Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Dövlət proqramlarının uğurlu icrası Azərbaycanın bölgələrində yeni müsbət reallıqlar yaradıb

Dövlət proqramlarının uğurlu icrası Azərbaycanın bölgələrində yeni müsbət reallıqlar yaradıb

29.12.2017 [09:54]

Prezident İlham Əliyev: Bizim bütün bölgələrimiz, bütün şəhərlərimiz abadlaşıb, gözəlləşib
Son 14 ildə Azərbaycanın davamlı inkişafı bir sıra digər mühüm cəhətlərlə yanaşı, eyni zamanda, ölkənin bütün regionlarında müşahidə edilən müsbət dəyişikliklərlə səciyyələnib. Tam qətiyyətlə demək mümkündür ki, bəhs olunan dövrdə respublikanın bölgələrinin siması tamam dəyişib. Paytaxtdan regionlara doğru istiqamət aldıqda magistralların rahatlığı, yolboyu qarşıya çıxan yaşayış məntəqələrinin abadlığı, ayrı-ayrı ünvanlarda aparılan quruculuq işləri adamın qəlbində fərəh və qürur hissi yaradır. Göz işlədikcə uzanıb gedən tarlalarda yüksək səliqə-sahmanın, bol məhsulun şahidi olursan. Elə bölgələrin sakinlərinə də yüksək əhval-ruhiyyə hakim kəsilib. Söhbət əsnasında onlar həyatlarının, məişət şəraitlərinin yaxşılığa doğru dəyişməsindən, kənd yollarının abadlaşmasından, kommunal xidmətlərlə təchizatın güclənməsindən məmnunluq ifadə edirlər.
Ölkənin regionlarındakı belə müsbət dəyişikliklər, heç şübhəsiz ki, sehrli çubuğun sayəsində baş verməyib. Bölgələrlə paytaxt arasında fərqin minimuma enməsində və bəhs olunan müsbət dinamikanın yaranmasında Prezident İlham Əliyevin respublikanın hərtərəfli və tarazlı inkişafına göstərdiyi diqqət, siyasi iradə əsas amil rolunda çıxış edib. 2004-cü ildən başlayaraq ölkənin regionları yerlərdən gələn təkliflər, dərin konseptual yanaşmalar əsasında hazırlanan və dövlət başçısının fərmanları ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarına uyğun olaraq inkişaf etdirilir. İndiyədək bölgələrin davamlı inkişafı üçün fundamental əsaslar yaradan iki Dövlət Proqramının icrası tamamlanıb və hazırda 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramı da uğurla həyata keçirilir. Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin, müxtəlif istiqamətləri əhatə edən layihələrin reallaşdırılması sayəsində respublikanın bölgələrində yeni müsbət reallıqlar yaranıb. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransdakı nitqində Dövlət proqramlarının önəminə diqqət çəkərək deyib: “2004-cü ildə birinci proqramın qəbul edilməsi tarixi hadisə idi. Çünki regionların inkişafı, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılan bu addımlar, infrastruktur ilə bağlı olan layihələr, bax, bugünkü reallığı yaratmışdır. Əgər o vaxt biz proqramı mənim təşəbbüsümlə qəbul etməsəydik, bu gün, əlbəttə ki, regionlarda bugünkü uğurları əldə edə bilməzdik. Bizim bütün bölgələrimiz, bütün şəhərlərimiz abadlaşıb, gözəlləşib”.
Yaradılan güclü infrastruktur bölgələrdə iqtisadi inkişaf və sosial rifah üçün münbit zəmin formalaşdırıb
Bu, bir həqiqətdir ki, zəruri infrastruktur yaradılmadan hansısa inkişafdan da söhbət açmaq mümkün deyil. Bu baxımdan son 14 ildə bəhs olunan Dövlət proqramları çərçivəsində ölkənin bütün bölgələrində müxtəlif təyinatlı infrastruktur layihələrinin reallaşdırılması böyük əhəmiyyət daşıyır. Yeni infrastruktur obyektləri həm bütün ölkə üzrə iqtisadi inkişafa güclü təkan verir, həm də insanların həyatına rahatlıq gətirir, onlarda məmnunluq yaradır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu infrastruktur bundan sonra onilliklər ərzində xalqımıza, dövlətimizə xidmət edəcək: “...Birinci proqramdan sonra əsas infrastruktur layihələri icra edildi. Mən çox şadam ki, biz bunu qısa müddət ərzində etdik. Mən həmişə çalışırdım ki, biz bunları vaxt itirmədən edək. Çünki bu, ölkəmizin inkişafı, gələcəyimiz üçün zəruridir. Bu infrastruktur bundan sonra onilliklər ərzində xalqımıza, dövlətimizə xidmət edəcək”.
Qeyd etdiyimiz kimi, müvafiq Dövlət proqramları çərçivəsində infrastruktur quruculuğu müxtəlif istiqamətləri əhatə edib. Ölkə miqyasında müasir infrastruktur quruculuğu generasiya güclərinin artırılmasında xüsusilə qabarıq şəkildə nəzərə çarpıb. 2004-cü ildən bəri respublikamızda ümumi istehsal gücü 2400 meqavat olan 26 elektrik stansiyası tikilib, həmçinin çoxlu sayda yarımstansiya istismara verilib, yeni elektrik verilişi xətləri çəkilib.
Müvafiq Dövlət proqramları çərçivəsində indiyədək respublikanın regionlarında genişmiqyaslı qazlaşdırma layihələri həyata keçirilib ki, bunun da sayəsində ölkənin bütün şəhərlərinin “mavi yanacaq” təchizatına yüz faiz həcmində nail olunub. Hazırda bütövlükdə ölkə üzrə qazlaşdırma 93 faiz səviyyəsindədir.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında dəmir yolu, hava, su nəqliyyatı və avtomobil yolları ilə bağlı 64 tədbir nəzərdə tutulub. Artıq nəzərdə tutulan layihələrin bir çoxu yüksək səviyyədə tamamlanıb. Belə ki, 2004-cü ildən bəri respublikamızda 11 min kilometr avtomobil yolu tikilib.
Ölkədə həyata keçirilən su layihələri əhalinin tələbatının ödənilməsi və regionların zəngin iqtisadi potensialından səmərəli istifadə edilməsi baxımından müstəsna əhəmiyyət daşıyır. Ötən 14 ildə ölkənin bütün bölgələrində içməli su və kanalizasiya layihələri həyata keçirilib.
Dövlət proqramlarının icrası çərçivəsində həmçinin regionlarda sosial infrastruktur quruculuğu da diqqət mərkəzində saxlanılıb. Ötən 14 ildə respublika miqyasında 600-dən çox tibb ocağının, təxminən 3 min məktəbin, 50-dək Olimpiya İdman Kompleksinin tikilməsi ölkəmizdə sosial sferanın prioritetliyinin təmin olunmasının təzahürüdür. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində ölkədə sosial infrastruktur quruculuğunun bundan sonra da davam etdiriləcəyinə diqqət çəkərək deyib: “Sosial infrastrukturla bağlı siyasətimiz uğurla aparılır. Bu ilin əvvəlindən 100-ə yaxın məktəb tikilib, təmir edilib. Bu proses davam etdirilir. İyirmi yeddi tibb ocağı tikilib və təmir edilib. Digər sosial infrastruktur layihələri uğurla icra edilir”.
Dövlət proqramlarının icrası çərçivəsində aqrar sektorun inkişafının prioritetliyi təmin edilir
Ölkədə 2004-cü ildən bəri uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarında aqrar sektorda daha böyük həcmlərdə istehsal imkanlarının yaradılmasına hesablanan çoxsaylı layihələr həyata keçirilib, həmçinin perspektiv üçün də yeni layihələr nəzərdə tutulub. Prezident İlham Əliyev Nazirlər Kabinetinin bəhs olunan iclasındakı nitqində ölkəmizdə aqrar sektorun inkişafının dövlət prioriteti olduğunu nəzərə çatdıraraq vurğulayıb: “Son illər kənd təsərrüfatında çox böyük inkişaf var, böyük investisiyalar qoyulur. Kənd təsərrüfatının hərtərəfli inkişafı dövlət prioritetidir və bu sahədə də nəticələr özünü göstərir. Kənd təsərrüfatı 2,8 faiz artmışdır”.
Yeni şəraitdə respublikamızda aqrar sektor qabaqcıl dünya təcrübəsi nəzərə alınmaqla əsasən intensiv metodlarla inkişaf etdirilir və bu zaman müasir təsərrüfatların yaradılmasına böyük önəm verilir. Hazırda respublikamızda iri fermer təsərrüfatlarının yaradılması uğurla həyata keçirilir. İndiyədək dövlət başçısının tapşırığına uyğun olaraq ölkəmizin 20 rayonunda 44 min hektardan çox sahədə 22 sahibkarlıq subyekti tərəfindən 32 iri fermer təsərrüfatı yaradılıb.
Ölkəmizdə Prezident İlham Əliyevin aqrar sahədə intensiv texnologiyaların tətbiqi ilə bağlı tapşırığına uyğun olaraq həmçinin aqroparkların yaradılmasına başlanılıb. Bu məqsədlə aqroparklarda müasir istehsal, emal və infrastruktur müəssisələrinin yaradılmasına 40 milyon manatdan artıq güzəştli kredit verilib.
İndiyədək ölkənin regionlarında 10 min hektar ərazidə 2 aqropark yaradılıb. Bunlar Xaçmaz rayonunda “Yalama Aqroparkı” və qərb bölgəsində “Şəmkir Aqroparkı”dır. Perspektivdə Azərbaycanın bölgələrində aqroparkların sayı daha da artacaq. Hazırda Hacıqabul, Goranboy, Samux, Ağcabədi, Qax, Salyan, Kürdəmir, Şamaxı, Saatlı, Cəlilabad, Füzuli və İsmayıllı rayonlarında 58 min hektar ərazidə 12 aqroparkın yaradılmasına başlanılıb.
Azərbaycanda yeni iş yerlərinin yaradılması daimi prosesə çevrilib
Ölkəmizdə insanların layiqli iş yerləri ilə təmin edilməsi kimi vacib sosial məsələnin həllində 2004-cü ildən bəri regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla reallaşdırılmasının rolunu xüsusi qeyd etmək lazımdır. Bəhs olunan Dövlət proqramlarına uyğun olaraq regionların tarazlı şəkildə inkişaf etdirilməsi, bölgələrin də iqtisadi güc amilinə çevrilməsi son 14 ildə ölkə üzrə təxminən 1,9 milyon yeni iş yerinin açılması ilə nəticələnib.
Ölkəmizdə iş yerlərinin yaradılması ilə bağlı yeni hədəflər müəyyənləşdirilib. Prezident İlham Əliyev diqqəti ona yönəldib ki, uğurlu sosial-iqtisadi siyasət sayəsində Azərbaycanın əhalisi getdikcə artır. Ölkədə əhalinin artım tendensiyası ilə əlaqədar yeni iş yerlərinin yaradılması da daimi prosesə çevrilməlidir.
Regionlarda əhalinin məşğulluğunun təmin edilməsində Prezident İlham Əliyevin təşəbbüsü əsasında bölgələrdə yaradılan xalçaçılıq müəssisələri də mühüm rol oynamağa başlayıb. Həmin müəssisələrdə yerli sakinlər işlə təmin olunurlar. Yeni xalça müəssisələrindən biri cari il dekabrın 7-də dövlət başçısının iştirakı ilə Quba rayonunda istifadəyə verilib. Prezident İlham Əliyev “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Quba filialının açılışında xalçaçılarla söhbətində burada qadınlar üçün yaxşı iş şəraitinin yaradılmasından məmnunluğunu ifadə edərək deyib: “Gələn il isə ölkəmizin müxtəlif yerlərində əlavə on xalça fabriki açılacaq. Beləliklə, 20 yeni xalça fabriki işə düşəcək.
Bu fabriklərdə işləyənlərin mütləq əksəriyyəti qadınlardır. Burada qadınlar üçün də yaxşı iş şəraiti yaradılıb. Qadınların məşğulluğu bizim üçün çox vacibdir. Xalçaçılıq qadın sənətidir. Bəli, qadınlar bu sənəti yaşadırlar. Hər fabrikdə təqribən 150 iş yeri yaradılır və 20 fabrikdə ən azı üç min qadın işlə təmin olunacaq”.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 493 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Analitik

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30