Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Rusiyadan açıq demarş...

Rusiyadan açıq demarş...

04.02.2023 [10:24]

Lavrov Ermənistana xəbərdarlıq edir

Ermənistan ilə Rusiya arasında yeni gərginliklər müşahidə edilməkdədir. Son dövrlərdə özünü “Qərb sevdalısı” kimi göstərən rəsmi İrəvanın addımlarını diqqətlə izləyən Rusiya Ermənistana “xəbərdarlıqlar” etməkdədir. Ermənistana mütəmadi şəkildə “keçmişini xatırladan” Kreml Paşinyanın üzüdönüklük nümayiş etdirməsini “bağışlamayacağını” vurğulayır. Məsələn, “Rossiya 24” telekanalına və “RİA Novosti” agentliyinə müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov regionda formalaşdırılması istiqamətində iş aparılan əməkdaşlıq formatlarına diqqət çəkib. Nazir bildirib ki, regionda quruculuğa konstruktiv diqqətin üstünlük təşkil etməsi üçün Rusiya 3 Cənubi Qafqaz respublikası - Azərbaycan, Gürcüstan, Ermənistan və 3 böyük qonşu ölkə - İran, Türkiyə, Rusiyadan ibarət 3+3” formatını təşviq edir. Hətta Lavrov bu istiqamətdə ilk təmasların da baş tutduğunu bildirib və qeyd edib ki, bu proses davam edəcək. Qeyd olunub ki, ilk olaraq Azərbaycan və Türkiyə liderləri 3+3 platformasının yaradılması təşəbbüsü ilə çıxış ediblər. İran və Rusiya isə bu fikri alqışlayıb. Lakin Gürcüstan Xarici İşlər Nazirliyi Tiflisin Cənubi Qafqaz üzrə 3+3 regional məsləhətləşmə mexanizmində iştirakdan imtina etdiyini açıqlayıb.

Eyni zamanda, Sergey Lavrov KTMT missiyasının Ermənistanda yerləşdirilməsi probleminə də toxunub. “Rusiyanın KTMT missiyasının Ermənistanda yerləşdirilməsi təklifi hələ də aktualdır, əgər Ermənistan hələ də maraqlıdırsa, missiya bir-iki gün ərzində yerləşdirilə bilər”, - deyə Rusiyanın xarici işlər naziri qeyd edib.

Lavrovun Ermənistanda hay-küylə qarşılanan fikirlərinə gəldikdə isə rusiyalı nazirin xüsusilə “Hətta əvvəlki Ermənistan hakimiyyəti Rusiyanın təklif etdiyi diplomatik həllin çoxsaylı variantlarını o qədər də müsbət qəbul etməyib, Ermənistanın heç vaxt iddia etmədiyi əraziləri saxlamaq istəyib” bəyanatı Ermənistan ictimaiyyəti tərəfindən etiraza səbəb olub. Erməni telegram-kanalları rusiyalı nazirin sözlərini manipulyasiya cəhdi olaraq dəyərləndirib və hətta məsələni təhrif etdiyini sözləyiblər. Çünki ermənilərə görə işğal olunan ərazilər əslində, “təhlükəsizlik zonası” imiş və hətta Ermənistanın ümumiyyətlə, Azərbaycanla ərazi mübahisəsi belə olmayıb. “Lavrov o həddə çatıb ki, hətta son dərəcə rusiyapərəst olan Ermənistan müxalifətçiləri belə onun son bəyanatlarını düşmənçiliklə qarşılayır və Bakının əlaltısını amansızlıqla tənqid edirlər. Ermənistanda Rusiya rəsmilərinin və təbliğatçılarının axmaq və həyasız bəyanatları nəticəsində yaranan bu cür anti-Rusiya əhval-ruhiyyəsini heç bir “sorosçu” və “qərbpərəst” bu qədər canlandıra bilməzdi”,-deyə “bagramyan26” telegram kanalında bildirilib.

Əvvəl Putin, sonra Lavrov - İrəvan dərs çıxaracaqmı?

Əslində Lavrovun bu fikirləri heç də yeni deyil. Belə ki, bu fikirlər ötən ilin oktyabrın 27-də baş tutan Valday Beynəlxalq Diskussiya Klubunun 19-cu iclasının plenar sessiyasında çıxış edən Rusiya Prezidenti Vladimir Putin tərəfindən daha açıq kontestdə ifadə olunmuşdu.  Putin də bildirib ki, biz uzun illər ərzində Ermənistan tərəfi ilə dialoq apardıq və Qarabağ məsələsinin nizamlanması ilə bağlı təklif etdik ki, gəlin münasibətlərin normallaşması ilə bağlı hərəkət edək. Putin qeyd edib ki, Rusiya Ermənistan üçün beş rayonu Azərbaycana verib, iki rayonu - Kəlbəcərlə Laçını Qarabağla əlaqə üçün saxlamağı təklif edib. Rusiya prezidenti bildirmişdi ki, bu, ümumilikdə regionda vəziyyətin normallaşması üçün yaxşı addım olardı: “Lakin Ermənistan rəhbərliyi öz yolu ilə getdi. Məlum olduğu kimi, bu da bugünkü vəziyyətə gətirib çıxardı”.

Lavrovun öz prezidentinin fikirlərini yenidən “təkrarlaması” ehtiyacını duyması isə maraq doğurur. Rəsmi Ermənistanın hazırki qeyri-konstruktiv mövqeyi Rusiyanı belə demək mümkündürsə “dilə gətirib”. Bu daha çox Ermənistan üçün bir xatırlatmadır - yəni, 5 il öncə “məsləhətə qlaq asmayan” Ermənistan 2020-ci ildən sonra necə dizə gəldisə, eyni aqibəti yenə də yaşaya bilər. Eyni zamanda, Ermənistan dərk etməlidir ki, artıq situasiya dəyişib. Vətən müharibəsi ilə Ali Baş komandan və Azərbaycan Ordusu geopolitik çevriliş edib. Vaxtilə regionda “maraqların sintezi”ni yaratmaq istəyən Ermənistanın bütün planları alt-üst olunub. 44 günlük savaşdan sonra Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaranıb. Artıq şərtləri diktə edən tərəf Azərbaycandır. Ermənistan isə məğlub ölkə olaraq sülhə imza atmalıdır. Bununla belə, Azərbaycanın irəli sürdüyü beş şərt beynəlxalq hüquq normalarına, beynəlxalq ədalətə əsaslanır. Heç bir zaman, heç bir addımında beynəlxalq hüquq kodekslərinə zidd möqe tutmayan Azərbaycan yenə də öz humanist davranışını ortaya qoyur. Bağlanacaq sülh Ermənistan üçün də yeni imkanlar, yeni perspektivlər yaradacaq. Bunun üçün isə Ermənistan özünün haqsız və yalan iddialarından geri çəkilməli, Azərbaycanın ərazi bütövlüyünü tanımaldır. Əks halda - Lavrovun xatırlatması yenə də aktuallıq daşıyır. Amma bir fərqlə - bu dəfə Ermənistanın arxasında heç kim durmayacaq...

Paşinyanın “Qərb gedişi”, yoxsa sonun başlanğıcı...

Rusiyanın Ermənistanla bağlı düşüncələri aydındır. O baxımdan ki, son dövrlər Kreml səbrlə Ermənistanın “qərb gedişləri”ni izləyir. Avropa İttifaqı (Aİ) Şurasının Ermənistanda Avropa İttifaqının mülki missiyasının yerləşdirilməsi ilə bağlı qərarı, bu qərarın icrası rəsmi Moskva üçün açıq kontekstdə xəyanətdir. N.Paşinyanın gedişləri, Ermənistanın siyasi oriyentasiyasını Qərbə doğru dəyişməsi birmənalı qarşılana bilməz. Hətta Aİ-nin məlum qərarından sonra Rusiya bəyan etmişdi ki, Ermənistanın sərhəd rayonlarına Avropa İttifaqının nümayəndələrinin gəlməsi qarşıdurmanı, regionda geosiyasi vəziyyəti gərginləşdirəcək. Rəsmi Moskva açıq qarşıdurma halında olduğu Qərbin demək olar ki, sərhədində kəşfiyyat aparmasını həzm edə bilmir. Buna şərait yaradan Ermənistanı isə qarşıda nələrin gözlədiyini demək çətindir. Hər bir halda son dövrlərdə Rusiya KİV-inin Paşinyanın “əvəzedicisinin” belə tapıldığını yazması diqqətə alınmalı faktdır.

Eyni zamanda, indiki halda Ermənistanın KTMT ilə bağlı açıq suallar yaratması da Kreml üçün “qırmızı xəttin” keçilməsi kimi dəyərləndirilir. Bunun nəticəsidir ki, Rusiya rəsmiləri vaxtaşırı Paşinyanın Ermənistanı KTMT-dən çıxarmaq arzusunun yolverilməzliyini dilə gətirir. Lavrovun fikirləri isə Rusiyanın Ermənistana son xəbərdarlığı kimi də qiymətləndirilə bilər.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 142 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xarici siyasət

Siyasət

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31