Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan Ordusunun qələbələri Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi siyasətin məntiqi nəticəsidir

Azərbaycan Ordusunun qələbələri Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi siyasətin məntiqi nəticəsidir

03.11.2020 [09:44]

Prezident İlham Əliyev: Bu gün Azərbaycan əsgəri və zabiti döyüş meydanında düşmənə dərs verir, düşməni yerinə oturdur, düşməni torpaqlarımızdan qovur
Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir, ölkəmizin beynəlxalq mövqeyi mütəmadi olaraq möhkəmlənir. Bu gün respublikamız Avrasiyanın enerji və nəqliyyat xəritəsini dəyişir, regionda reallaşdırılan qlobal əhəmiyyətli bütün transmilli layihələrin moderatoru rolunda çıxış edir. Heç bir qüvvədən asılı olmayan Azərbaycan, həmçinin milli maraqlarını da qətiyyətlə qoruyur. İqtisadi və siyasi müstəqilliyini yüksək səviyyədə təmin edən Azərbaycan, eyni zamanda, döyüş meydanında düşməni üstələyir və üç onillik ərzində işğal altında qalan torpaqlarını hissə-hissə geri qaytararaq Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində tarixi ədaləti, beynəlxalq hüququ təmin edir.
Bəs Azərbaycanı güclü edən hansı amillərdir? Torpaq itkilərinə məruz qalan, bir milyondan çox qaçqın və məcburi köçkün problemi ilə üzləşən respublikamız uğurlara necə nail olub? Qələbəyə aparan yol haradan başlayır? Bu kimi sualların cavabını son 17 ildə ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan məqsədyönlü siyasətdə axtarmaq lazımdır.
Ölkədə yaradılan güclü iqtisadi potensial digər sahələrdəki uğurlarımızı şərtləndirən əsas amildir
Çox doğru olaraq vurğulanır ki, xalqımızın 2003-cü ildə cənab İlham Əliyevə etimad göstərərək Onu ölkənin yeni dövlət başçısı seçməsi Azərbaycanın böyük xoşbəxtliyidir. Prezident İlham Əliyev son 17 ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu siyasətin varisliyini təmin edib və ölkəmizin yeni inkişaf modelini qurub. Azərbaycanın bugünkü müsbət reallıqları təsdiqləyir ki, Prezident İlham Əliyev qurucu Liderdir, O heç vaxt populist vədlər vermir, həmişə reallıqdan çıxış edir, məsələlərə praqmatiq yanaşma sərgiləyir və daim uğurlar qazanır.
Azərbaycan Prezidenti İlham Əliyev novator, yeniliklərə açıq olan bir Lider kimi lap əvvəldən müasir dövlət quruculuğunu Öz siyasətinin prioriteti elan etdi, ölkənin ümumi inkişaf strategiyasını müasir dövrün tələblərinə uyğunlaşdıraraq uğurla həyata keçirdi. Onun zamanın nəbzini düzgün tutması, qlobal tendensiyaları, müasir çağırışları nəzər alması sayəsində ölkənin iqtisadi sistemi yenidən quruldu, güclü iqtisadi potensial yaradıldı. Son 17 ildə dünyada ən dinamik inkişaf tempi məhz Azərbaycan iqtisadiyyatında müşahidə edilib. Bəhs olunan dövrdə ölkəmizdə genişmiqyaslı islahatlar aparılıb, milli iqtisadiyyatımızın hərtərəfli inkişafı üçün bütün şərtlər təmin edilib. O cümlədən investisiya qoyuluşu güclü şəkildə təşviq edilib, sahibkarlıq mühiti davamlı şəkildə optimallaşdırılıb, neqativ halların aradan qaldırılması, şəffaflığın artırılması, “ağ iqtisadiyyat”a keçidin təmin olunması üçün möhkəm əsaslar yaradılıb. Bütün bu kimi islahatların məntiqi nəticəsi olaraq son 17 ildə milli iqtisadiyyatımız 3 dəfədən çox genişlənib.
Məlum olduğu kimi, Azərbaycan karbohidrogen ehtiyatları ilə zəngin olan ölkədir. Lakin dünya təcrübəsindən də bəllidir ki, ehtiyatların zənginliyi heç də həmişə ölkələrin, xalqların xoşbəxtliyi, firavanlığı ilə adekvatlıq təşkil etmir. Əsas məsələ resursların idarə olunmasında reallaşdırılan səmərəli siyasətlə bağlıdır. Son 17 ildə ölkəmizdə karbohidrogen ehtiyatların hasilatı və ixracı istiqamətində inqilabi addımlar atılıb, Azərbaycanın siyasi və iqtisadi maraqları məharətlə uzlaşdırılıb. Karbohidrogen ehtiyatlarının ixracından qazanılan gəlirlərin bir hissəsinin məqsədyönlü şəkildə neftdən kənar sahələrin inkişafına yönəldilməsi Azərbaycan iqtisadiyyatının möhkəmlənməsini və rəqabət qabiliyyətliliyinin artmasını şərtləndirən çox mühüm amildir. Təsadüfi deyildir ki, qlobal pandemiya şəraitində belə respublikamızda qeyri-neft sənayesində artım müşahidə edilir. Prezident İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində milli iqtisadiyyatımızda diversifikasiya prosesinin uğurla getdiyini bildirərək vurğulayıb: “Bizim iqtisadiyyatımızın şaxələndirilməsi ilə bağlı gündəliyimiz var və bu proses uğurla davam edir”.
Çoxşaxəli islahatlar dinamik inkişafı sürətləndirən faktor kimi...
Son 17 ildə respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsi ilə aparılan islahatlar, yalnız iqtisadi sektoru əhatə etməyib. Ölkəmizdə aparılan islahatlar çoxşaxəlidir və demək olar ki, həyatın bütün sahələrini əhatə edir. İslahatlar çərçivəsində ölkənin idarəetmə sisteminin təkmilləşdirilməsi, bu sahədə inklüzivliyin artırılması, müxtəlif vəzifələrə müasir düşüncəli kadrların irəli çəkilməsi idaəetmədə nöqsanları, əyintiləri aradan qaldırdı, hakim komandanın monolitliyini daha da gücləndirdi, onun kreativliyini, operativliyini, müasirliyini təmin etdi.
Bəhs olunan dövrdə respublikamızda dinamik iqtisadi inkişafla paralel şəkildə güclü sosial siyasət aparılıb. Respublikanın artan imkanları insan kapitalının formalaşmasına, əhalinin sosial təminatının, xalqın rifahının daha da yüksəlməsinə yönəldilib, Azərbaycan nümunəvi sosial siyasət həyata keçirən dövlətə çevrilib. Bunu qlobal pandemiya şəraitində respublikamızda insanların sağlamlığının qorunması, onların sosial müdafiəsinin təmin edilməsi məqsədilə görülən genişmiqyaslı tədbirlər də əyani şəkildə təsdiqləyir. Qeyd edək ki, cari ilin əvvəlindən bəri görülən sosial dəstək tədbirlərindən təxminən 5 milyon insan bəhrələnib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu yaxınlarda Fransanın “Figaro” qəzetinə verdiyi müsahibədə diqqəti ölkəmizin dərinməzmunlu sosial siyasətinə çəkərək “Bizim çox əhəmiyyətli iqtisadi nailiyyətlərimiz var. Bizdə yoxsulluq səviyyəsi çox aşağıdır, təxminən 5 faizdir. Ermənistanda bu, 50 faizə yaxındır. Həmçinin bizdə işsizlik səviyyəsi çox aşağıdır. Pandemiyadan əvvəl bu, 5 faizə yaxın idi, indi 7 faizdir”, - deyə bildirib.
Ölkəmizdə aparılan xəlqi və sosial siyasət öz növbəsində yüksək vətəndaş məmnunluğunu şərtləndirir. Hazırda ölkəmizdə milli həmrəylik, xalq-iqtidar birliyi kifayət qədər yüksək səviyyədədir. Bu günlərdə cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələrindən Prezident İlham Əliyevin ünvanına çoxsaylı məktublar gəlir. Vətəndaşlar Prezident, Ali Baş Komandan İlham Əliyevə, xilaskarlıq missiyası yerinə yetirən Silahlı Qüvvələrimizə öz dəstəklərini ifadə edirlər. Eyni zamanda, bu günlərdə ölkəmizdəki 50 siyasi partiya bəyanat imzalayaraq torpaqlarımızın işğaldan təmizlənməsi uğrunda aparılan Vətən müharibəsində Ali Baş Komandanın və Ordumuzun yanında olduqlarını bildiriblər.
Azərbaycan Ordusunun dünyanın 50 ən güclü ordusu sırasındadır
Müharibə şəraitində yaşayan Azərbaycanda dövlət başçımızın siyasi iradəsinə uyğun olaraq son 17 ildə müasir və güclü ordu quruculuğu, müdafiə sənayesinin inkişaf etdirilməsi davamlı şəkildə diqqət mərkəzində saxlanılıb, Silahlı Qüvvələrimizin silah-sursat təminatı möhkəmləndirilib, şəxsi heyətin peşəkarlığının artırılması məqsədilə müvafiq tədbirlər görülüb. Hazırda Azərbaycanın Silahlı Qüvvələri dünyanın 50 ən güclü ordusu sırasında yer alır.
Ordumuz sentyabrın 27-də düşmənin cəbhə xəttində törətdiyi növbəti genişmiqyaslı təxribata cavab olaraq başladığı əks-hücum əməliyyatlarını inamla davam etdirir. Artıq bir sıra strateji yüksəkliklər, Suqovuşan, Hadrut qəsəbələri, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərləri, bütövlükdə 200-dək yaşayış məntəqəsi işğaldan azad edilib. Zəngilanın Ağbənd qəsəbəsinin işğalçılardan təmizlənməsi ilə Azərbaycanın İranla dövlət sərhədini tam nəzarətə götürməsi mühüm tarixi hadisə, ölkənin ərazi bütövlüyünün, suverenliyinin təmin olunması istiqamətində növbəti strateji qələbədir. Eyni zamanda, Ermənistan hərbi əməliyyatlarda çox sayda hərbçi və texnika itkisinə məruz qalıb. Məhv edilmiş hərbi texnikanın statistikası canlı itki haqqında da ciddi nəticə çıxarmağa əsas verir. Silahlı toqquşmanın xarakteri, mürəkkəb relyef və ermənilərin 30 il ərzində qurduqları istehkamlar nəzərə alınarsa, Azərbaycan Ordusunun itkiləri minimaldır. Dövlətimizin başçısı oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə keçirilən operativ müşavirədəki çıxışında bildirib ki, Azərbaycan Ordusu böyük rəşadət göstərir, peşəkarlıq göstərir. “Bu gün Azərbaycan əsgəri və zabiti döyüş meydanında düşmənə dərs verir, düşməni yerinə oturdur, düşməni torpaqlarımızdan qovur”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Azərbaycanın dövlət başçısı Silahlı Qüvvələrimizin əsgər və zabitlərinin fədakarlığını da yüksək dəyərləndirib. Azərbaycan Ordusu Vətən torpağında vuruşur. Bu da Silahlı Qüvvələrimizin şəxsi heyətinin döyüş meydanlarına daha şücaətlə atılmalarına əlavə impuls verir. “Biz bu gün yüksək texnoloji mərhələyə qədəm qoymuşuq və əlbəttə ki, texnologiyalar, peşəkarlıq böyük dərəcədə hər bir ordunun uğurunu təmin edir. Ancaq mən bunu demişəm və bir daha demək istəyirəm ki, torpaqları işğalçılardan azad edən əsgərlər və zabitlərdir. Bayrağı da onlar qaldırırlar, torpağı da onlar işğalçılardan təmizləyirlər”, - deyə Prezident İlham Əliyev bəhs olunan çıxışında vurğulayıb.
Bu gün Azərbaycan Ordusunun uğurları Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi siyasətin məntiqi nəticəsidir. Prezident İlham Əliyev uzaqgörənlik, vətənpərvərlik, qətiyyət, əzm, prinsipiallıq, dönməzlik rəmzidir. Dövlətimizin başçısı bütün çətinliklərə, xarici qüvvələrin təzyiqinə cəsarətlə sinə gərir, onları dəf edir, Azərbaycan xalqının haqq işi uğrunda əsl fədakarlıq nümunəsi ortaya qoyur. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev son 500 ildə tarixi torpaqlarını ardıcıl şəkildə itirməyə məhkum olmuş Azərbaycan xalqının milli mənliyini, gücünü özünə qaytardı, tarixi ədaləti bərpa etdi. İlham Əliyev qurucu lider, müzəffər sərkərdə və xalqımızın ən böyük arzularını gerçəkləşdirən şəxsiyyət kimi adını əbədi olaraq tarixə yazdı.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 483 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Sosial

Gündəm

YAP xəbərləri

Analitik

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31