Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ruslar Avrasiya İttifaqı ölkəsində niyə “işğalçı” adlandırılırlar?

Ruslar Avrasiya İttifaqı ölkəsində niyə “işğalçı” adlandırılırlar?

22.12.2017 [10:11]

Erməni mətbuatı rus sərhədçiləri ilə İrəvan hakimiyyəti arasında baş vermiş yol təmiri qalmaqalının Ermənistanın faktiki olaraq Rusiyanın forpostu olduğunu təsdiq etdiyini yazır
Sirr deyil ki, bir çox beynəlxalq ekspertlər və siyasi aktivistlər Ermənistanı qeyri-suveren, forpost dövlət adlandırırlar. Analitiklərin ümumi rəyi bu yöndədir ki, Ermənistan Respublikası öz müstəqilliyini itirib və faktiki olaraq Rusiya Federasiyasının bir forpostu olaraq mövcudluğunu saxlayır. Bu gün Ermənistanın bütün strateji obyektləri, sənaye müəssisələri və enerji sistemləri tam olaraq Rusiyanın dövlət və özəl şirkətlərinə məxsusdur. Həmçinin ölkədə fəaliyyət göstərən maliyyə təşkilatları da Rusiyanın pul-maliyyə institutlarının nəzarətindədir. Şübhə yoxdur ki, bütün bunlar Ermənistanın bir dövlət olaraq gələcəyinin ciddi şəkildə sual altında olduğunu göstərir.
Rusiya sərhədçilərinin İrəvan hökumətinə qadağası...
Rusiya ilə Ermənistan hərbi strukturları arasında da gizli və açıq sövdələşmələrin olduğu hamıya bəllidir. Gümrüdəki Rusiyaya məxsus hərbi bazanın fəaliyyəti, Ermənistan sərhədlərinin Rusiya sərhədçiləri tərəfindən qorunması, Ermənistan ordusunun bütün maddi-texniki təchizatının Rusiyadan asılı olması, Rusiya zabitlərinin Ermənistan ordusunda xidmət keçmələri və digər bu kimi istiqamətlərdə tərəflər arasında əməkdaşlıq mövcuddur. Lakin bir çoxları bu əlaqələri əməkdaşlıqdan daha çox, “komandan-tabeçilik” münasibətləri kimi xarakterizə edirlər. Rusiya hərbçilərinin özlərini Ermənistanda istədikləri kimi aparmaları, hətta bəzən qanunları belə heçə saymaları ikinci iddianın sahiblərinin arqumentlərini daha da gücləndirir.
Bu günə qədər Rusiya hərbçilərinin ölkədə istədikləri kimi davranmalarına dözüm göstərən erməni ictimaiyyəti, deyəsən, artıq “ağalarına” “buynuz çıxarırlar”. Belə ki, indiyədək rus hərbçilərinin adlarının qarışdığı qanunsuzluq və qalmaqallara, sadəcə, dodaq büzməklə kifayətlənən erməni ictimaiyyəti son zamanlar bu məsələlərdə daha aqressiv mövqe tutmağa başlayıblar. Xüsusilə bir qrup media orqanları və erməni fəallarının antirusiya əhval-ruhiyyəsinə büründükləri aydın sezilir. Son olaraq bir müddət əvvəl Rusiya sərhədçiləri ilə İrəvan hakimiyyəti arasında baş vermiş yol təmiri qalmaqalı isə ictimai narazılığı daha da artırıb.
Qeyd etmək yerinə düşər ki, “rosbalt.ru” saytında sözügedən hadisənin təfərrüatları və Ermənistanda Rusiyaya qarşı münasibətin pisləşməsi haqqında məqalə yerləşdirilib. Məqalədə bildirilir ki, işğalçı ölkə ərazisində yerləşən Rusiya sərhədçiləri İrəvan hökumətinə İrana gedən İrəvan-Gorus-Meğri mərkəzi avtomobil yolunun 40 metrlik hissəsində təmir işləri aparmağa icazə verməyib. Bu məlumat isə erməni cəmiyyətində əsl bomba effekti yaradıb. İş o yerə çatıb ki, hətta bəzi milliyyətçi qruplar rus hərbçilərinin ölkədən qovulmasını tələb edirlər, onlar sərhədçilər də daxil olmaqla, Ermənistandakı rus hərbçilərini “işğalçı” adlandırırlar. Saytın yazdığına görə, Sarkisyan hakimiyyətinin təmsilçiləri ictimaiyyətin rus sərhədçiləri ilə bağlı narazılığını bölüşmür. Bunu hardasa başa düşmək olar. Çünki, onsuz da, Sarkisyan ölkədə keçirilən seçkiləri saxtalaşdıraraq və ciddi repressiyalara əl ataraq öz hakimiyyətini qoruyur. Erməni xalqının gələcəyi, ictimai rəy onu zərrə qədər də maraqlandırmır. Eyni zamanda, iqtidarda təmsil olunan bir qrup biznesmen-işbazlar üçün də erməni xalqının mənafeyi heç bir əhəmiyyətə malik deyil, onlar, sadəcə, öz bizneslərinin qeydinə qalmaqla məşğuldurlar. İrəvan hakimiyyətində hesab edirlər ki, rus sərhədçiləri olmasa, Ermənistanın qonşu dövlətlərlə sərhədlərinin qorunmasında ciddi problemlər meydana gələ bilər.
Ermənilər niyə məhz indi “ayılırlar”?
Əlbəttə, proseslərin bu cür cərəyan etməsində müəyyən təəccüblü məqamlar diqqət cəlb edir. “rosbalt.ru” saytı sual edir ki, ermənilər niyə məhz indi ayılırlar? Nə baş verir ki, erməni ictimaiyyətinin bir qrupu rus hərbçilərinə qarşı dil açmağa başlayıb? “Axı 1992-ci ildə Ermənistan özü rus hərbçilərinin Türkiyə və İranla sərhədləri qorumasına dair Rusiya Təhlükəsizlik Xidməti ilə müqavilə bağlayıb. Bu günə qədər də sözügedən müqavilə əsasında Rusiya sərhədçiləri Ermənistan sərhədlərinin “keşiyində dayanıb”. Rəsmi məlumatlara görə, təkcə ötən il sərhəd pozuculuğuna dair 74 fakt qeydə alınıb.
Əlbəttə ki, 25 il əvvəl ermənilər öz sərhədlərini qorumaq iqtidarında deyildilər. Yəqin ki, heç indi də belə bir imkana sahib deyillər. Çünki yoxsul və qeyri-müstəqil ölkə olan Ermənistanın öz sərhədlərini toxunulmaz saxlamaq imkanları sıfıra bərabərdir”, - deyə saytın məqaləsində qeyd olunur.
“Lragir” saytı isə sonuncu yol qalmaqalı ilə bağlı məqaləsində yazır ki, bu, suveren bir ölkə üçün təəccüblü bir vəziyyətdir: “Üçüncü bir ölkənin sərhədçiləri Ermənistanı başqa bir dövlətlə birləşdirən yolun təmirinə icazə vermirlər”. Nəşr daha sonra Ermənistandakı Rusiya hərbçilərinin adı keçən digər qalmaqalları da xatırladaraq xüsusilə Gümrüdəki rus hərbi bazasında xidmət edən hərbi qulluqçunun bir erməni ailəsinin 7 üzvünü qətlə yetirməsindən bəhs edir. Qeyd olunur ki, Rusiya tərəfi hələ də bu dəhşətli qətllə bağlı qaranlıq məqamlara aydınlıq gətirmir, sualları cavabsız qoyur.
Yaxud Ermənistanda keçirilən seçkilərdən öncə parlamentin deputatının sərhəddən kifayət qədər aralıda yerləşən bölgədə seçicilərlə təbliğat xarakterli görüşünün keçirilməsinin də Rusiya sərhədçiləri tərəfindən qarşısının alındığı vurğulanır. Bildirilir ki, o zaman, sərhədçilər guya ərazidə hansısa cinayət-axtarış tədbirləri həyata keçirdiklərini bəhanə edərək, təbliğat-təşviqat kampaniyasına mane olublar: “İndi də sonuncu bəxtsiz yol parçası məsələsi”.
“Rusiya hərbçiləri hansı əsasla İranla avtomobil yolunun təmirinə mane olurlar?”, - deyə “Lragir” təəccüblə soruşur. “Niyə Ermənistan rəsmiləri rusiyalı sərhədçilərlə işini düzgün koordinasiya etmir? Əks halda biz işğal rejimi və suverenliyin itirilməsi ilə qarşı-qarşıyayıq”, - deyə nəşrin yazısında qeyd olunur. Nəşr Ermənistan hakimiyyətinin Rusiya hərbçilərinin ölkədə mövcudluğu ilə bağlı məsələni yenidən nəzərdən keçirməsini, hətta Rusiya sərhədçilərinin ölkədə mövcudluğu ilə bağlı müqavilədən çıxmağı tələb edir.
“Biz faktiki olaraq “işğal”dan danışırıq”
“Rosbalt.ru” saytının yazdığına görə, sözügedən mövzu digər erməni KİV-lərində də özünə yer tapıb. Hüquq müdafiəçisi Artur Sakunts “Birinci Ermənistan informasiyası” portalına mövzunu şərh edərkən deyib ki, yolların təmiri Rusiya sərhədçilərinin səlahiyyətlərinə aid məsələ deyil və biz faktiki olaraq “işğal”dan danışırıq. “Bu, təkcə Rusiya sərhədçiləri tərəfindən Ermənistan Konstitusiyasının pozulması demək deyil, həmçinin Ermənistanın suverenliyinə qarşı bir cinayətdir. Ermənistan Serj Sarkisyanın timsalında özünün suverenliyini Rusiya Federasiyasına güzəştə gedib”, - deyə A.Sakunts bildirib.
Ermənistanın hakimiyyət dairələri isə mövcud vəziyyətə bəraət qazandırmaq üçün heç bir söz tapa bilmirlər, bu isə daha acınacaqlıdır. Hökumət yetkililərinin bu qalmaqalı hansısa başqa səbəblərlə əlaqələndirmək cəhdləri də yersizdir. Mütəxəssislər hesab edirlər ki, İrəvan rəsmilərinin yol təmirinin yarımçıq qalmasını Araz çayında sululuğun artması, ya da İran tərəfinin təklifləri ilə əlaqələndirməsi gülünc görünür. Çünki, onsuz da, bütün ölkə ictimaiyyəti həqiqətin nədən ibarət olduğunu bilir və absurd bəhanələrlə bu məsələni ört-basdır etmək bu dəfə mümkün görünmür.
İndi erməni ictimaiyyətini ciddi şəkildə düşündürən əsas suallardan biri də budur: Rus hərbçiləri Ermənistandan çıxmalıdırlarmı? Əgər bu baş verərsə, Sarkisyan hakimiyyəti təmsilçilərinin də dedikləri kimi, Ermənistanı kim müdafiə edəcək? Bu sual ətrafında da fikirlər haçalanır. Rusiya hərbçilərinin dərhal və vaxt itirmədən ölkədən çıxarılmasını tələb edənlərlə yanaşı, Ermənistan ordusunun öz sərhədlərini qorumaq iqtidarında olmadığını söyləyənlər də var. Xüsusilə əksər Ermənistan vətəndaşları Azərbaycan və Türkiyə ilə sərhədlərin etibarlı qorunacağı ilə bağlı heç də optimist fikirdə deyillər, əksinə, bununla bağlı ciddi təşviş içindədirlər. Bəzi erməni ekspertləri isə Rusiyanın özünün Cənubi Qafqaza hərbi, siyasi, iqtisadi təsirləri üçün Ermənistanı əlində saxlamaqda davam edəcəyini düşünürlər.
Moskva göz yaşlarına inanmır
İrəvan hakimiyyətinə yaxın dairələrin “yol hekayəsi”ndən sonra guya rus hərbçilərinin “qulaqlarının çəkildiyi” yönündə məlumatları da erməniləri yola gətirmiş görünmür. Onlar öz qanunlarının rus hərbçiləri tərəfindən dəfələrlə pozulduğunu unutmaq istəmir və artıq daha tədbirli davranırlar.
Bütün hallarda, sonuncu insident Ermənistanda antirusiya əhval-ruhiyyəsini gücləndirib. Görünür, ermənilər Avropa İttifaqı ilə əməkdaşlıq sazişinin imzalanmasından sonra bu məsələdə bir az “cəsarətli” davranmaq istəyirlər. “Rosbalt.ru” yazır ki, bu sənəddə Ermənistanın təhlükəsizliyinə heç bir zəmanət verilməməsinə baxmayaraq, əhalinin əksər hissəsi özlərini Avropanın “kölgəsi” kimi hiss etməyə başlayıblar. Bununla belə, ermənilər gözəl başa düşürlər ki, Qərb və Rusiya arasında hansısa bir seçim etsələr belə, öz ölkələrinin sahibi olmayacaqlar. Çünki ermənilər heç vaxt öz talelərinə yiyə çıxmaq iqtidarında olmayıblar. Bu gün də kimin forpostu olmalarının onlar üçün elə bir əhəmiyyəti yoxdur. Amma Rusiya üçün bunu söyləmək heç də asan deyil. Çətin ki, şimal qonşumuz yoxsulluq və səfalət içərisində çabalayan erməni xalqının narazılığına qulaq versin. Axı Moskva göz yaşlarına inanmır...
Aqşin ŞAHİNOĞLU

Paylaş:
Baxılıb: 459 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Analitik

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30