Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanın praqmatik xarici siyasət kursu ölkəmizə beynəlxalq səviyyədə böyük nüfuz qazandırıb

Azərbaycanın praqmatik xarici siyasət kursu ölkəmizə beynəlxalq səviyyədə böyük nüfuz qazandırıb

08.06.2021 [09:34]

Prezident İlham Əliyev: Bizim səmimi, açıq və mehriban siyasətimiz həqiqətən də geniş beynəlxalq birlik tərəfindən qiymətləndirilir
Müstəqillik illərində həyatın bütün sahələrində möhtəşəm uğurlara imza atan Azərbaycan ardıcıl və məqsədyönlü xarici siyasət həyata keçirir. Ölkəmizin xarici siyasət kursu tam müstəqildir, milli maraqlar üzərində qurulub və xoş niyyətə əsaslanır. Azərbaycan öz siyasətində o mövqedən çıxış edir ki, ayrı-ayrı ölkələrlə və beynəlxalq təşkilatlarla münasibətlər bərabərhüquqlu əsaslarla qurulmalı və bütün tərəflərin qarşılıqlı maraqlarına xidmət göstərilməlidir. Regional və qlobal əməkdaşlığın dərinləşməsinə, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə verdiyi sanballı töhfələr respublikamızın niyyətini, xoş məramını aydın şəkildə nümayiş etdirir. Eyni zamanda, belə praqmatik xarici siyasət kursu Azərbaycana beynəlxalq səviyyədə böyük nüfuz qazandırıb. Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda keçirdiyi müzakirələrdə və tədbirdə Ona ünvanlanan suallara cavablarında Azərbaycanın beynəlxalq birliyin fəal aktorlarından birinə çevrilməsinə, ölkəmizin beynəlxalq həmrəyliyin güclənməsinə yönələn səylərinin dünyada yüksək dəyərləndirilməsinə xüsusi diqqət çəkib. “Bizim səmimi, açıq və mehriban siyasətimiz həqiqətən də geniş beynəlxalq birlik tərəfindən qiymətləndirilir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır
Azərbaycanın milli maraqlar üzərində qurulan xarici siyasəti həm də çoxvektorlu olması ilə diqqət çəkir. Respublikamızın strateji tərəfdaşlıq münasibətləri qurduğu ölkələrin və beynəlxalq təşkilatların sayı getdikcə artır. Bu kontekstdə Azərbaycanın qonşu dövlətlərlə münasibətlərində qarşılıqlı etimadın möhkəmlənməsinin önəmini ayrıca qeyd edə bilərik. Müstəqillik illərində respublikamız işğalçı Ermənistan istisna olmaqla bütün qonşu ölkələrlə qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlıq münasibətləri qurmağa nail olub. Azərbaycanla Türkiyə arasındakı münasibətlər zamanın sınaqlarından çıxıb və hazırda həyatın bütün sahələrini əhatə edir. Siyasi dialoqun dinamizminə uyğun olaraq, iki ölkə arasında iqtisadi sahədə əməkdaşlıq davamlı olaraq genişlənir. COVID-19 pandemiyasının mənfi təsirlərinə baxmayaraq, Azərbaycan və Türkiyə arasında ikitərəfli ticarət əlaqələri 2020-ci ildə əvvəlki illə müqayisədə 14 faiz artaraq 4,6 milyard dollara çatıb. Ölkələrimiz qarşıya 2023-cü ilədək ticarət dövriyyəsinin həcmini 15 milyard dollara çatdırmaqla bağlı real hədəf qoyublar.
Azərbaycanın strateji tərəfdaşlıq münasibətləri qurduğu qonşu dövlətlərdən biri də Gürcüstan Respublikasıdır. Müstəqillik dövründə uğurla inkişaf edən iki ölkə arasındakı münasibətlərin dinamikası kifayət qədər yüksəkdir. İki ölkə xalqlarının tarixdən gələn mehriban qonşuluq ənənələrini davam etdirən Azərbaycan və Gürcüstan arasında hazırda, sözün əsl mənasında, qardaşlıq münasibətləri mövcuddur. İki qardaş ölkənin yüksəksəviyyəli münasibətlərindən bəhs edərkən iqtisadi sahədə əməkdaşlığın getdikcə daha da dərinləşməsinin önəmini ayrıca qeyd etmək lazımdır. Azərbaycan şirkətləri dost ölkədəki əlverişli investisiya mühitindən bəhrələnərək enerji, tikinti, turizm, infrastruktur quruculuğu və digər sahələrə məmnuniyyətlə böyük həcmlərdə sərmayələr yönəldirlər.
Regionun qonşu dövlətləri olan Azərbaycan ilə Rusiya arasında əlaqələr iki ölkə prezidentlərinin qarşılıqlı etimada əsaslanan münasibətləri sayəsində hazırda kifayət qədər yüksək səviyyədədir. Pandemiya şəraitinə baxmayaraq, bu ilin yanvar-mart aylarında ölkələrimiz arasında əmtəə dövriyyəsini təxminən 3,5 faiz artırmaq mümkün olub ki, bu da 680 milyon dollar təşkil edir. Ölkələrimiz arasında 230-dan çox hökumətlərarası və müəssisələrarası sənəd imzalanıb, altı “yol xəritəsi” həyata keçirilir.
Qonşu İranla Azərbaycanı tarixi əlaqələr birləşdirir. Ölkələrimiz arasındakı siyasi dialoqun yüksək səviyyəsinə uyğun olaraq iqtisadi sahədə də əməkdaşlıq adekvat şəkildə inkişaf etdirilir. Azərbaycan və İran şirkətlərinin böyük investisiya qoyuluşu hesabına yaratdıqları birgə müəssisələr uğurla fəaliyyət göstərir. Hər iki ölkə Şimal-Cənub dəhlizi üzrə fəal əməkdaşlıq edirlər. Postmüharibə mərhələsində Azərbaycan və İran birgə elektrik stansiyalarının yaradılması layihələri üzərində iş aparırlar.
Uğurlu xarici siyasət kursu həyata keçirən Azərbaycan dünyanın supergüc dövlətlərindən olan ABŞ-la yaxşı münasibətlər qurmağa nail olub. ABŞ Prezidenti Co Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə Respublika Günü münasibətilə ünvanladığı təbrik məktubunda ötən il Cənub Qaz Dəhlizinin işə salınması, bu il Xəzərdəki yatağın Türkmənistanla birgə kəşfiyyatına və işlənilməsinə dair Anlaşma Memorandumunun imzalanması ilə Azərbaycanın Avropanın enerji şaxələndirilməsinə verdiyi töhfə xüsusi olaraq diqqətə çatdırılıb. ABŞ-ın dövlət başçısı respublikamızın NATO-nun Əfqanıstandakı missiyasına və terrorla mübarizə səylərinə verdiyi 20 illik dəstəyi yüksək dəyərləndirib.
Azərbaycanın beynəlxalq nüfuzunun artması baxımından ölkəmizlə Avropa İttifaqı arasında əlaqələrin intensivləşməsi də diqqət çəkir. Bu gün qlobal güc mərkəzi olan Avropa İttifaqı Azərbaycanın ən vacib tərəfdaşlarından biridir. İndiyədək respublikamız Aİ-yə üzv dövlətlərin üçdəbir hissəsi ilə Strateji Tərəfdaşlıq adlanan sənədləri və bəyannamələri imzalayıb. Xatırladaq ki, iyunun 2-də Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə də telefon danışığı baş tutub. Prezident İlham Əliyev ölkəmizin Avropa İttifaqı ilə əlaqələrinin yüksələn xətlə inkişafından məmnunluğunu bildirib. “Avropa İttifaqının 9 üzv ölkəsi ilə Strateji Tərəfdaşlıq sənədlərinin imzalanması göstərir ki, biz həqiqətən yaxşı və strateji tərəfdaşıq”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Müstəqil xarici siyasət kursuna malik olan Azərbaycan dünyada BMT-dən sonra ikinci böyük təşkilat olan Qoşulmama Hərəkatının fəaliyyətində də yaxından iştirak edir və hazırda quruma sədrliyi uğurla həyata keçirir. Qoşulmama Hərəkatı müxtəlif məsələlərdə, o cümlədən də Vətən müharibəsində ölkəmizə siyasi və mənəvi dəstəyini ifadə edib. Dost ölkələrin, o cümlədən də Qoşulmama Hərəkatının müharibə dövründə verdikləri siyasi və mənəvi dəstək ölkəmizin özünəinam hissini daha da artırdı və biz müharibəni qələbə ilə başa vurduq.
Ölkəmizin yaratdığı yeni reallıqlar regional əməkdaşlıq üçün geniş perspektivlər açıb
Ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində Azərbaycan işğalçı Ermənistanı tam kapitulyasiyaya məruz qoyaraq tarixi ədaləti və ərazi bütövlüyünü təmin etdi. 44 günlük müharibədə qazanılan şanlı qələbə sayəsində regionda yeni reallıqlar yaranıb. Ermənistanın üç onillik ərzində işğal siyasətini davam etdirməsi regional əməkdaşlığın genişlənməsinə əngəllər törədirdi və təhlükəsizliyə, sabitliyə ciddi təhdidlər yaradırdı. Artıq belə maneələr və təhdidlər yoxdur. Azərbaycanın yaratdığı yeni reallıqlar regional əməkdaşlıq üçün geniş perspektivlər açıb. Bu konfiqurasiyanın formalaşmasında qalib Azərbaycan əsas söz sahibidir. Respublikamız müharibə səhifəsini bağlamaq və gələcəyə baxmaq niyyəti nümayiş etdirir. Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında şanlı qələbəmiz sayəsində regionda yaranan yeni reallıqları dəyərləndirərək “Hesab edirəm ki, regionun gələcək inkişafı üçün bu gün nadir imkanlar yaranıb”, - deyə vurğulayıb.
44 günlük müharibənin nəticələrini rəsmiləşdirən üçtərəfli Bəyanata əsasən, regionda bir sıra nəqliyyat-logistika layihələrinin reallaşdırılması nəzərdə tutulub. Bu layihələr isə yalnız qalib Azərbaycan üçün deyil, həm də bütün region dövlətləri üçün faydalıdır. Məsələn, əgər təkcə Zəngəzur dəhlizinə diqqət yetirsək, görərik ki, bu, yalnız Rusiya, Azərbaycan, Türkiyə, İran və Ermənistanın maraqlarına deyil, digər ölkələrin də maraqlarına cavab verir. Yəni Avrasiyanın yeni bir nəqliyyat damarı açıla bilər. Prezident İlham Əliyev yuxarıda bəhs olunan müzakirələrdə regionun gələcək inkişafında beynəlxalq əməkdaşlığın, o cümlədən də Avropa İttifaqının dəstəyinin önəminə diqqət çəkib. “Avropa İttifaqının regionda dinc inkişafa verəcəyi dəstək çox vacibdir. Hesab edirəm ki, Avropa İttifaqı regionda münaqişədən sonrakı inkişafda çox mühüm rol oynaya bilər, çünki Cənubi Qafqazın üç ölkəsi ilə Avropa İttifaqının çox geniş əməkdaşlıq gündəliyi var”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Qeyd edək ki, məsuliyyətli dövlət olan Azərbaycan ötən il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatla üzərinə düşən vəzifələri dəqiqliklə yerinə yetirir. Bir qədər bundan əvvəl Prezident İlham Əliyev işğaldan təmizlənən ərazilərə növbəti səfəri çərçivəsində Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlinin qoyulması mərasiminə qatılıb. Dəmir yolunun uzunluğu təxminən 100 kilometrə bərabərdir və onun çox böyük strateji əhəmiyyəti var. İlk növbədə, ona görə ki, bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün yeni imkanlar yaradacaq. Digər tərəfdən, yeni nəqliyyat bağlantısı Naxçıvana qədər uzanacaq. Bəhs olunan dəmir yolunun regional əməkdaşlıq baxımından da böyük əhəmiyyəti var. Belə ki, perspektivdə dəmir yolu infrastrukturu Naxçıvandan keçməklə Türkiyəyə qədər uzanacaq və beləliklə, Azərbaycanı Türkiyə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi yaradılacaq. Eyni zamanda, Azərbaycan ərazisindən keçməklə Rusiyadan Ermənistana dəmir yolu xətti açıla bilər. Həmçinin Rusiya ilə İran arasında Naxçıvan ərazisi ilə dəmir yolu bağlantısı yaranacaq. Bundan başqa, İran ilə Ermənistan, Türkiyə ilə Rusiya arasında dəmir yolu bağlantısı olacaq. Beləliklə, bütün region ölkələri yeni infrastruktur layihəsindən fayda götürəcəklər ki, bunun da sayəsində bölgədə müharibə riski azalacaq.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 461 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Maraqlı

Xarici siyasət

Xəbər lenti

Ədəbiyyat

Siyasət

Siyasət

3-cü iclas...

01 May 10:36

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31