Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Qalib xalqın Zəfər partiyası

Qalib xalqın Zəfər partiyası

20.11.2021 [09:54]

Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasından 29 il ötür. Partiya ötən müddət ərzində Heydər Əliyev ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə zəngin və şərəfli inkişaf yolu keçib, çox mühüm, tarixi əhəmiyyətə malik olan nailiyyətlər qazanıb.

Yeni Azərbaycan Partiyası Ümummilli Liderin siyasi mirasıdır

Müstəqilliyin ilk illərində Azərbaycanda cərəyan edən siyasi, ictimai və iqtisadi proseslərə, ölkədaxili mürəkkəb situasiyaya nəzər saldıqda belə bir qənaət ifadə etmək olur ki, YAP ictimai-siyasi zərurətdən yaranan ümumxalq partiyasıdır. Ölkənin avanqard siyasi qüvvəsi kimi Yeni Azərbaycan Partiyası ötən 29 il ərzində milli-strateji vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verib və bu siyasət bu gün də uğurla davam etdirilir. YAP öz səmərəli fəaliyyəti ilə Azərbaycanın inkişafında, ölkənin etibarlı gələcəyinin təmin olunmasında müstəsna rol oynayır. Cəmiyyətin bütün təbəqələrindən olan insanları sıralarında birləşdirən YAP bu müddət ərzində ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində inamlı qələbələr qazanıb. Eyni zamanda, YAP-ın keçirdiyi qurultaylarda qəbul edilən tarixi qərarlar ölkəmizin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyətə malik olub, partiyanın fəaliyyətində yeni keyfiyyət dəyişikliklərini şərtləndirib. Ən əsası, Mehriban xanım Əliyevanın partiyanın 2013-cü ildə keçirilmiş V Qurultayında YAP Sədrinin müavini, 2021-ci il mart ayının 5-də baş tutmuş VII Qurultayında isə YAP Sədrinin birinci müavini təyin olunması partiyamız və bütövlükdə cəmiyyət üçün mühüm əhəmiyyət kəsb etməklə yanaşı, YAP-ın və dövlətimizin daha da güclənməsinə xidmət edən mötəbər hadisədir. Bu məqamda vurğulamaq yerinə düşər ki, partiyamızın 2021-ci il martın 5-də keçirilmiş VII qurultayında dövlət başçısının qarşıya qoyduğu vəzifələrin icrasına nail olunması siyasi sistemin və ictimai-siyasi münasibətlərin inkişafına, demokratik dəyərlər və ənənələrin gücləndirilməsinə, bütövlükdə isə, ölkəmizin tərəqqisinə yeni təkan olacaq. Bütövlükdə, VII qurultay həm Yeni Azərbaycan Partiyasının fəaliyyətində, həm də ölkəmizin gələcək inkişafında yeni mərhələnin əsasının qoyulması baxımından müstəsna əhəmiyyətə malikdir.

YAP müasir, müstəqil Azərbaycanın siyasi sistemini formalaşdırıb, siyasi mədəniyyətin təşəkkülünü təmin edib

İnkaredilməz həqiqətdir ki, Yeni Azərbaycan Partiyası siyasi sistemin monolit gücü və avanqard siyasi institutudur. Başqa sözlə, YAP sahib olduğu resurslara, ictimai-siyasi nüfuzuna, özünün fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinə və siyasi sistemdəki avanqard yerinə görə Azərbaycanın siyasi palitrasının ən güclü və nüfuzlu partiyasıdır.

YAP, eyni zamanda, ölkəmizdə siyasi mədəniyyətin və siyasi sistemin formalaşmasına, təkmilləşməsinə birbaşa, fundamental töhfələr verən ümumxalq partiyasıdır. Faktdır ki, YAP müxalifət partiyası kimi yaranmışdı, həmin dövrdə özünün nümunəvi fəaliyyəti ilə müxalifətçiliyin sivil qaydaları və formalarını müəyyənləşdirdi, müxalifətçiliyin nə demək olduğunu cəmiyyətə nümayiş etdirdi. YAP göstərdi ki, müxalifətçilik xalqa, dövlətə qarşı fəaliyyət göstərmək deyil, sabitlik və tərəqqiyə xidmət edən mütərəqqi ideyalarla çıxış etmək, cəmiyyətin və ölkənin inkişafı üçün milli maraqlara əsaslanan fəaliyyət göstərməkdir. Ən əsası, Yeni Azərbaycan Partiyası müasir müstəqil Azərbaycanın siyasi sistemini formalaşdırdı, siyasi mədəniyyətin təşəkkülünü təmin etdi.

Mütərəqqi ideyalar, səmərəli fəaliyyət və milli tərəqqiyə müstəsna töhfə

Ümumiyyətlə, YAP-ın fəaliyyəti mütərəqqi ideyaların irəli sürülməsi və dəstəklənməsi, o cümlədən milli tərəqqiyə müstəsna töhfə verilməsi ilə xarakterizə olunur. Bu mənada, özündə yüksək intellektual potensialı birləşdirən YAP-ın hər zaman fəaliyyətində gənclərə geniş imkanların yaradılmasına, onlarda milli şüurun, vətənpərvərlik ruhunun formalaşdırılmasına xüsusi diqqət yetirdiyini qeyd etmək lazımdır. YAP bu gün istedadlı, cəmiyyətə və dövlətə yararlı olmaq istəyən gəncləri öz ətrafında birləşdirməklə yanaşı, yeni nəslin hərtərəfli inkişafı, vətənpərvərlik ruhunun yüksəldilməsi, gənclərin aktiv ictimai, siyasi fəaliyyətə cəlb olunması və digər istiqamətlərdə mühüm işlər görür.

YAP, həmçinin Azərbaycanın beynəlxalq imicinin möhkəmlənməsində müstəsna rol oynayır. Yeni Azərbaycan Partiyası həm Avropanın, həm də Asiyanın bir çox ölkələrinin aparıcı siyasi partiyaları ilə ikitərəfli və çoxtərəfli əlaqələrini inkişaf etdirib, partiyalar səviyyəsində beynəlxalq qurumlarda uğurla təmsil olunur. Eyni zamanda, partiyamızın çoxşaxəli beynəlxalq əlaqələrini uğurla davam etdirməsi nəticəsində Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə dolğun surətdə çatdırılır.

Möhtəşəm qələbələrdən yeni hədəflərə doğru...

Heç şübhəsiz, çoxəsrlik dövlətçilik tariximizin, həmçinin müstəqillik dövrünün ən möhtəşəm taleyüklü hadisələri və prosesləri Yeni Azərbaycan Partiyasının qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Onun layiqli davamçısı olan Prezident İlham Əliyevin adı ilə bağlıdır. Bu baxımdan, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etməsini, tarixi ədalət və ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasını xüsusi vurğulamaq gərəkdir. Şübhəsiz ki, Azərbaycan qarşıdakı dövrdə də Prezident, Müzəffər Ali Baş Komandan, partiyamızın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi nailiyyətlər qazanacaq, yeni strateji zirvələr fəth edəcək. Eləcə də qalib xalqın Zəfər partiyası olan YAP da  bundan sonra qarşısında duran milli vəzifələri uğurla yerinə yetirməklə ölkəmizin dayanıqlı və dinamik inkişafına müstəsna töhfə verəcək.

Nurlan QƏLƏNDƏRLİ

 

 

Paylaş
Baxılıb: 142 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30