Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Dövlət maraqlarının olduğu yerdə...

Dövlət maraqlarının olduğu yerdə...

15.06.2022 [10:12]

Siyasi mühit vahid platformada birləşməyi bacarır

Siyasi partiyalar mədəniyyət paytaxtımızda keçirilən tədbirdə iştirak edir

Pərviz SADAYOĞLU

Tarixi Şuşa Bəyannaməsinin imzalanmasının bir ili tamam olur. Bununla bağlı mədəniyyət paytaxtımız qədim Şuşada “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda beynəlxalq konfrans öz işinə başlayır. Qeyd edək ki, tədbirdə Türkiyədən olan çoxsaylı qonaqlarla yanaşı ölkə müxalifətinin nümayəndələri də iştirak edir. Müxalifətin tədbirdə iştirakı isə ölkəmizdəki yeni siyasi konfiqurasiyanın və dialoq mühitinin nəticəsi kimi dəyərləndirilir.

Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirib ki, 2021-ci ilin iyunun 15-də imzalanan Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərində yeni eranın başlanğıcıdır. Hər zaman dost, qardaş münasibətdə olan iki dövlət arasında imzalanmış bu sənəd istər əlaqələrin genişləndirilməsində, istərsə də təhlükəsizlik məsələlərində mühüm rol oynayır və oynayacaq. Partiya sədri vurğulayıb ki, ümumi maraqların qorunmasında imkanların birləşdirilməsi, regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsi hər iki ölkənin regional və beynəlxalq çəkisini artırır: “Şuşa Bəyannaməsi tarixi hadisədir və bunu alqışlayırıq. Bu sənəd nəinki regionda, ümumən Avroasiya məkanında yeni bir siyasi mənzərə formalaşdırmaqdadır. Ötən il Bəyannamə imzalanandan sonra müxalifət olaraq biz də cənab Prezidentin bu addımını yüksək qiymətləndirmişik və Şuşa Bəyannaməsi ilə bağlı ölkəmizin siyasi partiyalarının birgə bəyanatı imzalanıb. Artıq Bəyannamə hər iki dövlət tərəfindən ratifikasiya olunub. İnanırıq ki, yaxın gələcəkdə Şuşa Bəyannaməsində nəzərdə tutulan müddəalar həyata keçəcək və Azərbaycan ilə Türkiyəni birləşdirəcək Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqi kimi aktual məsələlər dövlətlərimizin inkişafında mühüm əhəmiyyət daşıyacaq”.

Şuşada keçirilən tədbirə müxalifət partiyalarının dəvət olunmasını yüksək dəyərləndirən “Vəhdət” sədri qeyd edib ki, bu, bir daha Azərbaycanda siyasi münasibətlərin dərin və dayanıqlı hal aldığını göstərir. Onun fikrincə, müxalifətin bu tədbirdə iştirakı mühüm siyasi proseslərdə birgə fəaliyyətə yol açır. “Bu tədbir olduqca mühüm əhəmiyyətə malikdir. Bu gün regionumuzda, qlobal miqyasda mühüm siyasi, hətta hərbi proseslər gedir. Bu proseslərdə ən önəmli məsələ milli təhlükəsizliyin təminatı ilə bağlıdır. Birgə fəaliyyət, dialoqun genişləndirilməsi isə bu məsələdə əsaslı rol oynamaqdadır. Bu mənada, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin fəaliyyətini yüksək dəyərləndirirəm. Partiya sədrləri ilə keçirilən mütəmadi görüşlər, müxalifətin mühüm siyasi proseslərlə bağlı fikirlərinin və təkliflərinin öyrənilməsi dialoq mühitinin daha sağlam formada inkişafını təmin edir. İnanırıq ki, qarşıdakı dövrdə bu əlaqələr daha da möhkəmlənəcək”.

Şuşada keçirilən tədbirdə iştirak edən Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova da iki ölkə arasında yüksək strateji əlaqələrin daha da genişləndirilməsinə xidmət edəcək Bəyannaməni yüksək dəyərləndirib. Partiya sədri bu sənədin Şuşada imzalandığını xatırladaraq, bunun həm də simvolik xarakter daşıdığını vurğulayıb. Onun sözlərinə görə, Şuşa Bəyannaməsi Türkiyə - Azərbaycan birliyinin regional güc mərkəzi statusunda çıxış etməsini şərtləndirdi: “Təbii ki, bu sənəddən gözləntilər böyükdür və ötən bir il ərzində də bu gözləntilər yaxşı mənada özünü doğrultmaqdadır. Şuşada imzalanmış Bəyannamə hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsində, region dövlətləri arasında bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasında və uzunmüddətli sülhün təmin edilməsində birgə səylərin artırılmasını özündə ehtiva edir. Müxalifət partiyası olaraq ASRP bu Bəyannaməni dəstəkləyir və bununla bağlı ötən il siyasi partiyaların birgə bəyanatına imza atmışıq. İnanırıq ki, gələcək illərdə iki qardaş ölkə arasındakı münasibətlər daha yüksək inkişaf tempi qazanacaq”.

Şuşada keçirilən tədbir isə strateji müttəfiqlik statusunda olan Türkiyə - Azərbaycan münasibətlərinin Cənubi Qafqazın sabit və təhlükəsiz inkişafındakı roluna həsr edilib. Partiya sədrinin sözlərinə görə, tədbirdə müxalifət partiyalarının iştirakı xüsusilə mühüm anlam daşıyır. “Artıq bir neçə ildir ki, ölkəmizdə yeni siyasi konfiqurasiya formalaşdırılıb və siyasi partiyalar arasında dialoq mühiti yaranıb. Sevindirici haldır ki, fərqli siyasi baxışlara malik partiyaların rəhbərləri dövlət maraqları, xalqın mənafeyi üçün müzakirələr, fikir mübadilələri aparırlar. Bugünkü tədbir də Azərbaycanın siyasi mühitinin sağlam və dialoq mühitində inkişafının növbəti əyani sübutudur. İnanıram ki, ölkə Prezidentinin iradəsinə əsasən formalaşdırılan dialoq mühiti yaxın gələcəkdə daha da genişlənəcək. Bu, ölkəmizin maraqlarına və inkişafına xidmət edəcək”, - deyə ASRP sədri əlavə edib. 

AMİP sədri Arzuxan Əlizadə də Şuşa Bəyannaməsini yüksək qiymətləndirib və onu tarixi əhəmiyyətli sənəd adlandırıb. Partiya sədri bildirib ki, 2020-ci ildə qazandığımız zəfərdə qardaş ölkənin kifayət qədər ciddi payı var. Şuşa Bəyannaməsi Azərbaycana mənəvi və siyasi dəstək verərək, hər saniyə yanımızda olduğunu nümayiş etdirən Türkiyə ilə münasibətlərə rəsmi müttəfiqlik statusu qazandırdı: “Bu sənəddən çıxış edərək hər iki dövlət xarici siyasətində, həm də digər məsələlərdə, regionda aparılan siyasətdə birgə addımlayacaqlar. Bu sənəd türkdilli dövlətlərin gələcək əlaqələrinin konsolidasiyasında da əhəmiyyətli rol oynayacaq”.

Paritya sədrinin fikrincə, ölkənin siyasi kəsiminin münasibətlərinin dialoq mühitində inkişafı da olduqca müsbət amildir. “Siyasi partiyaların rəhbərləri ilə görüşlər keçirilir. Bu, olduqca müsbət bir addımdır. Mayın 11-də Prezident Administrasiyasındakı görüşdə irəli sürdüyüm təkliflərdən biri də məhz dövlət tədbirlərində müxalifətin iştirakı ilə bağlı olmuşdu. Bu, həm də ölkədə barış mühitinin formalaşmasına töhfə verir. Artıq bu istiqamətdə ilkin addımlar atılır. Şuşa Bəyannaməsinin birilliyindəki tədbirə müxalifətin də dəvət edilməsi ölkədə iqtidar - müxalifət münasibətlərinin inkişafında yeni mərhələdən xəbər verir. Bu, həm də ciddi bir siyasi mesajdır. Hər kəs bilməlidir ki, dövlət maraqlarının, dövlət mənafeyinin olduğu yerdə siyasi mühit vahid platformada birləşməyi bacarır”, - deyə A.Əlizadə əlavə edib.

Paylaş:
Baxılıb: 121 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Turizm

Sosial

Xarici siyasət

Prezident bu gün

Prezident bu gün

29 İyun 10:17

MEDİA

İqtisadiyyat

Siyasət

Azadlıqdan abadlığa...

29 İyun 09:40  

Gündəm

Dəmir yumruq yerindədir

29 İyun 09:32  

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30