Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Tərs sillə...

Tərs sillə...

20.09.2022 [10:15]

KTMT-dən Ermənistana

Mübariz ABDULLAYEV

Postmüharibə dövründə də regionda sabitliyə və təhlükəsizliyə təhdidlər yaratmaqda davam edən məğlub Ermənistanın hərbi birləşmələrinin sentyabrın 12-də gecə saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdikləri genişmiqyaslı təxribatlar hərbi toqquşma ilə nəticələndi. Ordumuz bu təxribatların qarşısını “Qətiyyətli cavab” əməliyyatı ilə aldı. Vasitəçilərin səyləri ilə davam etdirilən sülh prosesinə ciddi ziyan vuran toqquşmanın bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Bununla belə, ordumuzun cavab həmlələri ilə təxribatların qarşısı alınarkən texnika və canlı qüvvə sarıdan böyük itkilərə məruz qalan Ermənistanın hərbi-siyasi rəhbərliyi məsuliyyətdən, beynəlxalq birliyin və daxili auditoriyanın qınaqlarından yayınmaq məqsədilə yenə də manipulyasiyalara əl atır. Belə ki, bu günlərdə baş nazir Nikol Paşinyan və onun komandasında təmsil olunan rəsmilər müxtəlif ölkələrin və ayrı-ayrı beynəlxalq təşkilatların rəhbərlərinə telefon açaraq onlardan kömək istəyirlər. Bu sırada, həmçinin Ermənistanın da üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) da var.

Növbədənkənar iclas baş tutsa da...

Xatırladaq ki, KTMT-nin əsası 15 may 1992-ci ildə qoyulub. Burada Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan,Tacikistan və Belorus təmsil olunurlar. İki ölkə arasındakı şərti sərhəddə hərbi toqquşma baş verəndən və təxribatçıların burnu ovulandan sonra Ermənistan rəhbərliyində başa düşdülər ki, Azərbaycanın “Dəmir yumruq”u yerindədir. Buna görə də bir əli ilə təxribatların düyməsini basan baş nazir N.Paşinyan o biri əli ilə KTMT-yə təcili zəng vuraraq yardım istədi. KTMT-dən yardım uman Ermənistan rəhbərliyi nəyə ümid edirdi? Təxribatlara rəvac verən Ermənistanın güvəndiyi yeganə amil bu ölkənin qurumda təmsilçiliyi ola bilərdi. Yardım istəyinin və yaxud tələbinin hər hansı bir hüquqi əsası isə yerli-dibli yoxdur. Əvvəla, KTMT BMT-nin Baş Assambleyasında “müşahidəçi” statusunda qeydə alınıb. Beynəlxalq hüquqa görə, müşahidəçi təşkilatın ölkələrarası münaqişələrə hərbi müdaxilə etmək səlahiyyəti istisna edilir. Təşkilatın daxili nizamnaməsinə gəldikdə isə, bəli, burada üzv dövlətlərin qarşılıqlı yardımı ilə bağlı müddəa var. Ancaq bu yardım hansı hallarda göstərilə bilər? Üzv dövlətlərdən birinə təcavüz faktı qeydə alındığı təqdirdə. İndiki halda Ermənistana qarşı Azərbaycan tərəfdən hər hansı bir təcavüz halı baş verməyib. Azərbaycanın Silahlı Qüvvələri yalnız təxribatlara cavab verib və hücuma keçməyə cəhd göstərən düşmən ordusunu geri otuzdurub. Ümumiyyətlə, 44 günlük müharibəni tarixi Zəfərlə başa vuran Azərbaycan, nəhayət, regionda müharibə səhifəsinin birdəfəlik bağlanmasını və təhlükəsizlik, əməkdaşlıq şəraitində gələcəyin qurulmasının tərəfdarıdır. Azərbaycan postmüharibə dövründə ardıcıl davranışları ilə üçtərəfli Bəyanata və vasitəçilərin səyləri ilə əldə olunan sonrakı razılaşmalara sadiqliyini nümayiş etdirir. Prezident İlham Əliyev müxtəlif auditoriyalar qarşısında dəfələrlə birmənalı şəkildə bəyan edib ki, Azərbaycan mümkün qədər qısa müddətdə iki ölkə arasında sərhədlərin müəyyənləşdirilməsinə və sülh sazişinin imzalanmasına nail olmağa çalışır. Yeri gəlmişkən, indiki halda Ermənistanın rəhbərliyinin səsləndirdiyi “sərhədlərin pozulması” iddiasının da hər hansı bir məntiqi əsası yoxdur. Axı məhz bu ölkənin məsuliyyətsizliyi və sülh prosesinə maneələr yaratması səbəbindən iki ölkə arasında sərhədlərin demarkasiya və delimitasiya məsələsi yubanır. Belə olan halda KTMT hansı prizmadan yanaşaraq Ermənistan sərhədlərinin “pozulmasına” görə bu ölkəyə yardım əli uzada bilər? Ortada Ermənistanı məyus edəcək başqa bir amil də var. KTMT-də təmsil olunan dövlətlərin əksəriyyəti Azərbaycanla yüksək səviyyəli münasibətlərə malikdir. Həmin dövlətlər respublikamızı Cənubi Qafqazın regional iqtisadi əməkdaşlığın inkişafına sanballı töhfələr verən açar dövləti kimi qəbul edirlər. Belə isə Ermənistan KTMT-də kimin dəstəyinə ümid bəsləyə bilər? Təbii ki, heç bir üzv dövlətin.

KTMT Ermənistanın müraciətini nəzərə alaraq videoformatda növbədənkənar iclas keçirdi. Ancaq burada aparılan debatlarda və yekunda qəbul olunan Bəyanatda Ermənistana hansısa bir formada hərbi yardım göstərilməsindən ümumiyyətlə söhbət açılmır. Yuxarıda vurğuladığımız kimi, respublikamız postmüharibə dövründə üçtərəfli Bəyanata və digər razılaşmalara sadiqlik nümayiş etdirir. Məlum Bəyanatdan da bu çağırış qırmızı xətt kimi keçir. Sənəddə oxuyuruq: “2022-ci il sentyabrın 13-nə keçən gecə Ermənistan və Azərbaycan sərhədində ağır silahlar və PUA-ların istifadəsi ilə toqquşmalar olub. Nəticədə ölən və yaralananlar var.

Biz güc tətbiqini qəbuledilməz hesab edirik. Ziddiyyətlərin həlli üçün Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli bəyanatlarında əksini tapmış müstəsna olaraq siyasi və diplomatik üsullardan, həmçinin razılaşmalardan istifadə edilməlidir”.

KTMT-nin növbədənkənar iclasından N.Paşinyan komandasına “qurum Ermənistan-Azərbaycan sərhədinə sülhməramlı qüvvələr göndərməyi planlaşdırmır” cavabı gəlib. Ümumiyyətlə, KTMT-nin Ermənistan rəhbərliyinin müraciəti əsasında baş tutan növbədənkənar iclası ən yaxşı halda “xala xətrin qalmasın” zərb-məsəlini yada salır. Yəni, ay Paşinyan, sən təkid etdin, biz də yığışdıq. Ancaq burada KTMT-nin baş qoşacağı bir məsələ yoxdur. Texnikanın itirilməsindən, silah-sursatın məhv olmasından, postların dağıdılmasından narahatsansa, get, əl-ayağını və dilini dinc saxla, işğalçılıq siyasətini, “bəlkə də, qaytardılar” xülyasını birdəfəlik başından çıxart.

KTMT-nin missiyasının ümumi leksikonda danışması

KTMT-nin növbədənkənar iclasından əli üzülən Ermənistan rəhbərliyi səbirsizliklə qurumun missiyasının gəlişini gözləyirdi. Missiya Ermənistana təşrif gətirsə də, verilən cavablar və ilkin qənaətlər yenə də Ermənistanın sifətinə vurulan tərs silləyə bənzəyir. Missiyanın təmsilçiləri Ermənistanın hərbi-siyasi rəhbərliyini ümidləndirəcək heç bir cümlə də səsləndirməyiblər və ümumi leksikonda danışmağa üstünlük veriblər. “KTMT-nin missiyası Ermənistanda maksimum dərəcədə obyektiv olmağa çalışır”. Bunu missiyanın ön qrupunun rəhbəri general-polkovnik Anatoli Sidorov bildirib. Hərbi toqquşmanın baş verdiyi ərazilərdə müşahidələr aparan missiya təmsilçisi kollektiv təhlükəsizlik müqaviləsində dövlətlərarası münaqişələrin həllində siyasi-diplomatik metodlara üstünlük verildiyini xatırladıb. “Buna görə də biz maksimum dərəcədə çalışırıq ki, münaqişə sülh yolu ilə həllini tapsın. Hesab edirəm ki, bu istiqamətdə aparılan işin böyük perspektivi var”, - deyə missiya təmsilçisi vurğulayıb.

Ermənistanın küsməkliyi

Gözlənildiyi kimi, Ermənistanda məlum hərbi toqquşma ilə bağlı KTMT-nin davranışları və sərgilədiyi mövqe asanlıqla həzm olunmur. Ermənistan rəhbərliyi istər KTMT-nin növbədənkənar iclasında səsləndirilən fikirləri və qəbul olunan Bəyanatı, eləcə də missiya üzvlərinin açıqlamalarını az qala xəyanətkarlıq kimi dəyərləndirir. Bu günlərdə İrəvanda baş tutan mitinqlərdə qurumun ünvanına ən ağır ittihamlar ifadə olunub. KTMT-nin yanaşmasından Ermənistanın razı qalmadığını bu ölkənin parlamentinin spikeri Alen Simonyan KİV-ə müsahibəsində açıq mətnlə dilə gətirib: “Bizim gözləntilərimiz özünü doğrultmur. Biz xalqla təmasda olanda KTMT-nin nə üçün nəzərdə tutulan tədbirləri görmədiyini izah etmək çətin olacaq. Təbii ki, bundan nəticə çıxarmışıq və çıxardacağıq”.

A.Simonyan müsahibəsində “sıradan çıxmış tapança” müqayisəsini aparmağı da yaddan çıxartmayıb. O, erməni xislətinə uyğun olaraq Azərbaycanla KTMT arasında narazılıq toxumu səpməyə çalışaraq deyib: “Azərbaycan “bu tapançanı” (KTMT nəzərdə tutulur- red.) ciddiyə almır”.

Fikirlərinə davam edən Ermənistan parlamentinin spikeri bundan sonra KTMT-ni bir daha dəstəkləməyəcəyini dilə gətirib. O, müsahibəsində həmçinin son günlərdə Rusiya mətbuatında Ermənistan rəhbərliyinin ünvanına səsləndirilən haqlı tənqidlərə də dözümsüz olduğunu ifadə edib. “Mən Rusiyanın İctimai kanalında Ermənistan rəhbərliyinə qarşı bəyanatların yer aldığı reportajların verilməsinin məntiqini anlamıram və bundan narazıyam. Bunun nə məqsədlə edildiyini, açıq deyim, başa düşmürük”, - deyə A.Simonyan narazılığını ifadə edib.

A.Simonyanın KTMT-yə və Rusiya KİV-nə qarşı narazılıq ifadə etməsi heç də təsadüfi deyil. Buradan o qənaət hasil olur ki, Ermənistan rəhbərliyi heç vaxt köhnə “erməni xəstəliyindən” xilas ola bilməyəcək. Özgəfikirliliyə dözümsüzlük, “kim bizim sözümüzü demirsə, bizdən deyil” yanaşması bu xəstəliyin əsas simptomlarıdır.

Paylaş:
Baxılıb: 141 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Xarici siyasət

Xarici siyasət

Xəbər lenti

Analitik

Xəbər lenti

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

04 Oktyabr 10:30

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31