Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan-Türkiyə birliyi bölgədə iqtisadi tərəqqinin və davamlı sülhün qarantıdır

Azərbaycan-Türkiyə birliyi bölgədə iqtisadi tərəqqinin və davamlı sülhün qarantıdır

28.10.2021 [16:13]

Əli  HÜSEYNLİ,

Milli Məclisin deputatı

Oktyabrın 26-da Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın geniş nümayəndə heyəti ilə işğaldan azad edilmiş Qarabağ torpağına növbəti rəsmi səfəri günümüzün çox böyük tarixi və siyasi hadisəsidir. İlk dəfə olaraq qardaş ölkənin liderinin təyyarə ilə birbaşa Füzuliyə gəlməsi,  Zəngilanda ali səviyyədə rəsmi qarşılanma mərasiminin təşkil olunması, Prezident İlham Əliyevlə birlikdə Qarabağın hava qapısı sayılan Füzuli Beynəlxalq Hava Limanının açılışında və digər tədbirlərdə iştirakı bir çox siyasi mətləblərdən xəbər verir.

Anlaşılır ki, postmünaqişə dövründə Qarabağ artıq Azərbaycan və Türkiyə üçün yeni bir siyasi mərkəzə çevrilib. Bu səfər Qarabağın ölkələrimiz üçün önəminin   nə olduğunu bütün dünyaya nümayiş etdirir. Zəngilanın Ağalı kəndində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata bəyanatında bu hadisəni əsl qardaşlıq və dostluq nümunəsi adlandıraraq demişdir: “Bu gün Füzuli Beynəlxalq Hava Limanının açılışında birlikdə iştirakımız bir daha bizim birliyimizi göstərir, gücümüzü göstərir. Onu göstərir ki, Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi hər zaman bir-birinin yanındadır. Füzuli Beynəlxalq Hava Limanının inşası cəmi səkkiz ay davam etdi... Bu hava limanının inşasında Azərbaycan və Türkiyə şirkətləri iştirak etmişlər. Yəni, bu, bizim birgə uğurumuzdur... Həm Şuşada, həm də bu gün Zəngilanda rəsmi mərasimlərin keçirilməsi, Türkiyə və Azərbaycanın Dövlət himnlərinin səslənməsi, bizim birgə addımlarımız tarixdə əbədi qalacaq. Bu tarixi biz birlikdə yazırıq”.

Türk dünyasının iki lideri bölgədə çəkilən Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunun təməlinin qoymaqla yeni beynəlxalq yol və ticarət qovşağının – Zəngəzur dəhlizinin reallaşmasına birlikdə xeyir-dua vermiş oldular. Belə bir strateji xəttin üzərində hava limanlarının olması Zəngəzur dəhlizinin əhəmiyyətini artıran əsas addımlardan biri kimi təbii və zəruridir. Bildiyiniz kimi, yaxın gələcəkdə Zəgilan və Laçında da beynəlxalq statuslu hava limanlarının inşası nəzərdə tutulur.

Zəngəzur dəhlizi Avropa və Asiyanı əhatə edən “Bir kəmər, bir yol” layihəsi çərçivəsində böyük əhəmiyyətə malik marşrutdur. Dəhlizin açılması Ankara və Bakının təkcə regionda yox, Avrasiyadakı geosiyasi dəyişiklikdə rolunu artıracaq. Hadisələrin gedişatı belə bir əminlik yaradır ki, bu layihəni inkar etmək istəyən bəzi siyasi dairələrin qarşısı qətiyyətlə alınacaq və  alternativ təkliflərin reallaşmasına imkan verilməyəcək. Çünki Azərbaycan, Türkiyə, Rusiya, Çin və İngiltərənin dəstəklədiyi Zəngəzur dəhlizi çox ciddi iqtisadi və siyasi bir yol olaraq gələcəkdə Mərkəzi və Orta Asiyadan Qərbə aparan əsas tranzit xətti rolunu oynayacaq.

Türkiyə liderinin təyyarə ilə Füzuliyə gəlişi dünyaya müharibənin başa çatdığı reallığının göstərilməsi və təhlükəsizlik faktoruna önəm verən xarici sərmayələrin bölgəyə cəlb edilməsi baxımından da əhəmiyyətlidir. Asiyanı Avropa ilə bağlayacaq və region dövlətlərinin iqtisadi və siyasi maraqlarına uyğun olan  bu layihə Avrasiya məkanına yeni dividentlər gətirəcək. Azərbaycan isə dünya xəritəsində önəmli kommunikasiya mərkəzlərindən birinə çevrilməklə beynəlxalq siyasətə təsir baxımından regionda öz nüfuzunu və gücünü artıracaq.

Görünən odur ki, Qarabağın dirçəldilməsində Əliyev-Ərdoğan tandemi getdikcə möhkəmlənən təməl üzərində ortaq hədəflərə doğru inamla irəliləyir. Demək ki, Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasındakı müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi sadəcə formal xarakterli bir sənəd deyil, iki ölkənin siyasi iradəsinə söykənən və bütün sahələrdə böyük perspektivlər vəd edən cox ciddi məramdır. Bu dəfəki səfər Türkiyənin Şuşa Bəyannaməsi çərçivəsində Qarabağda ilk praktiki mesajıdır. Bu sənəd, Türkiyənin Naxçıvanın qarantı olduğu kimi, Qarabağın da təhlükəsizliyinə zəmanət verdiyini nümayiş etdirir.

Şuşa Bəyannaməsinin regionda güc balansının dəyişməsinin ardınca cənab İlham Əliyev 7 iyul 2021-ci il tarixli Fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunu təsis etdi. Bu, ermənilərin yaşadığı ərazilərin Azərbaycanın suverenliyi tərkibində gələcəyini müəyyənləşdirən qərardır. Türkiyə lideri Xankəndinin də daxil olduğu Qarabağ iqtisadi rayonuna ilk səfəri ilə bu ərazilərdə Azərbaycan idarəçiliyinin bərpa edilməsinin alternativi olmadığını və bu prosesdə Ankaranın Bakının yanında olduğunu nümayiş etdirir: “Ən önəmlisi, Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə çatdırdığımız əlaqələrimizi daha necə inkişaf etdirə biləcəyimizi müzakirə etdik. Bir millət, iki dövlət olmağın verdiyi ortaq şüur və ruhla hərəkət edirik”.

Bu addım mümkün sülh sazişi masasının qurulmasından öncə Bakının mövqeyini gücləndirən məqamdır. Eyni zamanda, bu, təkcə bölgədə sülhməramlı kontingentə malik olan Rusiya üçün yox, həm də “status” məsələsini yenidən gündəmə gətirmək istəyən bütün tərəflərə ciddi ismarıcdır.

İşğaldan azad edilmiş ərazilərdə qısa müddət ərzində bütün sahələri əhatə edən müasir infrastrukturun və kommunikasiyaların qurulması, mütərəqqi texnologiyaların tətbiqi həm də Prezident İlham Əliyevin bütün fəaliyyəti boyu olduğu kimi, sözü ilə əməlinin vəhdətdə olmasının nümayişidir. Türkiyə Prezidenti Ərdoğan da gördüklərindən heyrətini gizlədə bilməyib: “Azərbaycan bütün dünyaya örnək olacaq inkişaf modeli ilə bu bölgənin inkişafı üçün fəaliyyətini davam etdirir... Bugünkü səfərimiz zamanı Azərbaycanın işğaldan azad edilən bu bölgələrinin qısa müddət ərzində həqiqətən necə dirçəldiyini, necə sürətlə inkişaf etdiyini gördük. Bu, hər igidin, hər siyasətçinin işi deyil”. 

Dövlət başçıları eyni zamanda müharibədən sonra yaranmış yeni reallıqlardan doğan əlverişli şəraitdən istifadə edərək bölgədə iqtisadi inkişafa birgə töhfə verməyin və davamlı sülhün və təmin olunmasının vacibliyi ilə bağlı qonşu dövlətlərə və beynəlxalq ictimaiyyətə mühüm çağırışlar etmişlər: “Bir sözlə, bu layihələr kənarlaşdırıcı deyil, əhatəedicidir. Bu prosesdə sərhədlərin müəyyənləşdirilməsi və qarşılıqlı olaraq tanınması zəruridir. Mehriban qonşuluq münasibətlərinin əsasını da bu anlayış təşkil etməkdədir. Bu məsələlərdə Ermənistan Azərbaycan ilə problemlərini həll etmək istiqamətində səmimi bir iradə göstərməlidir. Əgər Azərbaycan ilə bağlı səmimi iradə ortaya qoyarsa, Türkiyənin Ermənistan ilə əlaqələrinin də normallaşması üçün bir maneə qalmayacaq. Bütün bölgə üçün birlikdə qurulacaq firavan gələcəyi kiçik hesablara və daxili siyasətə qurban vermək vaxt itkisi mənasına gələcək. Dünyanın bu gözəl bölgəsində sülh içində yaşanacaq parlaq bir gələcək, əlbəttə ki, mümkündür”.

Bütün bunlar onu söyləməyə əsas verir ki, Azərbaycan və Türkiyə regionda yeni geosiyasi nizam formalaşdırır və bu amil təhlükəsizliyin təmin olunmasında mühüm əhəmiyyət kəsb edir.

Paylaş
Baxılıb: 131 dəfə

Xəbər lenti

Hamısına bax

Prezident bu gün

04 Dekabr 00:11

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31