Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Dövlətin humanizm siyasəti vətəndaş-dövlət münasibətlərinə təsir göstərən vacib amildir

Dövlətin humanizm siyasəti vətəndaş-dövlət münasibətlərinə təsir göstərən vacib amildir

23.10.2014 [10:36]

Prezident İlham Əliyevin imzaladığı əfv Sərəncamı dövlətin öz vətəndaşlarına verdiyi dəyəri əks etdirən bariz nümunədir
Azərbaycan demokratik dəyər və təsisatların təşəkkül tapdığı müasir hüquqi dövlətdir. Ölkəmizdə daxili siyasət kursunun mühüm istiqamətlərindən birini demokratik təsisatların təkmilləşdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə edilməsi təşkil edir.
Əfv Sərəncamı növbəti humanizm nümunəsidir
Öz növbəsində, ölkəmizdə insan hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunması, hər bir fərdə sosial münasibətlər sistemində iştirak etmək üçün əlverişli şəraitin yaradılması dövlət quruculuğu prosesinin humanist səciyyəli prioritet istiqamətlərindən birini təşkil edir. Bu isə, nəticə etibarilə, çoxşaxəli humanizm siyasətinin həyata keçirilməsini şərtləndirən başlıca amillərdəndir. Bu siyasətin əsas məqsədlərindən birini də rol və statusundan asılı olmayaraq, sosial münasibətlər sistemində iştirak edəcək, cəmiyyətə yararlı fərdlərin yetişdirilməsi və onların reabilitasiyası, eləcə də reinteqrasiyası təşkil edir. Bunun üçün dövlət tərəfindən səmərəlilik dərəcəsinə görə olduqca yüksək səviyyədə dəyərləndirilən ən müxtəlif addımlar atılıb və hazırda da bu istiqamətdə davamlı tədbirlər görülür. Bunlardan birini də azadlıqdan məhrumetmə və azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin əfv edilməsi ilə bağlı dövlət başçısı tərəfindən imzalanan əfv haqqında sərəncamlar, həmçinin, amnistiya aktlarının qəbul olunması təşkil edir.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 17-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamın Ədliyyə Nazirliyi Penitensiar xidmət üzrə icrası artıq başa çatıb. Xatırladaq ki, Sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 80 nəfər cəzasının çəkilməmiş hissəsindən, bir nəfər şərti cəzadan, iki nəfər islah işləri cəzasından, bir nəfər isə cərimə cəzasından azad olunub. Sərəncamda qeyd olunur ki, əfv olunan şəxslər onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxılaraq, məhkumların şəxsiyyəti, səhhəti, ailə vəziyyəti, cəza çəkdikləri müddətdə davranışları nəzərə alınaraq, humanizm prinsipləri əsasında müəyyənləşdirilir.
Dolayısıyla, Prezident İlham Əliyevin imzaladığı əfv Sərəncamı humanizm siyasətinin növbəti nümunəsini təşkil edir. Bu, öz növbəsində, dövlətin öz vətəndaşlarına verdiyi dəyəri əks etdirən bariz nümunə kimi qiymətləndirilir.
Azərbaycan ictimaiyyəti humanizm nümunəsi olan əfv Sərəncamını yüksək qiymətləndirir
Təsadüfi deyil ki, Azərbaycan ictimaiyyətinin nümayəndələri humanizm nümunəsi olan bu Sərəncamı yüksək qiymətləndirirlər.
Məsələn, Milli Məclisin deputatı Kamilə Əliyeva qeyd edib ki, Prezident İlham Əliyevin imzaladığı əfv Sərəncamı dövlətin vətəndaşlara qarşı humanist mövqeyini əks etdirir: “İnsan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması Azərbaycan dövlətinin daxili siyasət kursunun əsas istiqamətlərindən birini təşkil edir. Eyni zamanda, dövlət öz vətəndaşlarına qarşı kifayət qədər humanist mövqedədir, vətəndaşların cəmiyyət daxilində təhlükəsiz, əmin-amanlıq şəraitində yaşaması, onların öz imkan və qabiliyyətlərindən səmərəli istifadə etmələri diqqət mərkəzindədir. Əfv Sərəncamı bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu Sərəncam, bütövlükdə, bəhs olunan kateqoriyaya məxsus vətəndaşların cəmiyyətə inteqrasiyasına mühüm töhfələr verəcək”.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva isə deyib ki, Azərbaycan ictimaiyyəti tərəfindən olduqca yüksək qiymətləndirilən əfv Sərəncamı beynəlxalq səviyyədə də təqdir olunur. “Çünki Prezident İlham Əliyevin imzaladığı bu Sərəncam yüksək humanizm nümunəsi və vətəndaşlara verilən ali dəyəri özündə ehtiva edir. Təsadüfi deyil ki, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə komissarı Ketrin Eşton, təşkilatın genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle birgə bəyanat yayaraq Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 17-də imzaladığı əfv Sərəncamını alqışladıqlarını bildiriblər. Bu, Azərbaycanda vətəndaşlara humanist münasibətə verilən adekvat qiymətdir”, - deyə millət vəkili bildirib.
Milli Məclisin deputatı Elman Məmmədov isə deyib ki, Azərbaycanda məhkumların əfv olunması, vətəndaşlara humanist münasibətin göstərilməsi mütəmadi xarakter daşıyır: “Bu, ilk növbədə, Ulu öndər Heydər Əliyevin humanizm siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi kimi dəyərləndirilməlidir. Xatırladaq ki, Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi dövlət siyasətinin mahiyyətini özündə əks etdirən humanistliyin nəticəsində əfv və amnistiya təsisatları yaradılıb və bu günə qədər bir çox amnistiya aktı qəbul edilib, sərəncamlar imzalanıb. Məhz Ulu öndər Heydər Əliyevin humanizminin nəticəsi olaraq ölkəmizdə ölüm hökmü də aradan qaldırılıb. Bu gün də Azərbaycanda insan və vətəndaş hüquqları ən yüksək səviyyədə təmin olunub və dövlət öz vətəndaşlarına humanist münasibətini davam etdirir. Bu da Azərbaycanın müsbət beynəlxalq imicinə əhəmiyyətli töhfələr verir”.
Milli Məclisin deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sahibə Qafarovanın sözlərinə görə, dövlətin humanizm siyasəti vətəndaş-dövlət münasibətlərinə təsir göstərən vacib amildir. “Əfv olunan vətəndaşlar dövlətin onlara olan etibarını daim hiss edirlər, bu isə onları layiqli vətəndaş olmağa həvəsləndirir. Eyni zamanda, dövlətin humanist siyasətini xalq yüksək qiymətləndirir və bu da əhalinin ölkə rəhbərliyinə onsuz da güclü olan etimadını daha da qüvvətləndirir. Nəticədə, cəmiyyətdə qarşılıqlı hörmət və rəğbət, habelə qanunçuluq prinsiplərinə söykənən uğurlu vətəndaş-dövlət münasibətləri formalaşır”, - deyən millət vəkili əlavə edib ki, Prezident İlham Əliyevin oktyabrın 17-də imzaladığı əfv Sərəncamı sadalananlar baxımından müstəsna əhəmiyyət kəsb edir.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 695 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31