Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Bəşəri problem: itkin düşmüş insanların aşkar edilməsi...

Bəşəri problem: itkin düşmüş insanların aşkar edilməsi...

10.10.2025 [10:33]

BMT bu sahədə səylərini daha da artırmalıdır

Dünyada baş verən ağır müharibələrin, konfrantasiya və qarşıdurmaların dəhşətli nəticələrindən qaçmaq mümkün deyil - bu, bəşəriyyətin ən böyük və tarixi problemlərindəndir və dağıntılarla yanaşı, ölüm, əsirlik və itkinlik kimi dəhşətli nəticələrə yol açır. Xüsusilə, itkin düşmüş şəxslər problemi münaqişələr və silahlı toqquşmalar zamanı ən ağır humanitar məsələlərdən biri sayılır. Bu problem yalnız fərdləri deyil, onların ailələrini, cəmiyyətləri və bütövlükdə beynəlxalq hüququ əhatə edən geniş miqyaslı təsirlərə malikdir. Beynəlxalq hüquq, xüsusilə də Cenevrə konvensiyaları, hərbi münaqişələr zamanı itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsini hərbi cinayətlərin qarşısını almaq və humanitar hüququ qorumaq üçün əsas götürür. Buna baxmayaraq, bir çox hallarda bu problem həll olunmamış qalır, itkin şəxslərin taleyi barədə məlumat əldə etmək çətinləşir və bu, ailələr üçün uzunmüddətli mənəvi iztirab yaradır.

Prezident İlham Əliyevin “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində bildirilib ki, itkin düşmüş şəxslər məsələsi dünyanı narahat edən mühüm bəşəri problemlərdən biridir. İllər keçdikcə bu problem aktuallığını itirməmiş, əksinə, daha kəskin xarakter almışdır: “Birləşmiş Millətlər Təşkilatının məlumatına görə son iyirmi il ərzində itkin düşənlərin sayında 2024-cü ildə ən yüksək artım qeydə alınmış, həmin il münaqişə bölgələrində 57 minə yaxın insan itkin düşmüşdür. Bu, silahlı münaqişələr dövründə beynəlxalq hüquq normalarına məhəl qoyulmamasının acı nəticəsidir”.

29 kütləvi məzarlıq aşkar edilib...

Azərbaycan müstəqillik qazandıqdan sonra Ermənistanın təcavüzkar siyasəti nəticəsində baş vermiş işğal faktı ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin pozulması ilə yanaşı, vətəndaşlarımız üçün də böyük ağrı-acı gətirdi. Ölkəmizin 1990-cı illərin əvvəllərində Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalması, minlərlə insanın itkin düşməsi ilə nəticələndi. Onların taleyi ilə bağlı uzun illər müəmmalar yaşansa da, 2020-ci ildə Vətən müharibəsində əldə olunan qələbə bu istiqamətdə də işlərin daha da sürətləndirilməsi, itkin düşən şəxslərin taleyinə aydınlıqların gətirilməsi baxımından mühüm əhəmiyyət daşıdı. Qazandığımız Zəfər nəticəsində adı itkin siyahılarında olan, taleyindən xəbərsiz olduğumuz vətəndaşlarla bağlı informasiyaların əldə olunmasına yaxından vəsilə oldu - xüsusilə, işğaldan azad edilmiş ərazilərdə kütləvi məzarlıqların aşkar edilməsi illərlə itkin statusu daşımış şəxslərin taleyi ilə bağlı qaranlıqları işığa çıxardı. Azərbaycan dövləti bu məzarlıqların tədqiqi və DNT analizi vasitəsilə itkinlərin müəyyənləşdirilməsi üçün yüksək texnologiyalardan istifadə edir. Dövlət başçısı müraciətində bildirib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə başlamış və 30 ildən artıq davam etmiş müharibənin doğurduğu humanitar faciələrdən biri də içərisində uşaqlar, qadınlar və ahılların olduğu 4000-dək azərbaycanlının itkin düşməsidir: “Torpaqlarımızın işğaldan azad edilməsindən sonra həmin ərazilərdə 29 kütləvi məzarlıq aşkar edilmişdir. Məzarlıqlardan tapılmış meyitlərin qalıqlarının ekspertizası qətlə yetirilmiş azərbaycanlıların dəhşətli işgəncələrə məruz qoyulduqlarını sübut edir. Bu, çox ağır mənzərədir. İnsanların kütləvi şəkildə, işgəncə ilə öldürülməsi, qeyri-insani qaydada basdırılması və cinayətin izlərinin itirilməsi beynəlxalq hüquq normalarının ciddi pozuntusudur”.

Azərbaycan fəal iş aparır...

Bu problemin həlli, itkin düşmüş şəxslərin axtarışı və identifikasiyası üçün ölkəmiz Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK), BMT və digər beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edib. Paralel olaraq, Azərbaycan bir çox beynəlxalq platformada bu məsələ ilə bağlı davamlı iş aparıb - məsələn, ötən ilin noyabrında BMT Baş Assambleyasının 3-cü Komitəsində Azərbaycan tərəfindən irəli sürülmüş “İtkin düşmüş şəxslər” adlı qətnamə konsensusla qəbul edilib. Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi tərəfindən irəli sürülmüş qətnamə layihəsi üzrə bir ay ərzində üzv dövlətlərlə aparılmış intensiv danışıqlar nəticəsində layihənin mətni razılaşdırılıb. Qətnaməyə 56 ölkə həmmüəllif qismində qoşulub. Prezident İlham Əliyev müraciətində vurğulayıb ki, Qarabağ müharibəsində itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi daim qarşımızda duran önəmli vəzifələrdən olmuşdur: “1993-cü ildən Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası fəaliyyət göstərir. Bu günə qədər müharibə dövründə itkin düşmüş 187 nəfərin şəxsiyyəti eyniləşdirilmiş və onlar dəfn edilmişlər”.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan dövləti itkin düşmüş şəxslər probleminə beynəlxalq birliyin diqqətinin artırılması üçün böyük səy göstərir. Artıq üçüncü dəfədir ki, ölkəmiz itkin düşmüş şəxslər mövzusuna həsr olunmuş beynəlxalq tədbirə ev sahibliyi edir: “Azərbaycan itkin düşmüş şəxslərlə bağlı BMT Baş Assambleyasında qətnamələrin qəbul edilməsi üzrə 2002-ci ildən təşəbbüslərlə çıxış etməklə, dövlətləri və beynəlxalq təşkilatları bu istiqamətdə lazımi tədbirlər görməyə təşviq edir. Zənnimcə, BMT bu sahədə səylərini daha da artırmalıdır”.

Sülh problemin həllinə töhfə verəcək...

Artıq bölgədə yeni bir reallıq - sülh situasiyası formalaşıb. Bu ilin avqustunda ABŞ-ın paytaxtında imzalanan müvafiq sənədlə sülh sazişi layihəsi iki ölkə tərəfindən paraflandı. Bu isə digər problemlərlə yanaşı, itkin düşmüş şəxslərlə bağlı məsələyə də yeni bir mahiyyət qazandırır. Prezident İlham Əliyev bildirib ki, sülh sazişinə münaqişə dövründə itkin düşmüş şəxslərlə bağlı xüsusi bir maddənin salınması məsələyə verdiyimiz önəmin təzahürüdür və sazişdə də təsbit olunduğu kimi bu şəxslərin taleyinə aydınlıq gətirilməsi tərəflər arasında barışıq və etimad mühitinin yaradılmasında əhəmiyyətli vasitədir. Bu baxımdan, Ermənistan tərəfi azərbaycanlıların qətlə yetirilərək basdırıldığı digər kütləvi məzarlıqların yeri barədə Azərbaycan tərəfinə məlumat verməlidir”.

Bakıda növbəti konfrans...

Qeyd edək ki, oktyabrın 9-da Bakıda Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfrans keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, general-polkovnik Əli Nağıyev Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub. Çıxış edən Dövlət Komissiyasının sədri bildirib ki, 2021-ci ilin fevral ayından etibarən intensiv şəkildə itkin düşmüş şəxslərə aid olduğu ehtimal edilən məzar yerlərinin axtarışı, qazıntı, ekshumasiya və aşkarlanmış meyit qalıqlarının eyniləşdirilməsi prosesinə başlanılıb. 2025-ci il oktyabrın 1-nə olan məlumata əsasən, 800-ə yaxın itkin düşmüş şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq işğaldan azad edilmiş ərazilərdən götürülüb. Bu kontekstdə həmin ərazilərdə aparılmış qazıntılar zamanı aşkarlanmış 29 kütləvi məzarlıqdan 218 şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları müəyyən olunaraq istintaq orqanları nümayəndələrinin iştirakı ilə ekshumasiya edilib: “Həmin ərazilərdə aparılmış genişmiqyaslı tikinti-quruculuq işləri və həyata keçirilmiş digər təxirəsalınmaz tədbirlər nəticəsində 342 şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkar olunaraq ekshumasiya edilib. Bundan başqa, I Qarabağ müharibəsində həlak olmuş və respublikanın 20 şəhər və rayonunun ərazisində yerləşən 31 qəbiristanlıqda tanınmadan dəfn edilmiş naməlum şəhid məzarlarından 210 nəfərə aid meyit qalığı ekshumasiya edilib”.

Ə.Nağıyev bildirib ki, Prezident İlham Əliyevin müvafiq tapşırığı və ayrılmış vəsait hesabına 2022-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsində Genetik araşdırmalar mərkəzinin yaradılması ölkə rəhbərinin bu sahəyə böyük önəm verdiyini bir daha təsdiqləyir. Qısa müddətdə, adıçəkilən mərkəz müasir avadanlıqlarla təmin edilib və bacarıqlı kadr potensialı işə cəlb olunub. “Sadalananlar fonunda aşkarlanmış meyit qalıqlarının məhkəmə molekulyar-genetik ekspertizasının nəticəsi olaraq, I Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 187 nəfərin şəxsiyyəti eyniləşdirilərək ictimaiyyətə açıqlanıb, ailələrinə təhvil verilib, qanunvericiliyin tələblərinə və milli-dini ənənələrə uyğun dəfn ediliblər. Şəxsiyyəti eyniləşdirilmiş daha 14 itkin-şəhidin adları ictimaiyyətə açıqlanacaq. Müvafiq araşdırma, sənədləşmə və hüquqi prosedurlar başa çatdıqdan sonra digər 50 itkin şəhidimizlə bağlı məlumat veriləcək”, - deyə Ə.Nağıyev vurğulayıb.

DTX rəisi deyib ki, bütün çətinliklərə baxmayaraq, 2025-ci ildə Dövlət Komissiyası aidiyyəti dövlət qurumlarının mütəxəssis heyəti ilə birlikdə üç dəfə ən çətin relyefə və kəskin hava şəraitinə malik Kəlbəcər rayonundakı Murovdağ silsiləsində axtarış və qazıntı işlərini həyata keçirib: “Əvvəlki illərdə Kəlbəcər istiqamətində axtarış-qazıntı işləri aparılsa da, bu il artıq bu proses sistemli şəkildə, dron texnologiyası tətbiq edilməklə həyata keçirilib və müsbət nəticə əldə edilib”.

Əli Nağıyev bildirib ki, hazırda mütəxəssislərdən ibarət heyət Ağdərə rayonunda axtarış-qazıntı işlərini davam etdirir. Keçmiş döyüş mövqeyi olmuş yüksəklikdə növbəti kütləvi məzarlıq aşkarlanıb. İlkin məlumata əsasən, kütləvi məzarlıqda 10-dan çox Azərbaycan hərbçisinə aid meyit qalıqları müəyyən edilib. Tədbirin proqramına əsasən, sabah  (bu gün-red.) konfrans iştirakçılarının həmin əraziyə səfəri reallaşdırılacaq.

Tədbirdə çıxış edən digər natiqlər də itkin düşmüş şəxslərlə bağlı problemi ümumbəşəri məsələ adlandırıblar. Qeyd olunub ki, itkin düşmüş şəxslərin axtarılması üçün birlikdə addımlar atılmalıdır, müştərək fəaliyyət qurulmalıdır. Onların axtarışı barışığın qurulması baxımından da önəmlidir.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 6 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Siyasət

Siyasət

MEDİA

MEDİA

Londonda iqlim dialoqu...

09 Oktyabr 09:56  

Analitik

5 saatlıq görüş...

09 Oktyabr 09:42

Analitik

Sosial

Məktubunuz var...

09 Oktyabr 08:20  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31