Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / İrəvan dərsləri

İrəvan dərsləri

13.01.2023 [11:11]

Tarixdən xəbərsiz “tarixçi”,  yaxud nadanlığın bəlası 

Azərbaycan Prezidenti İlham Əliyevin Qərbi Azərbaycan ziyalıları ilə görüşündəki çıxışını hər kəs xatırlayır. Prezidentin həmin məlum və məşhur çıxışı tariximizin obyektiv araşdırılması, gizlədilən gerçəklərin üzə çıxarılması baxımından ciddi bir çağırışdır. Dövlət başçısı həmin görüşdə deyib:

“XX əsr bu baxımdan xalqımız üçün çox böyük faciələr gətirmişdir. 1918-ci ildə təzə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti özünün ilk qərarlarından birində bizim tarixi şəhərimizi - İrəvanı Ermənistana faktiki olaraq bağışlamışdır. Bu, bağışlanmaz bir addım idi, bu, xəyanət idi və cinayət idi. Bunu biz hamımız yaxşı bilirik, xalqımız da bunu bilməlidir. Biz heç vaxt tariximizi təhrif etməməliyik”.

İrəvanın ermənilərə güzəştə gedilməsini pisləyən Prezident İlham Əliyev, eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları barədə də yüksək fikirlər söyləyib: 

“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, qısamüddətli fəaliyyəti haqqında mən dəfələrlə öz fikirlərimi bildirmişəm. Azərbaycan Demokratik Respublikasının qurucularının fəaliyyətini yüksək qiymətləndirmişəm. Bu, doğrudan da dünya miqyasında, müsəlman aləmində ilk respublika idi, baxmayaraq ki, cəmi iki il yaşadı. Ancaq, eyni zamanda, biz bu tariximizin qara səhifələrini də unutmamalıyıq, ört-basdır etməməliyik. Birincisi, tarixi həqiqət təhrif olunmuş formada təqdim edilməməlidir. İkincisi, bu faciəvi hadisə hamımız üçün dərs olmalıdır”.

Göründüyü kimi, Prezident bu mövqeyi ilə iqtidarlı-müxalifətli hər bir Azərbaycan vətəndaşını gerçəklikləri olduğu kimi dərk etməyə, tarixi səhvlərdən nəticə çıxarmağa dəvət edir.

İlham Əliyevin bu çıxışı barədə sosial şəbəkələrdə öncə müxalifət partiyalarından birinin rəhbəri, daha sonra isə özünü xalqa tarixçi alim kimi tanıtdıran “ziyalı” ermənilərin marağına xidmət edən biabırçı şərhlər verməyə başladılar. Onlar 1918-ci ildə İrəvanın ermənilərə güzəştə gedilməsini əsassız olaraq orada yaşayan ermənilərin “say çoxluğu” ilə əlaqələndirdilər. Axı söhbət hansı “say çoxluğu”ndan gedə bilərdi ki, hələ həmin vaxtdan iki il sonra, 1920-ci ildə Ermənistan SSR-in qurulması zamanı respublika yaratmaq üçün erməni əhalisinin sayı yetərli olmadığından Lenin dünya ermənilərinə Azərbaycan ərazisinə köçmələri üçün müraciət etmişdi? Məqsəd bölgədəki ermənilərin sayını süni surətdə artıraraq, Azərbaycan torpaqlarında onlar üçün dövlət qurulmasını təmin etmək idi. Axı bir tarixçi bu reallıqları hər kəsdən yaxşı bilməlidir!

Niyə o vaxtlar ermənilərin İrandan, Suriyadan, Türkiyədən köçürülərək İrəvan, Naxçıvan və Qarabağ bölgələrində kütləvi şəkildə yerləşdirilməsini “ermənilər o zaman müsəlmanlardan daha çox idi” kimi zəvzəyirsiniz? Demək istəyirsiniz ki, qədim Azərbaycan-türk torpağı olan İrəvanın yerli əhalisi biz yox, ermənilər imiş? 

Lütfən, gözünüzü örtən nifrət pərdəsini qaldırıb ağzınızdan çıxanlara diqqət yetirin! Erməni mediası sizin bu rüsvayçı çıxışlarınızı ingilis və rus dillərində bütün sosial platformalarda paylaşır! Müxalifətçi olanda nolar ki, vətəndaş heysiyyətiniz, milli mənliyiniz harada qaldı bəs?!

Tarix isə sizdən və ermənilərdən fərqli olaraq yalan danışmır!

İrəvanın ermənilərə güzəştə gedilməsi, əslində necə baş vermişdi? Tarixi faktlar qarşımızdadır.

Üçlüyün protesti

1918-ci ilin may ayının 29-da Azərbaycan Milli Şurasının dördüncü iclasında iki dəfə İrəvan şəhərinin ermənilərə güzəşt edilməsi ilə bağlı məsələ qaldırılır. Məsələnin ilkin müzakirəsində Milli Şuranın 28 nəfər üzvü iştirak edir və səsvermə zamanı 16 nəfər lehinə, 1 nəfər əleyhinə olur, 3 nəfər bitərəf qalır, 8 nəfərin isə hansı mövqe tutduğu göstərilmir. Həmin gün keçirilən ikinci iclasda Milli Şuranın İrəvandan olan üzvləri Nəriman bəy Nərimanbəyli, Bağır bəy Rzayev və  Mir Hidayət bəy Seyidov İrəvanın ermənilərə güzəştə gedilməsinə qarşı etiraz ərizəsilə müraciət etsələr də, iclasda iştirak eləyən 26 nəfər MŞ üzvü məsələyə münasibət bildirmədən qəbul edilmiş qərarın qüvvədə saxlanmasına razılıq verir. İrəvandan olan deputatların yazılı şəkildə təqdim etdikləri etiraz məktubu işə tikilsə də, hazırda bu sənəd arxivdə yoxdur. Üstəlik, İrəvan şəhərinin ermənilərə verilməsi qərarı qəbul olunanda şəhər əhalisinin və onları təmsil edən vəzifəlilərin də rəyi soruşulmamışdı.

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin baş naziri Fətəli xan Xoyski mayın 29-da xarici işlər naziri Məmməd Həsən Hacınskiyə yazırdı: “Biz ermənilərlə bütün mübahisələrə son qoyduq, onlar ultimatumu qəbul edəcək və m?haribəni qurtaracaqlar. Biz İrəvanı onlara güzəştə getdik”.

Milli Şuranın 1918-ci ilin iyun ayının 1-də keçirilən iclasında parlamentin İrəvandan olan üç üzvü - Nəriman bəy Nərimanbəyli, Bağır bəy Rzayev və  Mir Hidayət bəy Seyidov bu qərara bir daha protest elan edirlər. Onların yazılı şəkildə təqdim etdiyi etiraz sənədi müzakirəyə çıxarılmadan iclas protokoluna əlavə olunur.

Beləliklə, erməni hökuməti Tiflisdən İrəvana köçür. Bundan sonra rusların silahlandırdığı ermənilər İrəvanda və Azərbaycanın digər tarixi torpaqlarında azərbaycanlılara qarşı soyqırımı törətməyə başlayırlar. İrəvan azərbaycanlıları həm daşnak terror təşkilatının, həm də sovet hökumətinin məqsədyönlü qırğın və deportasiya siyasətinə məruz qalır,  İrəvanda azərbaycanlılara məxsus maddi mədəniyyət abidələri dağıdılır, yer adları və tarixi məkanların erməniləşdirilməsi həyata keçirilir. 1980-c? illərin sonlarından başlayaraq azərbaycanlılar İrəvan şəhərindən tamamilə deportasiya edilir.

Bu günlərdə isə Azərbaycan Prezidenti tərəfindən İrəvan məsələsinin gündəmə gətirilməsi bizi yenidən tarixin keçilmiş səhifələrinə baxmağa, tarixi ədalətin bərpası haqqında düşünməyə sövq edir.

İrəvanın ermənilərə verilməsinin ümumi təfsilatı, aşkar və gizli detalları, o dövrdə AXC-də gedən daxili və xarici proseslər barədə tutarlı sənədlər, çoxsaylı hüquqi, tarixi mənbələr arxivdə qalmaqdadır. İrəvan necə verildi?

Erməni tarixçisi və keşiş Hovannes Şahxatunyan yazır:

“390 il (1441-1828) İrəvan xanlığını idarə edən 49 xanın hamısı Azərbaycan türkü olub. Hətta İrəvan xanlığının ərazisində yerləşən, bu gün də quldur yuvası kimi fəaliyyət göstərən erməni kilsələrinin keşişlərini də İrəvan xanları təyin edirdilər. Xanların adları olan siyahı Erməni Sovet Ensiklopediyasında da öz əksini tapıb”.

Çikaqo Universitetinin siyasi elmlər kafedrasının professoru Ronald Qriqor yazır: “İrəvan Batum konfransına qədər müsəlman şəhəri idi”.

Polkovnik S.Burnaşev 8 iyul 1787-ci il tarixli məktubunda general P.S.Potyomkinə bildirirdi ki, Osmanlı sultanı Azərbaycan xanlarını həmişə müdafiə edəcək, İrəvan şəhəri Azərbaycana məxsus olduğundan onun heç zaman Gürcüstanın tabeliyinə verilməsinə razı olmayacaq (Baxın, burada Ermənistan adlı  anlayış belə yoxdur! - M.K.). Bundan əlavə, sultan Ərzurum paşasına və digər həmsərhəd paşalara nəyin bahasına olursa-olsun, rus qoşunlarının qarşısına çıxmağı əmr eləmişdi. Regionda siyasi durumun gərginləşməsi ilə əlaqədar Ömər xan, qarabağlı İbrahimxəlil xan və digər Azərbaycan xanları İrəvanı gürcülərin təzyiqlərindən xilas etmək üçün birləşmişdilər.

Rusiyanın erməni siyasəti

Əsası rus çarı I Pyotr tərəfindən qoyulan ermənilərin himayə olunması siyasəti sonralar digər rus çarları və sovet Rusiyası tərəfindən də davam etdirilib. Hələ 1776-cı ildə II Yekaterina ermənilərin himayə edilməsi haqqında xüsusi əmr imzalamış, 1802-ci ildə isə çar I Aleksandr general Sisyanova yazdığı məktubda ermənilərə münasibətini belə ifadə etmişdi: “Nə olursa-olsun, ermənilər Azərbaycanın bu və ya digər xanlıqlarında məskunlaşdırılmalı və onlardan istifadə olunmalıdır”.

Bu siyasət sonrakı illərdə də davam etdirildi. 1828-ci ilin mart ayının 21-də çar I Nikolayın əmri ilə Naxçıvan və İrəvan xanlıqlarının inzibati ərazisində müvəqqəti “erməni vilayəti” yaradıldı və İrəvan (Yerevan) şəhəri paytaxt kimi ermənilərə “hədiyyə” edildi. Elə həmin ildə İranın Marağa şəhərindən 40 min erməni Qarabağın dağlıq bölgələrinə, 40 min erməni isə İrəvan xanlığının ərazisinə köçürüldü.

İrəvanın Azərbaycandan alınıb Ermənistana verilməsi ideyası 1912-ci ildə yaranıb. Böyük dövlətlərin Türkiyə ərazisində dövlət qurmaqla bağlı onlara verdikləri vədlərin arxasından qaçması və Azərbaycan torpaqlarında paytaxt qurulması söhbəti ermənilərə məhz bu tarixdə təklif olunmuşdu. 

İrəvan quberniyasının xeyli ərazisi Azərbaycan Xalq Cümhuriyyətinin inzibati ərazi vahidi kimi qalırdı. Ermənilər İrəvanı paytaxt kimi əldə edəndən sonra da Qarabağa və ondan da geniş ərazilərə iddialarını davam etdirdilər. Hətta Fətəli xan Xoyski 1918-ci ilin 31 iyulunda İstanbulda olan nümayəndə heyətinin başçısı Məhəmməd Əmin Rəsulzadəyə məktubunda yazırdı ki, əgər ermənilər Qarabağın dağlıq hissəsinə iddialarından vaz keçməsələr, onda biz İrəvan şəhərini onlara güzəştə getməkdən imtina edəcəyik.

Cənubi Qafqazın bölüşdürülməsi planı

O zaman - Cənubi Qafqaz Seyminin dağılmasından sonra üç müstəqil dövlət yaranmayacağı təqdirdə regionun İran, Türkiyə və Rusiya arasında bölünməsi barədə konkret şərt qoyulmuşdu. Batum konfransında tərəflər öz aralarında dil tapa bilməsəydi, Azərbaycanın bir hissəsi İrana, bir hissəsi Rusiyaya, digər hissəsi isə Türkiyəyə veriləcəkdi. Gürcüstan Türkiyə və Rusiya arasında bölünəcək, Ermənistan isə Türkiyəyə veriləcəkdi.

Azərbaycan ərazisində erməni dövlətinin yaradılması

Batumda imzalanan müqavilə planı dəyişir. Bu müqaviləyə əsasən, Ermənistanın ərazisi 9 min kv. km, əhalisi 326 min nəfər idi. Ərazisi Basarkeçər quberniyası (Nor Bəyazid), Erivan quberniyasının 3/5 hissəsi, Üçmiədzinin bir hissəsi, İsgəndərunun bir hissəsini əhatə etməklə Ermənistan əhalisinin 230 minini ermənilər, 80 minini müsəlmanlar, 5 minini yezidi kürdlər, 11 minini isə digər millətlər təşkil edirdi. Ermənistan Respublikası Qafqazda yaşayan bütün ermənilərin 1/9 hissəsini özündə birləşdirirdi. Beləliklə, Batum müqaviləsi Azərbaycan torpaqlarında Ermənistan adlı dövlətin yaranması ilə nəticələndi.

 4 iyun 1918-ci ildə öz müstəqilliyini elan edən Qafqaz dövlətlərinin hər biri ilə ayrı-ayrılıqda sülh müqavilələri  imzalandı. Həmin gün Azərbaycanla Osmanlı hökuməti arasında da saziş bağlandı. Bu sazişə görə, Osmanlı ilə Azərbaycan, Gürcüstan və Ermənistan arasında sərhəd xətti müəyyənləşdi. 

Ermənistan-Türkiyə danışıqlarında (may 1918-?? il, Batum) Türkiyə tərəfinin bəyanatında əksini tapmış mühüm maddələr aşağıdakılardır:

 Maddə 5. Ermənistan Respublikası öz əraziləri daxilində heç bir qanunsuz silahlı dəstələrin formalaşmasına imkan verməyəcək və bu ərazilərdən qonşu dövlətlərin ərazisinə qanunsuz silah keçirilməsinin qarşısını alacaq;

 Maddə 6. Ermənistan Respublikası ərazisində yaşayan müsəlman əhalisinin dininə, adət-ənənələrinə hörmət ediləcək. Müsəlmanlar digər millətlərlə yanaşı, eyni hüquqa malik olacaq, öz dillərində danışıb, təhsil ala biləcəklər.

 Maddə 11. Ermənistan Respublikasının hökuməti bu Müqaviləni imzaladıqdan sonra Bakı şəhərini tərk edəcək və orada yerləşən silahlı qüvvələrini bütünlüklə çıxaracaq. Erməni silahlı qüvvələri şəhərdən çıxdığı zaman Bakı daxilində heç bir çaxnaşmaya yol verməyəcəkləri barədə öhdəlik götürür.

 Azərbaycan üçün ən önəmli olan dördüncü maddədə göstərilirdi ki, Azərbaycan Respublikası hökuməti tərəfindən tələb edildiyi təqdirdə, Osmanlı hökuməti ölkədə qayda-qanunu (intizam), daxili asayişi təmin etmək və möhkəmləndirmək üçün Azərbaycana zəruri hərbi yardım göstərməyi öz öhdəsinə götürür.

Dinc azərbaycanlılara qarşı soyqırımı

Amma qısa müddət sonra Batumda əldə edilən razılaşmanın şərtləri ermənilər tərəfindən pozulmağa, Azərbaycan xalqına qarşı soyqırımı siyasəti davam etdirilməyə başlandı. “Azərbaycan” (rusca) qəzetində 29 iyun-1 iyul 1919-cu il tarixlərində dərc olunmuş “Ermənistanda müsəlmanların vəziyyəti” adlı məqalədə İrəvan şəhərinin azərbaycanlı əhalisinin durumu haqqında yazılırdı:

 “Ermənistan Respublikasında müsəlmanların vəziyyəti faciəvidir. İrəvanda gözəl evlərin və bağların böyük əksəriyyəti müsəlmanlara məxsus idi... Türk qoşunları İrəvana yaxınlaşarkən gördülər ki, artıq azərbaycanlılar ermənilərin törətdiyi vəhşiliklərdən canlarını qurtararaq şəhəri tərk ediblər. Onların malına, mülkünə Türkiyədən köçürülmüş erməni qaçqınlar sahib çıxmışdılar. Ara sakitləşdikdən sonra şəhərə geri qayıdan azərbaycanlıları erməni silahlıları yollarda qarət edirdilər... Zəngin bağlara, gözəl evlərə malik müsəlmanları erməni qaçqınlar öz evlərinə buraxmadıqlarından qışdan bu yana məscidlərdə sığınacaq tapmışdılar... Ermənistan hökuməti minlərlə qarət olunmuş, ac-yalavac, xəstə müsəlmanı açıq havada yaşamağa məcbur edirdi. Müsəlmanların çəkdiyi işgəncələri təsvir etmək çətindir. Çoxları buna dözmür, havalanaraq dəli olurdular...” 

Bu, hələ vəziyyətin qəzet səhifəsinə çıxarılmış ən yüngül təsviri idi. Erməni silahlıları Azərbaycan kəndlərində insanlığa sığmayan ən qəddar qətllər törədirdilər.

Göründüyü kimi, ermənilər Batum müqaviləsinin şərtlərini vəhşicəsinə pozdular. Ermənistan dövlətinin ərazisi Azərbaycanın torpaqları hesabına 20 min kvadrat kilometr artaraq, 29,7 min kvadrat kilometrə çatdı. Batum danışıqları zamanı əldə olunmuş razılığa əsasən, ermənilər Azərbaycana qarşı ərazi iddialarından imtina etməli olduqları halda, əksinə, yeni-yeni ərazilərə iddia etməyə başladılar. Tarixin sonrakı gedişatı isə hamıya məlumdur. Batum müqaviləsi ləğv oluna bilər

Bu arada erməni dərdi çəkən müxalifətimizə pis xəbər var hazırkı məqamda bizim üçün böyük tarixi fürsət yaranıb, Azərbaycan Batum razılaşmasından imtina edə və Milli Şuranın 1918-ci ilin 29 may tarixində İrəvanın Ermənistana verilməsi ilə bağlı qərarının ləğv olunmasıyla bağlı məsələ qaldıra bilər.

Beləliklə, İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının ermənilərə verilməsi barədə həm 4 iyun 1918-ci il tarixli Batum müqaviləsi, həm də Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 29 may 1918-ci il tarixli qərarı öz hüquqi qüvvəsini itirmiş sayıla bilər. Buna görə də Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının ermənilərə verilməsi haqqında qərarına yenidən baxılması, həmin qərarın qüvvədən salınması ilə bağlı hüquqi prosedur başlatmaq mümkündür.

Başqa sözlə, beynəlxalq müqavilələrin bir qayda olaraq 99 illik müddətə bağlandığını nəzərə alsaq, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 29 may 1918-ci il tarixli qərarı, əslində, hüquqi qüvvəsini itirmiş sayılır.

P.S. Yazıda Azərbaycan tarixçilərinin AXC dövrünə dair araşdırmalarından və V.L.Veliçkonun “Qafqaz: rus işi və tayfalar arası məsələlər” əsərindən istifadə edilmişdir.

Murad KÖHNƏQALA

Paylaş:
Baxılıb: 160 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sabahın hava proqnozu

04 Fevral 12:34

Xəbər lenti

Fevralın 15-dən...

04 Fevral 11:30

Xəbər lenti

MEDİA

Sosial

Ödənişli olacaq

04 Fevral 10:44

Analitik

Siyasət

Gündəm

Siyasət

Səkkiz gün keçdi...

04 Fevral 10:17

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Son 5 ay ...

03 Fevral 11:02

Sosial

Ədəbiyyat

Allahı qoruyan şair

03 Fevral 10:56

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28