/ / Bakıda NATO PA-nın “Cənubi Qafqaz: Çağırışlar və imkanlar” mövzusunda 86-cı Rouz-Rout seminarı keçirilir
Bakıda NATO PA-nın “Cənubi Qafqaz: Çağırışlar və imkanlar” mövzusunda 86-cı Rouz-Rout seminarı keçirilir
18.06.2014 [09:58]
İyunun 16-da Bakıda Azərbaycan Respublikası Milli Məclisinin və NATO Parlament Assambleyasının (PA) təşkilatçılığı ilə “Cənubi Qafqaz: Çağırışlar və imkanlar” mövzusunda 86-cı Rouz-Rout seminarı işə başlayıb.
AzərTAc xəbər verir ki, seminarın açılış sessiyasına Milli Məclis sədrinin birinci müavini, NATO PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov moderatorluq edib.
Rouz-Rout seminarı haqda məlumat verən Ziyafət Əsgərov bildirib ki, bu, Bakda keçirilən sayca üçüncü seminardır. Qeyd edilib ki, ötən illər ərzində Azərbaycan ilə NATO arasında sıx əməkdaşlıq formalaşıb. Azərbaycan 1994-cü ildən “Sülh naminə tərəfdaşlıq” və Fərdi Tərəfdaşlıq proqramları çərçivəsində NATO ilə sıx tərəfdaşlıq edir. O, əminliklə vurğulayıb ki, bu seminar çərçivəsində müzakirə olunacaq məsələlər, irəli sürülən təkliflər əməkdaşlığın genişlənməsinə təkan verəcək.
Açılış sessiyasında çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov seminarın işinə uğurlar arzulayıb. Parlamentin sədri əmin olduğunu bildirib ki, seminarda aparılacaq fikir mübadiləsi, irəli sürüləcək təkliflər Cənubi Qafqaz bölgəsində sabitliyin və təhlükəsizliyin təmin edilməsi problemlərinin həllinə töhfəsini verəcək.
Milli Məclisin sədri deyib: “Bakıda üçüncü dəfə keçirilən Rouz-Rout seminarı əlamətdar bir vaxta təsadüf edir. Bu yaxınlarda “Sülh naminə tərəfdaşlıq” Proqramının və Azərbaycanın bu proqrama qoşulmasının 20-ci ildönümü tamam olmuşdur. Prezident İlham Əliyevin dediyi kimi, “Sülh naminə tərəfdaşlıq” Proqramına 20 il üzvlük müddəti ərzində Azərbaycan ilə NATO-nun münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.
Azərbaycanın Şimali Atlantika Alyansı ilə tərəfdaşlığında əsas istiqamətlər siyasi dialoq, sülhü dəstəkləmə əməliyyatlarında iştirak, təhlükəsizliyə olan təhdidlərə qarşı mübarizə, təhlükəsizlik və müdafiə islahatları ilə bağlı məsələlərdə praktik əməkdaşlıqdan ibarətdir. Bizim ölkəmiz NATO ilə əməkdaşlığa Avratlantik məkanda təhlükəsizliyə, sülhə, iqtisadi inkişafa və demokratiyaya töhfə vermək imkanı kimi baxır. Azərbaycan təhlükəsizliyin möhkəmləndirilməsi prinsipindən çıxış edərək, NATO rəhbərliyi ilə sülhü dəstəkləmə əməliyyatlarına yaxından qoşulmuşdur.
Azərbaycan bundan sonra da NATO-nun yaxın və etibarlı tərəfdaşı olmaq əzmindədir. Biz Alyansla qarşılıqlı öhdəliklərə əsaslanan möhkəm münasibətlərin tərəfdarıyıq”.
Bildirilib ki, hazırda Milli Məclis ilə NATO-nun Parlament Assambleyası arasında mövcud olan əməkdaşlıq əlaqələri Azərbaycanın Alyansla qurduğu tərəfdaşlıq münasibətlərinin vacib elementlərindən birini təşkil edir. Təşkilatda ölkəmizi təmsil edən nümayəndə heyəti Assambleyanın bütün tədbirlərində, o cümlədən ildə iki dəfə keçirilən sessiyalarında fəal iştirak edir. Bu tədbirlər zamanı NATO-Azərbaycan münasibətləri, terrorizmə qarşı mübarizədə beynəlxalq əməkdaşlıq, təhlükəsizlik sahəsində qurumun rolu, Avratlantik təhlükəsizliyi və digər məsələlər barəsində aparılan fikir mübadiləsi ikitərəfli münasibətlərin dərinləşməsinə kömək göstərir.
Milli Məclisin sədri deyib: “Seminarın adından da göründüyü kimi, bu gün Cənubi Qafqazda mövcud olan çağırışları aradan qaldırmaq üçün imkanlar vardır. Bunun üçün ilk növbədə, qarşılıqlı etimada əsaslanan, ikili standartlardan azad olan əməkdaşlıq inkişaf etdirilməlidir. Beynəlxalq qaydanın əsas elementlərinə təsir göstərməkdə davam edən, dövlətlərin ərazi bütövlüyünü və sabitliyini pozan əsas təhdidləri və çağırışları dəf etmək üçün onlara vahid yanaşma təmin edilməlidir”.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Oqtay Əsədov qeyd edib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal edilib, 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkünə çevrilib. Uzun illərdən bəri Azərbaycan beynəlxalq birliyə çağırışlar edərək, ədalətin bərpa olunmasını, beynəlxalq təşkilatların qəbul etdikləri sənədlərin tələblərinin həyata keçirilməsini istəyir. O.Əsədov deyib: “Bu baxımdan BMT Təhlükəsizlik Şurasının hələ 1993-cü ildə qəbul etdiyi məlum 4 qətnamənin, eləcə də Avropa Şurası Parlament Assambleyasının 2005-ci il tarixli qətnaməsinin, habelə Avropa Parlamentinin və digər beynəlxalq qurumların qəbul etdikləri qətnamələrin yerinə yetirilməsi zərurətinə bir daha diqqəti cəlb etmək istərdim.
Onu da qeyd etmək lazımdır ki, NATO-nun Zirvə görüşlərində müttəfiq ölkələr tərəfindən Azərbaycanın ərazi bütövlüyünə birmənalı dəstək ifadə olunur. Bunu yüksək qiymətləndirir və üzv dövlətlərə bir daha minnətdarlığımızı bildirmək istəyirik. Biz ümumən Avratlantik məkanda sülh və təhlükəsizlik üçün ciddi qorxu törədən münaqişələrin aradan qaldırılmasında NATO-nun daha yaxından iştirakını arzulayırıq.
Bu gün vacib çağırışlardan biri də enerji təhlükəsizliyi ilə bağlıdır. Azərbaycan bu məsələdə NATO-nun üzvü olan dövlətlər ilə sıx əlaqə saxlayır. Ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş olduğunu sübuta yetirmişdir”.
NATO PA-nın prezidenti Hu Beylin 86-cı dəfə keçirilən Rouz-Rout seminarının əhəmiyyətindən danışıb. Seminarın keçirilməsində əsas məqsəd qanunverici orqanlar arasında əməkdaşlığı gücləndirməklə təhlükəsizliyin təminində parlamentlərin rolunu artırmaqdır. Bu seminarda təhlükəsizlik məsələləri müzakirə olunur və bir sıra problemlər öz həllini tapır. Artıq üçüncü dəfədir ki, bu seminar Azərbaycanda keçirilir. Hər il Cənubi Qafqaz regionunda bu cür seminarlar keçirilir. Burada regionu narahat edən məsələlər müzakirə olunur.
Qeyd edilib ki, Azərbaycan strateji baxımdan çox mürəkkəb regionda yerləşir. Hazırda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli regionun ən aktual məsələlərindən biridir. Təbii ki, münaqişənin sülh yolu ilə həlli, qarşılıqlı anlaşma və etimadın yaradılması vacib şərtlərdir. NATO bu istiqamətdə öz səylərini əsirgəməyəcək.
O, Azərbaycanın NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramındakı fəal iştirakını yüksək qiymətləndirib.
Sonra İsveçrənin Azərbaycandakı səfiri Paskal Obişer çıxış edərək seminarın önəmindən danışıb. Səfir seminarın Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin müzakirəsi baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Seminarda LİNKS Təhlil Mərkəzinin direktoru Denis Sammut “Cənubi Qafqaz: Dəyişkən regional və beynəlxalq təhlükəsizlik çağırışları” mövzusunda çıxış edib. O, son dövrlər Azərbaycanda gedən iqtisadi inkişafı xüsusi vurğulayıb.
Müsbət dəyişikliklərdən danışan, iqtisadi cəhətdən qüdrətli Azərbaycanın yeganə probleminin - Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini vurğulayan D.Sammut deyib: “Burada əsas prinsip kimi ərazi bütövlüyü götürülməlidir. Azərbaycanın ərazi bütövlüyü pozulub və bərpa olunmalıdır”.
Seminarın açılış sessiyası mövzu ətrafında müzakirələrlə davam etdirilib.
Sonra NATO PA-nın prezidenti Hu Beylinin moderatorluğu ilə “Azərbaycanın xarici və təhlükəsizlik prioritetləri: Avratlantik inteqrasiya” mövzusunda birinci sessiya keçirilib.
Sessiyada çıxış edən Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev müasir Azərbaycanın müstəqillik tarixi barədə tədbir iştirakçılarına məlumat verib. O bildirib ki, Azərbaycanın dövlətçilik tarixi 1918-ci illə bağlıdır. Təəssüflər olsun ki, həmin müstəqil dövlətimiz cəmi 23 ay yaşayıb. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin qorunması fundamental məqsəd olub. Təəssüflər olsun ki, Azərbaycan müstəqilliyinin ilkin çağlarından başlayaraq Ermənistanın hərbi təcavüzü, işğalçılıq siyasəti ilə qarşılaşıb. Bu da Azərbaycan ərazisinin 20 faizinin işğalı ilə nəticələnib. Beləliklə də 1 milyondan artıq insan qaçqın və məcburi köçkünə çevrilib.
Xarici işlər nazirinin müavini vurğulayıb ki, Azərbaycan torpaqlarının işğal altında saxlanılması regionda təhlükəsizliyin təmininə çox böyük maneədir.
Bildirilib ki, Azərbaycan Avropa ilə Asiyanın qovuşuğunda yerləşən mühüm tranzit ölkədir. Azərbaycan coğrafi mövqeyindən kifayət qədər səmərəli istifadə edərək regionda bir sıra mühüm enerji və nəqliyyat layihələri həyata keçirir. Bu layihələr regionun iqtisadi qüdrətinin artması baxımından çox önəmlidir.
M.Məmmədquliyev deyib: “Azərbaycanın xarici siyasətinin prioritetlərindən biri də müasirləşmədir. Bu, müxtəlif sahələri əhatə edir və Azərbaycan bu məsələdə Avropa ölkələri və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Bu müasirləşmə özü-özlüyündə bir sıra qlobal problemlər meydana gətirir. Belə ki, beynəlxalq ictimaiyyət artıq yeni çağırışlarla üzləşir. İnsan alveri, narkotik vasitələrin qanunsuz dövriyyəsi dünya üçün böyük təhlükədir. Avratlantik məkanın vacib bir hissəsi olan Azərbaycan onun təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfələr verir. Son illər ölkəmizdə aparılan uğurlu siyasət nəticəsində Azərbaycan regionda təhlükəsizliyin qarantına çevrilmişdir. Azərbaycanın sülhməramlı qüvvələri Əfqanıstanda xidmət edir”.
Nazir müavini diqqətə çatdırıb ki, Azərbaycan hökuməti cəmiyyətin inkişafı, demokratiyanın təmin olunması, gənclərin keyfiyyətli təhsil alması istiqamətində çox mühüm işlər görür. Azərbaycan Avropa Qonşuluq Siyasətinin fəal iştirakçısıdır. Həmçinin ölkəmiz “Şərq tərəfdaşlığı” Proqramında yaxından iştirak edir. Bu əməkdaşlıq nəticəsində müxtəlif sahələrdə mühüm nailiyyətlər əldə edilib.
Müdafiə Araşdırmaları üzrə Beynəlxalq Mərkəzin direktoru Mətyu Brayzə deyib ki, bu gün Azərbaycan beynəlxalq aləmdə güclü mövqeyə malikdir və bir sıra mühüm layihələrə investisiyalar yatırır. Bütün neft və qaz sərmayələrini bir yerə qoysaq, Azərbaycan iqtisadi artım möcüzəsi yaradıb. Gələcəkdə bu investisiyalar sürətlə artacaq.
Vurğulanıb ki, bu gün Azərbaycan çoxşaxəli iqtisadiyyata, gənclərin yüksək səviyyəli təhsilinə, mədəni və dini müxtəlifliyin təmin edilməsinə nail olmaq məqsədilə bir sıra önəmli işlər görür. Azərbaycan Avropa İttifaqı ilə bərabər tərəfdaşlığa xüsusi önəm verir.
M.Brayzə qeyd edib ki, Azərbaycan ABŞ-ın çox mühüm tərəfdaşıdır. Beynəlxalq təhlükəsizlik və terrorizmə qarşı mübarizə məsələlərində birgə əməkdaşlığı buna misal göstərmək olar.
Bu gün Azərbaycanın tolerant cəmiyyətində müxtəlif mədəniyyətə, dini inanclara sahib olan insanların dinc yanaşı yaşadığını vurğulayan M.Brayzə deyib: “Azərbaycanın müasirləşməsi istiqamətində də bir sıra mütərəqqi addımlar atılır. Azərbaycanda yoxsulluq səviyyəsi 2005-ci ildə 49 faiz idisə, 2012-ci ildə mən ölkədə diplomatik missiyamı başa çatdırarkən bu rəqəm 9 faizə düşmüşdü. Bu, böyük tərəqqidir və ölkədə fəal siyasətin aparıldığını nümayiş etdirir”.
Çıxışlardan sonra mövzu ətrafında müzakirələr aparılıb.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov müzakirələrə qoşularaq BMT Təhlükəsizlik Şurasının münaqişənin həlli ilə bağlı qəbul etdiyi qətnamələrin mətnində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal çıxarılması ilə bağlı müddəaları diqqətə çatdırıb. O, beynəlxalq təşkilatları ikili standartlara son qoymağa çağırıb.
Sonra NATO PA siyasi komitəsinin sədri Joze Lellonun moderatorluğu ilə “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi” mövzusunda ikinci sessiya keçirilib.
Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov sessiyada çıxış edərək bildirib ki, Minsk qrupu münaqişənin həlli istiqamətində heç bir irəliləyişə nail olmayıb. O deyib: “Təəssüf ki, Avropa dövlətlərinin dünyada baş verən digər münaqişələrə göstərdiyi reaksiya Cənubi Qafqazda baş verən bu münaqişədə özünü göstərmir. Münaqişənin həll ilə bağlı BMT-nin qəbul etdiyi 4 qətnamə hələ ki, Ermənistana qarşı sanksiyaların tətbiqi ilə nəticələnmir. Dünya ictimaiyyətinin bu münaqişənin beynəlxalq hüququn normaları, dövlətlərin ərazi bütövlüyünə hörmət prinsipi çərçivəsində həlli mövqeyindən çıxış etməsi çox vacibdir. ATƏT-in Minsk qrupu müəyyən şərtlər daxilində uğur qazana bilər. Lakin, təəssüflər olsun ki, hələ heç bir nəzərəçarpan nəticə yoxdur. Azərbaycan həmişə danışıqların davam etdirilməsi prosesinin tərəfdarıdır. Hazırda Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə Azərbaycan hökumətinin hər hansı infrastruktur layihələri həyata keçirməyi mümkün deyildir”.
Nazir müavini qeyd edib ki, ermənilərin Suriyadan, Livandan olan qaçqınları işğal olunmuş Azərbaycan ərazisində məskunlaşdırması bizi ciddi narahat edir. Bu, münaqişənin həllini daha da mürəkkəbləşdirir.
Sonra mövzu ətrafında müzakirələr aparılıb.
Daha sonra Avropa İttifaqının Azərbaycandakı nümayəndə heyətinin rəhbəri, səfir Malena Mardın moderatorluğu ilə “Azərbaycanda idarəçilik sektorunda islahatlar” mövzusunda üçüncü sessiya keçirilib.
Malena Mard bildirib ki, Avropa İttifaqı Azərbaycanda və digər ölkələrdə fəallığı ilə seçilir. Avropa İttifaqı bu ölkələrdə layihələrini Avropa Qonşuluq Siyasəti və “Şərq tərəfdaşlığı” proqramları çərçivəsində həyata keçirir.
Səfir Avropa İttifaqı ilə Azərbaycan arasındakı əməkdaşlıqdan məmnunluqla danışıb və bu əlaqələrin genişlənəcəyinə əminliyini bildirib.
Sessiyada çıxış edən Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov bildirib ki, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan bütün tərəfdaşları, o cümlədən, NATO ilə əməkdaşlığın gücləndirilməsinə böyük önəm verib. İ.Kərimov deyib: “NATO ilə Azərbaycan arasında beynəlxalq təhlükəsizlik sahəsində çox güclü əməkdaşlıq qurulmuşdur. Azərbaycan, həmçinin Avratlantik təhlükəsizlik arxitekturasında mühüm tərəfdaşdır. Azərbaycan öz sürətli dinamik inkişafı, siyasi stabilliyi ilə yeni bir əməkdaşlıq fazasına qədəm qoymuşdur. Azərbaycanın öz tərəfdaşları ilə əməkdaşlığının əsas hədəfləri enerji təhlükəsizliyi, beynəlxalq sülh və digər sahələr olmuşdur.
Bu gün Azərbaycanda uğurlu islahatlar həyata keçirilir. Dövlət qurumları müasir formada qabaqcıl texnologiyalar vasitəsilə ictimai xidmətlərdə öz yeniliklərindən istifadə edir. Buna “ASAN xidmət”i misal göstərmək olar. Bu xidmət “vahid pəncərə” sisteminin ən gözəl modellərindən biridir. Hazırda “ASAN xidmət”də 10 dövlət orqanı müxtəlif xidmətlərlə əhalinin ixtiyarındadır. Artıq 150-dən çox xidmət “vahid pəncərə” sistemi ilə təmin olunur. “ASAN xidmət” müasir Azərbaycanın innovativ modelidir. “ASAN xidmət”, eyni zamanda, ən ucqar yerlərdə yaşayan əhaliyə səyyar formada xidmət göstərir. Mərkəzlərdə son 6 ayda 2 milyondan çox vətəndaşa xidmət göstərilmişdir”.
Tədbirdə “ASAN xidmət”in fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Sonra mövzu ətrafında müzakirələr aparılıb.
NATO PA-nın 86-cı Rouz-Rout seminarı öz işini iyunun 17-də davam etdirib.
Xəbər lenti
Hamısına baxDünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31

