Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / 1995-ci ilin mart hadisələri dövlətçiliyimizə qarşı qəsd idi

1995-ci ilin mart hadisələri dövlətçiliyimizə qarşı qəsd idi

17.03.2015 [10:13]

20 il öncə xalqın iradəsinə arxalanan Ulu öndər Heydər Əliyevin qətiyyəti və siyasi uzaqgörənliyi sayəsində bu dövlət çevrilişinin də qarşısı alındı
Azərbaycanın 23 illik müstəqillik tarixində bir çox taleyüklü hadisələr olub ki, bunlar dövlətçiliyimizin gələcək inkişaf trendlərinin müəyyənləşdirilməsində mühüm rol oynayıb. 15-16 mart hadisələri də bu mənada xüsusilə əhəmiyyət kəsb edir. Məhz 1995-ci ilin mart hadisələri Azərbaycanda xalq-iqtidar birliyinin nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi.
Belə ki, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyev ölkəni düçar olduğu bəladan xilas etmək üçün gərgin fəaliyyətə başladı. Çünki bir il öncə silahlı yolla hakimiyyəti ələ keçirən AXC-Müsavat cütlüyünün ölkədə yaratdığı xaos müstəqil Azərbaycan dövlətini məhv olmaq həddinə çatdırmışdı. Dövlət idarəçiliyində zəngin təcrübəsi olan Ulu öndər Heydər Əliyev ölkədə davamlı ictimai-siyasi sabitlik yaratmaq üçün ilk növbədə qeyri-qanuni silahlı birləşmələri ləğv etdi. Azərbaycanın mürəkkəb və taleyüklü tarixi dövründə ölkəyə rəhbərliyin ağır məsuliyyətini öz üzərinə götürmüş Ulu öndər Heydər Əliyevin siyasi xəttinin əsasını ilk növbədə iqtisadiyyatı möhkəmləndirmək, nüfuzlu beynəlxalq qurumlarla əlaqələr qurmaq və Ermənistanla atəşkəsə nail olmaq təşkil edirdi. Belə ki, Qarabağ uğrunda gedən üçillik müharibədə Azərbaycan yüzlərlə şəhid vermiş, Vətən uğrunda gedən döyüşlərdə minlərlə insan yaralanmış, sağlamlığını itirmiş, ağır bədən xəsarətləri almışdı. 1994-cü il mayın 12-də Ermənistanla ətəşkəs barədə sazişin imzalanmasından sonra xalqımızın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq və ədalət prinsiplərinə uyğun həlli üçün bütün vasitələrdən istifadə edən müdrik siyasi xadim Heydər Əliyev Azərbaycanın nüfuzlu beynəlxalq qurumlarla əlaqələrinin möhkəmləndirilməsi və ölkəmizin bu qurumlara üzv olması üçün mühüm əhəmiyyətli tədbirlər həyata keçirirdi. Daha doğrusu, atəşkəs barədə razılıq əldə edildikdən sonra milli ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Qısa müddət ərzində vahid komandanlığa tabe olan nizami ordu formalaşdırıldı.
Heç şübhəsiz, ordu quruculuğunun daha da inkişaf etdirilməsi üçün ölkəmizin iqtisadi qüdrətinin artırılması vacib idi. Bu isə ölkədə sürətlə iqtisadi islahatlar aparmaq, bazar iqtisadiyyatına keçmək və iri şirkətlərin Azərbaycana cəlb edilməsini zəruri edirdi. Belə ki, dünyada tanınan, nüfuzu olan şirkətləri ölkəyə cəlb etməklə həm iqtisadiyyatı möhkəmləndirmək, həm də Azərbaycanı beynəlxalq aləmdə tanıtmaq, əlaqələri genişləndirmək olardı. Odur ki, Ümummilli liderin təşəbbüsü nəticəsində 1994-cü il sentyabrın 20-də “Gülüstan” sarayında dünyanın 7 qüdrətli dövlətini təmsil edən 11 aparıcı neft şirkətlərinin iştirakı ilə “Əsrin müqaviləsi” imzalandı. Bu, Azərbaycanın beynəlxalq aləmdəki mövqelərinin möhkəmləndirilməsi istiqamətində atılmış qətiyyətli addım idi. Aylar ötdükcə gənc, müstəqil ölkəmiz beynəlxalq aləmdə öz mövqelərini möhkəmləndirirdi. Azərbaycanın belə sürətlə demokratik inkişaf yolunda irəliləməsi, beynəlxalq aləmdə nüfuzunun artması isə bəzi hakimiyyət hərislərini ciddi şəkildə narahat edirdi. Odur ki, ölkəmizdəki sabitliyi gözü götürməyən xarici qüvvələrin himayədarlığı ilə hakimiyyəti qeyri-konstitusion yolla ələ keçirmək istəyən antimilli qüvvələr 1994-cü ilin oktyabrında dövlət çevrilişinə cəhd etdilər. Lakin Ümummilli lider Heydər Əliyevin çevik siyasəti, böyük dövlətçilik təcrübəsi və siyasi uzaqgörənliyi, eyni zamanda, sarsılmaz xalq - Heydər Əliyev həmrəyliyi sayəsində xəyanətkar qüvvələrin planları iflasa uğradı. Adlarını müxalifət qoyan antimilli qüvvələr Heydər Əliyevin siyasi uzaqgörənliyi qarşısında çox cılız olduqlarını bir daha da dərk etdilər.
Ulu öndər Heydər Əliyev tərəfindən həyata keçirilən düşünülmüş siyasət nəticəsində ölkə həyatının demokratikləşməsi, hüququ dövlət quruculuğu istiqamətində inamlı addımlar atıldı. Əhalinin güzəranının yaxşılaşdırılması, ölkə iqtisadiyyatına qoyulan xarici investisiyalar Azərbaycanın dünyadakı mövqelərini getdikcə möhkəmləndirirdi. Bununla yanaşı, ölkəmizin xarici dövlətlərlə olan diplomatik əlaqələri getdikcə genişlənirdi. Bütün bunlar 1994-cü ilin oktyabrında hakimiyyət çevrilişi etməyə cəhd göstərən Surət Hüseynov, Rövşən və Mahir Cavadov qardaşlarını, eləcə də, onlarla həmrəy olan radikal müxalifət nümayəndələrini narahat edirdi. Onlar öz xəbis niyyətlərini həyata keçirmək üçün yenidən qeyri-qanuni silahlı qruplaşmalar vasitəsi ilə dövlət çevrilişinə cəhd etdilər.
Antimilli qüvvələr dövlət çevrilişinə əvvəlcə Qazax rayonunda başladılar. Rövşən Cavadovun rəhbərlik etdiyi Xüsusi Təyinatlı Polis Dəstəsinin (XTPD) üzvləri 1995-ci il martın 13-də səhər saat 4-də Qazax rayonunda hərbi hissəyə, inzibati orqanların binalarına və poçta hücum edərək onların normal fəaliyyətini xeyli müddət pozdu, sonra isə Ağstafa rayonunda öz çirkin niyyətlərini davam etdirdilər. Nəticədə dövlət mənafeyini, dövlətçiliyi müdafiə edən Ağstafa rayon Polis Şöbəsinin bir əməkdaşı öldürüldü. XTPD-nin üzvləri getdikcə daha da azğınlaşaraq, çoxlu sayda silah-sursat ələ keçirərək öz təcavüzkar əməllərini daha da genişləndirdilər. Hadisələr məcrasından çıxdığından daxili işlər naziri general-mayor Ramil Usubovun 14 mart 1995-ci il tarixli əmri ilə DİN-in Xüsusi Təyinatlı Polis Dəstəsi ləğv olunsa da, silahlı qruplaşmanın rəhbəri Rövşən Cavadov bu əmrə tabe olmadı, Xətai rayonunun o vaxtkı prokuroru, qardaşı Mahir Cavadovla birlikdə qeyri-qanuni silahlı dəstələri ilə dövlət başçısı qarşısında müəyyən şərtlər qoymağa cəhd göstərdilər.
Martın 15-də Ulu öndər Heydər Əliyev televiziya ilə xalqa müraciətində Surət Hüseynovun, Rövşən və Mahir Cavadov qardaşlarının, onlarla həmrəy olan radikal müxalifət nümayəndələrinin dövlət çevrilişi cəhdinə aydınlıq gətirdi. Dövlət başçısı qeyd etdi ki, həmin antimilli qüvvələrin belə hərəkətlərinin bir sıra səbəbləri var: “Bu səbəb də ondan ibarətdir ki, biz demokratiya şəraitində yaşayırıq. O vaxtkı dövlət quruluşu ilə indiki dövlət quruluşu arasında fərq var. Mən demokratiya yolu ilə gedirəm, Azərbaycanda demokratiya prinsiplərini bərqərar edən bir adam kimi çox şeyləri güzəştə gedirəm. Demokratiya yolu ilə getmək, insanlar arasında sülh, əmin-amanlıq, vətəndaş həmrəyliyi, birliyi yaratmaq lazımdır”.
Yeri gəlmişkən, Ümummilli lider Heydər Əliyev Cavadov qardaşlarına, onların başçılıq etdiyi qeyri-qanuni silahlı qruplaşmalara qanunsuz əməllərindən əl çəkmələri barədə dəfələrlə xəbərdarlıq etmişdi, onları əfv edəcəyini bildirmişdi. Hətta Ümummilli lider Cavadov qardaşlarının atası ilə danışmışdı, ona oğlanlarını vətəndaş müharibəsi, silahlı qarşıdurma yaratmaqdan çəkindirməyi tövsiyə etmişdi. Lakin Cavadov qardaşları, onları dəstəkləyən antimilli qüvvələr, eləcə də, onların xarici havadarları isə əksinə, qiyamçıları daha da şirnikləndirərək, onlara tezliklə hakimiyyətə gələcəkləri barədə vədlər verirdilər. Rövşən Cavadov həmin günlərdə jurnalistlərə verdiyi müsahibəsində də bunu etiraf edirdi: “Biz hakimiyyətə gələcəyik. Artıq heç özümüzdən ağıllısını görmürük... Sabah bütün qüvvələrimizi səfərbərliyə alacağıq, artıq sabah, birisi gün, bir neçə günə Heydər Əliyev istefa verməsə, onu zorla devirərik, yəni, zorla, silahla”.
Özlərinin də etiraf etdikləri kimi, Rövşən Cavadov və onun ətrafı hakimiyyəti silah gücünə, qeyri-konstitusion yolla ələ keçirmək üçün tam israrlı idilər. Onlar ağsaqqalları, ziyalıları, hətta öz valideynlərini belə dinləmək istəmirdilər. Rövşən Cavadovhətta müsahibəsində hakimiyyətə gələndən sonra kimlərlə, hansı partiyalarla işləyəcəyini də bəyan etmişdi. Rövşən Cavadov jurnalistlərə müsahibələrinin birində demişdi: “Siz bilirsiniz ki, mən birinci gündən Xalq Cəbhəsində olmuşam”.
Onun bu etirafından sonra məlum oldu ki, Rövşən Cavadovu bu çevrilişə şirnikləndirənlər arasında AXC-Müsavat cütlüyünün üst qatında təmsil olunanlar da yer alırdılar.
Lakin bütün bunlara baxmayaraq, xalqın iradəsinə arxalanan müdrik siyasi xadim Heydər Əliyevin qətiyyəti və siyasi uzaqgörənliyi bu dövlət çevrilişinin də qarşısını aldı. Əslində, 1995-ci ilin mart hadisələri müxalifətin növbəti məğlubiyyəti oldu. Həm 1994-cü ilin oktyabr, həm də 1995-ci ilin mart hadisələri bir daha təsdiqlədi ki, xalq öz Prezidentinə, Ümummilli lideri Heydər Əliyevə inanır və Onunla həmrəydir. Bunu o zaman Ulu öndərə ünvanlanmış saysız-hesabsız teleqramlar da təsdiqləyirdi.
1995-ci ilin mart hadisələrində xalqın iradəsinə arxalanan Heydər Əliyevdən aldıqları məğlubiyyət, əslində, antimilli qüvvələrə, radikal müxalifətə, eləcə də, onları dəstəkləyən xarici havadarlara bir dərs oldu. Azərbaycanda dövlət çevrilişlərinə cəhdlərə birdəfəlik son qoyuldu. Ölkəmiz quruculuq və inkişaf yoluna qədəm qoydu. Azərbaycanın bu gün əldə etdiyi zəfərlərin və nailiyyətlərin əsasını təşkil edən qanunvericilik bazası yaradıldı, uğurlu iqtisadi islahatlar həyata keçirilməyə başlanıldı.

Paylaş:
Baxılıb: 628 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Gündəm

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31