Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan Ordusu işğal edilmiş torpaqlarımızı azad etməyə qadirdir

Azərbaycan Ordusu işğal edilmiş torpaqlarımızı azad etməyə qadirdir

26.01.2017 [09:54]

Prezident İlham Əliyev: Aprel döyüşləri bizim böyük hərbi qələbəmizdir
Azərbaycan Respublikasının xarici siyasət strategiyasında Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi prioritet istiqamətdir. Milli dövlətlərin ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyən, qarşılıqlı etimadı əsas götürən, separatizmin hər cür formasını rədd edən Azərbaycan diplomatik müstəvidə özünün bütün resurslarından maksimum surətdə istifadə etməklə münaqişənin həllinə nail olmağa çalışır. İşğalçı Ermənistan isə bu zamana qədər bütün çağırışlara qeyri-konstruktiv reaksiya verməklə yanaşı, ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatında əks olunmuş status-kvonun saxlanmasının yolverilməzliyi, hərbi əməliyyatlardan çəkinilməsi və münaqişənin sülh yolu ilə həlli təkliflərinə məhəl qoymayıb. Əslində, Ermənistan anlayır və qəbul edir ki, bundan sonrakı dövrdə danışıqlar prosesini uzatmaq, mövcud status-kvonu qoruyub saxlamaq mümkün deyil, beynəlxalq ictimaiyyət bu mövqeni qəbul etməyəcək.
Aprel döyüşlərinin nəticəsi işğalçı Ermənistana dərs oldu
Bir məqamı xüsusi olaraq qeyd etmək lazımdır ki, 2016-cı ilin aprelində Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində müşahidə olunan gərginlik və Azərbaycan Ordusunun mühüm uğuru Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni vəziyyətin yaranmasını şərtləndirdi. Ümumiyyətlə, aprel hadisələri Ermənistana ciddi mesajlar verdi. 2016-cı ilin aprel ayında Ermənistanın qoşunların təmas xəttində törətdiyi təxribatların qarşısı Azərbaycan Ordusu tərəfindən alındı, düşmənə layiqli cavab verildi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev yanvarın 23-də Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində “N” hərbi hissəsinin yeni inşa edilmiş hərbi şəhərciyinin açılışında iştirakı çərçivəsində hərbi qulluqçularla görüşü zamanı qeyd edib ki, aprel döyüşləri bizim böyük hərbi qələbəmizdir: “Uzun illər Ermənistan öz ordusu haqqında miflər yaradırdı, uydurmalar irəli sürürdü ki, guya bunların yenilməz ordusu var. Aprel döyüşləri göstərdi ki, kimin ordusu yenilməzdir. Ermənistan öz acı məğlubiyyətini etiraf etmək istəməsə də, məcburdur ki, etiraf etsin. Məhz aprel döyüşlərindən sonra Ermənistanın müdafiə naziri başda olmaqla bir çox yüksəkvəzifəli hərbçilər öz vəzifələrindən kənarlaşdırıldı. Bu, aprel döyüşlərinin nəticəsi idi. Bizim əsgərlərimiz, zabitlərimiz qəhrəmanlıq göstərdilər. Biz şəhidlər də verdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ancaq torpağımızı qoruduq, torpaqlarımızın bir hissəsini işğalçılardan azad etdik. Aprel döyüşləri hərbi kitablara salınmalıdır. Azərbaycan Ordusu həm hərbi peşəkarlıq, həm qəhrəmanlıq göstərmişdir”.
Xüsusilə aprel döyüşlərindən sonra ayrı-ayrı dövlətlər, beynəlxalq təşkilatların nümayəndələri, parlamentarilər, rəsmilər Ermənistanın təxribatçı hərəkətlərinə son qoyulmasının və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həllinin zəruriliyini bəyan etdilər. Bu isə onu deməyə əsas verir ki, dünya ictimaiyyəti Ermənistanın qeyri-konstruktiv mövqeyini kəskin qınayır.
Eyni zamanda, ATƏT-in Minsk qrupu, o cümlədən beynəlxalq aləm əmin oldu ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil, intensiv atışmalar müşahidə olunur, insanlar ölürlər, çoxsaylı tələfatlar qeydə alınır. Şübhəsiz, bu vəziyyət sonsuz davam edə bilməz və hansısa məqamda böyük insan tələfatına səbəb ola biləcək hərbi əməliyyatların başlanması tam realdır. Buna görə də Minsk qrupu mövcud status-kvonun davam edə bilməyəcəyi qənaətində olduğunu ifadə etdi.
Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həll edilməsi strateji zərurətdir
Ümumiyyətlə, Cənubi Qafqaz regionu Avrasiyada ən önəmli geopolitik məntəqələrdən biri hesab edilir. Belə bir strateji yanaşma mövcuddur ki, Cənubi Qafqazda stabil təhlükəsizlik sisteminin təmin edilməsi nəticə etibarilə regionətrafı bölgələrdə, yəni Xəzər-Qara-Baltik-Aralıq dənizlərini əhatə edən hövzələrdə də dağıdıcı faktorların neytrallaşdırılmasına real zəmin yaradacaq. Məhz buna görə hesab olunur ki, daha stabil təhlükəsizlik arxitekturasının formalaşdırılması üçün atılmalı olan ilk addım bölgədəki destruktiv faktorların aradan qaldırılmasıdır. Bu cür dağıdıcı amillərin əsasını isə separatizm və ərazi iddiaları nəticəsində yaranmış regional münaqişələr təşkil edir.
Şübhəsiz, bu gün Cənubi Qafqaz bölgəsinin təhlükəsizlik balansını pozan əsas amil Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Münaqişə bölgənin ümumi inkişafına mane olmaqla yanaşı, yeni əməkdaşlıq platformalarının da reallaşdırılmasını əngəlləyir. Bütövlükdə, beynəlxalq ictimaiyyət anlayır ki, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi nəticəsində yaranmış münaqişə ölkəmizin ərazi bütövlüyünə qarşı törədilmiş qəsdin və təcavüzkar siyasətin əyani nümunəsi olmaqla yanaşı, həm də regional və qlobal təhlükəsizlik sistemi üçün ciddi təhdiddir. Münaqişə bölgənin inkişafına, uzunmüddətli sabitliyə mane olan dağıdıcı faktorlardan biri kimi çıxış edir. Ona görə də bu problemin həlli beynəlxalq təhlükəsizliyin diktə etdiyi zəruri amildir. Belə olan halda, qeyd etdiyimiz kimi, ayrı-ayrı dövlətlər, beynəlxalq təşkilatlar, o cümlədən münaqişənin həlli istiqamətində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin məhz beynəlxalq hüquq normaları əsasında həllinin zəruriliyini bəyan edirlər. Ümumi qənaət budur ki, Dağlıq Qarabağ münaqişəsi nə qədər ki ədalətli şəkildə həll edilməyib, regionda tam mənada sülh və sabitlikdən bəhs etməyə dəyməz. Çünki ərazi iddialarının, təcavüz faktının və separatizmin mövcud olduğu məkan və şəraitdə qarşılıqlı maraqlara söykənən əməkdaşlıq niyyətlərini istənilən səviyyədə reallaşdırmaq qeyri-mümkündür. Bütövlükdə isə bəlli olan budur ki, yaranmış yeni siyasi şərait Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllini zəruri edir.
Tarixi Azərbaycan torpaqlarında ikinci qondarma erməni dövləti yaradıla bilməz!
O da xüsusi vurğulanmalıdır ki, beynəlxalq hüquq normalarına məhəl qoymayan işğalçı Ermənistan milli dövlətlərin ərazi bütövlüyü prinsipini də heçə sayır, təcavüzkar mövqeyini davam etdirir. Bunlara paralel olaraq Ermənistan münaqişənin həlli müddətini uzatmağa və danışıqlar prosesini pozmağa çalışır. İşğalçı Ermənistan həmçinin ərazi iddialarını davam etdirir, hətta daha da irəli gedərək subyektiv olaraq xalqların öz müqəddəratını təyin etməsi məsələsini önə çəkir. Bu isə tarixi Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılması ideyasına xidmət edir. Çünki ermənilər öz müqəddəratlarını təyin edərək Ermənistan dövləti yaradıblar. Əlbəttə, 20 faiz ərazisi işğal edilmiş, 1 milyondan çox əhalisi qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş Azərbaycan bu cür cəhdlərə izin verməyəcək.
Ümumiyyətlə, ölkəmizin ərazi bütövlüyü müzakirə mövzusu ola bilməz və beynəlxalq hüquq normaları sırf Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan torpaqlarından çıxarılmasını tələb edir.
Yeri gəlmişkən, Prezident İlham Əliyev bəhs olunan çıxışı zamanı da Azərbaycanın öz ərazisində ikinci qondarma erməni dövlətinin yaranmasına icazə verməyəcəyini deyib: “Birincisi, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Biz heç vaxt Azərbaycan ərazisində ikinci qondarma erməni dövlətinin yaranmasına icazə verməyəcəyik. Heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək. Əgər kimsə bunu gözləyirsə, qoy əbəs yerə gözləməsin. Bu olmayacaq! Dağlıq Qarabağ Azərbaycan torpağıdır, həm tarix, həm bütün dünya birliyi bunu belə qəbul edir. Azərbaycan müstəqilliyə qovuşanda, vahid dövlət kimi BMT-yə üzv olanda Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi qəbul edilmişdir”.
Dağlıq Qarabağın gələcək statusu yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində müəyyənləşdirilə bilər
Onu da qeyd etmək lazımdır ki, münaqişənin tənzimlənməsində Azərbaycanın uzun illərdir davamlı şəkildə irəli sürdüyü mərhələli həll variantı əsas prinsip kimi götürülüb. Mərhələli həll variantı atəşkəsin tam təmin olunmasını, işğal altında olan torpaqların Azərbaycana qaytarılmasını, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtmasını nəzərdə tutur. Dağlıq Qarabağın gələcək statusu isə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində müəyyənləşdirilə bilər. Prezident İlham Əliyev bu məsələyə diqqət çəkərək vurğulayıb: “O ki qaldı Dağlıq Qarabağın gələcək statusuna, bu status ancaq vahid Azərbaycan dövləti çərçivəsində mümkün ola bilər. Münaqişənin həlli bundan ibarətdir və Ermənistan rəhbərliyi bunu nə qədər tez anlasa, onlar üçün bir o qədər yaxşı olacaq. Ərazi bütövlüyünün təmin olunması, işğala son qoyulması bu münaqişənin həlli üçün əsas amillərdir. Bu məqsədlərə nail olmaq üçün bir daha demək istəyirəm, daha da güclü olmalıyıq və biz bu gün dünya miqyasında böyük təqdirlə qarşılanan güclü Azərbaycan dövləti yaradırıq”.
Azərbaycan Ordusu istənilən vəzifəni icra edə bilər
Bütün hallarda, Azərbaycan öz ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək iqtidarındadır və işğal altında olan ərazilər istənilən yolla azad ediləcək. Bu, Azərbaycanın beynəlxalq hüquq normaları ilə təsbit edilmiş ali siyasi hüququdur. Ordunun döyüş və müdafiə qabiliyyətinin artırılması Azərbaycanın öz torpaqlarını nəyin bahasına olursa olsun, işğaldan azad edəcəyinə dair əminlik yaradır. Ümumiyyətlə, milli təhlükəsizlik strategiyasının ayrılmaz tərkib hissəsi olan hərbi təhlükəsizliyin möhkəmləndirilməsi, ilk növbədə, milli ordunun maddi-texniki və mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsindən asılıdır. Müharibə şəraitində yaşayan ölkə kimi Azərbaycanın güclü orduya, təkmilləşmiş hərbi sistemə, inkişaf etmiş müdafiə sənayesinə malik olması ölkənin və əhalinin təhlükəsizliyi baxımından böyük önəm kəsb edir.
Ümumiyyətlə, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində sistemli şəkildə aparılan ordu quruculuğu sahəsində məqsədyönlü işlər görülüb. Bu illər ərzində hərbi hissələrin komplektləşdirilmə faizi və keyfiyyəti yüksək səviyyədə olub, əsas komanda-qərargah vəzifələrinin peşəkar, ali hərbi təhsili olan mənəvi, fiziki və psixoloji cəhətdən hazırlıqlı, döyüş təcrübəsi toplamış zabitlərlə komplektləşdirilməsi ardıcıl şəkildə həyata keçirilir. Bunlarla yanaşı, aviasiyada hava hücumundan müdafiə üzrə yeni texnikaların alınması, mövcud texnikanın təmiri və modernləşdirilməsi nəticəsində hissə və bölmələrin müxtəlif hava şəraitində döyüş fəaliyyəti imkanları artırılıb. Görülən bütün bu işlər nəticəsində Azərbaycan Ordusu yüksək döyüş hazırlığına nail olub və qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirməyə qadirdir.
Bütövlükdə, həyata keçirilən ordu quruculuğu siyasəti sayəsində bu gün Azərbaycan regionda ən güclü orduya malik olan dövlətə çevrilib. Sabitlik, inkişafla yanaşı, güclü ordu quruculuğu müasir Azərbaycanı xarakterizə edən əsas amillərdəndir. Dövlət başçısının orduya qayğısı, hərbi hissələrə davamlı olaraq baş çəkməsi, cəbhə bölgəsində xidmət göstərən hərbçilərlə görüşməsi onlarda ruh yüksəkliyini daha da artırır. Müharibə şəraitində yaşayan bir ölkə üçün ən vacib məqamlardan biri də orduda və ümumiyyətlə, vətəndaşlar arasında sağlam mənəvi-psixoloji durum, ruh yüksəkliyi, özünə inam, vətənpərvərlik hisslərinin hakim olmasıdır. Bu gün Azərbaycan cəmiyyətində qeyd olunan əhval-ruhiyyə mövcuddur. Bütün bunların nəticəsidir ki, xalqımız regionda aparıcı güc strukturuna çevrilmiş Azərbaycan Silahlı Qüvvələrinə vahid mərkəzdən idarə olunan, maddi-texniki bazası, intellektual potensialı xeyli möhkəmlənmiş, istənilən döyüş tapşırığını yerinə yetirməyə qadir bir qüvvə kimi böyük inam bəsləyir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Bizim ordumuz güclü ordular sırasındadır. Son illər ərzində ordumuzun maddi-texniki təminatı böyük dərəcədə inkişaf edib. Bu gün təminat-təchizat baxımından yüksək səviyyəyə malik olan Azərbaycan Ordusu istənilən vəzifəni icra edə bilər. Biz son illər ərzində bir çox ölkələrdən ən müasir texnika, silah-sursat almışıq ki, bu texnika və silahlar bu gün bizim ordu potensialımızı gücləndirir”.
Ordu quruculuğunun kompleks şəkildə öz həllini tapdığını deyən dövlətimizin başçısı diqqətə çatdırıb ki, həm hərbçilərin xidmət, məişət şəraiti, döyüş texnikası ilə təminat, eyni zamanda, ordumuzun döyüş qabiliyyəti böyük dərəcədə artmışdır: “Ordumuzda ruh yüksəkliyi var, vətənpərvərlik hissləri çox yüksək səviyyədədir. Ordumuzun döyüş qabiliyyəti bu gün dünya ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilir. Müxtəlif təhlillər aparılır, hərbi mütəxəssislər öz fikirlərini söyləyirlər. Biz bunu bilirik, dünya da bilir ki, həm döyüş qabiliyyəti, həm hərbi-texniki təminat baxımından bu gün Azərbaycan Ordusu, sözün əsl mənasında, güclü ordular sırasındadır”.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 631 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31