Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

16.08.2017 [10:02]

Prezident İlham Əliyev: Əsrlər boyu türkmən və Azərbaycan xalqları bir yerdə yaşamışlar, əməkdaşlıq, dostluq etmişlər. Dövlətlərarası münasibətlər bu möhkəm təməl üzərində qurulub
Azərbaycanın regional müstəvidə sıx əməkdaşlıq etdiyi ölkələrdən biri də Xəzərin digər sahilində yerləşən Türkmənistan Respublikasıdır. Keçmiş ittifaqın süqutundan sonra müstəqillik qazanan Azərbaycan və Türkmənistan 25 il bundan əvvəl diplomatik münasibətlər qurublar. Bu gün isə iki ölkə arasında qarşılıqlı maraqlara xidmət edən münasibətlərin əhatə dairəsi kifayət qədər genişdir. Həm Tükmənistan, həm də Azərbaycan siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrin yüksələn xətlə inkişafına böyük siyasi iradə nümayiş etdirirlər.
Xüsusi olaraq vurğulamaq yerinə düşər ki, daim bir-birinə xoş məram nümayiş etdirən Azərbaycanla Türkmənistan arasında münasibətlərin yüksələn xətlə inkişaf etməsində və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində hər iki ölkənin dövlət başçılarının şəxsi münasibətləri və qarşılıqlı səfərləri müstəsna əhəmiyyət daşıyır. İndiyədək Azərbaycan Prezidenti İlham Əliyev və qardaş ölkənin Prezidenti Qurbanqulu Berdiməhəmmədov istər qarşılıqlı səfərlər zamanı, istərsə də beynəlxalq səviyyəli tədbirlərdə çoxsaylı görüşlər keçiriblər. Belə görüşlərdə bir-birlərinə xoş münasibət bəsləyən dövlət başçıları Azərbaycanla Türkmənistan arasında əməkdaşlığın indiki səviyyəsindən məmnunluq ifadə edərək perspektivdə əlaqələrin daha da dərinləşdirilməsinin zəruriliyini vurğulayıblar.
İki ölkə arasında əməkdaşlığın dərinləşməsi baxımından Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun ötən həftə Azərbaycana baş tutan səfəri də böyük aktuallıq daşıyır. Səfər çərçivəsində keçirilən çoxsaylı görüşlərdə həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ölkələrimizin müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində, yeni çalarlarla zənginləşdirilməsində maraqlı olduğunu xüsusi olaraq diqqətə çatdırıblar. Prezident İlham Əliyev Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədovun şərəfinə verilən rəsmi ziyafətdəki çıxışında iki ölkə arasında münasibətlərin hazırkı yüksək səviyyəsindən məmnunluğunu ifadə edərək bildirib: “Bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü ilə əlamətdardır. Məmnuniyyətlə qeyd etmək istərdim ki, bu illər ərzində müxtəlif sahələri əhatə edən əməkdaşlığımız ölkələrimizin maraqlarına və xalqlarımızın rifahına xidmət etmişdir”.
Azərbaycan və türkmən xalqlarını tarix, mədəniyyət və etnik köklər birləşdirir
Təbii ki, geosiyasi subyektlər olaraq Azərbaycanla Türkmənistanı ortaq məxrəcə gətirən çoxlu sayda regional və qlobal miqyaslı amillər sadalamaq mümkündür. Hazırkı narahat dünyada dövlətlər özlərinin milli maraqlarını, təhlükəsizliyini təmin etmək üçün etibarlı tərəfdaşlarının çox olmasına böyük səy göstərirlər. Lakin müstəqil Azərbaycanla müstəqil Türkmənistanı yaxınlaşdıran yalnız geosiyasi maraqlar, bugünkü reallıqlar və ortaq coğrafiya deyildir. İki ölkəni bir-birinə yaxın edən amillər tarixin dərin qatlarına bağlıdır. Həm Azərbaycan xalqı, həm də türkmən xalqı ortaq tarixi, mədəniyyəti, milli-mənəvi dəyərləri bölüşürlər. Təsadüfi deyil ki, Türkmənistanla Azərbaycanın münasibətlərinə iki ölkə arasında mədəni-humanitar sahədə əməkdaşlıq xüsusi bir rəng qatır. İki ölkənin yazıçılarının, şairlərinin, mədəniyyət xadimlərinin görüşləri bir qayda olaraq anşlaqla keçir və yaddaşlarda silinməz izlər buraxır. Türkmənistanda Azərbaycan mədəniyyəti geniş şəkildə təbliğ olunur. Bu ölkənin xalqı milli musiqimizi, mahnılarımızı çox sevir və el şənliklərində səsləndirirlər. Qardaş ölkədə “Görkəmli adamların həyatı” seriyasından nəfis tərtibatla hazırlanmış “Heydər Əliyev” kitabı, eləcə də “İnsanlığa qarşı cinayət”, “Azərbaycan xalq nağılları” işıq üzü görüb və böyük oxucu auditoriyası qazanıb. Bundan başqa, Türkmənistan Musiqili Dram Teatrı tamaşaçı marağını nəzərə alaraq görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” oprettasını öz repertuarına daxil edib. Belə misalların sayı kifayət qədər çoxdur.
Öz növbəsində Azərbaycanda da zəngin türkmən mədəniyyətinə böyük maraq var. Bakıda Türkmənistan şairi Məhtumqulu Fraqinin yaradıcılığına həsr olunan konfrans keçirilib. Türkmən müəlliflərinin əsərlərinin, o cümlədən Məhtumqulu Fraqinin “Seçilmiş əsərləri”nin, Mollanepesin “Mən bu diyara gəldim” kitabının, Nurməhəmməd Əndəlibin “Şeirlər, poemalar və dastanlar”ının, Sultan Hüseyn Baykarın “Divan”ının və digər müəlliflərin əsərlərinin Azərbaycan dilində nəşri oxucular tərəfindən böyük maraqla qarşılanıb.
Bütün bu faktlardan da göründüyü kimi, iki ölkəni və iki xalqı bir araya gətirən, yaxınlaşdıran dəyərlər, tarixi-mədəni bağlantılar kifayət qədər zəngindir. Dil oxşarlığını da bura əlavə edək. Təsadüfi deyil ki, Türkmənistan Prezidentinin Azərbaycanda keçirdiyi görüşlərdə belə bir cəhət xüsusi olaraq qeyd edildi ki, iki ölkənin nümayəndələrinin söhbətlərində tərcüməçi də lazım deyil. Əgər Azərbaycanın və Türkmənistanın vətəndaşları bir ay bir-birinə qonaq getsələr, onda ünsiyyət üçün, ümumiyyətlə, heç tanış olmayan kəlmə də qalmaz. Tarixdən gələn belə dərin oxşarlıq hər iki ölkənin və xalqın böyük sərvətidir. Prezident İlham Əliyevin Azərbaycan-Türkmənistan sənədlərinin imzalanması mərasimindən sonra mətbuata bəyanatında vurğuladığı kimi, dövlətlərarası münasibətlər bu möhkəm təməl üzərində qurulub: “Türkmənistan-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir. Bu əlaqələrin təməlində xalqlarımızın birliyi, dostluğu, qardaşlığı dayanır. Əsrlər boyu türkmən və Azərbaycan xalqları bir yerdə yaşamışlar, əməkdaşlıq, dostluq etmişlər. Dövlətlərarası münasibətlər bu möhkəm təməl üzərində qurulub”.
Azərbaycan-Türkmənistan əlaqələri region üçün nümunəvi sayılacaq yüksək səviyyəyə çatıb
Dərin tarixi zəmin üzərində möhkəmlənən Azərbaycan-Türkmənistan münasibətləri bu gün region üçün də nümunəvi sayılacaq yüksək səviyyəyə çatıb. Həm Azərbaycan, həm də Türkmənistan regional və qlobal əhəmiyyət daşıyan bir çox məsələlərdə oxşar mövqelərdən çıxış edirlər. Türkmənistan Prezidentinin Azərbaycana səfəri çərçivəsində keçirilən çoxsaylı görüşlərdə qeyd edildiyi kimi, həm Türkmənistan, həm də Azərbaycan dünyada təhlükəsizlik, firavanlıq, sabitlik və inkişaf üçün hər şeyi edir. Zəngin karbohidrogen ehtiyatlarına malik ölkələrimiz davamlı olaraq o mövqedən çıxış edirlər ki, enerji amili heç vaxt istehlakçı dövlətlərə qarşı təzyiq vasitəsinə çevrilməməlidir və beynəlxalq hüquq bütün regional və qlobal məsələlərin həllində əsas istinad amili kimi götürülməlidir.
Azərbaycanla Türkmənistan arasında münasibətlər həm ikitərəfli, həm də çoxtərəfli platformalarda uğurla inkişaf edir. İndiyədək Azərbaycanla Türkmənistan arasında müxtəlif istiqamətləri əhatə edən çoxsaylı sənədlərin imzalanması ölkələrimizin əlaqələrinin dinamikasına geniş hüquqi əsaslar yaradır.
Azərbaycanla Türkmənistanın çoxtərəfli platformada daim bir-birinə dəstək nümayiş etdirmələri də yaxşı nümunədir. Hər iki ölkə BMT, İKT, MDB və digər beynəlxalq qurumlar çərçivəsində bir qayda olaraq konstruktiv mövqe ortaya qoyurlar və müxtəlif məsələlərdə bir-birlərinə dəstək verirlər. Bu məqamda vurğulamaq yerinə düşər ki, Azərbaycan Türkmənistanın bitərəflik statusunu dəstəkləyən ilk ölkələrdən biridir. BMT Baş Məclisinin iclasında Türkmənistanın irəli sürdüyü 12 dekabr tarixinin “Beynəlxalq bitərəflik günü” kimi qeyd edilməsinə dair qətnamə layihəsinə ölkəmizin həmmüəllif rolunda qoşulması da əməkdaşlığımızın yüksək səviyyəsinin göstəricisidir. Prezident İlham Əliyev ölkələrimiz arasında münasibətləri strateji tərəfdaşlıq münasibətləri kimi səciyyələndirərək vurğulayıb: “İmzalanan sənədlər arasında Birgə Bəyannamə xüsusi yer tutur. Bu, strateji tərəfdaşlıq haqqında imzalanan Bəyannamədir. Yəni, bu, əlaqələrin ən yüksək səviyyəsidir. Bu gün Türkmənistan və Azərbaycan artıq strateji tərəfdaşlardır”.
Beləliklə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri çərçivəsində bir sıra yeni sənədlər imzalanıb. İmzalanan sənədlər sırasında, heç şübhəsiz ki, “Azərbaycan Respublikası ilə Türkmənistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə” xüsusi yer tutur. Səfər çərçivəsində həmçinin “Bakı (Azərbaycan Respublikası) və Türkmənbaşı (Türkmənistan) limanları vasitəsilə beynəlxalq birbaşa dəmir yolu-bərə əlaqələrində yüklərin daşınmasının təşkili, yük vaqonlarının və konteynerlərin istismarı, nömrələr üzrə uçotu və onlardan istifadəyə görə hesablaşmalar haqqında Saziş”ə əlavə və dəyişikliklər edilməsi barədə Protokol, “Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə Türkmənistanın Maliyyə Nazirliyi arasında vergi orqanlarının fəaliyyəti sahəsində əməkdaşlığa dair Memorandum”, “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Türkmənistanın Turizm üzrə Dövlət Komitəsi arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında dəniz ticarət gəmiçiliyi sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Türkmənistanın Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında energetika sahəsində əməkdaşlığın gələcək inkişafı haqqında Anlaşma Memorandumu” və digər mühüm sənədlər imzalanıb.
İmzalanan sənədlərdən də göründüyü kimi, hər iki dövlətin əməkdaşlığın əhatə dairəsini genişləndirməyə və daha da dərinləşdirməyə böyük siyasi iradəsi var. Həqiqətən də, Xəzər hövzəsinin iki güclü dövləti arasında münasibətləri daha da irəli aparmaq üçün geniş potensial və yeni imkanlar mövcuddur. Prezident İlham Əliyev Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədovun şərəfinə verilən rəsmi ziyafətdəki çıxışında bunu xüsusi olaraq nəzərə çatdırıb: “Qarşılıqlı inam və etimada əsaslanan Azərbaycan-Türkmənistan əlaqələrinin iqtisadi, ticarət, nəqliyyat, humanitar və digər sahələrdə keyfiyyətcə yeni səviyyəyə yüksəldilməsi üçün bu gün yaxşı imkanlar vardır”.
Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi həm Türkmənistanın, həm də Azərbaycanın tranzit imkanlarını artıracaq
Enerji və bir sıra digər mühüm sahələr kimi, nəqliyyat sektorunda əməkdaşlığın dərinləşməsi də iki ölkənin artan maraqlarına daxil olan məsələdir. Hər iki ölkənin coğrafi mövqeyi elədir ki, onlar nəqliyyat sektorunda sıx əməkdaşlıq etməklə böyük dividendlər əldə edə bilərlər. Hər iki ölkə Xəzər hövzəsi regionunda rəqabətqabiliyyətli, daşıma, taarif və digər parametrlər baxımından cəlbedici nəqliyyat-logistika infrastrukturunun yaradılmasında maraqlıdır. Bu baxımdan Azərbaycanın ərazisindən keçməklə Orta Asiya regionuna da çıxış imkanlarına malik Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində həyata keçirilən layihələrin önəmi kifayət qədər böyükdür. Azərbaycan Türkmənistanın da böyük maraq göstərdiyi hər iki dəhlizin yaradılmasında fəal iştirak edir.
Regionun nəqliyyat-tranzit potensialından səmərəli istifadə edilməsi baxımından respublikamızın təşəbbüsü, güclü siyasi iradəsi və böyük maliyyə dəstəyi ilə inşa olunan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin obrazlı şəkildə dəmir ipək yolu adlandırılması təsadüfi deyil. Yeni dəmir yolu xəttinin, həmçinin Bosfor boğazında dəmir yolu tunelinin inşası Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini, yük və sərnişinlərin birbaşa olaraq Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxarılmasını təmin edəcək. Yeni nəqliyyat dəhlizi region ölkələrinin tranzit potensialının artmasına, Avropaya inteqrasiya proseslərinin sürətlənməsinə, Avropa Qonşuluq siyasəti çərçivəsində əməkdaşlığın daha da inkişafına təkan verəcək. BTQ dəmir yolu xəttinin istismara verilməsi ilə həm bərə, həm də konteyner-vaqon daşımaları daha da inkişaf edəcək. Bu isə beynəlxalq daşımalarda mühüm rol oynayır. Layihənin reallaşması nəticəsində Azərbaycan, Gürcüstan və Türkiyənin Türkmənistan da daxil olmaqla Orta Asiya, Çin və Avropa ilə etibarlı və sərfəli nəqliyyat əlaqəsi yaranacaq. BTQ dəmir yolu istismara verildikdən sonra Çindən Avropaya yüklər 12-15 günə, yəni dəniz nəqliyyatına nisbətən azı iki dəfə tez çatdırılacaq.
Regionun tranzit imkanlarının genişləndirilməsi baxımından Ələtdə inşa olunan Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının da əhəmiyyəti kifayət qədər böyükdür. Bəhs olunan liman Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə birlikdə Şərq-Qərb nəqliyyat dəhlizinin çox mühüm seqmentini təşkil edir. Yerləşdiyi ərazinin böyük üstünlüklərə malik olması sayəsində yeni liman Xəzəryanı ölkələr arasındakı əməkdaşlığı dərinləşdirməyə, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin tam gücü ilə işləməsinə əlverişli imkanlar yaradır. Limanın tikintisinin 1-ci mərhələsi çərçivəsində bərə terminalı artıq istismara verilib. Körpüdə eyni vaxtda 2 bərənin yüklənib-boşaldılması mümkündür. İlk mərhələdə limanın daşıma imkanları 10 milyon ton yük və 50 min ədəd irihəcmli konteynerdir. Növbəti mərhələlərdə liman ildə 25 milyon ton yük və 1 milyon ədəd konteynerin daşınmasını təmin edəcək. Eyni zamanda, Xəzərin digər sahilində - Türkmənistanda da yeni müasir liman tikilir. Beləliklə, Xəzər dənizi vasitəsilə əlaqələnən iki liman böyük bir coğrafiyada yeni nəqliyyat-daşıma imkanları yaradacaq. Prezident İlham Əliyev yuxarıda bəhs olunan bəyanatında yeni nəqliyyat layihələrinin önəminə diqqət çəkərək bildirib: “Danışıqların böyük hissəsi nəqliyyat məsələlərinə həsr edilib. Həm Türkmənistanda, həm Azərbaycanda yeni dəniz ticarət limanları tikilir və yaxın zamanlarda istifadəyə veriləcək. Bu, yük daşımalarının həcminin artırılmasına gətirib çıxaracaq. Eyni zamanda, bu gün müzakirə edilən mövzulardan biri də Bakı-Tbilisi-Qars dəmir yolunun inşasıdır. Bu yol həm Türkmənistanın, həm Azərbaycanın tranzit imkanlarını böyük dərəcədə artıracaq”.
Azərbaycan regionun qarşıdurmalar deyil, əməkdaşlıq məkanına çevrilməsinə çalışır
Əlbəttə, reallaşdırılan və nəzərdə tutulan perspektiv layihələr özlüyündə cəlbedici görünə bilər. Lakin əmin-amanlıq, siyasi sabitlik olmadan nə hansısa bir layihəni həyata keçirmək, nə də ondan fayda götürmək mümkün deyil. Regionun coğrafi üstünlüklərini, təbii potensialını ölkələrin, xalqların mənafeyinə yönəltmək üçün ilk növbədə dövlətlər arasında qarşılıqlı inam, etimad mühiti yaradılmalıdır.
Bu baxımdan Azərbaycanın nümayiş etdirdiyi mövqe hamı üçün yaxşı nümunə ola bilər. Azərbaycanın çoxvektorlu xarici siyasət kursunun əsas paradiqmalarından biri regional əməkdaşlığı daha da dərinləşdirməkdən ibarətdir. Respublikamız Prezident İlham Əliyevin siyasi iradəsi əsasında daim o mövqedən çıxış edir ki, Cənubi Qafqaz, Xəzər hövzəsi sülh, iqtisadi çiçəklənmə, qarşılıqlı inam regionuna çevrilsin, xalqlar əmin-amanlıq şəraitində yaşasınlar. İndiyədək ölkəmiz Xəzəryanı dövlətlərin əməkdaşlığı məsələlərinə həsr olunan bir sıra tədbirlərə uğurla ev sahibliyi edib. Azərbaycan Xəzəryanı dövlətlərin hüquqlarının tanınmasında, dənizin zəngin karbohidrogen ehtiyatlarının işlənməsində beynəlxalq səviyyədə qəbul edilən norma və prinsiplərin tətbiqinə tərəfdardır. Belə konstruktiv mövqedə dayanması Azərbaycana böyük hörmət qazandırıb. Respublikamızın beynəlxalq miqyasda olduğu kimi, regional müstəvidə də işğalçı siyasət aparan Ermənistan istisna olmaqla heç bir dövlətlə hər hansı problemi yoxdur. Əksinə, Azərbaycanın ümumi inkişafa töhfə verməyə yönələn səyləri və təşəbbüsləri qonşu dövlətlər tərəfindən yüksək qiymətləndirilir və dəstəklənir. Təsadüfi deyil ki, son illərdə məhz Azərbaycanın təşəbbüsləri və fəal iştirakı ilə bir sıra ikitərəfli və çoxtərəfli siyasi, iqtisadi əməkdaşlıq platformaları yaranıb. Prezident İlham Əliyev Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədovun şərəfinə verilən rəsmi ziyafətdəki çıxışında ölkəmizin mövqeyini bir daha nəzərə çatdıraraq bildirib: “Biz Xəzər dənizini dostluq, sülh, təhlükəsizlik və əməkdaşlıq dənizi hesab edirik. Azərbaycan Xəzəryanı dövlətlərlə qarşılıqlı hörmətə və etimada əsaslanan ikitərəfli münasibətlərin inkişafına xüsusi diqqət yetirir”.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 694 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30