Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / TÜRKPA parlament diplomatiyasının inkişafı üçün uğurlu platformadır

TÜRKPA parlament diplomatiyasının inkişafı üçün uğurlu platformadır

22.10.2026 [11:19]

Təşkilatın Bişkek şəhərində keçirilən 15-ci plenar iclasında bir sıra qərarlar qəbul olunub

Qloballaşan dünyada türk dövlətlərinin və xalqlarının birliyi zərurətə çevrilib. Sovetlər ittifaqı dağıldıqdan sonra türk dövlətləri ilə münasibətlər qurmaq və  inkişaf etdirmək Azərbaycanın xarici siyasətində prioritet olub. Artıq bu gün türk dünyasının birliyi reallığa çevrilməkdədir. Türk Dövlətləri Təşkilatının (TDT) yaranması, siyasi, iqtisadi, mədəni, o cümlədən hərbi sahələrdə əməkdaşlığın gücləndirilməsi istiqamətində qəbul olunan qərarlar türk birliyinin qlobal gücə çevrilməsi yolunda atılan addımlardır. Azərbaycan türk dövlətlərinin inteqrasiyası prosesinin sadəcə iştirakçısı deyil, həm də ən fəal təşəbbüskarlarındandır.

TÜRKPA-nın hədəfləri nədir?

Son illər regionda və dünyada cərəyan edən qlobal siyasi-iqtisadi proseslər də türk xalqlarının birliyini aktual məsələ kimi gündəmə gətirib. Bu mənada, türk dövlətlərinin müxtəlif təşkilatlar çərçivəsində əməkdaşlığı da xüsusi vurğulanmalıdır. Belə təşkilatlardan biri Türk Dövlətləri Parlament Assambleyasıdır (TÜRKPA). Xatırladaq ki, Türk Dövlətləri Parlament Assambleyası 21 noyabr 2008-ci ildə İstanbul şəhərinin Dolmabaxça Sarayında Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə parlament rəhbərlərinin imzaladığı sazişlə təsis olunub. 29 sentyabr 2009-cu ildə Azərbaycanın paytaxtı Bakı şəhərində TÜRKPA-nın I plenar sessiyası keçirilib. Plenar sessiyada TÜRKPA-nın Reqlamenti, Katibliyin Əsasnaməsi və Bakı Bəyannaməsi, Katibliyin daimi əsasla Bakı şəhərində yerləşməsi haqqında qərar qəbul edilib. TÜRKPA sədrliyi rotasiya üsulu ilə ildə bir dəfə bir ölkədən digərinə keçməkdədir. TÜRKPA Katibliyi Bakı şəhərində yerləşən və beynəlxalq təşkilat statusuna malik olan qurumdur.

Təşkilatın məqsədləri sırasına parlament diplomatiyası vasitəsilə dövlətlər arasında siyasi dialoqun daha da inkişaf etdirilməsinə kömək göstərmək, eləcə də tarix, mədəniyyət və dil ümumiliyinə əsaslanaraq milli qanunvericiliklərin yaxınlaşdırılması və digər məsələlərdə qarşılıqlı fəaliyyətin daha da sıxlaşdırılması daxildir. Təşkilat həm də, tərəflər arasında siyasi, sosial-iqtisadi, mədəni, humanitar, hüquqi və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsinə kömək göstərir. Azərbaycan TÜRKPA-nın işində yaxından iştirak edir.

“Süni intellekt və texnoloji tərəqqi dövründə türk dünyasında parlament əməkdaşlığı”

Yeri gəlmişkən, qeyd edək ki, oktyabrın 20-də Qırğızıstanın Bişkek şəhərində TÜRKPA-nın 15-ci plenar iclası keçirilib. “Süni intellekt və texnoloji tərəqqi dövründə türk dünyasında parlament əməkdaşlığı” mövzusunda keçirilən iclas Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) parlamentlərinin sədrlərinin rəhbərlik etdiyi üzv və müşahidəçi parlamentlərin nümayəndə heyətlərini, qonaq qismində Özbəkistan Respublikası Ali Məclisinin nümayəndə heyətini, habelə Türk Dövlətləri Təşkilatı (TDT), Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası (QDİƏT PA), İƏT-ə üzv dövlətlərin Parlament İttifaqı (İƏT Pİ), Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM), MDB Parlamentlərarası Assambleyası (MDB PA), Qlobal Tolerantlıq və Sülh Şurası (QTSŞ) və Türk Dünyası Bələdiyyələr Birliyi (TDBB) kimi türk əməkdaşlıq təşkilatları, müşahidəçi təşkilatlar və digər qurumların rəhbərlərini və nümayəndələrini bir araya gətirib.

Tədbir TÜRKPA-nın fəaliyyətdə olan sədri, Qırğız Respublikası Joqorku Keneşinin sədri Marlen Mamataliyevin salamlama çıxışı ilə başlayıb. İclasda Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova çıxış edib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, çıxışında Milli Məclisin sədri 2009-cu ilin sentyabrında Bakıda birinci plenar iclasın keçirilməsindən ötən illər ərzində TÜRKPA-nın səmərəli dialoq və əməkdaşlıq platformasına çevrildiyini və beynəlxalq aləmdə tanınan mühüm təşkilat kimi formalaşdığını söyləyib.

S.Qafarova TÜRKPA-nın fəaliyyətinin müxtəlif istiqamətlər üzrə səmərəli və ardıcıl şəkildə həyata keçirildiyini bildirib. Deyib ki, TÜRKPA-nın daimi komissiyaları mühüm əlaqələndirmə mexanizmləri kimi çıxış edirlər. Milli Məclisin sədri artıq TÜRKPA çərçivəsində mühüm model qanunvericilik bazasının formalaşmaqda olduğunu vurğulayıb. Qeyd olunub ki, birgə işin əsas istiqamətlərindən biri kimi seçki və referendumların müşahidəsi də uğurla həyata keçirilməkdədir. Bu, həm TÜRKPA-nın beynəlxalq müşahidəçilik institutu kimi rolunun və nüfuzunun güclənməsinə xidmət edir, həm də parlamentlər arasında təcrübə mübadiləsi elementi kimi çıxış edir.

Süni intellekt sahəsində əməkdaşlıq vacibdir

Spiker diqqətə çatdırıb ki, TÜRKPA üzv ölkələrin parlamentləri arasında əməkdaşlığı yeni istiqamətlər üzrə daha da genişləndirməyə imkan verir. Bu baxımdan o, Qadın Parlamentarilər Qrupunun və Gənc Parlamentarilər Qrupunun işinin əhəmiyyətini vurğulayıb. Gənc parlamentarilərin rolunu qeyd edən S.Qafarova deyib ki, Türk Dövlətləri Təşkilatının hazırkı sədri, Azərbaycan Prezidenti İlham Əliyev təşkilata üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarını ötən ay Bakıda qəbul edərkən ölkələrimizin qarşılaşdığı təhdidlər haqda fikirlərini paylaşıb və təşkilatı gənclər siyasəti sahəsində fəal işləməyə dəvət edib. Milli Məclisin sədri TÜRKPA-nı, o cümlədən gənc parlamentariləri də bu istiqamətdə səylərini gücləndirməyə çağırıb.

S.Qafarova bildirib ki, hazırkı dövrdə süni intellekt və texnoloji tərəqqi artıq müasir idarəetmənin və ölkələrin dayanıqlı inkişafının əsas elementinə çevrilib. Azərbaycanda bu istiqamət prioritet kimi müəyyən edilib. Çıxışda, həmçinin qeyd olunub ki, Türk Dövlətləri Təşkilatının ötən ilin oktyabrında Qəbələdə keçirilmiş 12-ci Zirvə Görüşünün Yekun Bəyannaməsində də süni intellekt sahəsində əməkdaşlığın əhəmiyyətinə xüsusi vurğu edilib. Bildirilib ki, süni intellekt və texnoloji tərəqqi yeni imkanlar formalaşdırdığı kimi, yeni çağırışlar, kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi sahəsində yeni risklər də yaradır. Bütün bunlar isə qeyd olunan sahədə qarşılıqlı fəaliyyəti daha da zəruri edir.

İclasda, həmçinin Qazaxıstan Respublikası Qurultayının sədri Aybek Dadebay, Türkiyə Böyük Millət Məclisinin spikeri Numan Kurtulmuş, habelə müşahidəçi qismində Şimali Kipr Türk Cümhuriyyəti Qanunvericilik Məclisinin spikeri Ziya Öztürkler, Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva, TÜRKPA-nın Baş katibi Ramil Həsən və digər iştirakçılar çıxış ediblər.

Plenar iclasın gündəliyinə daimi komissiyaların hesabat məruzələri və tövsiyə qərarlarının, “TÜRKPA üzv dövlətlərində sənaye mülkiyyəti hüquqlarının qorunması haqqında”, “Uşaqların sağlamlığına və inkişafına zərər vuran informasiyadan qorunması haqqında”, “Birgə müəssisə haqqında” və “Kurortlar, sahilyanı sağlamlıq və təbii müalicə yerləri haqqında” model qanunların, TÜRKPA-nın beynəlxalq seçki və referendum müşahidə missiyalarının yekun hesabatlarının, 2027-ci maliyyə ili üçün büdcənin qəbul edilməsi, TÜRKPA-nın komissiyalarının sədrlərinin və sədr müavinlərinin, TÜRKPA Baş katibinin müavinlərinin seçilməsi daxil olub.

16-cı iclas Türkiyədə keçiriləcək

Namizədliyi Qazaxıstan Respublikasının Qurultayı tərəfindən irəli sürülmüş Saulekul Sailaukızı və namizədliyi Qırğız Respublikasının Joqorku Keneşi tərəfindən irəli sürülmüş Bektur Bazakeçov TÜRKPA Baş katibinin müavinləri seçiliblər.

Qazaxıstan Respublikası Qurultayının deputatı Amirbek Ospanbekov TÜRKPA-nın İqtisadi əməkdaşlıq komissiyasının sədri, Qırğız Respublikası Joqorku Keneşinin deputatı Ulukbek Karıbek Uulu TÜRKPA-nın Təhsil, mədəniyyət, sosial və humanitar məsələlər komissiyasının sədri, Qazaxıstan Respublikası Qurultayının deputatı Satıbaldı Burşakov TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının sədr müavini, Qırğız Respublikası Joqorku Keneşinin deputatı Bekmurza Erqeşov TÜRKPA-nın İqtisadi əməkdaşlıq komissiyasının sədr müavini və Türkiyə Böyük Millət Məclisinin deputatı Tahir Akyürek TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının sədr müavini seçiliblər.

Assambleya, həmçinin Qadın Parlamentarilər Qrupunun və Gənc Parlamentarilər Qrupunun Plenar iclas zamanı təqdim edilən hesabat məruzələri və tövsiyə qərarlarını nəzərə alıb. TÜRKPA-nın 16-cı Plenar iclasının 2027-ci ildə Türkiyədə keçirilməsinə qərar verilib. 15-ci plenar iclas Bişkek Bəyannaməsinin qəbul edilməsi ilə başa çatıb.

Plenar iclasdan sonra mətbuat konfransı keçirilib. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə parlamentlərinin sədrləri, eləcə də TÜRKPA Baş katibi tədbirdə çıxış ediblər.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 31 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Son 5 ilin rekordu

21 Oktyabr 11:06

İqtisadiyyat

Siyasət

Ədəbiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31