləndirilməsi, onların qərarların hazırlanması və həyata keçirilməsi prosesinə cəlb olunması YAP-ın gələcəyə hesablanmış siyasətinin mühüm istiqamətidir. Burada əsas məsələ yalnız rəhbər orqanlarda gənclərin sayının artırılması deyil, onların intellektual imkanlarından, peşəkar biliklərindən və yeni ideyalarından səmərəli istifadə olunmasıdır. Müasir siyasi təşkilatın uğuru qarşısına qoyulan vəzifələri yerinə yetirə bilən, cəmiyyətlə işləmək bacarığına malik və dəyişikliklərə açıq kadrların hazırlanmasından da asılıdır.

Partiyanın rəhbər strukturlarının yenilənməsi, yeni simaların irəli çəkilməsi və gənclərin ictimai-siyasi fəaliyyətə təşviqi bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. YAP-da gənclər siyasəti həm təşkilatın inkişafı, həm də siyasi davamlılıq baxımından əhəmiyyətlidir. Gənclərin irəli çəkilməsi partiyanın gələcək nəsillərlə əlaqəsini möhkəmləndirir. Oktyabrın 16-da keçirilən İdarə Heyətinin yeni tərkibdə ilk iclasında YAP Gənclər Birliyinin say tərkibinin müəyyən edilməsi, Yeni Azərbaycan Partiyası Sədrinin təqdim etdiyi namizədlər siyahısından Gənclər Birliyinin üzvləri, sədri və sədr müavinlərinin təyin edilməsi məsələlərinə də baxılıb. YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov YAP Gənclər Birliyi tərəfindən ötən 5 il ərzində Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin və əbədiyaşar ideyalarının, dövlət və xalq qarşısında misilsiz xidmətlərinin, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin məqsədyönlü daxili və xarici siyasətinin, partiyamızın fəaliyyətinin təbliği istiqamətində dövlət qurumları, ali təhsil müəssisələri, qeyri-hökumət təşkilatları və beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq şəraitində çoxsaylı tədbir və layihələrin həyata keçirildiyini qeyd edib. Yaş həddinə görə YAP Gənclər Birliyinin sıralarını tərk edən partiya fəallarına səmərəli fəaliyyətlərinə görə İdarə Heyəti adından minnətdarlıq bildirilib, onların bundan sonra da ölkənin ictimai-siyasi həyatında fəal iştirak edəcəklərinə əminlik ifadə olunaraq hər birinə uğurlar arzulanıb. Sonra YAP Gənclər Birliyinin 30 nəfərdən ibarət yeni tərkibi səsə qoyulub və yekdilliklə təsdiq olunub. YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Gənclər Birliyinin yeni tərkibinə daxil edilmiş şəxsləri təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulayıb.

YAP yeni dövrün siyasi çağırışlarına uğurla cavab verir...

Beləliklə, Yeni Azərbaycan Partiyasının qarşısında duran əsas vəzifələrdən biri dəyişən siyasi və ictimai reallıqlara uyğun olaraq fəaliyyət mexanizmlərini təkmilləşdirməkdir. Prezident İlham Əliyevin partiyanın gələcək inkişafı ilə bağlı yanaşmasında modernləşmə yalnız təşkilati strukturların yenilənməsi ilə məhdudlaşmır. Bu anlayış eyni zamanda siyasi fəaliyyətin məzmununun, cəmiyyətlə ünsiyyət üsullarının və qarşıya qoyulan hədəflərin yeni dövrün tələblərinə uyğunlaşdırılmasını əhatə edir. Müasir dünyada informasiya mühitinin sürətlə dəyişməsi, yeni ideoloji təbliğat imkanlarının ortaya çıxması və vətəndaşların siyasi proseslərdə iştirak formalarının genişlənməsi yeni dövr üçün qarşıya yeni tələblər qoyur. Prezident İlham Əliyev partiyanın VIII Qurultayında bildirdi ki, ideoloji işin düzgün qurulması, şablonlardan, hansısa formal xarakter daşıyan tədbirlərdən əl çəkmək vaxtı gəlib çatıb: “Yəni yeni, müasir ideoloji işlər aparılmalıdır. Bizim üstünlüyümüz ondan ibarətdir ki, bəzi ölkələrdən fərqli olaraq bizə əfsanə yaratmaq lazım deyil. Bəzi ölkələrdə bəzi rəhbərlər həm keçmişdə olan bəzi nailiyyətləri öz adlarına çıxarmaq istəyirlər, yaxud da ki, tarixi təhrif edərək öz rollarını şişirtmək istəyirlər, bizə bu lazım deyil. Bizə lazımdır ki, həqiqətlər hər bir vətəndaşa çatsın - bu gün çox şaxələnmiş informasiya mənbələri olan bir zamanda, o cümlədən Azərbaycan dilində”.

Buna görə də formal tədbirlərlə kifayətlənməmək, görülən işlərin nəticələrinə diqqət yetirmək, ictimaiyyətin gözləntilərini öyrənmək və müasir kommunikasiya vasitələrindən səmərəli istifadə etmək mühüm əhəmiyyət daşıyır. YAP-ın daima yenilənməsi, öz fəaliyyətində yeni çağırışları əks etdirməsi partiyanın ictimai-siyasi proseslərdə iştirakının keyfiyyətcə yeni mərhələyə yüksəldilməsinin təsdiqidir.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 5 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Son 5 ilin rekordu

21 Oktyabr 11:06

İqtisadiyyat

Siyasət

Ədəbiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31