Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Yeni detallar...

Yeni detallar...

08.02.2023 [10:14]

Qətliam sifarişlə baş tutub!

İran polisi terrorçuya niyə və necə şərait yaradıb?

Yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə edilən xain terror hücumu ilə bağlı İran tərəfi hələ də susur.  Azərbaycan qarşısında, o cümlədən beynəlxalq konvensiyalarla üzərinə götürdüyü öhdəliklər qarşısında məsuliyyət daşıyan molla rejimi hələ də hədəf yayındırmaqla məşğuldur. Hücum baş verən günlərdə bu terror aktının məsuliyyətindən yayınmaq, hədəfi özündən uzaqlaşdırmaq üçün bütün yollara baş vuran İran hakimiyyəti ortaya ən inandırıcı olmayan versiyanı - “məişət zəminində baş verən hadisə” versiyasını atmağa çalışmışdı. Hətta terrorçu qatil Yasir Hüseynzadəni televiziyaya çıxararaq geniş müsahibə verdirən İran hakimiyyəti açıq qalan suallardan boyun qaçırdı. Əslində, həmin ərazidəki polislərin hadisəyə müdaxilə etməməsi, əksinə müşahidəçi kimi kənardan izləməsi, polis köşkündə oturan şəxsin əli avtomatlı terrorçuya reaksiya verməməsi kimi məsələlər öz cavabını tapmalı idi. Amma İran hələ də susur. Susmağı ilə yanaşı, atdığı addımlarla da özünü ələ verir. Belə ki, terrorçu Yasin Hüseynzadənin televiziyadakı “anlaqlı çıxışının” ardından dəlixanaya salınması çox şeydən xəbər verir. Bu, İran hakimiyyətinin özünütəkzibidir. Çünki əgər Hüseynzadə anlaqsız və dəlidirsə, demək ki, onun ortaya atdığı “məişət zəmini” versiyası yalandır - yox, İran uydurduğu “məişət zəmini” oyununda israrlıdırsa, onda terrorçunun dispanserə salınmasının arxasında başqa maraqlar yatır...

Hadisə əvvəlcədən planlaşdırılıb... 

Yeri gəlmişkən, baş verən hadisə ilə bağlı yeni detallar ortaya çıxıb. Belə ki, məsələ ilə bağlı Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, səfirliyin müşahidə kameraları vasitəsilə terror hücumunun gedişatı anbaan lentə alınıb. Belə ki, öncə terrorçu hücum aktını törətməmişdən əvvəl - 27 yanvar 2023-cü il tarixində saat 08:05 və 08:24-də cinayəti törətmək üçün uyğun məqam seçmək məqsədilə avtomobili ilə 2 dəfə səfirliyin qarşısından keçib. Saat 08:32-də səfirliyin əməkdaşları diplomatik nümayəndəliyin inzibati binasının əsas giriş qapısından içəri daxil olduqdan dərhal sonra terrorçu nəqliyyat vasitəsini sürətlə idarə edərək qəsdən səfirliyin qarşısında park edilmiş nümayəndəliyin xidməti avtomobilinə çırpıb. Bunun nəticəsində yaranmış səsə reaksiya verən səfirlik əməkdaşının nümayəndəliyin qapısını açmasından istifadə edən terrorçu avtomobilindən avtomat silahını götürüb giriş qapısındakı postda xidməti növbədə olan İran polisinin əməkdaşına əli ilə işarə verərək atəş aça-aça dərhal səfirliyin binasına daxil olub.

Məlumatda da qeyd edildiyi kimi, terrorçu bu terror aktını planlı şəkildə həyata keçirib. Hətta akt üçün seçilmiş saat da təsadüfi seçilməyib - həmin vaxtda küçədə az adam olmasından istifadə edən terrorçu məhz həmin saatda hücum etmək qərarına gəlib.

Səfirliyə gələn İran polisi niyə “aradan çıxıb”?

XİN-in yaydığı məlumatda o da bildirilir ki, terrorçunun səfirliyə daxil olmasından 2 dəqiqə sonra İran polisinə məxsus nəqliyyat vasitəsi səfirliyin yanına gəlsə də, giriş qapısının yaxınlığındakı postda dayanmış polis əməkdaşı ilə bir neçə saniyəlik söhbətdən sonra ərazidən uzaqlaşıb. Terrorçu 4 dəqiqə ərzində - yəni, saat 08:36-dək səfirliyin inzibati binasının içərisində əməkdaşlarımızı hədəfə almaqla çoxsaylı atəş açıb, nəticədə səfirliyin əməkdaşı Orxan Əsgərov aldığı güllə yarasından hadisə yerində həlak olub, digər əməkdaş Mahir İmanov sağ qol və sol ayaq nahiyəsindən ağır yaralanıb. Səfirliyin başqa bir əməkdaşı Vasif Tağıyev isə terrorçunu zərərsizləşdirmək məqsədilə onun üzərinə hücum çəkərək terrorçu ilə əlbəyaxa olub. Səfirliyin əməkdaşı terrorçunu zərərsizləşdirərkən terroru törədən şəxs avtomatdan atəş açaraq əməkdaşımızı çiynindən yaralayıb. Buna baxmayaraq, o, terrorçu ilə mübarizəni davam etdirib və terrorçunun əlində olan avtomatın darağını çıxarmağa müvəffəq olub. Bu zaman terrorçu gödəkçəsində saxladığı tapançanı çıxararaq atəş açmaqla V.Tağıyevi bu dəfə çənəsindən yaralayıb (sonradan səfirliyin ərazisinə keçirilmiş baxış zamanı terrorçunun üzərindən düşmüş “Colt” markalı tapança həmin məkanda aşkar edilib). Yaralı olmasına baxmayaraq, V.Tağıyev cinayətkarı sıxışdıraraq səfirliyin binasından çıxara bilib.

Terrorçunun səfirliyə zor gücü ilə daxil olmasına, binanın daxilindən fasiləsiz atəş səslərinin gəlməsinə və V.Tağıyevin terrorçunu zərərsizləşdirmək üçün köməyə çağırmasına baxmayaraq, giriş qapısındakı postda dayanmış İran polisinin əməkdaşı hadisəyə nəinki müdaxilə etməyib, hətta postunu tərk edərək ərazidən uzaqlaşıb.

Əslində ortada maraqlı nüanslar çoxdur. İlk növbədə Tehran polisinin hərəkətsizliyi müzakirə predmetidir - halbuki, Tehran polisinin keçmiş rəisi elə ilk andaca baş verənlər üçün versiyalar səsləndirirdi. Terror aktından 1 saat keçməmiş öz postu ilə vidalaşan polis rəisi tabeliyində olan polislərin hadisəni kənardan müşahidə etməsinin səbəblərini niyə demədi, bu da sual yaradır.

Teraktın miqyasının böyük olması planlaşdırılıbmış...

Səfirliyin binasından çıxarılmış terrorçu isə gödəkçəsinin cibindən ehtiyat darağı götürərək avtomatına taxıb, 2 dəfə kiməsə əl işarəsi göstərib, daha sonra səfirliyin giriş qapısına, habelə hədə-qorxu gələrək və təhqiramiz ifadələr işlədərək səfirliyin binasında diplomatların ailə üzvlərinin yaşadıqları mənzillərin pəncərələrinə davamlı atəş açıb. Terrorçu bu müddət ərzində özü ilə gətirdiyi yanar maddə ilə səfirliyə məxsus nəqliyyat vasitəsini yandırmaq üçün avtomobilin təkərlərini 2 dəfə alışdırıb. Giriş qapısının möhkəm və onun avtomat silahın atəşi ilə açılmasının çətin olduğunu görən terrorçu avtomobilinin yük yerindən götürdüyü ağır zərbə aləti ilə qapını qırmağa çalışıb, diplomatları və onların ailə üzvlərini qətlə yetirmək üçün ikinci dəfə səfirliyə daxil olub. Atəş aça-aça səfirliyin ikinci mərtəbəsinə qalxmağa cəhd edən terrorçunun üzərinə V.Tağıyev yanğınsöndürən balon atmaqla onu başından zədələyib (bu an müşahidə kameralarının nəzarətindən kənarda qalıb) və nəticədə terrorçu binanı tərk etməyə məcbur olub.

Demək ki, məsələ heç də “məişət” müstəvisində məhdudlaşmırmış - plana görə terror aktının miqyası daha böyük olmalı idi. Səfirliyin mühafizəçisi müdaxilə etməsəymiş səfirlikdə qətlim baş verəcəkdi. Beləliklə, teraktın planını quranların məqsədi səfirliyin bütün əməkdaşlarını və ailələrini qətl etmək imiş...

Polislər terrorçuya şərait yaradıblar...

Maraqlıdır ki, polislər terrorçunu zərərsizləşdirməyə tələsməyiblər. XİN-in məlumatında bildirilir ki, küçəyə çıxdıqdan sonra terrorçu aralıda dayanan hansısa şəxslərə növbəti dəfə əli ilə işarə etməklə avtomatını yerə qoyub, bununla belə polis ona yaxınlaşmayıb. Növbəti dəfə polisin hadisəyə müdaxilə etməməsindən istifadə edən terrorçu özü ilə gətirdiyi “Molotov kokteyli” tipli yandırıcı maddəni avtomobilindən götürərək səfirliyimizin qarşısında dayanan və nümayəndəliyimizə məxsus nəqliyyat vasitəsini yandırmağa cəhd göstərib. Həmin vaxt ehtiyatsızlıqdan özünü alışdıran terrorçuya polislər dərhal müdaxilə edib. Hətta bundan sonra da polislər terrorçunu saxlamağa tələsməyib, onunla danışmağa başlayıb, cinayətkar kimi rəftar etməyib və seyrçi mövqe tutublar. Bundan istifadə edən terrorçu isə bir müddət ərazidə dolaşaraq səfirliyimizin diplomatlarını “hamınızı öldürəcəm” deməklə təhdid və təhqir etməyə başlayıb. Polislər bu hala da reaksiya verməyiblər. Bundan sonra terrorçu sərbəst şəkildə səfirliyin binasına yaxınlaşaraq qapını sındırdığı ağır zərbə alətini polisin gözü qarşısında yerdən götürüb avtomobilinin içərisinə qoyub. Daha sonra terrorçu səfirliyin pəncərəsindən onun həbs olunmasını tələb edən V.Tağıyevi aşağıya düşməyə təkid edib və V.Tağıyev aşağı düşdükdə onu yenidən təhdid edərək üzərinə hücum etmək istəyib.

Bəli, bu faktlar çox şeydən xəbər verir. Birincisi, bir dövlətin paytaxtında başqa bir ölkənin səfirliyi bu cür açıq şəkildə terror hücumuna məruz qalırsa, bütün hallarda həmin dövlət günahkardır. İstintaq araşdırmasının nəticəsindən asılı olmayaraq səfirliyimizin güllə-baran olunmasına, insanlara qarşı silahdan istifadə edilməsinə göz yuman həmin polislər də məsuliyyətə cəlb edilməli, bu teraktın sifarişçiləri üzə çıxarılmalıdır. 

Seçilən vaxt təsadüfi deyil...

Artıq proses sona çatdıqdan sonra - yəni, terrorçunun bundan başqa heç nə edə bilməyəcəyini anlayan polislər terrorçunun qollarını qandallayıb onu avtomobilə əyləşdirərək ərazidən uzaqlaşıblar. Bu zaman üzündə maska olan naməlum şəxsin terrorçunun avtomobilindən naməlum əşyalar götürməsi və ərazidən uzaqlaşması da diqqət çəkir.

Məlumatda o da bildirilir ki, terrorçunun hadisəni törətmək üçün məhz İranda istirahət günü olan cümə gününü seçməsi (terror aktına mane ola biləcək halları minimuma endirmək üçün), özü ilə hadisə yerinə avtomat silah və güllələrlə dolu ehtiyat daraq, “Colt” tipli tapança, “Molotov kokteyli”, ağır zərbə aləti və sair vasitələr gətirməsi, İran polisinin terror aktına müdaxilə etməməsi hadisənin əvvəlcədən planlaşdırıldığını ehtimal etməyə əsas verir...

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 141 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31