Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ermənipərəst Yunusov-Barseqyan ailəsinin qeyri-qanuni əməlləri təkzibolunmaz faktlarla ifşa edilir

Ermənipərəst Yunusov-Barseqyan ailəsinin qeyri-qanuni əməlləri təkzibolunmaz faktlarla ifşa edilir

06.08.2015 [00:58]

Məhkəmədə şahidlərin və zərərçəkmişlərin verdiyi ifadələr bu cütlüyün ermənilərlə işbirliyini də sübuta yetirir
İstər siyasi kimliyi, istərsə də genetik kökünün hara bağlı olduğu illərdir Azərbaycan cəmiyyətinə bəlli olan Yunusov-Barseqyan ailəsinin üzvlərinin davam edən məhkəmə prosesində onların qaranlıq, çirkab dolu, anti-Azərbaycan fəaliyyətləri bir daha bütün çılpaqlığı ilə ortaya çıxır. Belə ki, şahidlərin dilə gətirdiyi təkzibolunmaz faktlar, bu cütlüyün hansı məqsədlərə xidmət etdiyini növbəti dəfə təsdiqləyir. Bir sözlə, daima antimilli layihələrdə ön səflərdə yer alan, xarici anti-azərbaycançı mərkəzlərin sifarişlərini yerinə yetirən Yunusov-Barseqyan ailəsinin əməllərinin şahidi olan insanların məhkəmədə verdikləri ifadələr onların ermənipərəst fəaliyyətlərinin üzərinə işıq salmaqla yanaşı, “QHT” pərdəsi altında yol verdiyi iqtisadi maxinasiyaları da ortaya çıxarır.
Yunusov-Barseqyan cütlüyünün erməni lobbisindən aldığı ianələr, əldə etdikləri mülklər barədə faktlar məhkəmədə açıqlanıb
Təbii ki, Yunusov-Barseqyanlar cütlüyünün yuxarıda adıçəkilən əməllərin qarşılığında böyük maddi təminatlar aldığı da kimsəyə sirr deyil. Davam edən məhkəmə prosesində səslənən ifadələr əsasında Yunusov-Barseqyanların bu pulları banklarda, fərqli hesablarda saxladıqları və hətta ölkə xaricinə çıxarmağa cəhdlər göstərdikləri bəlli olur. Ermənipərəst cütlüyün Azərbaycan dövlətini satmasının qarşılığında əldə etdiyi “qrantlar”dan hətta vergi verməməsi faktları da ortaya çıxır. Məsələn, məhkəmədə şahidlərin ifadələri ilə müəyyən edilib ki, Leyla Yunusova 2009-2012-ci illər ərzində “Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda” qeyri-hökumət təşkilatının “Unibank” ASC-də yerləşən dollar hesablarından cəmi 88.910 ABŞ dolları məbləğində pul vəsaitinin 88.468 ABŞ dolları məbləğində hissəsini hüquq verən rəsmi sənədləri saxtalaşdırmaqla əldə etdiyi kassa çek vərəqlərindən istifadə etməklə nağdlaşdırıb çıxararaq, həmin pulun cəmi 71.000 ABŞ dollarını özünün qeyd olunan bankda yerləşən əmanət hesablarına mədaxil edib üzərinə toplanmış faizlərlə 24 aprel 2014-cü il tarixində ümumilikdə 78.130,42 ABŞ dolları məbləğində nağd pul vəsaitini müvafiq bank sənədləşməsi ilə çıxarıb əri Arif Yunusov ilə həmin gün sonuncunun “Unibank” ASC-dəki şəxsi hesabına mədaxil edib, dərhal Çex Respublikasının Praqa şəhərində yerləşən “Sberbank CZ” kommersiya bankındakı Arif Yunusovun şəxsi bank hesabına köçürüb.
Bundan başqa avqustun 5-də keçirilən məhkəmə prosesində Arif və Leyla Yunusova-Barseqyanların sənədlərə əks olunan bank əməliyyatları, Arif Yunusov-Barseqyanın Çex Respublikasında ev alması ilə bağlı apardığı danışıqlar, təqsirləndirilən şəxslərin Bakıdakı evlərində aparılan axtarış zamanı müsadirə olunan sənədlər, eyni zamanda, Arif Yunusov-Barseqyanın Çex Respublikasının Praqa şəhərində olan mülkü barədə faktlar açıqlanıb.
Bundan başqa, bu ermənipərəst cütlüyün digər şəhərlərdə də bahalı mülklər əldə etməsi barədə mətbuatda müxtəlif məlumatlara rast gəlinib. Hətta onların Antalyadakı villalarının şəkilləri KİV-də yer alıb.
Göründüyü kimi, cütlük anti-azərbaycançı dairələrin alətinə çevrilməklə külli miqdarda pullar əldə edib ki, məhkəmədə bu məsələlərin hər birinin üstü açılıb və detalları ilə ortaya qoyulub. Bu faktlar həm də onu sübut edir ki, Yunusov-Barseqyan cütlüyü sözügedən əməlləri, sadəcə, ermənipərəst dairələrə xidmət məqsədi ilə yanaşı həm də pul qazanmaq üçün ediblər...
Leyla Yunusova-Barseqyanın Laura Baqdasaryanla işbirliyi təsdiqlənir
Leyla Yunusova-Barseqyanın ermənilərlə işbirliyində olması haqda bu vaxta qədər istər mətbuatda, istərsə də siyasi kluarlarda daima müzakirələr aparılıb. Davam edən məhkəmə prosesində səslənən şahid ifadələri əsasında isə onun Laura Baqdasaryan adlı jurnalistlə (əslində isə, onun erməni xüsusi xidmət orqanı əməkdaşı olması bəllidir - red.) əməkdaşlığı artıq sübuta yetirilir. Hər halda, bunu vaxtilə həm Baqdasaryanla, həm də Leyla Yunusova-Barseqyanla yaxın olan şahidlər təsdiqləyirlər.
Məsələn, L.Yunusova-Barseqyanın məhkəməsində şahid qismində ifadə verən jurnalist Anna Bartkulaşvili L.Baqdasaryanla Gürcüstanın paytaxtında tanış olduğunu deyib. Onun sözlərinə görə, Tiflisdə konfransda olarkən Ermənistandan olan Laura Baqdasaryan adlı jurnalist ona yaxınlaşaraq L.Yunusova-Barseqyanla jurnalist kimi əməkdaşlıq etməyi təklif edib: “O, Leyla Yunusun əlaqə nömrələrini verdi. Sonradan Azərbaycana qayıtdıqdan sonra Leyla Yunus mənə zəng etdi ki, gəl əməkdaşlıq edək. Mənim işim müsahibələr təşkil etməkdən ibarət idi. Buna görə mənə ayda 150-170 manat pul verirdi. Bəzən xaricdə olduğuna görə pulun verilməsi gecikirdi. Mənim VÖEN-im yox idi. Aldığım əməkhaqqını Leyla Yunusun verdiyi qəbzə qol çəkərək qəbul edirdim. Bir dəfə Leyla Yunus mənim üstümə qışqırdı və işimdən razı olmadığını bildirdi. Sonradan bizim əməkdaşlığımız dayandı”.
Bəli, Baqdasaryan-Barseqyan işbirliyinin birmənalı şəkildə Azərbaycana qarşı istiqamətləndiyi bütün ştrixləri ilə ortadadır. Onların yaratdıqları şərikli internet resursu ermənilərin maraqlarını qorumağa xidmət edir. Göründüyü kimi, şahid qismində ifadə verən gürcü əsilli jurnalist də təsdiq edir ki, Baqdasaryan və Barseqyan ikisi bir ələ işləyənlər olublar. Elə bu səbəbdən idi ki, onlara kimsə lazım olanda da biri digərinin koordinatlarını müəyyən şəxslərə verirdi...
Arif Yunusov-Barseqyanla David Şahnazaryanı nələr birləşdirir?
Erməni xüsusi xidmət orqanlarının daha bir tanınmış nümayəndəsi - David Şahnazaryan da Yunusov-Barseqyan ailəsinin iş ortaqlarından sayılıb. Azərbaycan xalqının düşməni, torpaqlarımızı işğal altında saxlayan erməni terrorçularının xarici ölkələrdəki lobbi təşkilatlarının koordinatoru kimi şöhrət qazanmış, elə Barseqyanlar kimi “QHT” pərdəsinin arxasında gizlənməyə çalışan D.Şahnazaryanın və Arif və Leyla Yunusova-Barseqyanların “təşəbbüsü ilə” Ermənistana səfərlər edilir, guya, “xalq diplomatiyası” nağılları əsasında Dağlıq Qarabağın ermənilərə təslim olunması üçün fəaliyyət aparılırdı. Vurğulamaq lazımdır ki, Ermənistanda düzənlənən tədbirlərin mühüm əksəriyyəti məhz bu mövzuya həsr olunurdu.
Yeri gəlmişkən, məhkəmə prosesində ifadə verən Əkbər Həsənov 19 ildən artıqdır jurnalist fəaliyyəti göstərdiyini bildirib: “Təqsirləndirilən şəxsləri tanıyıram. Jurnalist fəaliyyətimdə dəfələrlə onlardan müsahibə almışam. 2006-cı ildə Arif Yunus mənə zəng edib bildirdi ki, Ermənistanda tədbir var, oraya getmək istəyirsənmi? Mən də onunla razılaşdım. Ermənistanı görmək istəyirdim. Sonra bizim adımıza rəsmi dəvətnamə gəldi. Nümayəndə heyətinin tərkibində R.Mirqədirov, mən, Arif Yunus, Arif İsazadə və s. iştirak edirdi. Səfər zamanı “dəyirmi masa”lar keçirildi. Tədbirlər zamanı Arif Yunusun oranın mühüm diplomatlarından sayılan David Şahnazaryanla sıx əlaqədə olduğunu və tez-tez pıçıldayaraq bir-birləri ilə əlaqə saxladığını gördüm. Mənə elə gəlirdi ki, elə məhz bu tədbiri David Şahnazaryan təşkil edib. Azərbaycan nümayəndə heyətinin də koordinatorluğunu Arif Yunus edirdi. Bizim bütün xərclərimizi ödəyirdi. Hətta mağazadan aldığımız şəxsi istəklərimizi də. Onların bu münasibətindən hələ o vaxt şübhələnmişdim. Sonrakı il yenidən biz oraya getdik. Tədbirlər barəsində day.az-da məlumatlar vermişəm”.
Yunusov-Barseqyanların Ermənistan səfərləri Mirqədirovlar ailəsini dağıdıb
Bu məqamda vurğulamaq lazımdır ki, Leyla və Arif Yunusov-Barseqyanlar ötən il həbsdə olan Rauf Mirqədirovun istintaq prosesinə ifadə verməkdən yayınaraq ölkədən qaçmağa cəhd göstərərkən saxlanılmışdılar. Onlar istintaqdan yayınaraq xarici ölkə səfirliklərinin nümayəndələrinin köməyi ilə Azərbaycanı tərk etmək istəyirdilər. Görəsən, bu cütlüyün belə davranışının səbəbi nə imiş ki, hətta şahid qismində belə istintaqdan yayınmaq və ölkədən qaçmaq niyyətinə düşmüşdülər?
Əslində, bu sualın cavabı bəllidir. Məsələn, Yunusov-Barseqyanların məhkəməsində şahid qismində ifadə verən Rauf Mirqədirov bildirib ki, Ermənistana Leyla və Arif Yunusov-Barseqyanların köməyi ilə gedib-gəlirmiş. Prosesdə dindirilən Rauf Mirqədirovun keçmiş həyat yoldaşı Zərifə Hacıyeva da təsdiq edib ki, Ermənistan səfərləri məhz Yunusov-Barseqyanların təşəbbüsü ilə reallaşıb. Z.Hacıyeva R.Mirqədirovdan 2011-ci ildə boşandığını, evli olduğu vaxtlarda Leyla Yunusovanın tez-tez Rauf Mirqədirovla telefonda danışdığının şahidi olduğunu bildirib. Şahidin sözlərinə görə, Leyla Yunusova Rauf Mirqədirovla tez-tez müxtəlif yollarla Ermənistana səfər ediblər: “Həyat yoldaşımla ayrılmağımızın səbəbkarı Leyla və Arif Yunuslar olub. Çünki onlar tez-tez Rauf Mirqədirovla əlaqə saxlayır və Ermənistana aparırdılar. Mən də Raufun Ermənistana getməsinə etiraz etmişəm, demişəm ki, ermənilər bizim düşmənimizdir, səni orada öldürərlər. Buna görə də evdə bununla bağlı söz-söhbətimiz olurdu. Sonda ayrıldıq”.
Sonda isə bir nüansa toxunmaq yerinə düşər. Belə ki, Leyla və Arif Yunusov-Barseqyanlar məhkəmə prosesi zamanı hay-küy salmaqla, şahidləri təhqir etməklə prosesi pozmağa çalışırlar. Amma bu cəhdlər əbəsdir. Çünki istər şahid ifadələri, istərsə də prosesin gedişi bu ermənipərəst cütlük haqqında bütün həqiqətlərin ortaya çıxacağını deməyə əsas verir...
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 484 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31