Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanın qazandığı uğurlar Davos İqtisadi Forumunun illik hesabatlarında yüksək qiymətləndirilir

Azərbaycanın qazandığı uğurlar Davos İqtisadi Forumunun illik hesabatlarında yüksək qiymətləndirilir

02.02.2020 [09:36]

Prezident İlham Əliyev: Müstəqillik illəri ərzində əldə etdiyimiz bütün nailiyyətlər xalqımızın müstəqilliyimizə sadiq olmasına, siyasi və iqtisadi sahələrdə çox ciddi islahatları həyata keçirdiyimizə görə əldə olunmuşdur
Qısa müstəqillik tarixinə malik olan Azərbaycanın qazandığı uğurlar beynəlxalq miqyasda böyük maraqla izlənilir. Bunu nüfuzlu Dünya İqtisadi Forumu çərçivəsində cari il yanvarın son ongünlüyündə Davosda keçirilən tədbirlər bir daha təsdiqlədi. Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev Dünya İqtisadi Forumunun növbəti tədbirlərində fəal iştirak edərək ayrı-ayrı ölkələrin dövlət və hökumət başçıları, bir sıra məşhur şirkətlərin rəhbərləri ilə çoxsaylı görüşlər keçirib və müxtəlif mövzularda aktual müzakirələrə qatılıb. Diqqətiçəkən mühüm məqamlardan biri ondan ibarətdir ki, bu görüşlərdə və müzakirələrdə Azərbaycana böyük maraq ifadə olunub, o cümlədən dövlətimizin başçısı ilə görüşlərdə dünyada məşhur olan şirkətlərin yüksəkvəzifəli rəsmiləri ölkəmizin iqtisadi sahədə qazandığı uğurları, respublikamızın investisiya cəlbediciliyini, əlverişli biznes mühitini yüksək dəyərləndiriblər. Öz növbəsində Prezident İlham Əliyev Davosda keçirdiyi görüşlərdə və qatıldığı müzakirələrdə Azərbaycanın reallıqlarını və yeni mərhələdə inkişaf paradiqmalarını diqqətə çatdırıb.
Həyata keçirilən islahatlar sayəsində Azərbaycan davamlı inkişafda olan ölkəyə çevrilib
Davos İqtisadi Forumu çərçivəsində keçirilən tədbirlərdə və müzakirələrdə Prezident İlham Əliyev ölkəmizin reallıqlarını dünyadakı mənzərə ilə müqayisədə təqdim edib. Məlumdur ki, hazırda qlobal miqyasda heç də xoş olmayan bir sıra proseslər müşahidə edilir. Belə ki, ayrı-ayrı regionlarda münaqişə ocaqları alovlanır, inkişafla bağlı ciddi problemlər yaşanır. Belə kədərli mənzərənin fonunda Azərbaycanın reallıqları tamam fərqli rakursdan diqqət çəkir - ölkəmizdə sabitlikdir, heç bir daxili risk yoxdur, insanlar sabaha böyük ümidlə baxırlar, qurub-yaradırlar.
Respublikamızın uğurları, müsbət reallıqları Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan məqsədyönlü siyasətin məntiqi nəticəsidir. Azərbaycan iqtidarı xalqa heç vaxt populist vədlər vermir, ölkənin siyasətini daim zamanın dəyişən çağırışlarına uyğun qurur. Eyni zamanda, xalq da aparılan məqsədyönlü siyasətə yüksək dəstək nümayiş etdirir. Prezident İlham Əliyev yanvarın 22-də Davos Dünya İqtisadi Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən panel iclasında ölkəmizin uğurlarını şərtləndirən amillərə diqqət çəkərək bildirib: “Müstəqillik illəri ərzində əldə etdiyimiz bütün nailiyyətlər xalqımızın müstəqilliyimizə sadiq olmasına, siyasi və iqtisadi sahələrdə çox ciddi islahatları həyata keçirdiyimizə görə əldə olunmuşdur”.
Müstəqil Azərbaycanın hərtərəfli və davamlı inkişafının təməlində dayanan əsas amil qismində güclü iqtisadiyyat çıxış edir. Qısa müstəqillik tarixində ölkəmiz məhz zamanın çağırışları ilə səsləşən islahatları uğurla həyata keçirməklə iqtisadi sahədə dinamik inkişafa nail olub. Respublikamızda dövlətin güclü siyasi iradəsi sayəsində iqtisadi inkişaf üçün bütün şərtlər təmin edilib. Son 16 ildə milli iqtisadiyyatımız 3,3 dəfə genişlənib ki, bu da dünya üzrə ən yaxşı göstəricilərdən biridir. Hazırda Azərbaycan iqtisadi baxımdan tam müstəqil dövlətdir.
Azərbaycan 2019-cu ildə də islahatlar kursuna sadiq qalıb. Əvvəllər olduğu kimi, ötən ildə də dövlət tərəfindən ölkədə iqtisadi aktivliyin artırılmasına, şəffaflığın təmin olunmasına, əmək münasibətlərinin leqallaşdırılmasına, inhisarçılığın aradan qaldırılmasına, vergitutma bazasının genişləndirilməsinə, biznes mühitinin daha da optimallaşdırılmasına güclü siyasi iradə nümayiş etdirilib. Prezident İlham Əliyev respublikamızda islahatların dönməz xarakter aldığına bir daha xüsusi diqqət çəkib. “Ölkədə bizim daxili risklərimiz yoxdur, istər siyasi risklər olsun, istər iqtisadi. Ölkə sabitdir, inkişaf davamlıdır. Bizim həyata keçirilməkdə olan və xalqımız üçün böyük imkanlar yaradan çox geniş islahatlar gündəliyimiz var”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Ölkəmizdə ötən il həyata keçirilən islahat tədbirləri öz müsbət nəticəsini verib. Belə ki, 2019-cu ildə milli iqtisadiyyatımızda artım davam edib. Ölkəmizin 2019-cu ildə iqtisadi inkişaf göstəricilərini əks etdirən statistik rəqəmlər kifayət qədər zəngindir. İl ərzində respublikamızda ümumi daxili məhsul 2,2 faiz artıb, iqtisadiyyatımızın qeyri-neft sektoru 3 faizdən çox genişlənib. Aparılan islahatların, həmçinin fermerlərə dəstək tədbirlərinin artırılmasının məntiqi nəticəsi olaraq il ərzində kənd təsərrüfatında 7 faiz, o cümlədən bitkiçilikdə 10 faizdən çox artıma nail olunub. Ən yaxşı inkişaf göstəricisi isə qeyri-neft sənayesində qeydə alınıb. 2019-cu ildə qeyri-neft sənayemiz 14 faiz artıb ki, bu da dünya rekordu sayıla bilər.
Ölkənin iqtisadi imkanlarının genişlənməsi paralel şəkildə dərinməzmunlu sosial siyasət həyata keçirməyə geniş imkanlar açıb. Özünün iqtisadi-maliyyə imkanlarına güvənən respublikamızda 2019-cu ildə böyük sosial paket reallaşdırılıb. İki mərhələdə reallaşdırılan sosial islahatlardan təxminən 4,2 milyon vətəndaşımız bəhrələnib. Uğurla reallaşdırılan islahatlar çərçivəsində əhalinin aztəminatlı və həssas qruplarının həyat şəraitinin yaxşılaşdırılması, gəlir imkanlarının artırılması xüsusi diqqət mərkəzində saxlanılıb.
Davosda Azərbaycana göstərilən diqqət ölkəmizin beynəlxalq arenada qazandığı böyük nüfuzun əyani göstəricisidir
Məqsədyönlü siyasət sayəsində dünya birliyi ilə sıx inteqrasiya edən respublikamız Davos İqtisadi Forumu ilə fəal əməkdaşlıq edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2007-ci ildən başlayaraq ardıcıl şəkildə Forumun illik toplantısına qatılır və bu platforma çərçivəsində məhsuldar görüşlər keçirərək ölkəmizin reallıqlarını, imkanlarını bütün dünyaya çatdırır. Ölkəmizin Davos İqtisadi Forumu ilə əməkdaşlığı kifayət qədər məhsuldar və faydalı olub. 2007-ci ilin əvvəli ilə müqayisədə 2019-cu ildə milli iqtisadiyyatımızın həcmi 80 faiz, o cümlədən qeyri-neft sektorunun həcmi 2,1 dəfə, strateji valyuta ehtiyatları 13 dəfə artıb, respublikamızda yoxsuluq səviyyəsi 4 dəfədən çox, işsizlik səviyyəsi isə əhəmiyyətli dərəcədə azalaraq 4,9 faizə çatıb.
Öz növbəsində nüfuzlu Davos İqtisadi Forumu hesabatlarında ölkəmizin uğurlarını yüksək dəyərləndirir. Davos İqtisadi Forumunun açıqladığı “Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın mövqeyi 2006-2007-ci ildə 64-cü yerdə idisə, 2017-2018-ci ildə 137 ölkə arasında 35-ci yerə qədər yüksəlib. Qurumun ötən il yaydığı “Qlobal Rəqabətlilik Hesabatı”nda da Azərbaycanın mövqeyi ayrı-ayrı pozisiyalar üzrə əhəmiyyətli dərəcədə yaxşılaşıb. Bəhs olunan hesabata əsasən, respublikamız 2019-cu ildə “Əhalinin elektrik təchizatı səviyyəsi” üzrə dünyada 2-ci, “Hökumət tənzimləməsinin yükü” və “Əcnəbi işçilərin işə qəbulunun asanlığı” üzrə 3-cü, “Hökumətin dəyişməyə cavabdehliyi” üzrə 5-ci, “Biznesə başlama üçün tələb olunan günlərin sayı” üzrə 8-ci, “Hökumətin uzunmüddətli strategiyası” üzrə isə 10-cu yerdə qərarlaşıb. Həmin hesabatda Azərbaycan 141 ölkə arasında “Dəmir yolu xidmətlərinin səmərəliliyi” üzrə 11-ci, “Hava yolları xidmətlərinin səmərəliliyi” üzrə 12-ci, “Dəniz limanları xidmətlərinin səmərəliliyi” üzrə 25-ci, “Yolların keyfiyyəti” üzrə 27-ci yerə layiq görülüb. Prezident İlham Əliyev Davos Forumunun hesabatında ölkəmizin müxtəlif indikatorlar üzrə mövqeyini yaxşılaşdırmasından məmnunluğunu bildirərək “Bizim nailiyyətlər Davos Dünya İqtisadi Forumunun illik qiymətləndirmələrində də öz əksini tapmışdır. İnfrastruktur sahəsi çox yüksək səviyyədə inkişaf edib. Yolların inşası və keyfiyyətinə gəldikdə, biz dünyada iyirmi yeddinci yerdə qərarlaşmışıq”, - deyə vurğulayıb.
Eyni zamanda, Prezident İlham Əliyevin Davos İqtisadi Forumu çərçivəsində dövlət və hökumət başçıları ilə keçirdiyi çoxsaylı görüşləri Azərbaycanın xarici əlaqələrinin inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Dövlətimizin başçısının dünyanın aparıcı şirkətlərinin rəhbərləri ilə keçirdiyi görüşlər yüksək praktiki nəticələr verir, iqtisadi sferada həyata keçirilən dərin islahatların səmərəliliyinin, biznes mühitinin cəlbediciliyinin yüksəldiyini əyani şəkildə təsdiqləyir. Xəbər verildiyi kimi, Azərbaycan Prezidentinin İsveçrə Konfederasiyasına növbəti səfəri çərçivəsində Dünya İqtisadi Forumunun ölkəmizdə afilə edilmiş regional mərkəzinin yaradılması ilə bağlı niyyət protokolu imzalanıb. Sənədi Prezident İlham Əliyev və Forumun prezidenti Borge Brende imzalayıblar. Qeyd edək ki, bu cür mərkəzlər çox məhdud sayda ölkələrdə yaradılır və onların əsas məqsədi dördüncü sənaye inqilabının səbəb olduğu çağırış və imkanların həyata keçirilməsidir. Davosda Azərbaycan Prezidentinin “Procter and Gamble Europe” şirkətinin prezidenti Loik Tassel ilə görüşündə isə qurumun özünün regional mərkəzini yaratmaq üçün Bakını seçdiyi nəzərə çatdırılıb. Dünyada məşhur olan “Procter and Gamble Europe” şirkəti fəaliyyətini Orta Asiya və Uzaq Şərqə doğru genişləndirmək niyyətindədir və regional mərkəz olaraq məhz Bakı şəhəri seçilib. Vurğulanıb ki, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar və Azərbaycanda yaradılan biznes mühiti şirkətin ölkəmizdəki ofisi vasitəsilə Şərqə doğru genişlənməsinə əlverişli imkan yaradacaq.
Perspektivdə Azərbaycanın “Naxçıvan”, “Qoşadaş” yataqları Rusiyanın “LUKOIL” şirkəti ilə birgə işlənəcək. Bu barədə qərar da məhz Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiyanın “LUKOIL” şirkətinin prezidenti Vahid Ələkbərov ilə görüşündə qəbul edilib.
Davosda keçirilən görüşlərdə həmçinin “Signify” şirkətinin Azərbaycana yeni texnologiyalar gətirməsi məsələsi müzakirə olunub, “Carlsberg Group” şirkətinin rəsmisi təmsil etdiyi qurumun Azərbaycana yönəltdiyi investisiyaların həcmini artırmaq niyyətini ifadə edib. Bundan başqa, Davosda Azərbaycanda sığorta bazarının inkişafı üçün “Swiss Re” şirkəti ilə əməkdaşlıq məsələləri müzakirə olunub. Deyilənlərdən də göründüyü kimi, Prezident İlham Əliyevin keçirdiyi çoxsaylı görüşlərdə və qatıldığı müzakirələrdə respublikamıza böyük maraq ifadə olunub. Davosda Azərbaycana göstərilən diqqət ölkəmizin beynəlxalq arenada qazandığı böyük nüfuzun əyani göstəricisidir.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 636 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Analitik

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30