Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan-Tacikistan parlamentlərarası əməkdaşlığı yüksək səviyyədədir

Azərbaycan-Tacikistan parlamentlərarası əməkdaşlığı yüksək səviyyədədir

11.11.2017 [01:59]

Noyabrın 10-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi üzvlərinin və Tacikistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun Tacikistan parlamentinin sədr müavini Akramşo Felaliyevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü olub.
Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov 1992-ci il noyabrın 16-da keçirilmiş Tacikistan Respublikası Ali Sovetinin XVI sessiyasından ötən 25 il ərzində Tacikistanın müstəqil və inkişaf edən bir ölkəyə çevrildiyini bildirib. Qeyd edib ki, bu gün Tacikistan Mərkəzi Asiyada aparıcı rola malik ölkələrdən biridir.
Görüşdə iştirak edən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov diqqətə çatdırıb ki, o vaxt Emoməli Rəhmonun Ali Sovetin sədri seçilməsindən sonra ölkədə anarxiyaya və ikihakimiyyətliliyə son qoyulub, Tacikistan inkişaf yoluna qədəm qoyub. Bu gün Azərbaycanla Tacikistan arasında iqtisadi, siyasi, parlamentlərarası əlaqələr yüksək səviyyədədir. Prezident İlham Əliyev Tacikistanla münasibətlərin inkişafına böyük önəm verir.
Tacikistan parlamentinin sədr müavini Akramşo Felaliyev bildirib ki, bu il həm də iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 ili tamam olur. Bu illər ərzində iki ölkə arasında münasibətlər daha da yaxınlaşıb. Bu gün Azərbaycan və Tacikistan bir sıra beynəlxalq təşkilatlarda yaxından əməkdaşlıq edirlər.
Tacikistan Ali Sovetinin tarixi XVI sessiyası barədə danışan sədr müavini diqqətə çatdırıb ki, həmin gün tacik xalqının tarixində taleyüklü günlərdən biridir. Həmin gün ölkəyə yeni rəhbərin seçilməsi tacik xalqını və dövlətini məhv olmaqdan xilas edib.
Söhbət zamanı Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Aydın Mirzəzadə, Milli Məclisin komitə sədri Arif Rəhimzadə, deputatlar Musa Quliyev, Rasim Musabəyov, Azər Badamov Azərbaycan-Tacikistan münasibətlərinin tarixindən, bu sahədə görülmüş işlərdən, qarşıda dayanan vəzifələrdən danışıblar, tacik xalqına və dövlətinə bu tarixi gün münasibətilə təbriklərini çatdırıblar. Görüşdə Gürcüstanın ölkəmizdəki səfiri Teymuraz Şaraşenidze də çıxış edərək öz fikirlərini bölüşüb.
Tacikistanın ölkəmizdəki səfiri Rustam Soli bu tədbiri qardaş münasibətinin təzahürü kimi qiymətləndirib və hər iki ölkəyə uğurlar arzulayıb.

Paylaş:
Baxılıb: 512 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Analitik

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30