Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / İlk dövlətlərarası arbitraj prosesi

İlk dövlətlərarası arbitraj prosesi

20.01.2023 [10:31]

Ermənistan məsuliyyətə cəlb olunacaq

Nardar BAYRAMLI

Xarici İşlər Nazirliyi ətraf mühitin geniş miqyasda məhv edilməsinə görə Azərbaycan tərəfindən Ermənistana qarşı başladılan arbitraj prosesinə dair məlumat yayıb. Məlumatda bildirilir ki, yanvarın 18-də Azərbaycan “Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında” Bern Konvensiyasına uyğun olaraq indiyədək məlum olan ilk dövlətlərarası arbitraj prosesini başladıb. Bu tarixi arbitraj işi, təxminən otuz il ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin qanunsuz işğalı dövründə Ermənistanı Azərbaycanın ətraf mühitinin və biomüxtəlifliyinin geniş miqyasda məhv edilməsinə görə məsuliyyətə cəlb etmək məqsədi daşıyır. 2020-ci ildə ərazilərini işğaldan azad edən Azərbaycan, Ermənistanın qanunsuz işğalı dövründə ətraf mühitin məhv edilməsi ilə bağlı bütün dəlilləri toplayıb. Bu əməllər bölgədəki təbii yaşayış mühitinə və növlərinə ciddi ziyan vurmaqla, təbii ehtiyatların tükənməsinə və biomüxtəlifliyin məhv olmasına səbəb olub. Ermənistan tərəfindən meşələrin kütləvi şəkildə qırılması, ağacların kəsilməsi və işğaldan öncə təbiət qoruqları olan ərazilərdə qanunsuz tikinti və mədənçilik fəaliyyətinin aparılması ilə ərazilərin çirklənməsi Azərbaycanda 500-dən çox vəhşi təbiət növünü təhlükə altında qoyub.

Azərbaycana tam kompensasiya ödənməlidir

2022-ci ildə BMT-nin Ətraf Mühit Proqramı (UNEP) Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində “xüsusi mühafizə olunan və qiymətli meşələr”in qorunmadığını qeyd edib. Laçında yerləşən Dəmirli-1 mədəninin, Qalaça su elektrik stansiyasının və Çardağlı mədəninin tikilməsi üçün yaşayış yerlərinin məhv edilməsi də daxil olmaqla, meşələrin qırılmasının ifrat dərəcəsini göstərən əyani dəlillər mövcuddur. Ermənistanın bu addımları çayların, o cümlədən Ermənistandan Azərbaycan ərazisinə axan transsərhəd çayların həddindən artıq çirklənmə səviyyəsinə gəlib çıxmasına da səbəb olub. 2022-ci ildə UNEP, həmçinin Ermənistanın bölgədəki mədən sənayesinin inkişafının çayətrafı yaşayış yerlərində “suyun, torpağın, flora və faunanın kimyəvi çirklənməsinə” səbəb olduğunu, Oxçuçay çayında yüzlərlə balığın ölü tapıldığını, bir neçə qorunan balıq və amfibiya növünün təhlükə altında olduğunu qeyd edib.

Azərbaycan tərəfindən qaldırılan dövlətlərarası iddiada qeyd olunur ki, digər öhdəliklərlə yanaşı, Ermənistan bütün vəhşi flora və faunanın populyasiyalarını qorumaqla bağlı Bern Konvensiyasından irəli gələn hüquqi öhdəliklərini, xüsusilə də, vəhşi flora və fauna mühitinin qorunub saxlanılmasını, bərpasını və təkmilləşdirilməsini təmin etmək üzrə öhdəliyini kobud surətdə pozub. Birləşmiş Millətlər Təşkilatının Ekosistemlərin Bərpası Onilliyinə uyğun olaraq, Azərbaycan beynəlxalq ictimaiyyəti Ermənistanın dünyanın ən zəngin və bioloji müxtəlif ekosistemlərindən birini işğal dövrü ərzində məhv etməsini pisləməyə çağırır. Arbitraj prosesi çərçivəsində Azərbaycan Ermənistandan Bern Konvensiyasının hazırda davam edən bütün pozuntularına son qoymağı və işğal altında olmuş ərazilərdə ətraf mühitin məhvinə görə Azərbaycana tam kompensasiya ödəməyi tələb edir.

Məsələ ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin deputatı Ramin Məmmədov bildirib ki, Ermənistan 30 ilə yaxın davam etmiş işğalçı siyasət nəticəsində çoxsaylı hərbi cinayətlər törədib. Azərbaycan dövləti Ermənistanın bu cinayətlərinin dünyada ifşa olunması istiqamətində ardıcıl olaraq tədbirlər həyata keçirməkdədir. Hazırda Ermənistanın törətdiyi hərbi cinayətlər sənədləşdirilir. Belə ki, törədilən cinayətkar əməllərlə bağlı hüquqi prosedurlara başlanılıb. Mülki əhali, infrastruktur, dini, tarixi və mədəni abidələrə dəymiş ziyanın müvafiq təhlili aparılır. Hər bir fakt sənədləşdirilərək zəruri addımlar atılacaq. Onun sözlərinə görə, Ermənistan dövləti işğal  dövründə humanitar hüquq normalarının kobud şəkildə pozulması hallarına yol verib. Hələ işğal dövründə Azərbaycanın təkidi ilə ATƏT-in iki faktaraşdırıcı missiyası erməni əsarətində olan torpaqlarımızda monitorinq aparmışdılar. Həmin missiyalar Ermənistanın qanunsuz əməllərini, cinayətlərini öz hesabatlarında əks etdirməyə məcbur olmuşdular. Çünki bu cinayətləri inkar etmək mümkün deyildi. 44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad olunduqdan sonra həmin ərazilərə xarici ekspertlərin, diplomatların, jurnalistlərin səfərləri təşkil edilir. Onlar Ermənistanın hərbi cinayətlərinin - yaşayış məntəqələrinin tam dağıdılmasının, təbiətə vurulan ziyanın, qeyri-qanuni məskunlaşmanın şahidi olublar.

Ermənistan törədilən cinayətləri inkar edə bilməz

Millət vəkili qeyd edib ki,  Ermənistan 30 il ərzində Azərbaycana qarşı ekoloji terror siyasəti həyata keçirib: “İşğal altında olmuş ərazilərdə ermənilər tərəfindən təbii sərvətlərimiz talan olunub, yandırılıb, su ehtiyatları çirkləndirilib, 60 min hektara yaxın meşə sahəsi məhv edilib. Prezident İlham Əliyev çıxışlarında bu faktları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Bütövlükdə, Ermənistan tərəfindən regionun ekoloji durumuna böyük zərər vurulub. Təcavüzkar Ermənistan tərəfindən qəsdən törədilən bu terror aktları nəticəsində bölgədə ciddi ekoloji fəsadlar yaranıb, ekosistemin tarazlığı pozulub, ətraf mühit komponentlərinə ciddi ziyan dəyib. Ermənistan tərəfindən təbiətə qarşı törədilən həmin cinayətlər ətraf mühit sahəsində mövcud olan “Bioloji Müxtəliflik”, “Ramsar” və “Bern” beynəlxalq konvensiyalarının tələblərinin kobud surətdə pozulmasıdır. Azərbaycan Ermənistanın ekoloji terror siyasəti ilə bağlı həm işğal dövründə, həm də işğaldan sonra müvafiq beynəlxalq təşkilatlara müraciətlər edib. Yəni, bu məsələ daim dövlətin diqqət mərkəzindədir. Ermənistanın cinayətlərinin hüquqi qiymətləndirilməsində, işğal nəticəsində dəymiş ziyanın hesablanmasında beynəlxalq hüquq mütəxəssisləri də iştirak edir. Ermənistan tərəfindən törədilən belə ağır ekoloji cinayətlərə müvafiq beynəlxalq instansiyalar səviyyəsində hüquqi qiymət verilməlidir. Düşünürəm ki, ətraf mühitin geniş miqyasda məhv edilməsinə görə Azərbaycan tərəfindən Ermənistana qarşı başladılan arbitraj prosesi çox əhəmiyyətlidir. Bu proses nəticəsində erməni tərəfi lazımi cəzasını alacaq. Çünki təqdim olunan faktları nə Ermənistanın, nə də onların havadarlarının inkar etməsi mümkün deyil”.

Paylaş:
Baxılıb: 130 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28