Milli Məclis 2018-ci ilin dövlət büdcəsini və büdcə zərfinə daxil olan sənədləri qəbul edib
02.12.2017 [01:15]
İclasda həmçinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsi birinci oxunuşda qəbul olunub
Dünən Milli Məclisin növbəti iclası keçirilib. Milli Məclisin sədri Oqtay Əsədov gündəlikdəki məsələlər haqqında məlumat verdikdən sonra ilk olaraq “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununa dəyişikliklər məsələsi müzakirəyə çıxarılıb. Sənəd barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Layihəyə əsasən qanuna aşağıdakı məzmunda 76.3-cü maddə əlavə edilir: “Normativ hüquqi aktın qəbul edilməsindən, həmçinin normativ hüquqi aktlarda ad və ya rəqəm dəyişikliklərindən irəli gələrək bir normativ hüquqi aktla bir neçə normativ hüquqi aktlar və ya onların struktur elementləri (bölmələr, fəsillər, maddələr, hissələr və s.) ləğv edilə bilər. Bu halda ləğv edilməli olan normativ hüquqi aktların sayı çox olduqda ləğvetmənin bir neçə normativ hüquqi akt çərçivəsində aparılmasına yol verilir”.
Layihəyə, eyni zamanda, bu məzmunda 83.1-1-ci maddə əlavə edilir: “Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq olunması nəzərdə tutulan Azərbaycan Respublikasının Prezidentinin fərmanları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildikdən sonra 24 saat müddətində rəsmi dərc edilməlidir”.
Qanuna bir sıra texniki dəyişikliklər də nəzərdə tutulub. Layihə səsə qoyularaq qəbul olunub.
İclasda həmçinin “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Qanun layihəsi haqqında məlumat verən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib ki, sözügedən layihə beynəlxalq təcrübəyə əsaslanaraq hazırlanıb. Qanun layihəsinin ikinci oxunuşunun cari ilin may ayında keçirildiyini deyən komitə sədri bildirib ki, müzakirələr zamanı ən çox səslənən fikirlərdən biri siqaret çəkilməsinə görə yerlərin ayrılması olduğu üçün bu nəzərə alınaraq layihədə müəyyən düzəlişlər edilib. Onun sözlərinə görə, yeni variantda siqaret çəkilməsinə görə yerin ayrılıb-ayrılmaması iş yeri sahiblərinin ixtiyarına verilib: “Belə ki, təşkilati-hüquqi formasından asılı olmayaraq, xüsusi yerlərin ayrılması iş yeri sahiblərinin ixtiyarına buraxılacaq”.
Xatırladaq ki, ikinci oxunuşda müzakirə olunan qanun layihəsində siqaret çəkənlər üçün işəgötürənlərdən yerin ayrılması nəzərdə tutulurdu.
H.Rəcəbli deyib ki, Azərbaycanda 20-44 yaş arası kişilərin 30 faizi, 45-64 yaşında olanların isə 51 faizi siqaret çəkir: “Həmin insanlar hər gün orta hesabla 16 ədəd siqaret çəkirlər. Komitə sədri bildirib ki, araşdırmalar nəticəsində məlum olub ki, siqaret çəkməyən, lakin tütün tüstüsündən əziyyət çəkən kişilər 67,5 faiz, qadınlar isə 52,3 faiz təşkil edir”.
“Bu qanun layihəsinin qəbul edilməsinin tərəfdarıyam. Amma sənəddə həllini tapmayan məsələlər çoxdur. Belə ki, qanunda hansı formada açıq və qapalı yerlərdə tütün məmulatlarından istifadə olunacağı müəyyənləşməyib”. Bu fikirləri müzakirələr zamanı Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib. Onun sözlərinə görə, açıq yer dedikdə uşaq bağçasının önü, məktəbin yaxınlığı da nəzərdə tutula bilər: “Biz bu yerlərdə siqaret çəkilməyin qadağan edilməsini nəzərdə tutsaq da, lakin insanlar digər tərəfdən qanunda nəzərdə tutulan açıq yerlər ifadəsindən istifadə edib bu yerlərdə siqaret çəkə bilərlər. Misal üçün, kimlərsə restoranların qarşısında düzülən stollarda da siqaretdən istifadə edə bilər. Amma biz oradan keçən azyaşlı, uşaq, ağsaqqal və qadınlara siqaret tüstüsünün necə təsir etməsini fikirləşməliyik. Bu baxımdan hesab edirəm ki, restoranların özləri siqaret çəkmək üçün yerlər müəyyənləşdirməlidirlər”.
“Biz tütünçülüyün inkişafı ilə bağlı qərarlar qəbul edirik. Amma bir tərəfdən də tütündən istifadəni məhdudlaşdırırıq. Təbii ki, vətəndaşımızın sağlamlığı vacibdir. Amma bu məsələni elə müəyyənləşdirməliyik ki, büdcəyə də ziyan etməsin. Bildiyiniz kimi, Azərbaycana turist axını başlayıb. Ölkəmizə gələn turistlər arasında ərəblərin sayı çoxalıb. Əgər ərəbin sulu qəlyan və ya tütünlə bağlı hər hansı istək, arzusu varsa və restoranlar da bunu həyata keçirmək istəyirsə, biz buna yol verə bilmərik. Belə olan halda, sulu qəlyandan istifadə etmək istəyənlər üçün də ayrıca yerlər ayrılmalıdır. Ümumiyyətlə, istənilən məsələdə qanunun aliliyi qorunmalıdır”, - deyə S.Novruzov qeyd edib.
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə deyib ki, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi ən geniş müzakirə edilən və cəmiyyətə lazımlı qanundur. Onun sözlərinə görə, qanun dünyanın inkişaf etmiş ölkələrində qəbul olunan layihələrdən geri qalmır: “Qanunu qəbul etmək vacibdir. Amma digər ölkələrin təcrübəsi göstərir ki, qanunun qəbulundan sonra onun icrasına nəzarət etmək mühümdür. Ümumdünya Səhiyyə Təşkilatının Tütün Məmulatlarının Məhdudlaşdırılması Konvensiyası var. Qanun qəbul olunduqdan sonra ümid edirəm ki, ölkəmiz də bu Konvensiyaya qoşulacaq”.
Komitə sədri qeyd edib ki, dünya təcrübəsi göstərir ki, qanunun qəbulundan sonra ölkədə siqaret çəkənlərin 10-17 faizi tütün məmulatlarından imtina edir: “Yeniyetmələr arasında bu faiz 20-25 faizə qədər qalxır. Belə olan halda, ölkədə siqaret çəkənlərin sayı azalır. Bu baxımdan qanun layihəsi çox mühümdür”.
Qanun layihəsi müzakirələrdən sonra qəbul edilib.
Daha sonra İnzibati Xətalar Məcəlləsində dəyişiklik məsələsi haqqında məlumat verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, yayılması qadağan edilən informasiyanın internetdə yerləşdirilməsinə görə vəzifəli şəxslər 1500 manatadək, hüquqi şəxslər 2 min manatdan 2500 manatadək məbləğdə cərimə ediləcək. Komitə sədrinin sözlərinə görə, bundan başqa, provayderlər tərəfindən uçota durma qaydalarının pozulmasına görə də cəza tətbiq olunacaq. İnzibati Xətalar Məcəlləsinə yeni - 370-1-ci (İnternet telekommunikasiya xidməti göstərən operatorlar və provayderlər tərəfindən uçota durma qaydalarının polzulması) maddəsi əlavə edilir: “Maddəyə əsasən, xidmət göstərməyə başladıqları vaxtdan 15 gün müddətində müvafiq icra hakimiyyəti orqanında uçota durmamasına, uçota alınma üçün zəruri olan sənədlərdəki çatışmazlıqları aradan qaldıraraq 15 gün müddətində uçota alınmaq üçün yenidən müraciət edilməməsinə, uçot məlumatlarında dəyişiklik baş verdiyi gündən 10 gün müddətində həmin dəyişiklik barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verilməməsinə görə vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 1500 manat məbləğində cərimə olunacaqlar”.
Müzakirələrdən sonra qanun layihəsi qəbul edilib.
İclasda həmçinin “Kütləvi İnformasiyalar haqqında” qanuna dəyişikliklər müzakirə edilib. Qanunun 3-cü maddəsinə (Əsas anlayışlar) dəyişiklik təklif edilir. Belə ki, qanuna ediləcək dəyişikliyə görə, 3-cü maddənin 3-cü abzasına “informasiya ehtiyatı” sözləri əlavə edilir. Kütləvi informasiya vasitələrinə - dövri mətbu nəşrlər, teleradio proqramları, informasiya agentlikləri, internet, informasiya ehtiyatı kinoxronika proqramları və digər yayım formaları daxil edilir.
10-cu maddəyə (Kütləvi informasiya azadlığından sui-istifadənin yolverilməzliyi) edilən dəyişikliklərdə göstərilib ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunan sirləri, habelə yayılması qadağan edilən digər informasiyanı yaymaq, mövcud konstitusiyalı dövlət quruluşunu zorakılıqla devirmək, dövlətin bütövlüyünə qəsd etmək, müharibəni, zorakılığı və qəddarlığı, yaxud dözülməzliyi təbliğ etmək, mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar, pornoqrafik materiallar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədi ilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir.
Həmçinin qanuna yeni 19-1-ci maddə əlavə edilir. Bu maddə “İnternet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması” adlanır. Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.
İclasda həmçinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Layihə haqqında məlumat verən Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, 5 fəsil, 16 maddədən ibarət olan layihədə Silahlı Qüvvələrin yeni formada təsnifatı verilir, əsas vəzifələri sadalanır. Sənəd Azərbaycanda Silahlı Qüvvələrin reyestrini müəyyənləşdirir. Layihədə göstərilir ki, ölkədə hansı növ silahlı qüvvə birləşməsi formalaşdırıla bilər. “Hazırda qüvvədə olan “Silahlı Qüvvələr haqqında” qanun 1991-ci ilin oktyabr ayının 9-da qəbul edilib. Bu, həcmcə kiçik bir qanundur. O dövr üçün Silahlı Qüvvələrinin hüquqi statusunu tənzimləmək baxımından lazımlı qanun idi. Nəzərə alaq ki, biz 1995-ci ildə Azərbaycanın ilk Konstitusiyasını qəbul etdik. İlk Konstitusiya qəbul edildikdən sonra çoxlu sayda hərbi qanunvericilik aktları qəbul etmişik”, - deyə Z.Əsgərov vurğulayıb.
O xatırladıb ki, ötən il sentyabr ayının 26-da Konstitusiyaya əlavə və dəyişiklik edilməsi ilə bağlı referendum keçirilib: “Konstitusiyanın təsbit olunmuş 9-cu maddəsinin mətnində dəyişiklik edilib. Hal-hazırda qüvvədə olan qanunda söhbət Silahlı Qüvvələrdən getsə də, əslində söhbət ordunun statusundan gedirdi. Diqqət etsəniz, Quru Qoşunları, Hava Hücumundan Müdafiə Qoşunları və Dəniz Qoşunlarından söhbət gedirdi. Yeni qanun layihəsində isə Silahlı Qüvvələr ordu və digər silahlı birləşmələrdən ibarətdir. Yeni qanun Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təyinatı, əsas vəzifələri, idarəolunması və hərbi quruculuq məsələlərini nəzərdə tutur. Qanun layihəsi 5 fəsildən ibarətdir. Bu qanun layihəsində ilk dəfə olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, ordunun anlayışı verilir. Digər qoşun birləşmələrinin anlayışı verilir. Bu qanun layihəsi hazırlanarkən Milli Məclisin 2010-cu il 8 iyun tarixli qərarı ilə təsdiq edilmiş Hərbi doktrina və cənab Prezidentin Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Təhlükəsizlik Konsepsiyasının müddəaları əsas götürülüb. Hər üç normativ sənəd bir məqsədə xidmət edir. Bu qanun layihəsi çərçivə qanunu olduğu üçün gələcəkdə bu qanundan çıxış edərək digər qanunlarımız da hazırlanacaq”.
“Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsi konseptual baxımdan mükəmməl hazırlanıb. Layihədə silahlı qüvvələrin fəaliyyəti, sosial təminatı və digər məsələlər öz əksini tapıb. Azərbaycanın silahlı qüvvələrinin keçdiyi yol, bütövlükdə ordu quruculuğu Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin arzusu Azərbaycanda güclü silahlı qüvvələrin olması idi. Yeni hazırlanan qanundan da görünür ki, Azərbaycanın Ordusu Cənubi Qafqazın ən güclü ordusuna çevrilib”. Bu fikirləri müzakirələr zamanı YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib. S.Novruzov bildirib ki, qanunda bütün məsələlərə həssaslıqla toxunulub. Onun sözlərinə görə, hazırkı dövrdə bu qanunun hazırlanması və tez bir zamanda qəbuluna ehtiyac var: “Bilirsiniz ki, bir neçə gün bundan öncə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) toplantısında yeni silahlı birləşmələrin yaradılması haqqında qərar qəbul edilib. Bildiyiniz kimi, düşmən ölkə Ermənistan da bu müqavilənin üzvüdür. Ermənistan bir tərəfdən Avropa İttifaqı, digər tərəfdən də KTMT-də qoşun növlərinə qoşulur ki, bir-birinin ərazisinə daxil olduqda onlara yardım edilsin. Bu həm Ermənistan, həm də onlara şərait yaradanların ikiüzlülüyüdür. Bu baxımdan, hesab edirəm ki, Azərbaycanda silahlı qüvvələrlə bağlı qanun qəbul edilməsi vacibdir”.
Qanun layihəsində silahlı qüvvələrə nəzarətin Ali Baş Komandana həvalə edilməsini yüksək qiymətləndirən millət vəkili qeyd edib ki, vahid nəzarət mexanimzi Ali Baş Komandanın nəzarəti altında olmalıdır. “Ordu cəmiyyətin bir hissəsidir. Cəmiyyətdə baş verənləri orduya daşımaq olmaz. Kimin ailəsində nə baş versə, onu orduya daşımasın. İctimai nəzarət silahlı qüvvələri dedi-qodu mənbəyinə çevirirsə, o işin heç bir əhəmiyyəti olmaz. Ümumilikdə isə Azərbaycan Ordusu, Silahlı Qüvvələri bu gün həm təchizat, həm fiziki, həm də mənəvi hazırlıq baxımından yüksək səviyyədədir. Ordumuz ölkəmizin ərazilərinin işğaldan azad edilməsinə hazırdır”, - deyə YAP İcra katibinin müavini vurğulayıb.
Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda qəbul olunub.
Fasilədən sonra “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, büdcə layihəsi parlamentin plenar iclasında üç gün müzakirə olunduqdan sonra səsləndirilən təkliflərə baxılması üçün hökumətə 10 gün vaxt verilmişdi. Bu gün büdcə layihəsi yenidən müzakirəyə təqdim olunur.
Sonra çıxış edən maliyyə naziri Samir Şərifov bildirib ki, Prezidentin tövsiyəsinə əsasən, gələn il üçün Azərbaycanda ehtiyac meyarı 14 manat və ya 12 faiz artırılaraq 130 manata çatdırılır.
2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deputatların səsləndirdiyi təkliflər hökumət tərəfindən ilkin təhlil edilib. Təkliflərə uyğun olaraq bəzi tədbirlər üzrə xərclər üçün tələb olunan maliyyə təminatını yaratmaq məsələsi nəzərdən keçirilib və bəzi istiqamətlər üzrə xərclər artırılıb.
Prezident İlham Əliyevin təşəbbüsü ilə eşitmə və ürək qüsurlu uşaqların müalicəsi üçün 4 milyon manat vəsait ayrılacaq. Bu məsələlər Maliyyə Nazirliyi və Səhiyyə Nazirliyinin birgə iştirakı ilə dəqiqləşdiriləcək. Növbəti ildən dövlət büdcəsi hesabına eşitmə və ürək qüsurlu uşaqlar müalicə ediləcək.
2018-ci ilin dövlət büdcəsinin layihəsində siyasi partiyalar üçün nəzərdə tutulan maliyyə yardımının məbləğinin 20 faiz, yəni, 500 min manat artırılaraq 3,1 milyon manata, qeyri-hökumət təşkilatlarına nəzərdə tutulan maliyyə yardımının məbləğinin 600 min manat və yaxud 2017-ci illə müqayisədə 12,1 faiz artırılaraq 5,6 milyon manata çatdırılması təmin olunacaq.
Qeyd olunub ki, bir sıra təşkilatların büdcələri üzrə xərclərin artırılması üçün, o cümlədən Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii heyətinə aid olan işçilərin aylıq vəzifə maaşlarına Prezident əlavəsinin tətbiqi ilə əlaqədar, Energetika Nazirliyinin və Polşada açılacaq ticarət nümayəndəliyinin bəzi xərclərinin tənzimlənməsi üçün əlavə vəsait ayrılacaq.
Təhsil bölməsində Təhsil Nazirliyinin sair xərclər maddəsində nəzərdə tutulmuş vəsaitin 46 milyon manatının təyinatı dəyişdirilərək tələbələrə verilən təqaüdlər xərc maddəsinə yönəldiləcək. Beləliklə, 2018-ci il üçün həmin maddə üçün xərclər 70 milyon manata çatdırılacaq ki, bu da cari il ilə müqayisədə 11,3 milyon manat və ya 19,3 faiz çoxdur. Hesab edirik ki, bu da 2018-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı təqaüdlərlə bağlı yaranmış anlaşılmazlıqları tam aradan qaldırır.
Ediləcək dəyişikliklər nəticəsində dövlət büdcəsinin xərcləri ilkin proqnoza nisbətən 141,3 milyon manat artırılaraq 21 milyard 47 milyon manata çatdırılacaq. Bununla əlaqədar dövlət büdcəsinin kəsiri 141,3 milyon manat artırılır və 920 milyon manata çatdırılır. Bu da cari illə müqayisədə 255 milyon manat azdır.
Müzakirələrdən sonra “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə zərfinə daxil olan “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2018-ci il dövlət büdcəsi haqqında”, “Azərbaycan Respublikasının 2018-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasının 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında”, Azərbaycan Respublikası Milli Məclisinin və Hesablama Palatasının 2018-ci il üçün xərclər smetası haqqında qanun layihələri səsə qoyularaq qəbul edilib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Gündəm
01 İyun 20:39

