Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ararat Mirzoyanın “telefon diplomatiyası”

Ararat Mirzoyanın “telefon diplomatiyası”

26.11.2021 [10:32]

Və ya məğlub tərəfin növbəti faydasız cəhdləri

İkinci Qarabağ müharibəsinin başa çatmasından sonra Azərbaycan regionda dayanıqlı sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin yaradılması ilə əlaqədar qətiyyətli mövqe nümayiş etdirir. Ölkəmiz bu yöndə olan bütün təşəbbüslərə öz dəstəyini göstərir. Çünki bu, ilk növbədə, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatın tələblərini əks etdirir. Eyni zamanda, Azərbaycan və Ermənistanın  bir-birinin ərazi bütövlüyünü tanıması, sərhədlərin delimitasiyası və demarkasiyasının həyata keçirilməsi, nəhayət, sülh müqaviləsinin imzalanması əsas məsələlər sırasındadır. Azərbaycan bütün bu məsələlərlə əlaqədar ikitərəfli təmasların qurulmasının və konstruktiv danışıqların aparılmasının zəruriliyini daim bəyan edib. Bunun üçün ölkəmiz hər zaman siyasi dialoqa açıqdır, tərəflər arasında aktual müzakirə predmeti olan məsələlərlə əlaqədar təmasların tərəfdarıdır. Bu baxımdan, Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş naziri arasında keçirilən Soçi görüşü böyük önəm kəsb edir.

Görüşdən iki gün əvvəl Rusiya Baş nazirinin müavini Aleksey Overçukun Azərbaycanla Ermənistana səfər edərək müzakirələr aparması kommunikasiyaların açılmasının diqqət mərkəzində olduğunu təsdiq edir. Əlbəttə, Azərbaycan qalib dövlət və regionda yeni reallıqların müəllifi kimi üçtərəfli Bəyanatın bütün müddəalarının yerinə yetirilməsi yönündə qəti, prinsipial mövqe nümayiş etdirir. Razılaşmaları pozmağa çalışan Ermənistan isə özünə dəstək qazanmağa çalışır. Soçi görüşü ərəfəsində Ermənistanın XİN rəhbəri Ararat Mirzoyanın noyabrın 24-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovla, noyabrın 25-də isə İranın xarici işlər naziri  Hüseyn Əmir Abdollahian ilə telefon danışığı da bunu deməyə əsas verir. Bununla Ermənistan nəyə nail olmağa çalışır?

Mövzu ilə bağlı qəzetimizə açıqlama verən siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Soçi görüşü öncəsi Ermənistanın fərqli-fərqli paytaxtlardan mədət umduğu müşahidə olunur. Onun sözlərinə görə, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovla Qarabağı və Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə etdi, daha sonra İranın xarici işlər naziri ilə telefonda regional məsələlərdən danışdı: “Hər iki telefon zənginin təşəbbüskarının Ermənistan tərəfi olduğu şübhəsizdir. Çünki Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Soçidə keçirilən görüşün gündəliyi məlumdur. Görüşdən öncə Rusiya baş nazirinin müavini, kommunikasiyaların bərpası üzrə İşçi Qrupunun üzvü Aleksey Overçukun Bakıya, ardınca İrəvana səfəri də məhz görüşdə müzakirə ediləcək məsələlərlə bağlı son dəqiqləşdirmələrin aparılması və böyük ehtimalla imzalanacaq sənədlərin mətninin razılaşdırılması idi. Bunun fonunda Mirzoyanın Lavrovla nəyi müzakirə etdiyi, daha doğrusu, bunun hansı zərurətdən qaynaqlandığı maraqlıdır. Diqqəti cəlb edən odur ki, həmin telefon danışığı ilə bağlı İrəvan rəsmi Moskvanın yaydığı məlumatdan fərqli bir informasiya yaydı. Görünür, Paşinyan hakimiyyəti görüşdən öncə ona diktə edilən məsələlərdən yayınmaq, yaxud ən azı müəyyən dəstək qazanmaq üçün diplomatik kanalları işə salıb. Bu kontekstdə Mirzoyanın iranlı həmkarı ilə telefon söhbəti də diqqət çəkir. Rusiyanın vasitəçilik etdiyi məsələlərdə İran iştirak etmir və belə bir məqamda Tehrana edilən zəng yalnız kömək istəməyə hesablana bilər”.

Həmsöhbətimizin fikrincə, proseslər bir daha təsdiq edir ki, 44 günlük müharibədən sonra bölgədə diktə edən tərəf Azərbaycan, diktə olunan tərəf  isə Ermənistandır: “Rəsmi Bakının strateji addımları Ermənistanın mədət umacağı qapıları da üzünə bağlayıb. Rusiya vasitəçi ölkə kimi neytrallığını qorumağa çalışır və Bakı ilə Moskvanın istər sərhədlərin delimitasiya və demarkasiyasında, istərsə də kommunikasiyaların açılması məsələsində gündəliyi eynidir. İranla maraqlı qüvvələrin yaratmağa çalışdığı süni gərginlik arxada qalıb və Tehran rəsmi səviyyədə Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu, eləcə də Türkiyə və Azərbaycanın regionun gələcəyi üçün təklif etdiyi 3+3 formatına qoşulmaq istəyini ifadə edib. Bu o deməkdir ki, Mirzoyanın İrandan kömək istəyi cavabsız qalıb, telefon söhbətindən sonra Tehranın bölgədəki proseslərlə bağlı heç bir açıqlama verməməsi də bunu sübut edir. Moskvadan mədət ummaları da mənasızdır, çünki Soçi görüşünü Rusiya təşkil edib və qeyd etdiyim kimi, bu görüşün gündəliyi Bakı və Moskvanın maraqlarına uyğun gəlir. Bununla yanaşı, Rusiyada Paşinyanın Vladimir Putinin 9 noyabr görüş təklifindən imtina edəndən sonra Avropa İttifaqını oyuna daxil etmək cəhdindən, yəni Moskvanın bölgədəki vasitəçilik missiyasına, eləcə də gələcək maraqlarına şərik qoşmaq gedişindən xəbərdardırlar. Bu, Rusiya-Azərbaycan-Ermənistan danışıqlarında Bakının əlini gücləndirəcək məqamlardandır”.

Hazırda Ermənistanın çıxılmaz vəziyyətə düşdüyünü deyən A.Nərimanlının sözlərinə görə, İrəvanın gündəmin rəsmi Bakı tərəfindən müəyyən edildiyi masaya gəlməyə məcbur olması Azərbaycanın, Prezident İlham Əliyevin strateji addımlarının nəticəsidir.

Nardar BAYRAMLI

 

Paylaş:
Baxılıb: 536 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Maraqlı

Xarici siyasət

Xəbər lenti

Ədəbiyyat

Siyasət

Siyasət

3-cü iclas...

01 May 10:36

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31